Mütəqarib sözünün lüğəvi mənası bir-birinə yaxın olan şeylər deməkdir. Bu bəhrin niyə belə adlandırılmasının səbəbləri barədə yazmalı olsam, çox dərinlərə getməyə məcbur olacam. Bu da oxuculara o qədər də lazım olmayan məlumatlara toxunmaq demək olacaqdır. Ona görə də əvvəlki söhbətlərimizdə olduğu kimi, yalnız əruzda yazmaq istəyən dostlara lazım olan məsələlərin üzərində dayanacağıq.
Azərbaycan əruzunda mütəqarib bəhri əvvəl barələrində bəhs etdiyim digər bəhrlər qədər geniş yayılmasa da, hər halda, orta dərəcədə yayılmış bəhrlərdən biri hesab olunur. Bəhr yeddi təfilə üzərində qurulmuşdur. Bunlar fə`Ulün, fə`Ulü, fə`UlAn, fə`ül, fə`Ul, fə`lün, fə`lü təfilələridir. Əkrəmi modellərlə bunları belə əvəz etmək olar: qələmdil, qələmnü, qələmcAn, qələm, nücAn, dildil, pərdə.
Azərbaycan əruzunda mütəqarib bəhrinin dörd növü vardır. Yuxarıda qeyd etdiyimiz yeddi təfilə üzərində on bir qəlib qurulmuşdur. Bunlardan da ən çox yayılanı fə`Ulün fə`Ulün fə`Ulün fə`Ulün və fə`Ulün fə`Ulün fə`Ulün fə`ül qəlibləridir. Əkrəmi modellə əvəz etdikdə bu qəliblər müvafiq olaraq belə olacaqlar: qələmdil qələmdil qələmdil qələmdil və qələmdil qələmdil qələmdil qələm.
Məhəmməd Füzulinin mütəqarib bəhrinin birinci növ birinci variant qəlibində yazdığı bir qəzələ nəzər salaq:
Cahan içrə hər fitnə kim, olsa hadis,
Ona sərvi-qəddindir, əlbəttə bais.
Fə`Ulün fə`Ulün fə`Ulün fə`Ulün
Qələmdil qələmdil qələmdil qələmdil
Ca-han-iç rə-hər-fit nə-kim-ol sa-haa-dis,
O-naa-sər vi-qəd-din di-rəl-bət tə-haa-dis.
Fikir verdiyiniz kimi, beytin tələffüzü zamanı heca bölgüsü prinsipinə əməl edilməmişdir. Əsas prinsip uzun və qısa hecaların ardıcıllığı prinsipidir. Misraları bu bölgü üzrə oxuduqda bəhrin gözəl ahəngi açıq aydın hiss olunur.
Füzulinin bu bəhrin ikinci növündə yazdığı “Qəzəl haqqında şeir”ə baxaq:
Qəzəldir səfabəxşi-əhli-nəzər,
Qəzəldir güli-bustan-hünər.
Qəzali-qəzəl seydi asan deyil,
Qəzəl münkiri əhli-ürfan deyil.
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
Könül, gərçi əş`ara çox rəsm var,
Qəzəl rəsmin et cümlədən ixtiyar.
Ki, hər məhfilin ziynətidir qəzəl,
Xirədməndlər sən`ətidir qəzəl.
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.
İndi isə bu gözəl şeirin qəlibinə baxaq:
İkinci növ birinci variantın qəlibi yuxarıda qeyd etdiyimiz kimi, belədir: fə`Ulün fə`Ulün fə`Ulün fə`ül. Yəni əkrəmi modellə qələmdil qələmdil qələmdil qələm.
Şeirin bütün beytlərinin tələffüz formasını burada yazmağa ehtiyac yoxdur. Ona görə də yalnız sonuncu beytin tələffüz formasına baxaq:
Qə-zəl-dee ki-məş-huu ri-döv-raa no-laa,
O-xuu-maq da-yaz-maq da-aa-saa no-laa.
Şeirin ahəngdarlığı göz qabağındadır.