- Köşə

Pərvanə BAYRAMQIZI. Qələmi özündən, ay gözəl Pəri!

Yazanlar bilirlər, yazmaq dərdləşməkdir, ürək sanki daşıdığı yükü bir anlıq yerə qoyub nəfəsini dərir. Qəlbindəkiləri vörd proqramına səpələyib ixtiraçının canına dua edirsən. Heyif ki, hər zaman hər dərdi klaviaturaya döyəcləmək olmur. Qara gün yenə ürəyindir. O, sirdaşsız yaranıb. Özü özünə ağlayır, özü özünə dözür. Hisslərini, yaşananları yaza bilməyəndə adam: “hisslərimi ifadə etməkdə söz acizdir” deyib cəsarətsizliyini gizlətməyə çalışır. Yazmağın köməyə çatmadığı anlar tükənir yazanlar. Şeir kimi səsləndi… istəmədən belə alındı. Bu da ondan xəbər verir ki, ruhun şeirə ehtiyacı olur. Kim yazmış olursa, olsun. Düşmənin şeiri də ən incə hisslərini əks etdirməyilə ruhunu oxşaya, əvəzinə danışa bilər. Halını güzgütək özünə göstərən bir şeir oxuyub rahatlanıb, növbəti iztirablara dözməyə “immunitet” qazanırsan.

İlk dəfə üçüncü sinifdə oxuyanda bir şeir, bir hekayə yazmışdım. Dördüncü sinifə keçəndə bəyənməyib cırıb atdım. Bir neçə il belə etdim – bu il yazıb gələn il itirib-batırdım. Bir vaxt hiss etdim ki, daha cırmağa əlim gəlmir. 1995-ci ildən bəri yazdığım dəftərləri saxladım. İndi hərdən açıb baxıram. İstiqanlı, sədaqətli olmuşam. Sevdiyim insanların (doğma-yad fərqi qoymadan) xətlərini saxlamaq üçün dəftər ayırmışam. Kim ki, “kitabıma… yox ee, dəftərimə düşməyib, özündən incisin, məndən yox) Oraya ürək sözləri yazıblar. İndi həyatda olmayanlar var, xətləri xatirələrinə qarışıb “yaşayır”. Bir dəftəri də ayrıca müəlliməm üçün seçmişdim. (Onu paylaşmışam, görmüsünüz)

İndi vörd proqramında yazanda hərdən ürəyimdən dəftərdə yazmaq keçir.

Dəftərləri gördükcə profil zənn edirəm. İçindəkilər də indiki statuslardır. O vaxtından çox yazan olmuşam.

Niyə çox status yazıram?

Onlar sadəcə status deyil. Baş verənlərə münasibətim, cəmiyyətlə polemikadır. Yazıram, bəyənənlər, etirazı olanlar fikir bildirirlər. Hər gün nə qədər hadisə olacaqsa, o qədər də status yazılacaq. Təbii ki, hər mövzuya fikir bildirmirəm. Sevmədiyim, özümü içində görmədiyim mövzular çoxdur.

Statuslarımla ovunanlar var; yazırlar, səs göndərirlər, tanımadığım adamlar rastlaşanda xoş sözlər deyirlər. “Kədərli vaxtımda zarafatların eynimi açır” deyənlər çoxdur. O xoş sözlərin hamısını toplayıb paylaşmağa utanıram. Sadə insanlar da bəyənir, tanınmışlar da. Belə olan halda niyə yazmayım?

“Məhz sənin yazdıqlarını oxumaq üçün feysbukda profil açmışam” deyənlər də var. Bunlar oxucu sayılmırlarmı? Bu stimul deyilmi?

Bir də ki çox status yazmağın nəyi pisdir? Məzmunsuz deyilsə, niyə də olmasın?

Ən əsasını yazmağı bilərəkdən axıra saxladım.

Çox status yazmaq itirdiyim illərdə susduğum zamanların intiqamını almaqdır. Bölüşməyib ürəyimdə saxladığım fikirlərimdir, özümdən heyfimi çıxmaqdır. Yaza bilmədiyim illərdə buraxdığım boşluğu doldurmaqdır.

Axı siz bilmirsiniz yaza biləcəyim nələri ürəyimdə öldürmüşəm. Görmədiyiniz nəsnələr kimi gördüklərinizi də görməzliyə vurun. (Təbii ki, statuslarımın ziyansız olduğu üçün görməzliyə vurun deyirəm, bunlardan heç kəsə zərər gəlməz)

Yorulanlar oxumasınlar, xoşlamayanlar blok eləsinlər. Bircə saat gec yazanda darıxıb etiraz edənlər üçün yazıram.

Blok etmək haqqınızı “kullana bilirsiniz”.

Şeir yaza-yaza məktəbi bitirdim. Bir gün məşhur bir şair atamla evimizə gəldi. Şeirlərimə baxdı. Bəyənsə də bəzi iradlarını da qeyd etdi. Onda qəribə bir hal keçirdim. Elə bildim yaxşı nəsə tapdım. Özünə kənardan baxmağın necə yaxşı keyfiyyət olduğunu dərk etdim. Ondan sonra məndə maraq oyandı: görəsən, mənim hansı qüsurlarım var, onu necə aradan qaldırmalıyam? Şairin şeirlərimdə tapdığı qüsurlar məni təzədən daha da yaxşı yazmağa həvəsləndirdi. Həmin çatışmazlığı düzəldəndən sonra şeirlərim bir qədər yaxşılaşdı. (O yaş dövrü üçün)

Bir nəfər yaxın adamın da şeir yazmağı vardı. Şairin mənə göstərdiyi nöqsan onun yazdıqlarında da çox idi. Həvəslə izah etdim ki, bu yanlışdır, şeirlərinə təzədən əl gəzdir. Məndən fərqli olaraq o, yaxşı reaksiya vermədi. Şairin qarasınca deyindi, hiss olundu ki, mənə də acıqlıdır. “Yazmaq həvəsimi öldürdünüz” dedi.

Onu anlaya bilmədim. Doğru sözü qəbul edib inkişaf etməyin nəyi pisdir ki?

Şair haqlı idi. O, bizə düzgün istiqamət vermişdi. Ədəbi zövq baxımından yanaşma tamam başqa şeydir, qüsurlu yazıya irad bildirmək isə yaxşı istiqamət deməkdir. Buna görə incimək yersizdir. Kimsə “filan şeiri xoşlamıram” deyə bilər, amma yalandan “filan şeirdə filan səhvlər var” demək mümkün deyil. Yaxud da şeirdə gözə girən çatışmazlıq varsa onu ört-basdır etmək olmaz.

Yazdıqlarım ilk dəfə 2003-cü ilin may ayında mətbuata “ayaq açıb”. Elə həmin ilin avqust ayında mənə “toy tutub”, “Vağzalı” sədasıyla dəfn elədilər. Can verərkən son sözüm: “gedib yenə gələrəm Buleyli” oldu. Arada bir dəfə xortlayıb (2006-cı ildə) yenə mətbuata tərəf “üz qoydum”, tutub təzədən qəbirə saldılar. Möcüzə nəticəsində sağ qaldım və uzun illər sonra kəfəni cırıb öz dünyama qayıtdım. Az qala özümü də unudam. Yüz yerdən zərbə almış yaralı ruhla bir neçə il qələm tutmağı məşq elədim. Alındı. Yazdıqca dirçəldim. Demək istəyirəm ki, adamı cismən də, ruhən də öldürmək olur, amma mübarizə əzmini heç nə qıra bilmir. Əsas da istedad var ha onu əlindən ala bilmirlər. Hamının zəhləsini tökən məşhur suala sevə-sevə, əminliklə: “ikinci dəfə həyata gəlmişəm və yenə də yazmağı seçmişəm” cavabını verirəm.

Ədəbiyyat adamları, sözün qədrini bilənlər deyirlər ki, statuslarının hərəsi bir hekayə, məqalə mövzusudur, onları böyütməyə potensialın var, xırda-xırda xərcləmə. Statusları kitaba salmaq ideyasını birinci mən yazsam da, həyata keçirməyə gecikdim. Amma kitablarımda çoxdur özü gödək, mənası uzun düşüncələr. Onsuz da uzun yazıları oxumağa ərinirlər, belə daha yaxşıdır.

“Gülməcələrim” daha çox vatsap (o saiti ilə yaxşı idi) statuslarımda olur. Ordakıların əksəriyyəti yaxın adamlardır.

Yeri gəlmişkən onu da qeyd edim ki, yazanda zarafatcıl oluram, həyatda çox adam elə bilir mən ömrümdə gülməmişəm. Feysbukda əsasən ictimai mövzularda paylaşımlar edirəm.

“Təkcə sən varsan mənim üçün. Bu qədər insanların içində ürəyim dolanda barmaqlarımı sənə toxundurur, ürəyimdə olanları sənə danışıram. Sirrimi bölüşdüyüm də sənsən. Harda olsam səninçün darıxıram. Ən gözəl anlar səninlə tək qalmaqdır. Sən məni yaradırsan, mən də sənin yaratdıqlarına sahiblik edirəm.

Nə qədər yaxşı nəsnələr olsa da yalnız səni sevirəm, mənim QƏLƏMİM!  (klaviaturam)” Köhnə paylaşımlarımdandır. Əvvəlini oxuyanlar yanlış anlamışdılar.

Bu statusların heç hansını boş vaxtımda yazmıram.

Bəzən xörək bişirəndə, bəzən yazı yazanda,  hətta xəstə vaxtlarımda yazıram. Sizsə elə bilirsiniz asudə vaxtım çox olur. Bir hadisəyə, yaxud bir insana hər kəs öz xüsusiyyətinə uyğun qiymət verir. Baxır kimin dünyagörüşü, mənəvi keyfiyyəti hansı nəticəyə gəlməyə imkan verir.

Ata evində olanda təsərrüfat işləri bir yana, heç xəmir də yoğurmamışdım. Bunları tələb edən yox idi. Razı qalırdım, düşünürdüm ki, bu mənasız işə sərf etdiyim vaxtda şeir, hekayə yazaram, kitab oxuyaram. Az-çox nə yazmışamsa bu düşüncədə olanda yazmışam. İş-güc adamı olandan yazmaq getdi… Musa Quliyevin təklifi maraqlıdır, bəlkə, fiziki əməyin ucbatından yazmadığım mətnlər üçün təzminat tələb edim?

Hər gün nə qədər yazı doğulmadan ölür.

Hər bir insan öz taleyinin hekayəsini özü yazanda gözəl olur. Təki səmimi olsun. Taleyimizi yazıçılara etibar etməyək, hekayəmizi özümüz yazaq.

Yazıçı qadın saçlarını toplayıb sancaq əvəzinə qələmlə yığar, qazanı qələmlə qarışdırar, xörəyi qələmlə yeyər.

Cəfər Cabbarlı, Asəf Zeynallının bir ana bərabər ömürlərində yaratdıqlarına nəzər salanda adam öz yoxsul yaradıcılığından utansa da, hər kəsin ürəyində öz-özünə danışdığı nələrsə var. Hər kəsin çatmadığı, yetmədiyi bir ünvan var. Hər kəsin saatlarla dinləmək istədiyi səs, baxmaq istədiyi üz var. Və hər kəs bu ağrını ovutmaq üçün sığındığı, ovunduğu bir nəsnə tapır. Ağrılardan qurtulmaq, özünü aldatmaq son təsəllidir. Ovunmağa tapacaqlarımız çoxdur. Hərə bir şeyi sevir. Mən də şeirlə, nəğməylə ovunuram. Bir də… bir də yox, ən birinci yazmaqla rahatlıq tapıram. Odur məni mətndən-mətnə atan. Yazmaq yaşamaqdır mənim üçün. Yaşamaq!

Şeirləriylə Vətən olan Almas İldırım, Xəlil Rza Ulutürk, Məmməd Araz olan yerdə biz ölkənin kiçik bir bölgəsinə bənzəsəm də, Azərbaycan xalqının mənəvi sərvəti hesab etdiyim ziyalılar var ki, onların stimullarından məmnunam.

Bəziləri elə bilir ki, “qızıl balıq nökərim olduğundan” boş vaxtım boldur və mən o boşluğu statuslarla doldururam. Bir çoxu isə statuslarımın ev işləri görərkən, səhhətimin narahat vaxtlarında, avtobusda sərnişinlərin baxışlarının müşayiəti altında, lap elə yazı yazarkən paylaşıldığından xəbərdardır.

Hansı şəraitdə, hansı ovqatda yazıldığını nəzərə almadan yalnız oxumaq istəyənlərsə daha çoxdur. Oxucular məhz onlardır. Onlar üçün yazıram. Tədbirlərdə, küçədə, işdə rastlaşdığım adamların statuslarım haqqında dedikləri xoş sözlərdən məmnun oluram. O qədər gözəl fikirlər söyləyirlər ki, “bu işə ”təzədən həvəslənirəm. Kədərli anlarında həmin paylaşımlarla eynini açanların olduğunu biləndən sonra niyə də yazmayım?

“Sosial şəbəkələrə məhz səni oxumaq üçün daxil oluram” tərifini eşitmək kimi sevindirməz ki? Bu mənə puldan, vəzifədən, mükafatdan imtina etməyimin qarşılığında verilən xoşbəxtlikdir.

Yazdıqlarımı Fatmanisə hamıdan qabaq oxusa da “layk” etməyə əli gəlmir. Səbəb “vəzifə görməmişliyi” və paxıllıq xəstəliyidir. Bəziləri də paylaşımımı feysbukda oxuyub “laykı” mesencerə yazırlar.

Deyirlər, qəşəng statusların var, qələmin gözəldir. Dürüst olduqları üçün “qəşəng”, “gözəl” sözlərini zahiri görünüşüm haqqında işlətmirlər. Ürəyimdən olur. Bir-iki nəfər xanım da ərindiyindən adımı qısaca Pəri deyə çağırırlar. Bunları nəzərə alaraq özümçün oxuyuram: Qələmi özündən, ay gözəl, Pəri!