Əruz vəzninin xəfif bəhri də klassik Azərbaycan şairlərinin tez-tez müraciət etdikləri bəhrlərdən biridir. Xəfif sözü ərəb dilində yüngül, çevik, oynaq, sürətlə hərəkət edən deməkdir. Əruz vəzninin bəhrlərinin bir çoxunun adı ilə mahiyyəti uyğun gəlir. Bunlardan daha çox məhz xəfif bəhrinin adı mahiyyətcə bəhrin özü ilə uyğunluq təşkil edir.
Xəfif bəhri Azərbaycan əruzunda növlərinin nisbi sayına görə doqquzuncu yerdə durur. Amma buna baxmayaraq, şairlərimiz bu bəhrə həvəslə müraciət etmiş və gözəl nümunələr yaratmışlar. Məhəmməd Füzuli, Hüseyn Cavid, Seyid Əzim Şirvani, Cəfər Cabbarlı və difər şairlərimizin yaradıcılığında xəfif bəhri də özünəməxsus yer tutur.
Xəfif qəlibləri heca sayına görə üç qrupa bölünür: onhecalılar, onbirhecalılar, onikihecalılar.
Azərbaycan əruzunda xəfif bəhrinin yalnız iki növü vardır. Bu növlər on iki təfilə üzərində qurulmuşdur. Ən çox işlənən təfilələr bunlardır: fə`ilAtün, məfA`ilün, fə`ilün, fə`lün və s.
Əkrəmi modellərlə müvafiq olaraq bu təfilələri belə göstərmək olar: nüvədildil, qələmnüdil, nüvədil, dildil və s.
Birinci növ xəfif bu təfilələr üzərində qurulur: fə`ilAtün məf`Ailün fə`ilün. Əkrəmi modellərlə: nüvədildil qələmnüdil nüvədil.
Bu növün digər variantı isə belədir: fA`ilAtün məf`Ailün fə`ilün. Əkrəmi modellə dilqələmdil qələmnüdil nüvədil.
Bu növə aid Məhəmməd Füzulinin məşhur “Həsbhal” adlı qəsidəsindən aşağıdakı misraları nümunə kimi verək:
Mən kiməm? – Bir fəqirü-bisarü pa,
Kəmtərin bəndəvü kəminə gəda.
Misraların tələffüz formasına diqqət yetirək:
Mən-ki-məm-bir fə-qii-rü-bii sa-rü-paa,
Kəm-tə-rin-bən də-vüü-kə-mii nə-gə-daa.
Bu cür tələffüz edərkən şeirin necə ahəngdar səslənməsi açıq-aydın hiss olunur.
İkinci növ xəfifin təfilə quruluşu isə belədir: fA`ilAtün məfA`ilün fə`ilAtün. Əkrəmi modellərlə dilqələmdil qələmnüdil nüvədildil. Bu növü çox zaman “Füzuli xəfifi” adlandırırlar.
Xəfif bəhrinin bir maraqlı xüsusiyyətini də qeyd edə bilərəm. Əkrəm Cəfər yazır ki, Cəfər Cabbarlı “Qız qalası” poemasında bu vəznin birinci növünün bütün variantlarından istifadə etmişdir.
Aşağıdakı misralara diqqət yetirək:
O fəqət bunlara qoyurmu məhəl?
Fə`ilAtün məf`Ailün fə`ilün
Nüvədildil qələmnüdil nüvədil
Gəzişirlər yığın-yığın qızlar
Fə`ilAtün məf`Ailün fə`lün
Nüvədildil qələmnüdil dildil
Duruyor qız önündə sanki xəyal,
Fə`ilAtün məf`Ailün fə`ilAn
Nüvədildil qələmnüdil nüvəcAn
Gəliyor Qantemur pərinşanhal.
Fə`ilAtün məf`Ailün fə`lAn
Nüvədildil qələmnüdil dilcAn
Mən burada yalnız dörd misranı və onların təfilələrini göstərdim. C.Cabbarlı bu poemada birinci növün bütün səkkiz variantından istifadə etmişdir. Bu da şairin yüksək sənətkarlığından xəbər verir.
Qeyd etmək istəyirəm ki, mən özümü əruzun bilicisi hesab etmirəm. Olsa-olsa ancaq həvəskar sayıla bilərəm. Bu və bundan əvvəlki yazılarımda Əkrəm Cəfərin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabından bəhrələnmişəm. Əruzda yazanlara bu kitabı oxumağı məsləhət görürəm.