- Dil, Manşet

“Xavərnamə” dastanında samit səslərin müasir dilimizdəkindən fərqli işlənmə məqamları

Türk köklü xalqların ədəbiyyatında “Koroğlu”, “Kitabi Dədə Qorqud kimi qəhrəmanlıq dastanları  daim diqqət mərkəzində olmuş, araşdırılmışdır. Dini-qəhrəmanlıq dastanları isə məlum hakim dövlətin ideologiyasına zidd olduğuna görə boğulub arxa plana keçmək məcburiyyətində qalmışdır. Əslində zamanında din yolunda   mücadilə də qəhrəmanlıq sayılır, bu yolda  mübarizə aparanların da əməli qəhrəmanlıq hesab edilirdi.   “Xavərnamə” yüksək insanpərvərliyi, gücü və qüdrətilə şöhrət tapmış Hz. Əli ibn Əbu Talibin İslam dini yolunda şücaətlərindən bəhs edən, islam mədəniyyətini özündə əks etdirə bilən, sirf dini-qəhrəmanlıq dastanıdır.. Digər qəhrəmanlıq dastanlarından fərqli olaraq burada hadisələr qoşma ilə müşayət olunmur, abidədə  vətənsevərlik, elinə-obasına sədaqət, kökə baqlılıq diqqəti cəlb edir. Dastanda xalq yaradıcılığının bütün sahələrində olduğu kimi mifologiya özünə yer almışdır. Dini-qəhrəmanlıq dastanı kimi seeçilməsinə baxmayaraq dilimizi, mədəniyyətimizi, İslam tarixini öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir.

 “Xavərnamə” dastanı Yaxın Şərqdə çox geniş yayılmış, XII – XIV yüzilliklərdə yaziya köçürülməsi təxmin edilən, mükəmməlliyi ilə diqqəti cəlb edən, İslamın yayılmasının ilk çağlarının tarixini əks etdirən şifahi xalq ədəbiyyatı nümunəsidir. Abidənin həm fars, həm də türkcə əlyazmaları mövcuddur. AMEA əlyazmalar institutunun xəzinəsində üç əlyazma, iki əsgi çap nüsxəsi saxlanılır. Türkdilli əlyazmalar şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz xanım Rəhimova mövcud nüsxələr arasından seçilmış müstəqil, xalq təxəyyülünə yaxın türkcə yazılmış dastan abidəsi üzərində   elmi-paleoqrafik müqayisələr aparmışdir. Nəticə etibarı ilə elmi mənbələr əsasında dini-qəhrəmanlıq dastanlarıyla tipoloji təhlil və mətnin müasir Azərbaycan dilinə transfoneliterasiyası oxuculara ilk dəfə A. Rəhimova tərəfindən təqdim olunmuşdur.

Abidədə dil vahidləri, leksemlər, sintaktik uyuşmalar öz araşdırıcılarını gözləyir.

Məqalədə həmin transfonoliterasiya mənbə kimi götürülərək abidənin dili  müasir dil baxımından samit səslərin işlənməsi istiqamətindən araşdırılmışdır.

Müasir dilimizlə müqayisədə “Xavərnamə” də işlənən sözlərdə cingiltili səslərin öz kar qarşılığı ilə və ya əksinə əvəzlənmiş olduğunu görürük:

Ğ — X əvəzləməsi – loĞma – loXma;

Ğ — X əvəzləməsi – loĞma – loXma;

Divlər duy­masun bundə yavuz ifritlər kəhrəbalar vardır. Sə­ni bir loĞ­ma idər.

G – K əvəzləməsi – çəyirtGə – çəyirtKə; eşiG-eşiK; gərəGi – gərəKli

Hər kim, qəpunun eşiGinə (eşik) bassa qapu yu­qarudan boşanub eşiGə basan kişiyi həlak idərdi və qapuyə də­mür­dən əksərilər mıH­la­mışlar idi.

B – V əvəzləməsi  — karBan – karVan

Mə­­gər kim, Əxzərzəmindən bir ulu karBan görükən.

D — T əvəzləməsi – Dəpə – Təpə;  gürulDi – gurulTu

Qal­qanı ilə cübbəsilə Dəpəsindən çalub əgər qaşinə varuncə iki barəqıldı, canın cəhənnəmə göndərdi.

T — D əvəzləməsi –  Tağ -Dağ; Təban-Daban;  Təvar -Davar; Tönüb -Donub;  Tolu – Dolu; Toquz – Doqquz;

Ol səhranın bir tərəfində bir ulu Tağ var idi. Tağın üzərində bir möhkəm qə­lə var idi.

Pəs, Şahi-Turanı üç oğli ilə və qız­ları ilə və övrətlərin və Toquz vəzirin cümləsin əsir eylə­di­lər.

Bəzən yaxın məxrəcdə səslənən samitlər də öz yerini güzəştə getmiş,    nəticədə nümunələrdə cingiltili səslər tələffüz zamanı yaxın məxrəcdə daha yumşaq səslənən samitlərlə əvəz olunmuşdur. Bu, tələffüz zamanı sait səslərdən samit səsə və ya samitdən saitə keçidi asanlaşdırır. Bu hal müasir dilimiz üçün tələffüz uyğunluğu, ahəngdarlıq yaradır.

Q – X əvəzləməsi —  baQuşub – baXışıb; çuQa – çuXa; çıQarıb – çıXarıb; çıQub – çıXıb; oQuyub – oXuyub; sərvəQt – sərvaXt; soQdi – soXdu; yəQın – yaXın; yaQasən -yaXasın;

Həmandəm, Həzrəti-Əli bunlar baQu­şub dururkən bir kəz cigərindən öylə nərə urdi kim, sarayın içi çini tas kibi gümləməgə başladı.

Şahi-Mərdan “İsmi-əzəm” oQuyub batil ey­lə­di.

Q – K əvəzləməsi –  Qəftan -Kaftan

Sa­fi-mücəvhər, mürəssə, qiymətli taşlar ilə müzəyyən Qəftanlar gey­miş, adam yüzünə baqmaz və kəndüsi dəxi sərvi-dilavərdirki, əqillər xeyran olur.

Q – H əvəzləməsi – Qandəndir -Haradandır;; Qanı -Hanı;

Yenə xati­rinə təsəlli virüb ayıtdı: “Ey yigit, nə kişisən və gəlişün Qandən­dır və qanda gidirsən?” – dedi.

Qanı Səd, Qandadır?”- Övrət ayıt­dı.

B – P əvəzləməsi  —  Barə – Para(yarı mənasında);Busu – Pusqu;

Ol meydanə girdi. Həzrəti-Əli bunu dəxi bir həm­lə də ötə keçürmədi. İki Barə eylədi.

Anıgördi iki bin kişi bir yerdən, Busudən çı­qub Malik Əjdərün üzərinə həmlə qıldılar.

Ğ — K əvəzləməsi –  köĞs – köKs   dilarxası

Andən sonra Malik Əjdər dəxi qı­lıca qu­şanub və atə səvar olub əl köĞsə qoyub bunları vida ey­lə­yüb, tiz yola rəvanə oldı.

Bəzən isə cingiltili səs tələffüz incəliyi üçün daha uyğun səslənən digər cingiltili ilə əvəzlənir.

Ğ — Y əvəzləməsi – getdiGün – getdiYin; söĞdülər – söYdülər; söĞrünərək -söYlənərək .

Pəs, Düldül Həzrəti-Əlini göri­cək uğrayub sə­Ğir­di (səyirtdi).                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       Ğ – Q əvəzləməsi – Ğayət -Qayət; Ğayətlə – Qayətlə; Ğəzəb – Qəzəb; Ğeyz -Qeyz; Ğovğa – Qovğa; Ğul – Qul; iraĞdə – iraQda (uzaqda) rızĞınuzi – rizQinizi yaraĞ – yaraQ.

Zira qatı iraĞdəydim.

Əgər ol eybi olmasa, bən anı Ğayət xoş du­tar­dum.

Bu tərəfdə, Şahənşah Ğəzəbindən qudurmuş kəlbə döndi.

G -Y; M – B; F – P  əvəzlənməsi də bu qəbildəndir.

G – Y əvəzləməsi – böGrinə – böYrünə; ciGər – ciYər; diGildür – deYildir; döGə-döGə – döYə-döYə; əGləndim-əYləndim (dayandım); ərliGinə-ərliYinə (igidliyinə); ürəGimdən – ürəYimdən; yüGrək – yüYrək, səGirdi-səYirdi; getdiGün – getdiYin

Bir kərə ci­­Gərindən “ya Allah!”, deyü nərə urdi.

Şahənşah dəxi hü­nərlər, afə­rinlər eyləyüb canu-dildən Malik Əjdərin ərliGinə və ba­ha­dır­lığinə və qüvvətinə və zuri-bazusinə aşiq oldı.

F – P əvəzləməsi  —  Filad – Polad; Pil -Fil. Piruzə – Firuzə;

…bu əzim sarayı dört səfə Süleymanı tər­tib eyləmişlər və orta yerində ləlü-yaqut və zə­bər­cətdən və Piru­zə­dən mürəssə və müzənnə bir təxti-ali bəzənmişkim, hərgiz vəsfə qabil degil..
                                                                                                                                                                                                                                                                            Bəzən samit özündən əvvəlki saitin dəyişməsindən asılı olaraq öz məqamını dəyişir, uzaq məxrəclı saitlə əvəzlənir. Yəni diş-dodaq samiti dodaqlanan saitin tələbinə görə arxa tələffüzlü samitlə əvəzlənir:

V — Y əvəzləməsi – saVuq – soYuq

Əmma ğayət yüksək olmağın, əcib saVuq yellər əsdi.

Dastanda boğazarxası samıtlərin də bir-birini əvəz etdiyini  görürrk. Burada məqam fərqlidir. Müasir dilimizdən fərqli olaraq abidədə sözün tərkibindəki saitlər incədir, müasir dilimizdə qalın saitlə işləndikə tələffüzün tələbi ilə səs dəyişir.

H –X  əvəzləməsi —  mıH­la­mışlar – mıX­la­mışlar   boğazarxası

Hər kim, qəpunun eşiginə bassa qapu yu­qarudan boşanub eşigə basan kişiyi həlak idərdi və qapuyə də­mür­dən əksərilər mıHla­mışlar idi.

X –H  əvəzləməsi —  Xəlqə – Halqa (xalq mənasında deyil); boğazarxası

Pəs, Həzrəti-Əli Şiri-Xuda qələ qə­pusinəgəlüb iki əlilə Xəlqələrinə yapışdı.

Dastanda elə sözlər var ki, onlar saitlə başlanır, amma müasir dilimizdə həmin sözlərin ilk səsi samitlə işlənir. Məs.: urdi -vurdu, uruşdilər – vuruşdular, ur -vur, uxu – yuxu,

Ğürab qaqdı, birinin başinə bir yumruq urdi (vurdu) başi və bey­ni dağıldı.

Nərələr urub ara yerlərinə girdilər

Uyğun olaraq elə sözlər də var ki, abidədə  samitlə başlanır, səs düşümünə uğrayaraq müasir dilimizdə ilk samiti düşür və saitlə başlanan formada işlənir. Məs.: yıl -il; yıllıq -illik; yirpənirsən -ürpənirsən; yıraq -iraq; yucasından -ucasından; yücə -uca.

Bir Yiraq (iraq) vilayətə gidəm. Zira, bunun əlindən çi­gərim qan dolubdur.

Gördilər bir yuca (uca) yerdir ki, qülləsi asi­ma­na irmiş

Maraqlı haldır ki, dastanda {e} səsi işlənir, amma ahəng qanununun tələbinə baxmayaraq, həmin səs söz əvvəlində və ya sözün ilk hecasında {İ} səsi ilə ifadə olunur. Məs.: İrkək – Erkək (kişi); İrtəsi -Ertəsi; pİşə – pEşə; tİz -tEz; İdüb – Edib; yİnə – yEnə

Daima ol ət­raf­la­rı iki bin kəndü kibi kafir ilə düşüb yüz qazini kənduyə pİşə edənmiş idi.

Müvafiq rüzugar olmaq ilə ol gün ol gecə gidüb irtəsi (ertəsi) Kamkarə, qə­ləsinə yetişdilər.

Varun, ol atə əyər urun, qətümə gətürün, tə­maşa idəlüm, dedi.

Səslərin əvəzlənməsi hec bir samitin arxaikləşməsi demək deyil, hansısa səsin artıq işlənmədiyinə də dəlalət etmir, əksinə həmin samitlər müasir dilimizdə də fəal səslərdir.

Abidədə ahəng pozuntusu da diqqəti cəlb edir, bu barədə növbəti yazımızda…

Transfoneliterasiyanı oxuduqca aydın olur ki, bütün bu fərqlərə baxmayaraq abidənin dili müasir dilimizlə yüksək dərəcədə uyğundur və hər hansı oxucu onu oxuyub sərbıst anlaya bilər. XVII əsrdə yazıya köçürülmüş, kökü çox-çox əvvəllərə gedib çıxan dastanın üslub, cümlə quruluşu, ehtiva etdiyi insan adları, toponimlər baxımından günümüzlə bu qədər səsləşməsi, uyğunluq təşkil etməsi dilimizin öz kökünə bağlılığını bariz şəkildə təcəssüm etdirir. Abidə xeyli sayda arxaizmləri də qorumaqdadır.

Abidədə elə sözlər var ki, bu gün tam əks mənada işlənir. Məs.: “qatil” sözü bu gün ölümə bais olan mənada işlənir, amma “Qəhrəmannamə”də “igid”, “cəngavər” mənasında. Bu barədə, əlbəttə, bu məqalədə geniş məlumat vermək fikrimiz yoxdur, çünki mövzumuz fərqlidir.

Oxucuları cox qədim və zənqin bir kökə malik dilimizi yad ünsürlərdən qorumağa, yeni sözlərin yaradılmasında ehtiyatlı olmağa, öz düşüncələrini qələmə alarkən dilimizin zəngin söz ehtiyatlarından sevə-sevə istifadə etməyə səsləyərək “HƏLƏLİK” deyirəm.

 Sima Cəfərova,
Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin üzvü