Parisin müdhiş “İnsan Muzeyi”nin (Musee de l’Homme) kolleksiyası görənlərin qanını dondurur. Muzeyin kolleksiyasında müstəmləkə boyunduruğuna qarşı müqavimət göstərən əlcəzairli partizanların, partizan dəstələrinin rəhbərlərinin, quldur kimi qələmə verilən müstəmləkə boyunduruğuna baş əyməyən insanların kəllə sümüklərindən ibarət kolleksiya nümayiş olunur.
AZƏRTAC xəbər verir ki, Əlcəzairdə Fransanın müstəmləkə işğalına qarşı mübarizə aparan yerli müqavimətçilərin kəllə sümükləri həmin dövrdə Parisə kolleksiya üçün göndərilmişdir. Həmin kəllə sümükləri muzeyin zirzəmisində saxlanılır. 2018-ci il məlumatına görə Paris muzeyinin zirzəmisində 536 əlcəzairli müqavimət hərəkatı üzvünün kəllə sümüyü olub. Bu kəllə sümükləri Əlcəzairin bütün regionlarından olan müqavimətçilərə aiddir. Ancaq bildirilir ki, bu kəllə sümükləri son dərəcə pis vəziyyətdə saxlanıldığına və diqqətsizlik nəticəsində kimliyi göstərən lövhələr oxunmaz hala düşdüyü üçün artıq onların kimliyini müəyyən etmək çətindir. Müqavimətçilərə olan nifrət və ya digər naməlum səbəblərdən kəllə sümüklərinin sahiblərinin mənşəyi, hansı tayfaya aid olması, harada ölməsi ilə bağlı məlumatlar saxlanılmayıb.
Tarixi məlumatlara əsasən, Əlcəzairdə insan kəlləsi ovu hələ XİX əsrdə həmin dövrün əsas təbiətşünası olan Jorj Küvye tərəfindən başlayıb. O, elm adı altında Paris İnsan Muzeyinə insan kəllələri göndərməyə başlayıb. Halbuki, alimlərin özləri etiraf ediblər ki, həmin kəllələr hər hansı bir elmi məqsəd üçün yararsızdır.
Kolleksiyaçılar arasında Konstantin xəstəxanasının direktoru Edmond Vital müqavimət hərəkatı və qiyamlarının nüfuzlu başçılarının kəsilmiş başlarını toplamağa xüsusi maraq göstərib. Sonradan onun kolleksiyası qardaşı tərəfindən Paris Muzeyinə verilib. Həmin dövrün yazışmaları yerli insanlara – əlcəzairlilərə qarşı nifrəti, hörmətsizliyi və ədalətsiz münasibəti göstərir.
Əlcəzairin öz qəhrəmanlarına aid kəllə sümüklərinin qaytarılması ilə bağlı müraciətinə 2017-ci ildə Paris İnsan Muzeyi tərəfindən etiraz olunsa da, son illər göstərilən səylər nəticəsində bir sıra kəllə sümükləri təhvil verilib. Hazırda xüsusi tədqiqatçılar qrupu, Fransanın Əlcəzairə müstəmləkə dövründə vurduğu ziyanı, xüsusilə də ölkədə qanunsuz çıxardığı qiymətsiz sərvətlərin dəyərini hesablayır. Fransadan vurduğu ziyanı ödəməsi tələb olunur.