- Ədəbiyyat

Cevahir TANRIVERDİ. Freydin psixoanalazi əsasinda ədəbiyyat nümunələri və poetizm

Ziqmund Freyd psixoanalizin banisidir. Eyni zamanda yuxuları şüuraltı ilə əlaqəli olaraq araşdıran elm adamı və mədəniyyət filosofu olmuşdur. Hər bir elmi qənaətini müəyyən təcrübələrlə həyata keçirən alim insan şüuru idarəsinin nə qədər çətin olduğunu da qeyd etmişdir. Bu isə özünü travmalarda göstərir. Freydin psixoloji araşdırmalarına əsasən hər bir psixoloji travmanın (yunanca yara) əsasında mənfi, xoş olmayan hadisələri şüurdan çıxarmaq cəhdi dayanır. Bu cəhd nə qədər böyük olarsa, bir o qədər də böyük travmaya yol açır. Bunun nəticəsində həmin insan nevroza tutulmuş olur.

Freyd buraya nakam eşq yaşamış və bu hissin onlarda müəyyən travmaya səbəb olmağını da daxil edir. 19-cu əsrin elm adamı Ziqmund Freydin fikirlərindən gəldiyimiz qənaətə əsasən anlayırıq ki, hər bir bastırılmış hiss müəyyən psixoloji gərginlik yaradır. Burada əsas olan bu psixoloji gərginliyi nə dərəcədə və hansı formada yaşamaq deyil, əsas olan bastırılmış hissi nə qədər çox dəfetmə istəyidir. Bu dəfetmə istəyi gücləndikcə və ya kənar amillər vasitəsilə buna təsir edildikcə müəyyən hisslər məcburi şəkildə şüuraltına keçir və ya yeridilir. Bunun nəticəsi isə daha ağır şəkillərdə özünü göstərə bilir. Dünya ədəbiyyatında, eyni zamanda Azərbaycan ədəbiyyatında özünəməxsus şəkildə yer almış “Leyli və Məcnun” əsəri müəyyən mənada və formada real olaraq baş vermışdir. Həyatda baş vermiş bu hadisəni bir çox şairlər, ədiblər qələmə almışdır. Biz isə burada dahi Nizami Gəncənin qələmindən çıxmış “Leyli və Məcnun” əsəri üzərindən təhlil aparacağıq. Əsərin qısa məzmununa əsasən, Qeyslə Leyli birgə təhsil almağa başlayırlar. Burada onların sevgi hissləri də başlayır:
Göz qəmzə oxunu atsa aşikar,
Bu sirri pərdəylə örtməkmi olar?
Zülfü min halqalı zəncirsə əgər,
Könül vurulmaqdan başqa nə edər?
Bu tumurcuqlanan sevgi onları bir-birinə daha da yaxınlaşdırır. Hər gün bir-birilərini görməyə adət etmiş Leyli ilə Qeysin sevgisini artıq başqaları da görür və bu o zaman üçün qeyri-əxlaq normalarından  hesab edildiyi üçün onların bu sevgisi tənqid obyektinə çevrilir. Bu artıq o həddə gəlib çatır ki, Leylinin valideynləri bu xəbərdən halı olurlar. Bununla da Leylinin dərsə getməyinə icazə verilmir. Bunu görən Qeys həsrət yükü ilə yüklənir və Freydin dediyi ilk travmanı da məhz burada alır. Əsərə müraciət edək:
Məcnun görmədikdə Leylini bəzən,
Bir sel axıdardı hər kirpiyindən.
Gözündə qəm yaşı, ürəyində qəm
Küçəni, bazarı gəzərdi sərsəm.
Əsərdən də göründüyü kimi Qeysin həsrətə olan dözümsüzlüyü onun bütün hərəkətlərində özünü aydın göstərir. Bu, Ziqmund Freydin fikrincə desək, həsrəti özündən uzaqlaşdırmaq mübarizəsindən irəli gəlirdi. Qeys həsrətdən qaçmaq istəyirdi. Həsrəti yaşayır, lakin onu özündən uzaqlaşdırmaq cəhdləri yalnız həsrəti şüuraltina yeritməkdən ibarət olurdu. Freydin fikrincə, insan şüurüstu ilə öz-ozünü idarə edir. Şüuraltı isə onun unutduğu düşündüyü və ya keşmiş hadisələrlə bağlı olan hadisələri özündə əks etdirən beynin hissəsidir. Bəzən hansısa bir sözü xatırlamaq istəyirik, lakin onu yadımıza sala bilmirik. Hətta –“dilimin ucundadır demək istədiyim söz”,- ifadəsini belə işlədirik. Həmin söz şüuraltına keçdiyi üçün bu qədər çətinlik çəkirik. O ki şüuraltının bir balaca qapısı aralandı, həmin söz şüurüstünə keçir. Bu zaman o söz yadımıza düşür və ifadə edirik. Əlbəttə ki, unutduğumuz sözlərdən əlavə, unutmaq istədiyimiz hadisələr də bizim öz məcburiyyətimizlə şüuraltına keçir. Amma bu mübarizə güclü hal aldıqda, yəni hər an düşündüyümüz bir hadisəni düşünməmək kimi bir hala özümüzü məcbur etdikdə bu beyin içərisində travma yaradır. Fikir şüurüstündədir, biz onu şüuraltına yeridirik. O yenə şüurüstünə doğru yol alır, düşüncəmizi fəaliyyətə keçirir, amma biz onun bu fəaliyyətinin qarşısını almaq kimi bir hərəkət tətbiq edrik. Bu beyni gücə salmaq kimi bir şeydir. Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasıdan:
Bəni-Səd adlanan yad bir tayfadan
Bir nəfər Məcnuna rast gəlmiş bu an.
O gördü aşiqi xərabəzarda,
Əhvalı pozğundur, xəyalı darda.
Aşiqin xəyalı dardadır. Çünki aşiq öz xəyalının mümkünsüzlüyünün fərqindədir. Lakin bununla barışmaq istəmir. Şüuraltına itələdikcə psixoloji yara – tavma yaranır. Bu halı “Xosrov və Şirin” əsərində sevgidən atasını öldürəcək hala gəlmiş Şiruyədə də görə bilirik. Şiruyənin müəyyən fərqi var. Bu isə onun məhz psixoloji cəhətdən, əsərdə də deyildiyi kimi, kal dogulması idi.
Dünya ədəbiyyat nümunələrindən də buna dair bir çox nümunələr göstərmək olar. Cek Londonun “Tonqal” əsərində yoçunun ölümlə mübarizə apararkən çox sevdiyi itinin belə canına qiymaq istəmsəsi məhz psixoloji tarvmadır: “ Adam birdən cəld hərəkətlə iti qamarlayıb qolları arasında elə saldı ki, heyvan göz açmağa, qaçıb qurtarmağa macal belə tapmadı. Bunların hamısı bir anda baş verdi. Adam qarın üstündə əyləşib var qüvvəsi ilə iti bağrına basıb sıxdı. Heyvan zingildəyə-zingildəyə çırpınaraq xilas olmağa can atırdı. Adam isə onu buraxmaq fikrində deyildi. Lakin dərk edirdi ki, iti öldürməyə gücü çatmayacaq, bunu etməyə imkanı da yox idi. Nə gücdən düşmüş əli bıçağı heyvana sanca bilər, nə də donmuş əlləri iti boğa bilərdi.”
Əlbəttə ki, sadalağımız bu nümunələr həyat nümunələridir. Hər bir hal hansısa gərginliklə mübarizədir və bu insana məxsus olan bir xüsusiyyətdir. Biz burada Məcnunun halına psixoloq nəzəri ilə yanaşmağa çalışdıq. Lakin bir ifadə də burada yerinə düşür: “ Məcnun Leylinin küçəsindəki iti görəndə əyilib onun gözlərindən öpür. Psixoloqlar bu hərəkəti psixoloji travma adlandırırlar, ədəbiyyatçılar isə bu hərəkətin qarşısında hörmətlə baş əyirlər.”  Bir sözlə, Z. Freydin psixoanaliz metodu ilə Qeysin müalicəsi yerinə yetirilib psixoloji sağlamlığı bərpa olunsaydı, belə bir gözəl əsər nümunəsi də ortaya çıxmayacaqdı. Baxmayaraq ki, Z. Freyd 19-cu əsrdə yaşamışdır.
Yuxarıda çəkdiyimiz nümunədə Məcnunun Leylinin küçəsində gördüyü itin gözlərindən öpməsi hərəkətinə ədəbiyyatçıların hörmətlə yanaşdığını qeyd etdik. Bəs bu nədən irəli gəlir? Freyd hər bir sənətkarlığın, yaradıcılığın əsasında şüuraltının rolunun olduğunu göstərir. Bu, şüuraltında formalaşan təxəyyülün nəticəsidir. Freyd yuxuların da şüuraltının məhsulu olduğunu bildirir.  Bizim həssas ruhlu insanlar olaraq qavradığımız bir qrup insanlar da, hansı ki, yuxarıda verilmiş misalda da bu qrup insanlardan olan ədəbiyyatçılar da  məhz şüuraltının refleksi ilə Məcnunun hərəkətinin önündə baş əyirlər. Yəni burada duyğular öz sözünü deyir.
Ədəbiyyat nümunələrində poetik sözlərdən, məcazlaşmadan istifadə edilməyi qanunauyğun bir haldır. Bu halın nəyə görə belə formalaşdığını da Z. Freydin psixoanaliz metodu ilə izah edək: “Freyd səhər oyananda xatırladımız yuxuyla onun əsl mənasını bir-birindən fərqləndirmək lazım olduğunu deyir. Yuxulardakı görüntülər, başqa sözlə, yuxuların “filmi” və ya “video”su yuxunun manifestidir.”  “Freydə görə, şüuraltının qızıl açarı yuxularımızdır.” Məhz Freydin fikrinə əsasən, yaradıcılıq da şüuraltının məhsuludur. Yəni şüuraltı yaradıcılıq qabiliyyətinin, yuxuların və unudulmuş məlumatların bazasıdır. Yuxularda həyat hadisələrinə uyğun olan “film” də görmək olar, arzulanan və ya arzulanmayan həyatı da görmək olar. Amma bunların heç biri real deyil, sadəcə yuxudur, təxəyyül məhsuludur. Təxəyyüldə insan qanad da açıb uça bilər, Günəşə də çata bilər, bir çiçəyin içində də doğulmuş ola bilər, hansısa heyvan və bitkinin danışdığını da görə bilər. Həmçinin, yuxuda da bunları görmək mümkündür. Çünki hər ikisi şüuraltından  yaranıb formalaşır. Burada yaradıcılıq və yuxunun eyni yerdən daxil olduğunu düşünərək belə qərara gələ bilərik ki, məhz ədəbi yaradıcılıq zamanı məcazi mənalı sözlərdən istifadə yuxu kimi ədəbiyyat nümunələrinin də təxəyyül forması olaraq yaranmasından irəli gəlir:
Uzun illərdi könül şam kimi odlarda yanır,
Eşqi pərvanədən öyrənmiş o, əyləncə sanır.
Məhəmmədhüseyn Şəhriyarın bu misralarında şair aşiq konlünün oda yandığını   bildirir, pərvanənin şamın üzərində qanadlanmasını da sevgi ilə bağlayır. Məhz könlünü də pərvanə ilə müqayisə edir. Başqa bir nümunəyə misal göstərək: “Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı” (Mikayıl Müşfiq), “Durub ağacın dalında gizləndi ki, görsün bu nədi. Gördü ki, bir div gəlir, boyu minarə kimi, adam baxanda bağrı yarılır, elə bilirsən, bir dağ qopub gəlir.” (“Məlikməmmədin nağılı”), “Hər azad baxışda uçur bir qartal, Keçdiyi yollara baxır vüqarla.” ( Səməd Vurğun ), “Ürəyi köksündən uçur az qala” (Aleksandr Puşkin) və s. Göründüyü kimi, burada verilmiş məcazlaşma, poetika həqiqi həyatda baş verəcək hadisələr deyil, bənzətmədir, uydurmadır və ən əsası təxəyyüldür. Həm nəsr, həm də nəzm nümunələrində istifadə olunan bu poetik fikirlər həm şifahi, həm də yazılı ədəbiyyat nümunələrində mövcuddur. Deməli, ədəbi nümunələrdə poetizmdən istifadə ta insanların ilkin yaradıcılıq dövrlərindən etibarən özünü göstərməyə başlamışdır. Yəni artıq insan təfəkkürünün məhsulu olan ilk ədəbi nümunələrdə təxəyyül özünü göstərir. Məhz bu təxəyyül də, bu təxəyyüldən yaranan fikirlər və yardıcılıq nümunələri də şüuraltının fəaliyyəti nəticəsində meydana gəlməyinin sübutudur.  Şüuraltı çox zaman fəaliyyətdə olan insanlarda əhval – ruhiyyə də məhz onların yardıcılığı ilə bağlı olur.  Bu yaradıcı insanlarda özünü kəskin şəkildə göstərir.
Ziqmund Freydin psixoanaliz metodunu ədəbiyyat nümunələri üzərindən izah etməyə çalışdıq. Bunu müəyyən rəsm əsrləri üzərindən də izah etmək olar. Rəsm əsərlərində də rəssam müəyyən təxəyyül üzərindən çalısır və əsərini bu yöndə sərgiləyir. Deməli, istər rəssam olsun, istər heykəltaraş, istər şair və ya yazıçı olsun, bu insanların ortaq xüsusiyyətləri Freydin şüuraltının fəaliyyəti ilə bağlı gəldiyi qərarlara dayanır.

Ədəbiyyat
1.Jostein Gaarder “Sofinin dünyası”  (Qanun nəşriyyatı 2018)
2.Mikayıl Müşfiq Əbədiyyət nəğməsi (Yazıçı 1978)
3.Səməd Vurğun Əsərləri ikinci cild (Bakı 1960)
4.Nizami Gəncəvi “Xosrov və Şirin” (Bakı 1982)
5.Nizami Gəncəvi “Leyli və Məcnun” ( Bakı 1982)
6.Cek London Seçilmiş əsərləri (Bakı 2005)