(Bir şeirin təəssüratı)
İşıq zaman-zaman poetik obraz olub. Çünki insanın bədii idrakı, bədii düşüncəsi işığı mənalandırmaya bilməzdi. Həyatın qaranlıq guşələrinə işıq salmaq üçün (Gecənin ən uzaq dərinliyində Bir işıq görünür: mayakdı, nədi?!.. – Məmməd Araz), dünyanın tutqun üfüqlərinə, Vətən göylərinə nur yaymaq üçün, (Günəşin zirvədə doğan anından Nur alıb bu yurda səpələməsək, Sən kimə gərəksən, Mən kimə gərək?! – Məmməd Araz), sevgi həsrətindən toranlıq basmış könüllərə vüsal işığı bəxş etmək üçün (Qeys odun, günəşin və işığın antropomorfik obrazıdır, sevgi nuru ilə sən zülmət qaranlıqların qapısını açıb aydınlığa qovuşa bilirsən). Bəs, azadlıq döyüşlərinə gedən yolları aydınlatmaq üçün zindanlar küncünü işıqladan şairin əzm, mətanət işığı? (Sən demə azadlıq Aymış, Günəşmiş, O Aya, o Günə həsrət qalmışam. – Xəlil Rza Ulutürk).
Ağacəfər Həsənlinin “Evimin küçə lampası” şeirini oxuyandan sonra xəyalım dinc durmadı. İllər uzunu təəssübünü çəkdiyim poeziyasına və şəxsiyyətinə olan heyrətimi ifadə etmək üçün fürsət buldum.
Ən böyük işıq mənbəyi Günəşdir, gözümüzdə, qəlbimizdə onun işığı – yol gedirik. İnsanın yoluna nur saçan fikir işığı, səmtinə pərvaz etdiyimiz yaxşılıqların işığı heç vaxt sönmür, həmişə kimisə düz yola çıxarır, kiməsə yol göstərir, nicat verir bu işıq. Kainatı dolduran gün işığı, ulduz işığı, ilk insanın gözlərində çaxan ildırımın yandırdığı ağacın, tonqalın işığı, lampa, şam işığı, fənər işığı (Dərin dənizlərin arxasını göstərən bir fanar, yanar, yanar, yanar… – Səməd Vurğun), (Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar işıqlığa?- Nazim Hikmət) həmişə bədii düşüncənin predmeti olub. Ürəyini, zəkasını məşəl kimi yandırıb bəşər övladına yol göstərən dühalar öz yerində. Yuxarıda sevdiyim şairlərin ilham işığından zərrələr təqdim etdim, bunlar ilk təəssüratla, qəfildən yaddaşıma, qəlbimə daman işıq şölələridir. Ağacəfərin şeirini oxuyandan sonra yarandı bu istək.
Yəqin ki, dünyada işığa, nura şeir həsr etməyən şair yoxdur. İşıq haqqında yüzlərlə aforizm də var: Bir işıq da sən yandır. Əvvəl qəlbini işıqlandır, oradan zülməti, kini, nifrəti, mərhəmətsizliyi qov! Qaranlıq olmasaydı, işığın qədrini kim bilərdi? İşığı söndürənlər qədər şam yandırmayanlar da günahkardır. Qaranlığı lənətləməkdənsə, bir şam yandır! Üzü işığa doğru yönəlmiş insan neçə yaşında olursa-olsun gəncdir. Qoy, qəlbinizdən işıq azalmasın!
Bir də var Ağacəfər Həsənlinin “Evinin küçə lampası”! Və onun işığı. Həyətimizin qabağında, doqqazın başında, darvazada küçə lampası asarıq. Evimizin işığından bir xətt ayırıb çölün, bayırın, ətraf dünyanın işığını artırmaq üçün, gedənin-gələnin yolu, səmti aydın olsun deyə. Həm də daha çox küçəyə tərəf asarıq o lampanı, papağını elə qoyarıq ki, bayır dünyanı daha çox işıqlandırsın, həyətdə onsuz da ayrı lampamız olur, ya da aynabəndimiz işıqlandırır həyəti, arxı, bağı-bostanı. Qışın çovğununda, payızın yağışında evimizin içindən, pəncərədən əlləri qoynunda titrəm-titrəm titrəşən bu lampaya azmı baxmışıq? Baxmaq azdır, görmək lazım – Ağacəfər Həsənli kimi. O lampanın tutqun-bəyaz işığı “ağappaq təbəssüm”ə bənzəyir, gərək onu görüb-görüb “məftun olasan”. Nə həssas müşahidədir, şair qardaşım?! O küçə lampasının “fəzilət sirri” dünya boydadır, yuxarıda adını çəkdiyim şairlərin işığından mayalanıb o lampa! Ağacəfər Həsənlinin öz ilhamı kimi. Alqış ilhamına, qardaş! “Evimin küçə lampası” ədəbiyyatımızda yeni poetik obrazdır, sanıram. Poeziyamızda Günəşdən, Aydan, şimşək, tonqal, məşəl işığından, pərvanələri oda yaxan şam işığından yazılıb, amma ”Evimizin küçə lampası”dan yazan olmayıb. Özü də “küçə lampası” deyil bu, sıra ilə, cərgə ilə yollar, küçələr boyu hündür dirəklərdən asılan lampalardan deyil ha, evimizdən, evimizin işığından, istisindən, hənirindən bir xətt ayırıb bağışlamışıq dünyaya. Heç tanımadığımız insanlara. Yolları işıqlı olsun deyə. Bu, evimizin, qəlbimizin, içimizin işığıdı, hamıya pay düşür ondan. İndi görün, xeyirxah şair ürəyindən bir tel işıq necə hamıya halaldı. O xətti şair öz qəlbinin tellərinə bağlayıb sanki. Nə gizlədək, bir çoxlarının doqqazında bu “lampa” yoxdu. Neynək, təki ürəklərində olsun. Bəzən gecə dost-tanış evinə qonaq gedəndə, küçə işıqları yanmayanda, ayağımız daşa-zada ilişəndə bir evin “küçə lampası” bizə mayak olur, işıq tutur yolumuza. Evin sahibinə nə qədər alqış edirik?!
Ağacəfər Həsənlinin “Evinin küçə lampası” yanır, yolçular, arxayın gəlin, keçin. Ayağınız daşa-zada dəyməyəcək. “Ulduzlar bu lampanın işığına heyran kəsilib”. Çünki şairin “Evinin küçə lampası” “üz ağardıb”, sizi qaranlıqda qoymayacaq. Ağacəfər onun işığında o qədər şeir yazıb ki! Odur ki, ilhamı həmişə yanır, təbi həmişə oyaqdır. Onun ilhamı hamıya məhrəmdir.
Ağacəfər Həsənlinin son şeirlərinin poetexnikasına heyrətimi vurğulamaqla sevincimi gizlətmirəm, onun qələmi ilə fəxr edirəm və həmin şeiri saytımızın oxucularına bütöv təqdim edirəm, zövq alın.
Evimin küçə lampası
Məftunam ağappaq təbəssümünə,
zülmət qaranlıqda işıq saçırsan.
Sən həyət-bacaya gündüz nümunə –
sən axşam düşəndə işıq açırsan…
Bədirlənən ayın yavan kölgəsi,
gizlədir sirr dolu fəzilətini.
Sənin işığının əlvan kölgəsi
örtür qaranlığın xəcalətini.
Dirəkdən hamıya gözmü qoyursan? –
yoxdur bir kimsəyə göz ağartmağın.
Vaxtın dərisini müftə soyursan,
nəzərə də çarpmır üz ağartmağın.
Məhrəm işığına sözüm boyanır,
mən özüm hazıra hər vaxt nazıram.
Bahar çağlarında təbim oyanır,
altında oturub şeir yazıram.
Küçə lampasının nur işığında
ocaq tüstülənir, heyvan kəsilir.
Yuxarıdan baxır gur işiğına –
ulduzlar hamısı heyran kəsilir.
Məftillər torpaqtək işıq becərir,
əkinə-biçinə yüz rəng qatırsan.
Sən oyaq qalırsan bütün gecəni,
günəş doğan kimi tir-tap yatırsan.