(ixtisarla)
Bizdə, yəni məlumatsız millətdə adətdir, deyilməmiş, suyu çıxmamış bir sözü deməzlər. Başlanmamış bir işə, bir sənətə başlamazlar. Amma vaxta ki, biri başladı, zahirən qara pulca xeyri göründü, gerisi corab söküyü kimi gedir. Lakin bu günkü bu karlı iş bir az sonra köhnələşər, xeyirsiz olarmış, zamana görə özgə təzə işə, təzə sənətə başlamaq lazım imiş, burası kimsənin işi deyil. Elmsiz, xəbərsiz sövdakarlarımızın əksərində olan bu naxoşluq təəssüf ki, oxumuşlarımızda dəxi vardır.
Bu gün bizim üçün heç bir məsələ, heç bir ehtiyac yoxdur ki, müəllimlərimiz qədər əhəmiyyətli olsun. Bu gün camaatımız həmd olsun, az-çox milli məktəblər açmağa başladı.
Müəllim məsələsi yalnız bizim deyil, hər millətin ölüm-dirim məsələsidir, bir ovux ingilislərin, tüfəngsiz dünyanın yarısına sahib olmaları, Misirdəki və ya Hindistandakı bir neçə piyan əsgərlərilə deyil, Londondakı müdir, alim, durbin və fədakar müəllimlərilədir. Müəllimlərin yetişdirdirdiyi müdiri-siyasiyunlarilədir. İşin iç üzünə baxmaq istəyənlərə məlumdur ki, rusları pərişan edən, cahil rus generallarını basan yapon müəllimləri, yapon müəllim əsgərləri idi. Bilməm nə vaxt hansı qəzetdənsə oxudum: yapon davasından bir neçə il əvvəl Yaponiyadakı rus səfiri bir bağda qonaqlıq verir. Qonaqlıq münasibətilə, o, bağa gələn yapon ibtidai məktəb uşaqlarına da çay verirlər. Uşaqlar çayı içən arada xəbərdar olurlar ki, çay rus səfiri tərəfindən verilib, bunu duyan kimi uşaqlar: “biz, bizə düşmən olanların çayını içmirik…” deyib çayları buraxırlar. Halbuki bizim müəllimlərimiz balalarımızı ingilislərin beş-on qızılına, fransızların şirin dillərinə, yalançı dostluqlarına… ladın maladeslərinə, iki şahılıq medallarına, millətlərinin həyatlarını, millətlərinin vətənlərini yağlı qoyun kimi satırlar. Nədən? Məhz məlumatlı, həmiyyətli müəllimsizlikdən!
Demək ki, hər millətin tərəqqi dərəcəsi müəllimlərinin dərəcəsilə bilinər. Demək ki, müəllimlər millətlərinin canlı “qradus”larıdır. Bu sözü dedim də yadıma belə bir şey gəldi: Bir şəhərdə camaat milli məktəbin xeyrini düşünüb min bəla ilə məscid yanında bir məktəb meydan gətirir. Yüz məşəqqətlə bir müsəlman dərsi müəllimi tapır, bir neçə il içində camaat məktəbin və tazə üsulun xeyrini daha ziyada qanır.
Məktəbin daha artıq tərəqqisi üçün onlar rus dərsinə, rus dərsinin müəlliminə lüzum görürlər. Direktora yazırlar. Qospodin direktor da harda bir ixlaslı, medal və “malades” dəlisi varsa, tezdən seçib bura göndərir. Bir az vaxt keçir, məktəbin divarlarında olan türkcə xəritələr, şkafda görünən türkcə kitablar inspektorun buyruğu ilə yerlərindən uçur. Müəllim cənabları gizli-gizli aldığı əmrləri, öyrəndiyi təlimi yavaş-yavaş tətbiq etməyə hümmət buyurur.
Üç-dörd baş bir ailəni ayda iyirmi beş-otuz manat ilə dolandırmaq asan dərd deyil, gələcək üçün də heç bir ümid yox ki, biçarə bugünkü sıxıntılara baxmayıb səbr etsin. İnsan beş il bir yerdə fəhləlik edəndə ağası sədaqətinə görə beş-on qəpik yenə məvacibini artırır. Amma müəllimlikdə – o da müsəlman olasan – on il ömür tükətsən, axmaq aldadan “malades”dən savayı bir şey görülməz. Binəva, təcrübəsiz müəllimi bir tərəfdən məişətin darlığı, digər tərəfdən mürvətsiz starşinaların, polisənin əziyyəti, camaatın söz anlamaz halı sıxdıqca sıxır. Məktəbdən təzə qurtarmış cavan rəhbərlərə, məişət və camaat dərdi görməmiş cavan müəllimlərə “Millətin xatiri üçün hər cür zəhmət və məşəqqətə səbr etsinlər” demək asandır. Amma onların yerində olub iş görmək çətindir. Lazımdır, millət böyüklərimiz də, millət rəislərimiz də millətin qeydinə qalıb övladi-milləti vəhşilikdən qurtaracaq cavan müəllimlərimizə kömək etsinlər. Arxasız, ümidsiz, məişətinin, qarnının dərdinə qalan bir müəllim, mücəssəm-həmiyyət də olsa, layiqilə bir iş görməz.
Özgələrə dil ilə iş örgətmək, vəz və nəsihət eləmək asandır. Amma onların yerinə keçib iş adamı, dərd babası olmaq hər kəsin hünəri deyildir. “Millətin qeydinə qalan həmiyyətli müəllimlər hər cür və hər bəlayə səbr etməlidirlər” demək üçün bir az müəllimlərin qeydinə qalmaq şərtdir. Yoxsa hər kəs öz cibinin, öz dərdinin peşinə düşüb hər işi məişət dərdilə qovrulan binəva müəllimlərdən gözlərsə, işlərimiz bir addım da irəli getməz. Lazımdır ki, kənd müəllimlərinin məvaciblərini artırmaq və onları məişət dərdindən azad etmək üçün rəislərimiz, nüfuzlularımız, xüsusilə dumaya vəkil seçilənlərimiz indidən lazımi təşəbbüsə iqdam etsinlər…
Ümidvar
“İrşad” qəzeti, 13 aprel 1906, N 88