Əvvəlki yazımda həzəc bəhri və onun xüsusiyyətləri barədə qısaca məlumat vermişdim. Bu yazımda isə rəməl bəhri, onun təfilələri və bunların əkrəmi modellərlə əvəz edilməsi barədə bir neçə məsələni diqqətinizə çatdıracağam. Qeyd edim ki, bu yazılarda məqsədim əruz vəzni barədə məlumatı olmayan, ya da az olan, ancaq qəzəl yazmaq istəyən dostlara kiçicik də olsa, kömək göstərməkdir.
Zənginliyinə görə həzəcdən sonra ikinci bəhr rəməl bəhridir. Rəməl sözü ərəbcədə ləngərlənmək, ləngərlənə-ləngərlənə yerimək, Əkrəm Cəfərin qeyd etdiyinə görə, həm də vəhşi inəyin ayağında öz rəngindən olmayan xətlər, tələsik və müntəzəm yerimək, yağışın az yağması və digər mənaları verir.
Azərbaycan əruzunda rəməlin on üç növü vardır. Bu növlərin də yetmiş beş variantı mövcuddur. Bu növlər və variantlar on beş təfilə üzərində qurulmuşdur. Bunlar, əsasən, fA`ilAtün, fə`ilAtün, fA`ilün, fə`ilün və digərləridir. Göstərdiyim bu təfilələr əkrəmi modellə müvafiq olaraq dilqələmdil, nüvədildil, dilqələm və nüvədil modellərinə uyğun gəlir. Aydındır ki, digər on bir təfiləyə də uyğun əkrəmi modellər vardır. Ancaq burada məqsədim onların hamısı haqqında deyil, yalnız bir neçəsi barədə məlumat verməkdir.
Əkrəm Cəfər rəməlin də növlərini kəmiyyətcə üç qrupa bölür:
- Dördtəfiləli növlər.
- Üçtəfiləli növlər.
- İkitəfiləli növlər.
Rəməl bəhri, bəlkə də, əruz vəzninin bəhrləri arasında yeganə bəhrdir ki, onun təfilələri ilə Azərbaycan sözləri arasında ahəngə görə heç bir uyğunsuzluq yaranmır. Buna misal olaraq aşağıdakı nümunələrə diqqət edək: fA`ilAtün təfiləsinə – gözləmişdim, fə`ilAtün təfiləsinə -gətirirkən, fA`ilün təfiləsinə – görmüşəm, fə`ilün təfiləsinə – gecələr sözləri tam uyğun gəlir.
Əksər klassik şairlərin yaradıcılığında rəməl həzəc bəhrinə nisbətən daha çox işlənmişdir. Əruzla yazan şairlərin, demək olar ki, hamısı rəməl bəhrində əsərlər yaratmışlar.
Məhəmməd Füzulinin məşhur bir qəzəlinin birinci misrasına diqqət verək:
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
fA`ilAtün fA`ilAtün fA`ilAtün fA`ilün. Əkrəmi modellə dilqələmdil dilqələmdil dilqələmdil dilqələm.
İndi bu misranın tələffüz formasına baxaq:
Eş-qi-dən-caa nım-da-bir-pün han-mə-rəz-vaa rey-hə-kim. Gördüyümüz kimi, misranın ölçüsü bu formadadır: uzun-qısa-uzun-uzun, uzun-qısa-uzun-uzun, uzun-qısa-uzun-uzun, uzun-qısa-uzun.
Füzulinin “Heyrət, ey büt…”, “Pənbeyi-daği-cünun…”, “Əql yar olsaydı…”, “Ey mələksima ki…” kimi məşhur qəzəlləri rəməl bəhrinin müxtəlif növ və variantlarında yazılmışdır.
Sonda yenə də bunu qeyd etməyi özümə borc bilirəm ki, bizim bu yazılarımız dəryadan bir damcıdır. Əgər bu damcıdan kimsə bəhrələnə bilsə, çox xoş olar.