UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
“Report”un məlumatına görə, bununla da növbəti raunda adlayan komandalar müəyyənləşib.
İngiltərənin “Mançester Yunayted” və “Arsenal”, İspaniyanın “Vilyarreal” və İtaliyanın “Roma” klubları yarımfinala vəsiqə qazanıblar.
“Qırmızı şeytanlar” İspaniyada qalib gəldiyi “Qranada”nı evdə də eyni hesabla məğlub edib. “Topçular” isə Londonda 1:1 hesablı heç-heçəyə razılaşdığı Çexiyanın “Slaviya” (Praqa) komandasını səfərdə darmadağın edib – 4:0.
“Roma” İtaliyada Niderland “Ayaks”ı ilə bərabərə qalıb – 1:1. İlk oyunda 2:1 hesablı qələbə qazanan “canavarlar” adını növbəti mərhələyə yazdırıb.
“Vilyarreal” isə İspaniyada Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna heç bir şans verməyib. Səfər oyununda minimal hesablı qələbəyə sevinən La Liqa təmsilçisi evdə də rəqibini məğlub edib.
UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
15 aprel
23:00. “Vilyarreal” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 2:1
Qollar: Pako Alkaser, 36, Jerar Moreno, 43 – Mislav Orşiç, 74
İlk oyun – 1:0
23:00. “Roma” (İtaliya) – “Ayaks” (Niderland) – 1:1
Qollar: Edin Ceko, 72 – Brayan Brobbi, 49
İlk oyun – 2:1
23:00. “Slaviya” (Praqa, Çexiya) – “Arsenal” (İngiltərə) – 0:4
Qollar: Emil Smit-Rou, 14, Aleksandr Lyakazett, 21 (penalti); 77, Bukayo Saka, 24
İlk oyun – 1:1
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Qranada” (İspaniya) – 2:0
Qollar: Edinson Karvani, 6, Xesus Valyexo, 90 (öz qapısına)
İlk oyun – 2:0
Qeyd edək ki, yarımfinalda “Mançester Yunayted” “Roma” ilə, “Arsenal” isə “Vilyarreal” ilə qarşılaşacaq. Bu mərhələnin qarşılaşmaları 29 aprel – 6 mayda olacaq.