Kəndimizdə işlənən frazeologizmlərin bir neçəsini yenə də diqqətinizə təqdim edirəm. Bir daha təkrar edirəm ki, bu ifadələrin bəzisinin digər bölgələrdə də işlənməsi mümkündür. İfadələr sonuncu kitabımdandır. Əvvəlki paylaşımlardan fərqli olaraq bu dəfə nümunə olaraq gətirdiyim cümlələri kəndimizin ləhcəsində verəcəyəm. Düşünürəm ki, belə daha maraqlı olar.
- Parapitiy eləmək – İşi ala-yarımçıq görmək. Məsələn: “Sən hası işə əl ateysan, hamısın parapitiy eleysən”.
- Papeyinə getmək – Ya da “papeyinə getməmək” kimi işlənir. Bəzən “papay” kimi də deyilir. Müəyyən bir işə əhəmiyyət verməmək mənasında deyilir. Məsələn: “Mən heç vaxt belə işdərin papeyinə getmiyəm”.
- Liləvayız olmaq – Zay olmaq, heçə çıxmaq, hədərə getmək kimi mənalarda işlənir. Çox az işlənən ifadədir. Bir dəfə şagirdlərimdən birinin anası mənə zəng eləyib dedi: “Müəllim, bizim uşağ biyaz zəyifdi, xayiş eliyəm, onnan yaxşı məşğul ol, qoy axırda liləvayız olıb qalmasın”. Doğrusu, o vaxta qədər bu ifadəni heç eşitməmişdim.
- Kəpətoa salmaq – Aman verməmək, nəfəsini kəsmək, əl-ayağını bir yerə yığmaq mənalarında işlənir. Məsələn: “Dünənnəri zalımın balası məni yaman kəpətoa salmışdı”.
- Feydə verməmək. – Əhəmiyyət verməmək, fikir verməmək, nəzərə almamaq kimi mənalarda işlənir. Məsələn: “Ay qıza, başun-zadun ağrıyeysa, feydə vermə, görəcəysən, biyazdan keçib gedib”.
- Dazalağın götürmək – Qaçmaq, qaçıb aradan çıxmaq, eləcə də, qovalamaq, qovub uzaqlaşdırmaq kimi müxtəlif mənalarda işlənir. Məsələn: “Qaro:lçu uşağları atdöşü eleyib dazalağların götirmişdi”.
- Vellayı vurmaq – Boş-boş gəzmək, avaralanmaq deməkdir. Məsəslən: “Heç bi iş görmeysən, axşama qədər küçələrdə vellayı vıreysan”.
- Sərəvəz atmaq – Qol-qıçını uzadaraq yatmaq, yayxanmaq, keflənərək uzanmaq kimi mənalarda işlənir. Məsələn: “Yorılmeysan arın-arxayın sərəvəz atıb yatmağdan? Durub bi iş görsənə”.
- Boyunəti olmaq – Kimdənsə asılı olmaq, qarşısında gözükölgəli olmaq deməkdir. Məsələn: “Allah məni gör nə günə qoudı, gəlib kimlərə boyunəti olmışam”.
- Gurnaş vermək – Aşıb tökülmək, uçub dağılmaq deməkdir. Məsələn: “Küləy oğada güjdi əseydi ki, ot tayası gurnaş verib uşdı”.