Son vaxtlar gənc şairlərin klassik janrlara, xüsusilə qəzəl janrına müraciər etməsi sevindirici haldır. Bəzən, görürsən ki, qəzəli artıq dövranını sürmüş, bir növ arxaikləşmiş janr hesab edənlərə də rast gəlmək olur. Guya müasir şeir heç bir çərçivəyə sığmır, qafiyə istəmir, tam sərbəst olmalıdır. Olsun, buna bir sözümüz yoxdur. Sərbəst şeirin də imkanları çox genişdir. Azərbaycan ədəbiyyatında sərbəst vəzndə yazan çoxlu şairlərimiz olmuşdur və bu gün də vardır. Ancaq klassik şeir janrlarının öz gözəlliyi var və müasir dövrümüzdə onun da oxucuları, belə deyək, xiridarları kifayət qədərdir. Xüsusilə, qəzəl janrı xalqımız tərəfindən daim sevilmişdir. Bunun bir səbəbi də, fikrimcə, muğamlarımızda daha çox qəzəllərin oxunmasıdır. Ona görə də gənc şairlərin qəzələ müraciət etməsini görəndə sevinməyə bilmirsən.
Ancaq bir məsələ var ki, görəsən, qəzəl yazan gənclərimiz qəzəlin xüsusiyyətlərini yerli-yerində bilirlərmi? Bilirlərmi ki, qəzəl ancaq əruz vəznində yazılır, heca vəznində qəzəl olmur? Düzdür, böyük şairimiz Şəhriyar əruzu türk şeiri ilə üzvi surətdə uyğunlaşdırmış və onun gözəl nümunələrini yaratmışdır. Ancaq bu, başqa söhbətin mövzusudur. Eyni zamanda, onlar əruz vəzninin xüsusiyyətlərini, bəhrlərini, təfilələrini bilirlərmi? Müxtəlif saytlarda gedən qəzəlləri oxuyanda belə qənaətə gəlmək olur ki, burada fikir veriləcək məqamlar çoxdur.
İlk əvvəl onu qeyd edim ki, əruz vəzni VIII əsrdə ərəb şairi Xəlil ibn Əhməd tərəfindən sistemləşdirilmişdir. Azərbaycan ədəbiyyatında əruzun 11, Əkrəm Cəfərin yazdığına görə isə 12 bəhrindən istifadə edilmişdir. Ən çox işlənən bəhrlər həzəc, rəməl, xəfif, səri və münsərih bəhrləridir.
Bəs bəhr nədir və necə yaranır, tərkibcə necə olur?
Əgər heca vəznində misralardakı hecaların sayı əsas götürülürsə, əruz vəznində misralardakı qısa və uzun hecaların müəyyən ardıcıllığı ahəng yaradır. Qısa heca adi saitlə bitən hecadır, uzun heca isə ya samitlə, ya da uzun saitlə bitən hecaya deyilir. Məsələn, “ki-tab” sözündə bir qısa, bir uzun heca, “mək-təb” sözündə iki uzun heca, “nə-və” sözündə iki qısa heca, “dur-na” sözündə bir uzun, bir qısa heca vardır. “A-rif” sözündə də iki uzun heca var, çünki birinci heca uzun saitlə bitir, “Aa-rif”. Bu qısa və uzun hecaların müxtəlif kombinasiyaları təfilələri yaradır. Təfilə, əsasən, dörd, üç və iki hecadan ibarət olur, bəzən beş hecadan da ibarət ola bilər. Əslində, burada heca anlayışı özü də nisbidir. Təfilələr və onların müəyyən ardıcıllıqla düzülüşü bəhrləri yaradır.
Tutaq ki, qəzəlin birinci misrası, məsələn, “harda olsam” sözləri ilə başlayıb. Görürük ki, burada hecaların düzülüşü aşağıdakı kimidir: uzun, qısa, uzun, uzun. Bu, fAilAtün-dür, yəni rəməl bəhrinin təfiləsidir. Deməli, bütün misralar bu təfilə ilə başlamalıdır. Əgər hansısa misrada bu düzülüş pozularsa, onda əruz vəzninin prinsipləri pozulmuş olur. Təəssüf ki, gənc şairlərin bəzisində bu səhvlərə rast gəlinir. Misranın növbəti təfilələri də bu prinsiplə qurulur. İkinci, üçüncü, əgər varsa, dördüncü təfilələr də eyni olmalıdır.
Bəzən sözlərdəki hecaların saitlə bitməsi gəncləri çaşdırır. Məsələn, “yenə” və “nalə” sözlərinin hər ikisində hecalar saitlə bitir. Ancaq ikinci sözün birinci hecası uzun saitlə bitdiyi üçün burada fərq yaranır. Birinci sözdə iki qısa, ikinci sözdə isə bir uzun, bir qısa heca vardır. Deməli, buna uyğun olaraq, fərqli təfilələr də yaranacaq.
Yuxarıda qeyd etdik ki, heca vəznində yazılmış şeirlərin bütün misralarındakı hecaların sayı eyni olmalıdır. Əruz vəznində isə belə deyildir. Misralardakı hecaların sayı müxtəlif ola bilər, çünki burada, dediyimiz kimi, uzun və qısa hecaların müəyyən ardıcıllığı əsasdır. Fikrimizi bir nümunə ilə aydınlaşdıraq. Abbas Səhhətin “Vətən” şeirinə diqqət yetirəndə görürük ki, sonuncu beytdən başqa bütün beytlərin misraları 11 hecadan ibarətdir. Sonuncu beytin birinci misrasında 10, ikinci misrasında isə 9 heca vardır. Düzgün oxumadıqda burada ahəng pozulur. Amma birinci “Vətəni sevməyən insan olmaz” misrasında “insan” sözündə “a” saiti uzun tələffüz olunur. “İnsaan” olur, bir növ hecaların sayı artırılıb 11-ə çatdırılır. İkinci “Olsa, ol şəxsdə vicdan olmaz” misrasında “şəxsdə” sözü “şəxsidə”, “vicdan” sözü isə yenə də “vicdaan” kimi oxunur və beləliklə, ahəng tam nizamlanır, yəni burada da bir növ hecaların sayı bərpa olunur.
Əlbəttə, əruz elə bir dəryadır ki, bizim yazdıqlarımız onun işərisində çox kiçik bir zərrədir. Həm də mən burada təfilələrin adlarını çəkib onlar haqqında uzun-uzadı izahat verməklə söhbətimizi qəlizləşdirmək istəmədim. Ancaq yaxşı olardı ki, gənc qəzəlxanlarımız əruzu öyrənməyə çalışsınlar. Bundan ötrü əruzun böyük bilicisi Əkrəm Cəfərin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabı çox gözəl vəsait kimi istifadə oluna bilər.
Sonda bir fikrimi də yazmaya bilmirəm. Əruzdan xəbərsiz olanlar, (bu daha çox orta yaşlılar arasında təsadüf olunur) zəhmət olmasa, qəzəl yazmağa çalışmayın. Hisslərinizi, duyğularınızı heza vəznində də, sərbəst vəzndə də çox gözəl ifadə edə bilirsiniz. Qəzəl xüsusi biliyin olmasını tələb edir. Onu qoruyub saxlamaq lazımdır. M. Füzuli, S.Ə. Şirvani, Ə. Vahid kimi dahilərin məktəbinə ögey münasibət bəsləmək olmaz.