UNEC-in Marketinq fakültəsinin I kurs tələbəsi
Yenə özümü kompüter arxasında tapdığıma görə, demək ki, işlərim qaydasında deyil. Amma bu günkü mövzum bu deyil. Bu gün bu kompüteri açmaqda məqsədim bu qısa həyatım boyu danışmaqdan həmişə çəkindiyim, gücümün çatmayacağını düşündüyüm o mövzudur. Çünki bu gün qatardakı o balaca uşağın belə bunu bacardığını gördükdən sonra susmağı özümə ayıb bildim. İlk dəfədir ki, başıma gələn bir hadisəni kiməsə duyğularımla birgə çatdırmaq istəyirəm və təxmin edə bilərsiniz ki, bu sətirləri yazmaq mənə olduqca çətindir. Amma bütün bu tərəddüdümə baxmayaraq, hislərimi sizə bacardığım qədər aydın şəkildə çatdırmağa çalışacam. Əgər ki, bir qüsurum olarsa da, üzrlü sayın.
Hamının bildiyi kimi, bu gün Vətən müharibəsindən artıq 3 il ötür. Bu günün önəmini kiçikdən böyüyə hər birimiz bilirik. Bu müharibə bizim üçün qalibiyyətli olsa da, mənim fikrimcə, insan itkisi olan heç bir döyüşdə təmiz qalibiyyət yoxdur. Bu düşüncə ilə əminəm ki, bir çoxlarınız razılaşacaqsınız. Mən də hər il anım günlərində bizim üçün, Vətən üçün canından keçən o insanları düşünür, onlara dərin minnətdarlığımı bildirir, bizim hər zaman onlara bir can, bir Vətən, bir ailə, bir həyat borclu olduğumuzu özümə xatırladıram. Amma təəssüf ki, nə hiss etdiyimi deməkdə hər zaman çətinlik çəkən biri olaraq bütün bu duyğuları səssizcə yaşamaq mənim üçün olduqca çətindir.
Bu gün isə mənə tək olmadığımı xatırladan hər kəsə təşəkkürümü çatdırmaq və mənim də burda olduğumu bildirmək üçün bu yazını yazmaq qərarına gəldim. Metro ilə universitetdən qayıdarkən ürəyimdəki dərin kədərin öhdəsindən gəlməyə və bunu ətrafa bildirməməyə çalışırdım. Əslində uğurlu bir cəhd olduğunu düşünürdüm, ta ki, o balaca oğlan uşağı əlində bayrağımız ilə yanıma gəlib əlimi tutana qədər. Bir anlıq bütün düşüncələrimdən kənarlaşıb əlimi möhkəm tutan o balaca ələ baxdım. Daha sonra ətrafa nəzər saldıqda gördüm ki, bu balaca sadəcə mənim yox, sanki o qatardakı hamının əlini tutub. Hamı o qədər fərqli baxırdı ki, o balacaya. O baxışı heç bir dildə təsvir edə bilmərəm. Hamının əksinə, balaca uşaq gülümsəyir və bayrağı dalğalandırırdı. Elə bu anda qatar dayandı və anons eşidildi: “Hamınızı şəhidlərimizin ruhuna bir dəqiqəlik sükuta dəvət edirik”. Balaca mənə ayağa qalxmağıma kömək oldu və bir dəqiqə boyunca da heç buraxmadı. Vaqondaki digərləri də ayağa qalxdı və gözünü bir an belə o uşaqdan ayırmadı. O an dərin səssizlik olmasına baxmayaraq, biz bir- birimizi anladıq. O an biz susduq, sanki sükut: “ Burada biryerdəyik, güclüyük, unutmadıq, unutmayacağıq, unutdurmarıq”, – dedi.
Sükut bitdikdən sonra isə anasının yanına gedib onu bərk qucaqladı. Növbəti stansiyada isə qatardan düşdülər. Başqalarını deyə bilmərəm, amma o an o balaca mənim əlimi tutaraq ürəyimdəki o kədəri almış, boşluğu doldurmuşdu. Bəlkə də, o balaca mənə nə qədər yaxşı təsir edəcəyini bilmədən etmişdi bunu. Amma mən ona bir təşəkkür və gülümsəmə borclu olduğumu düşündüm. Elə buna görə də bu yazını yazarkən üzümdəki o təbəssüm heç silinmədi.