- Dil, Manşet

Gülyaz ƏLİYEVA. Bir daha dərsliklər haqqında

“Aman günüdür, nə dil olur-olsun, – qoy məcuz dili olsun, – ancaq oxuyub qanmalı olsun”.

Bu ürək yanğısı ilə yazılmış sətirlərin müəllifi C.Məmmədquluzadədir.

Sətirlər onu göstərir ki, demək, bizim son zamanlar daha çox bəhs etdiyimiz dərsliklər və onlardakı qüsurlar problemi yeni deyil, digər uzunömürlü problemlərimiz kimi o da hələ 100 il əvvəl  C. Məmmədquluzadənin bəhs etdiyi bir problemdir və başqa problemlər kimi o da  günümüzə qədər gəlib və təəssüf ki, öz aktuallığını saxlayıb.

Böyük ədib Mirzə Cəlil yazırdı:

“Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən”.

Doğrudan da, C.Məmmədquluzadə sanki bu sözləri elə özü üçün deyib, özü üçün həyat amalı seçibmiş. Böyük ədib ona bəxş olunmuş ömrü elə yaşadı ki, Azərbaycan xalqı var olduqca, o da yaşayacaq. Ölümündən neçə illər keçsə də, sanki elə bizimlə birlikdə yaşayır, nöqsanlara qarşı öləndən sonra da iti qələmi ilə mübarizə aparır. Yaşadığı dövrdə daim xalqın inkişafı, tərəqqisi  üçün səy göstərən ədib cəmiyyətin hansı sahəsində ağrı, yara varsa, bir loğman həssaslığı ilə onu tapmağa, müalicə etməyə çalışdı. Əsas müalicə vasitəsi söz, gülüş idi. Dərdlərə, çatışmazlıqlara güldü, amma bu gülüş o gülüşdən deyildi, ürək ağrısından doğan göz yaşı içində gülüş idi.  Bütün həyatı və yaradıcılığı boyu xalqla onun öz dilində danışdı: sadə, aydın, səmimi. Sözü birbaşa da dedi, dolayısı ilə də.  Amma elə dildə dedi ki, onu anladılar. Sözünü gah incə yumorla, gah da kəskin bir satira, sarkazm ilə – Molla Nəsrəddinsayağı dedi. Onu eşidən kəslərə də, eşitməyənlərə də. Bəzən karikatura ilə, bəzən adi hesab misalları ilə, hərdən də kiçik bir tapmaca ilə, feleytonla ən irihəcmli əsərlərin anlada bilməyəcəyi dərin mətləbləri sadə dillə anlatdı. Az sözlə, lakonik, aydın, anlaşıqlı… Yəni, xalqın öz dilində, başa düşəcəyi dildə.

“Ay qardaşlar, mən ki dilsiz xəlq olunmamışam, bu dilləri ağzıma soxursunuz”

1906-cı ildə “Molla Nəsrəddin” jurnalında gedən bu karikatura nə böyük bir ağrını, dərdi canlandırırdı gözlərimiz qarşısında. Məna yükü “Anamın kitabı”na bərabər bir karikaturadır.

20-ci əsrin əvvəllərində Azərbaycan cəmiyyətində elə bir ağrılı dərd, problem yox idi ki, C.Məmmədquluzadə ona toxunmamış, ondan bəhs etməmiş olsun…

O dərdlərdən biri də dərsliklər və onlardakı qüsurlar idi ki, bu məsələ də heç cür C.Məmmədquluzadənin gözlərindən yayına bilməzdi. Təhsil, dərslik, ana dili problemi dövrünün mütərəqqi ziyalılarından olan Mirzə Cəlili hər zaman düşündürən, narahat edən bir problem olub. O, yaxşı bilirdi ki, azadlıq, müstəqillik məsələsi kimi ana dili, təhsil və dərslik məsələsi də hər bir millətin gələcəyini şərtləndirən, onun inkişafına birbaşa təsir edən amillərdəndir. Bir millətin gələcəyinin təminatıdır Bütün dünyaya meydan oxuya bilmək iqtidarıdır, dövlətin qüdrəti, güclü kadrlarının yetişməsidir.

Təhsil güclü iqtisadiyyat, yenlməz ordu, sağlam gələcək deməkdir ki, onun da əsasını dərsliklər qoyur. Odur ki, bu məsələ – qüsursuz, aydın və anlaşıqlı dildə yazılmış dərsliklər məsələsi  yaşadığı dövrün bütün xəstəliklərini vaxtında aşkarlaylb ona düzgün diaqnoz qoyan həkim dəqiqliyi ilə yazıb-yaradan C.Məmmıdquluzadənin diqqətində duran məsələ idi. “Üçüncü il”  məqaləsi də məhz bu səbəbdən yazıldı.

Məqaləni təkrar oxuyuram və qarşımdakı bir neçə sinfin Azərbaycan dili və ədəbiyyat dərsliklərini vərəqləyirəm. Vərəqlədikcə də görürəm ki, C,Məmmədquluzadənin bəhs etdiyi  dərsliklərin şagirdlərin başa düşəcəkləri tərzdə – sadə, aydın, anlaşıqlı dildə yazılmaması bu gün də bir nömrəli  problemi olaraq qalmaqdadır. 20 -ci əsrdə bəhs edilən dərslik probleminin 21-ci əsrdə də həll olunmadığını görmək adamın ürəyinu ağrıdir. Qarşımdakı dərslikləri vərəqlədikcə mənim də ürəyimdən Mirzə Cəlil kimi nöqsanlarla dolu vərəqləri cırmaq keçir. Baxdığım dərsliklərdə müşahidə etdiyim budur ki, bu kitablarda bir qarmaqarışıqlıq var, mövzular arasındakı ardıcıllıq pozulub. Sanki bir sinfin o biri sinifdən xəbəri yoxdur. Dərsliklər mənasız, dili çətin tərcümə mətnləri, gərəksiz fotolar ilə doldurulub. Bunların uşaq üçün əhəmiyyəti, funksiyası nədir bilinmir.

Dərsliklərdə, həmçinin məzmun xətləri üzrə uyğunsuzluq da özünü bariz şəkildə göstərir.

5-7-ci sinif Azərbaycan dili dərsliklərirində yazı məzmun xəttindəki çatışmazlıq, dil qaydalarının normativə uyğunsuzluğu, mətnlərdə verilən tapşırığa münasib cavabların olmaması ciddi qüsurlarındandlr. Qaydaların dili o qədər ağır və anlaşılmazdır ki, sanki onları rus dilindən quqldan tərcümə ediblər. Qaydalarla bağlı məlumatlar səthi, başdansovdu hazlrlanıb. Nümunələr tərcümə cümlələri ilə verilib, öz ədəbiyyatımızdan cumlələr yox dərəcəsindədir.

Sadalanası nöqsanlar olduqca çoxdur… Diqqətə çatdırımaq istədiyim məqamlardan biri də odur ki, əvvəlki dərsliklərdə olan qrammatik qaydalardan çoxu ixtisar olunub. Halbuki onların ixtisar olunması qətiyyən düzgün deyil. Xüsusilə 8-ci sinif Azərbaycan dili dərsliklərindəki dil qaydalarını nəzərdə tuturam. Söz birləşmələrinin novləri var, amma ismi birləşmələrin növləri  – ikinci, üçüncü  növ söz  birləşmələri haqqında heç bir məlumat verilmir. Bu da sintaktik təhlildə çətinlik yaradır. Yəni, şagird  təhlil zamanı hansı birləşməni parçalasın, hansını bir yerdə götürsün, bilmir. Sistemsizlik, səthilik sintaktik əlaqələrin tədrisinə aid qaydalarda da özünü göstərir. Burda da uzlaşma öyrədilir, yanaşma və idarə yox. Bunları ixtisar etməyin xeyri nədir axı?

Azərbaycan dili dərsliklərində uzun-uzadı, yorucu mətnlərin olmasi, dil qaydalarının minimuma endirilməsi heç də ürəkaçan deyil.

Odur ki, dərsliklər uşaqlara materialı tam mənimsətmir, ona görə də əlavə kitablara, testlərə, tapşırıqlara ehtiyac yaranır. Sanki dərslik xüsusi imtahanla seçilmiş liseylərin uşaqları üçün yazılıb.

Ədəbiyyat dərslikləri də bu cür qüsurlardan xali deyil. 5-ci və 6-ci sinif ədəbiyyat dərsliklərində mənasiz, məzmunsuz, sagirdlərin yaş səviyyəsinə uyğun gəlməyən əsərlərin salinması da anlaşılmayan haldır. Halbuki ədəbiyyatımızda kifayət qədər sanballı, illərin sınağından çıxmış yaddaqalan əsərlər var ki, kitablara salınsa, daha faydalı ola bilər.

Bu sözləri 9 və 11-ci sinif ədəbiyyat dərslikləri haqqında da söyləmək olar. O dərsliklərdə də 20-ci əsr ədəbiyyat nümunələrindən elələri var ki, qəbul imtahanına düşdükləri üçün şagirdlər sevməsələr də, bu əsərləri öyrənmək məcburiyyətində qalırlar.

Bəs bizim dərsliklərində görmək istədiklərimiz nədir? Savadlı, səlis, sadə dil, aydın metodika, əlçatan elmi-nəzəri baza, bacarıqları formalaşdıra biləcək sayda tapşırıq, Azərbaycan dili və ədəbiyyat dərsliklərinin öz təyinatlarına görə tərtibi, standartları aşmamaq, uyğun təlim nəticələri, məqsədə uyğun tapşırıqlar. Lakin bu sadaladığım cəhətləri dərsliklərimizdə görmədikcə C.Məmmədquluzadənin 1923-cü ildə yazdığı “Üçüncü il”  məqaləsində Mahmud əminin yazdığı dərslik üçün etdiyini təqlid etmək istəyirəm. İl olub 2023, amma problem yenə eynidir – 1923-dəki. Dərslik yazanlarımız da Mahmud əmidən irəli getməyib. Bəs C.Məmmədquluzadə o dərsliklərdəki qüsurları görəndə nə etmişdi? Gəlin bunu bilmək üçün “Üçüncü il” məqaləsini bir də oxuyaq.

“…Bir dərs kitabına rast gəldim, bu kitab məhrum Mahmud əminin “Üçüncü il” kitabıdır ki, hal-hazırda məktəblərimizdə oxunur və Maarif Komissarlığının mövcud olan nəşriyyat şöbəsinin izni ilə çap olunmuşdur. Dəxi nə söz? Kitab kitabdır, kitabın ki buynuzu olmaz? Nə irad? Nə tənqid? Amma mən bilmirəm, mən hamıdan ağıllıyam, ya hamı məndən ağıllıdır.

Sözüm burasındadır ki, mən bu gün böyük oğlumun əlində kitabı görüb aldım, baxdım, axıra kimi göz gəzdirdim və məcbur oldum kitabın axırlarında bir neçə vərəqi cırıb tullayım kənara. Cırıb atdığım vərəqlər  bunlardır:

Səhifə 184 – “Daşlar və mədəniyyət” ibarələrindən bir nümunə:

“Heyvanları böyüklüklükləri ilə, şəkilləri ilə, üzvlərinin təxalifi ilə bir-birindən fərq və təmyiz etmək olur; fəqət daşlar bu vasitə ilə təfriq olunmaz…

Bununla belə dürlü-dürlü daqları bir-birindən ayırmaq üçün başqa övsaf təhri etməlidir…” Bu vərəqi cırıb tulladım, çünki bu dil bizim dil deyil.

Səhifə 186 – Dəmirin şənindən yazılan şeirlər:

“Burda nasıl çalışıyor şu sıtmalı əmələ…

Zavallıda vücud zəif, bəniz qansız, sırt qanbur.

Ayaq çılpaq, üsir siqlam olmuş, üst çamur.

Əcəb, nədir çıqardıqı bunun bunca əmcələ?”

Əgər burası nəsrlə yazılmış olsaydı, o vaxt da dəxi əmələnin qeydinə qalmışlar, – deyə saxlaya bilərdim. Amma bunu da cırıb tulladım. Əgər bunlar həqiqətdə şeirdirlərsə, onda nə lazım yaxşı uşaqlarımızı öz əlimizlə şeirdən iyrəndirmək?..

Səhifə 191- Ədəbiyyat nümunələrindən parçalar.

“Mənahi: zövqünüzmü? Bir təhaşi yoqmu xaliqdən? Sizi niranə sövq etməzmi bu üsyanlar, insanlar?” Söz yox, bunu da tulladım.

Səhifə 193 – “Türk obasına siyahət”.

Heyf, bilmirik ki, Sevim Bikə türk obasında yaşayan camaatla nə dildə danışırdı; çünki bu hekayə ərəb dilində yazılıb. Bu səbəbdən kitabdan cırılıb atılmalıdır ki, mən də elə elədim.

Səhifə 200 və 201- təmuz qış barəsində dərc olunan Tövfiq Fikrətin şeirlərini çap etmədən qabaq azərbaycanlıların dilinə çöndərməli idi.

Bunu da kitabdan çıxartdım.

Səhifə 203 – “Misir xatiratımdan”. Çürük, məzmunu çürük, dili çürük, məsəli çürük.

Əgər bu kitabı yazan mərhum müəllimimiz kitabını bu şəkildə, bu dildə meydana qoyubsa, bu iş onun şəxsi işidir, onun ağlı belə kəsib.

Aman günüdür, nə dil olur-olsun – ancaq oxuyub qanmalı olsun.

Cəlil Məmmədquluzadə

(“Molla Nəsrəddin” jurnalı, 15 dekabr 1923-cü il)”

Haşiyə: Şəkildə yerə yıxılmış adam azərbaycanlıdır, ana dilində danışmaq istəyir. Ətrafdakılar isə onun ağzına başqa dilləri – ərəb, fars və rus – soxur.