- Köşə

Vasif SADIQLI. “Segah” üstündə Suxomlinskidən plagiat?

O gün Qəbələyə getməli olduq. Bakı – Qəbələ qatarını seçməkdə səhv etməmişdik. İsveçrənin “Stadler” qatarları çox komfortlu imiş. Qatar bir dəqiqə belə gecikmədi. Sürəti bəzən saatda 137 km-ə çatırdı. Sürət qatarı gözəldir, həm də ona görə ki…

Qayıdanda mikroavtobusla gələsi olduq. Yolun böyük hissəsində təmir getdiyi üçün narahat idi. Digər bir narahatlıq isə yolu  yarısını keçəndən sonra başladı. Mikroavtobus bölünmüş asfalta çıxan kimi sanki gözünə işıq gəldi. Sürücü də dərindən nəfəs alıb musiqi səsləndirməyə başladı. Qayıdan kimi, bir status yazdım: “Mahnı seçməkdə avtobus sürücülərindən daha bizövq elə avtobus sürücüləridir”. Və tələbəlik illərinin ara mahnıları, o cümlədən üzücü bir sicilləmə yadıma düşdü.
7 nömrəli avtobusla Buzovnaya gedəndə M.Bağırzadənin ifasında “Segah” üstündə bir sicilləməni çox dinləməli olmuşam:

Bahar vaxtı idi, havalar təmiz,
Günəş nur saçardı, parlardı dəniz,
Bir oğlan vardı, bir də qoca ana,
Ananın zəhməti sığmaz asimana.
Oğlan bir qız üçün gəzir dəli-divanə,
Könlü məhəbbətdən olmuş viranə,
Bir gün olan yenə rast oldu qız ilə,
Açdı ürəyini ona bu söz ilə,
Dedi ki, ey gözəl, sevirəm səni,
Sənin eşqin bimar edibdir məni,
Qız dedi: “Əgər sən məni sevirsən,
Onda ananın ürəyini gətirməlisən”…

Oğlan dəsfaha gedir evə, anası yatan zaman ona “aman vermir, ürəyi kəsib götürür” və qıza aparır. Yolda ayağı ilişir, yıxılanda ürək dilə gəlb onu danlayır: “Gözün kordu? Ayağının altına bax də…”. Yox, e, bu bir lətifədə idi, elə demir, deyir ki, sənin ayağına toxunan daş gərək mənə dəyəydi.
Oğlan gətirib ürəyi qıza verir, qız da deyir ki, alə, sən adətkərdə olmusan, sabah gedib bir başqasını sevərsən, mənim də ürəyimi ona apararsan. Bir sözlə, happy end yoxdu. Oğlan bunu eşidib qəzəblənir və indi də qızın başını kəsir. Sonra bir ilan da gəlib oğlanı öldürür. Dərhal bir ixtiyar peyda olub, bunları dəfn edir. Yəni hər şey hind kinolarındakı kimi…

Və sonra yadıma düşdü ki, bu süjetə rusca da rast gəlmişəm. Səhv etmirəmsə, oxşar bir əfsanə kalmıklarda (qərbi monqol tayfalarına aid xalq) da var. Axtarış verəndə məşhur sovet pedaqoqu və uşaq yazıçısı Suxomlinskinin “Ana ürəyi” pritçası ilə rastlaşdım.

Əsərin qısa məzmunu belədir: “Biri vardı, biri yoxdu, bir ana tək oğlu ilə yaşayırmış… Oğul böyüyür, yetkinləşir və onun evlənmək vaxtı gəlir. Oğlan heyrətamiz gözəlliyə malik bir qızı həyat yoldaşı seçir, bu gözəlin qara və qəddar ürəyi olduğunu vaxtında anlaya bilmir. Gənc arvad ərinin evə ayaq basan kimi oğlanı anasını evdən çıxarmağa məcbur edir. Oğul anasını anbarda yerləşdirir və gəlini narahat etməmək üçün ondan daha evə girməməsini xahiş edir. Ana oğluna qulaq asır, gənc ailənin dincliyini pozmamaq üçün orada yaşamağa başlayır”.

Amma gəlin bununla sakitləşmir, ərini məcbur edir ki,  anasını tövləyə köçürsün. Amma bir gün ağlasığmaz hadisə baş verdi. Gənc arvad çiçəkli bağçada uzananda ana anbardan çıxır. Ruhsuz gözəl qəzəblə evə qaçır və ərinin qarşısına şərt qoyur: “Mənimlə yaşamaq istəyirsənsə, ananı öldür, ürəyini mənə gətir”.

Arvadının gözəlliyinə ovsunlanan gənc öz anasını öldürür, ürəyini çıxarır. Ürəyi aparanda daşa ilişib yıxılır. Bu zaman anasının titrəyən ürəyinin sakitcə pıçıldadığını eşitir: “Ağrıdınmı, oğlum?”

Oğul hönkür-hönkür ağlayır. O anlayır ki, yer üzündə heç kim öz anası kimi sevə bilməz. Anasının ürəyini sinəsinə sıxıb, çaya tərəf qaçır. Göz yaşını yaranın üstünə tökür, ürək canlanır, yara bağlanır.

Ana ayağa qalxır, oğlunu qucaqlayır, başını sinəsinə sıxır və uzun müddət belə dayanırlar. Səssizcə ağlayır, gah da göz yaşları arasında gülümsəyirlər.

Oğlan bir gecədə iyrəncləşən arvadının yanına qayıtmır, anasının yanında qalır. Hər ikisi çöl yolları ilə irəli gedirlər. Sonra onlar iki çöl kurqanına çevrilirlər və səhər doğan Günəş ilk şüaları ilə bu kurqanların zirvələrinə toxunur …

Açığı, böyük ehtimalla, Suxomlinski hansısa kurqanla bağlı əfsanəni məktəblilər üçün işləyib.  Məncə, bu, bir türkdilli xalqın əfsanəsidir.
“Segah” “Əlibalanın dastanı da beləcə bitdi” sözləri ilə başa çatır. Amma Əlibala bu hekayəti öz xalqımızın nümayəndələrindən eşidib, yoxsa Suxomlinskidən, ya əsgərlikdə olanda kalmık əsgər dostundan? Bunu demək çətindir. Bircə şey məlumdur ki, Suxomlinskinin variantı daha maraqlı və uğurludur. Əfsanə standartlarına da uyğun gəlir.

Xeyirli bazar ertələri