- Ədəbiyyat

Cəbrail HƏŞİMOV. Fatimə

Çoxdan idi ki, yay tətilində istirahət etmək üçün harasa getmək barədə düşünürdüm. Fikirləşirdim ki, həm bir az müalicə olunaram, həm də məktəbin, şagirdlərin hay-küyündən, evin qayğılarından az da olsa, dincələrəm. Elə bu fikirlə də Həmkarlar Təşkilatına sanatoriyalardan birinə yollayış verməsi barədə müraciət etdim. Həmişə eşitmişdim ki, yollayışı vermirlər, versələr də, çoxlu rüşvət alıb verirlər, amma insafən, nə məni get-gələ saldılar, nə də rüşvət istədilər. Sadəcə, yollayışın dəyərinin müəyyən faizini ödəyib üz tutdum Bakı ətrafında yerləşən məşhur sanatoriyalardan birinə. Yeri gəlmişkən, indi deyirlər, “sanatori” deməlisən, amma mən elə köhnə qayda ilə “sanatoriya” deyəcəm.

Nə isə… Burada günlər yeknəsəq keçir. Müalicələri götürürsən, səhər, nahar və şam yeməklərini yeyirsən, vəssalam. Nə bir əyləncə, nə də bir mədəni-kütləvi tədbir var. Adamlar iki-bir, üç-bir yığılıb söhbət edirlər, bununla da istirahətin mədəni hissəsi bitmiş olur.

Gəldiyimin ikinci günü axşamüstü kölgə bir yer tapıb oturacaqda əyləşdim. Gözlərimi yumub fikrə getmişdim. Əslində, heç bir şey haqqında fikirləşmirdim də. Uzun müddətli zehni işdən yorulmuş beyin bəzən heç nə haqqında fikirləşməyə də bilir. Gözlərini yumursan və sanki ağappaq bir aləmə düşürsən. Bu aləm də səni səxavətlə qoynuna alıb bütün qayğılardan uzaqlaşdırır. Məncə, əsl istirahət elə belə də olmalıdır. Gününü kimlərləsə söhbət etməklə keçirmək istirahət deyil, onu da bir növ iş hesab eləmək olar.

-Salam, bağışlayın, oturmaq olarmı? – deyən məlahətli bir səs məni ağappaq dünyamdan ayırdı. Gözlərimi açmadan səs sahibinin cavan, nərmənazik bir xanım olacağını fikirləşdim. Amma yanılmışdım, baxdıqda yanımda orta yaşlı, orta boylu, nə kök, nə də arıq olan bir qadın dayanmışdı. Məncə, daha çox arıq demək olardı.

-Buyurun, yer çoxdur – deyə tənbəlcəsinə dilləndim.

Qadın oturacağın lap qırağında əyləşib əllərini dizlərinin üstünə qoydu və o da mənim kimi fikrə getdi. Hiss olunurdu ki, qayğılıdır. Nədənsə məndə adətdir, ilk dəfə gördüyüm adamın əllərinə nəzər salıram və bu əllərə əsasən insanın təbiəti, xarakteri, məşğuliyyəti barədə təsəvvürlərimi yartamağa çalışıram. Düzdür, çox vaxt bu təsəvvürlərim aldadıcı olur, amma düz olduğu vaxtlar da olub.

Adətim üzrə qadının əllərinə ötəri nəzər saldım. İşləməkdən cadar-cadar olmuş, üstünün damarları çıxmış əl, incəliyini qoruyub saxlamağa çalışsa da, kobudlaşmış barmaqlar əl sahibinin daim fiziki işlə məşğul olduğunu bildirirdi. Sifətin günəşdən yanaraq tunc rəng alması isə bu xanımın kənd yerində yaşadığından xəbər verirdi. Özüm də kənddə yaşadığım və daim torpaqla əlləşdiyim üçün bu cür zəhmətkeş insanlara həmişə qəlbimdə dərin bir rəğbət hissi olub. Ələlxüsus da, qadın ola. Gözlərindən gülüş yağırdı. Sanki dünyaya meydan oxuyurmuş kimi məğrur baxışları diqqətimi daha çox cəlb etdi. Elə bu baxışlara görə də onun dağ rayonlarının birindən olduğu qənaətinə gəldim. Qartallar qoynu olan dağlarda yaşayan insanlar, adətən, elə qartal baxışlı da olur.

Mən qadına tərəf baxmamağa çalışsam da, onun sol çiynini ovxalaması da diqqətimdən yayınmadı. Danışmağa həvəsim olmasa da, yavaşdan dilləndim:

-Siz Naftalana getsəydiniz, daha yaxşı olardı. Oradakı Naftalan vannaları oynaq ağrılarının əsl dərmanıdır.

Qadın elə bil həmsöhbət tapdığı üçün canlandı. Gözlərindən gülərək mənə tərəf baxdı:

-Getmək istədim, ancaq həkimlər icazə vermədilər. Bir neçə əməliyyat keçirmişəm, qıçlarımda iki yüzdən artıq tikiş yeri var. Dedilər, təhlükəlidir sənin üçün, ona görə də qorxdum, buraya gəldim, – deyə birnəfəsə üyüdüb tökdü.

-Hə, düz deyirlər, belə olan halda sizə o vannalar ziyan verə bilər, – dedim.

-Kişini göndərdim ora, özüm bura gəldim, – deyə gülərək davam etdi, – dedi, mənimlə getmək istəmirsən, məndən dincəlmək istəyirsən? Dedim, əlbəttə, iyirmi beş il məni atıb getmisən, tək qoymusan, indi istəyirsən, səninlə birlikdə hələ bir istirahətə də gedim?

Gülə-gülə danışmasından zarafat etdiyini düşündüm. Artıq söhbət məni də canlandırmışdı. Eyni zamanda, “getmək” sözünü “getmax” kimi tələffüz etməsindən başa düşdüm ki, o, şimal rayonlarından birindən olmaqla yanaşı, həm də digər millətlərdən birindən, məsələn, ləzgi, ya da avar millətindəndir.

-Yəni deyirsiniz, yoldaşınız sizi atıb gedib, iyirmiş beş ildən sonra yenidən qayıdıb? Maraqlıdır… Və siz də onu qəbul etmisiniz. – Artıq qadının belə həvəslə öz həyatından bəhs etməsi məni də ürəkləndirdi və gülümsəyərək yarızarafat, yarıgerçək soruşdum. Amma hələ də onun zarafat etdiyini düşünürdüm.

Söhbətin gedişatı məni maraqlandırırdı, istər-istəməz onun davam etməsini və qəlbimdə bu maraqlı qadının həyat hekayəsini öyrənmək həvəsi baş qaldırırdı. Bir tərəfdən də yazıçı marağı da öz işində idi.

-Hə də, – deyə qadın əvvəlki kimi gülümsəyərək sözünə davam etdi. – İki uşaqla məni atıb getdi Rusiyaya. Həm də, təsəvvür edin, yeddi il övladımız olmadı, getmədiyimiz xəstəxana, müraciət etmədiyimiz həkim qalmamışdı. Uzun-uzadı müalicələrdən sonra, nəhayət, bir övladım dünyaya gəldi. Bakıdakı həkimlər dedilər ki, rayona qayıtma, xəstəxanada gətir uşağı dünyaya, rayona getsən, uşaq tələf olar. Qulaq asmadım, qayıtdım və doğrudan da, itirdim körpəmi.

-Təəssüf edirəm, – deyə mən heyifsiləndiyimi bildirdim. – Bəs sonra?

-Sonra bir oğlum, bir qızım dünyaya gəldi. Sanırdım ki, dünya mənimdir. Ay Allah, necə nazlarını çəkirdim onların… Amma bu sevincim də uzun çəkmədi. Yoldaşım qoşuldu Rusiyaya gedənlərə və çıxıb getdi. Guya pul qazanmağa gedirdi, halbuki kifayət qədər yaxşı dolanışığımız vardı. O getməklə düz iyirmi beş il gəlmədi. Qaldım tək, iki uşaqla…

-Yəqin, çətin olardı yaşamaq. Kənd yeri, tək qadın, iki uşaqla… Evi, təsərrüfatı kişisiz idarə etmək, əlbəttə, çətin işdir.

Qadının bir anlığa üzü tutuldu, daim gülən gözlərinə kədər çökdü.

-Çətin? Çətin deyirsiz? Aman Allah, getsin o günlər, bir də gəlməsin. Məsələ təkcə kişisiz yaşamaqda deyil, baxmayaraq ki, cavan qadın üçün bu da çox ağrılı idi. Bəzən gecələrim sübhə qədər ağlamaqla keçirdi. Amma səhər açılan kimi guya hər şeyi yaddan çıxarırdım. Uşaqların yanında özümü şux tuturdum. Əslində, heç nə yaddan çıxmır axı… Evin, həyət-bacanın, bağ-bostanın işləri o qədər olur ki, baş qaşımağa vaxt tapmırsan. Dərd, həsrət isə hər dəqiqə səninlədir, başında, beynində dolanır, dincəlməyə qoymur. Bilirsiz də, kənd yerinin işi hər zaman çoxdur. Mal-heyvan saxlayıram, fındıq bağım, qarğıdalı və taxıl sahəm var. Bunların hamısını becərmək var, məhsulu toplamaq var, onu satmaq var… Elə bilirsiz, bütün bunların hamısını idarə etmək asandır? Uşaqlar balaca olanda tək işləyirdim, çox çətinlik çəkirdim, amma onlar böyüdükcə mənə kömək etməyə başladılar. Xüsusilə, oğlum çox işimə əl atırdı, amma yenə də bütün ağırlıq mənim üstümdə idi. Qoca qaynanama qulluq etmək işimi bir az da artırırdı.

-Qaynananız da sizinlə olurdu? – deyə mən soruşdum.

-Hə, mənimlə idi, elə indi də bir yerdə yaşayırıq.

-Bəs nə əcəb onu qəbul etdiniz, oğlu sizi atıb gedib, siz isə onun anasına qulluq edirsiniz.

-Allahdan qorxuram axı. Bir də ki, oğlu tək məni atmayıb ki, onu da atıb gedib də. Baş-başa verib yaşayırdıq dərdlərimizlə. Ev də onundur, mən oraya gəlin gəlmişəm. Qonşu kənddənəm…

-Hə… Böyük ürək sahibisiniz…

-Yox, əşi. Nə böyük ürək… İnsanıq da. Onun məndən başqa kimi vardı ki. Nəvələrini əlindən ala bilməzdim. Onsuz da yazıq arvad daim özünü mənim yanımda günahkar kimi hiss edirdi. Sanki oğlunun bizi atıb getməsinə o səbəb olubmuş kimi hər zaman susurdu, heç kimlə danışmırdı. Ancaq mən çalışırdım ki, onun yanında bu mövzuda söhbət eləməyim. Nə lazımdı yazıq arvadın dərdlərini tez-tez yadına salmaq? Çəkdikləri özünə bəs idi də. İkimiz də dərd çəkiridik, amma mən həm iş-güclə başımı qatırdım, həm də azca boş vaxt tapanda qonşu arvadlarla söhbət edir, beləcə, vaxtımı birtəhər öldürürdüm. O isə bütün günü özünə qapanır, elə hey fikirləşirdi. Təkcə nəvələri ilə söhbət edəndə azacıq da olsa, eyni açılırdı. Qalan bütün vaxtda qaşqabaqlı otururdu.

Qadın susdu. Gözlərini bir nöqtəyə zilləyərək xeyli dinmədi. Yəqin, əziyyətlə yaşadığı o günləri xəyalında canlandırmağa çalışırdı. Səhərdən axşama kimi dayanmadan işlədiyi, gecələr də yastığı qucaqlayaraq sübhə kimi ağladığı anları xatırlayırdı. Sonra başını qaldırıb gülən gözləri ilə mənə baxaraq davam etdi:

-Bilirsiz, ərsiz yaşamaq o qədər də çətin deyil. Tutaq ki, kişi ölüb, qadın da məcburdu, taleyi ilə barışsın. Amma kişinin qadını atıb getməsi çox ağırdır. Bütün günü fikirləşirsən ki, axı mən buna nə eləmişdim, xəyanət etməmişəm, deyingən olmamışam, iş-gücdən qorxmamışam, bütün günü arı kimi işləmişəm. Ona görə də özümü təhqir olunmuş hiss edirdim. Çox ağır gəlirdi mənə bu vəziyyətə düşməyim. Yəqin ki, ərim ölsəydi, bu qədər əzab çəkməzdim, barışardım bəxtimlə-taleyimlə. Amma belə… Ağır idi, çox ağır. Uşaqlar məktəbdən gəlib hər zaman atalarını soruşurdular. Birtəhər başlarını aldadırdım, deyirdim, üç aydan sonra gələcək atanız, sizə çoxlu hədiyyələr gətirəcək. Bir gün hiss elədim ki, oğlum günləri sayır. Təsəvvür edirsiniz, necə pis oldum. Fikirləşdim, uşaq üç ayın tamamında soruşacaq axı, atam niyə gəlmədi. Amma soruşmadı, beləcə, səssiz-səmirsiz, sual dolu gözlərilə baxdı üzümə. Bax onda bütün dünyanı lənətlədim.

Qadın yenə susdu. Əllərini çənəsinə söykəyərək dizlərinə dayaq verdi. Beləcə, xeyli dayandı. Ona mane olmamaq üçün mən də susurdum. Kim bilir, indi o, keşməkeşli həyatının hansı anını xatırlayırdı? Sevinclə, sevgi ilə, ümidlə dolu təzə gəlinlik dövrünümü, ilk övladını qucağına aldığı günümü, ya tənha keçirdiyi gecələrin ağrı-acısınımı?.. Nəhayət, yavaş-yavaş başını qaldırıb üzümə baxdı. Gözlərində yaş gilələnib donmuşdu, amma o gözlər həm də gülürdü. Yox, o ağlamırdı, göz yaşları ilə gülürdü. Bu an mənə elə gəldi ki, bu qadının gözlərinin gülmədiyi an olmayıb. Ömrünün ən ağır çağlarında belə gülüb o gözlər. Bəlkə də, elə bu gülüş olub onu yaşadan, çətin günlərin əzabına qatlaşıb mübarizə apararaq qalib edən.

Dərindən köks ötürüb sakit səslə dilləndi:

-Kaş siz onun evə qayıtdığı günü görəydiniz. Yox, onun halını görməyi demirəm. Kaş siz o gələndə oğlumun halını görəydiniz. O günə qədər mən elə bilirdim, əgər atası qayıtsa, oğlum onun üzünə baxmayacaq. Amma belə olmadı. Həyətə nabələd bir maşın gəldi. Arxa oturacaqdan yoldaşım düşəndə mən yerimdə donub qaldım. Dilim tutuldu. O an qəti kəsdirə bilmədim ki, mən sevinirəm, ya ona nifrət edirəm. Bu zaman oğlum tövlənin üstünə çıxıb oradan heyvanlara ot tökürdü. Təsəvvür edin, atası gedəndə o, barmaq boyda uşaq idi. İndi isə böyüyüb, ailəli-uşaqlı yekə kişi idi. Atasını görən kimi tanıdı. “Ata!” deyə qışqıraraq yerə tullandı. Dizləri üstə onun qarşısında çökərək ayaqlarını qucaqladı. Hönkürtüsü həyəti başına götürmüşdü. Yadıma düşdü ki, atası gedəndə də uşaq onun dizlərini beləcə qucaqlayıb “ata!” qışqıraraq ağlamışdı. Eyni mənzərə idi. Ancaq bir fərqi var idi ki, o zaman oğlum balaca uşaq idi və ayaq üstündə duraraq atasının qıçlarına sarmaşmışdı, amma indi boyda atasından da bir barmaq böyük kişi olduğu üçün dizləri üstə çökmüşüdü.

Qadın dayandı. Bayaq gözlərində donub qalan yaş gilələri indi yanaqları aşağı axırdı. Amma yenə də ağlamırdı. Göz yaşlarının axması heç də həmişə ağlamaq demək deyil. Həmişəki donuq gülüş indi də gözlərini gözəlləşdirirdi.

-Vəssalam! – dedi.

-Bəs sonra? – deyə mən soruşdum.

-Sonra heç nə. Yaşayırıq, – deyə qadın yenə gülümsündü.

-Bəs…

O, mənim sözümü yarımçıq kəsdi:

-Xeyr, heç nə demədik. Təsəvvür edə bilməzsiniz, bu günə qədər niyə getməsi, orada nə işlə məşğul olması barədə aramızda bir kəlmə də söhbət olmayıb. Nə mən, nə də oğlumla qızım bir söz demişik. Təkcə bir dəfə soruşdum ki: “Qayıdacaqsan?” dedi: “Yox!” Bu sözü o elə qəti şəkildə dedi ki, mən ona inanmaya bilməzdim.

Mən yalnız:

-Hm, – deyə bildim.

Sonra qadın tələsik əlavə etdi:

-Hə, iki məsələni də deyim. – Bu dəfə onun səsi bayaqkına nisbətən daha gümrah idi. Hiss etdim ki, nəsə maraqlı və məzəli bir söz deyəcək. – Gələndən sonra evimizdə məclis qurulmuşdu. Adam çox idi. Stul çatışmadığı üçün dedilər, yerdən oturaq. Dədə-baba qaydası ilə. Yoldaşım qapıya yaxın oturmuşdu. Hiss etdim ki, gözlərini məndən çəkmir. İnanın, bu halına baxanda mənim ona yazığım gəldi. Sən demə, qızım da bunu görürmüş. Birdən o, uşağının əlini buraxaraq gəlib düz mənim qarşımda dayandı, qollarını kənara açıb sanki məni onun yadlaşmış baxışlarından qoruyurmuş kimi dedi:

-“Baxma anama, baxma! Sənin haqqın yoxdur ona belə baxmağa”. Yazıq kişi bərkdən hönkürdü. Sonra qonşu qadınlar qızımı kənara çəkib sakitləşdirdilər.

Qadın bu sözləri deyərkən bayaqdan bəri ilk dəfə olaraq bərkdən güldü:

-Siz bu zaman yazıq kişinin halını görəydiniz.

-Təsəvvür edirəm. Bəs ikinci məsələ? – deyə mən soruşdum.

-Hə, ikinci məsələ… Bir dəfə kənddə bir nəfərin il məclisi idi. Bizim kişi də oraya getmişdi. Məclisdən qayıdandan sonra mənə yaxınlaşdı, əlini üç dəfə çiynimə vuraraq dedi:

-Halal olsun sənə. Kənddə mənə hamı səndən danışırdı. Sənin qeyrətindən, namusla yaşamağından danışırdı. Bu müddət ərzində özünün və mənim adımızı necə təmiz saxlamağından danışırdı. – Mən ilk dəfə idi ki, ona sataşmaq üçün dedim: “Sənin?” Yazıq kişi utanaraq büzüşdü, başını aşağı saldı.

Bu dəfə ikimiz də güldük.

..Adamlar yavaş-yavaş sanatoriyanın yeməkxanasına tərəf gedirdilər. Şam yeməyinin vaxtı yaxınlaşırdı. Qadın ayağa qalxdı.

-Gedəyin, yeməyin vaxtıdır. Mənim istirahət müddətim qurtarır. Sabah gedirəm. Sağ olun ki, məni səbirlə dinlədiniz. Ürəyimi boşalda bildim. Heç bilmirəm, necə oldu ki, ilk dəfə gördüyüm, tanımadığım adama həyatımı danışdım. Sizi ilk görəndə başa düşdüm ki, yaxşı adama oxşayırsınız. Mən adam tanımağı bacarıram.

Bunu deyib yenə gülümsədi.

Mən özüm də bilmədən dedim:

-Mən yazıçıyam, icazə verirsinizmi, sizin bu danışdıqlarınızı hekayə kimi qələmə alım?

Qadın gözləmədiyim halda dedi:

-A, doğrudan? Nə yaxşı. Yazın. Yazın, qoy hamı oxusun. Nə olar ki…

Bunu deyib sürətlə onu gözləyən qadınlara tərəf getdi.

Mən isə onun ardınca baxaraq xəyalən bu məğrur və qeyrətli qadının qarşısında baş əydim.

Qadın bir az aralandıqdan sonra arxasınca səsləndim:

-Bəs heç adınızı demədiniz…

-Adım Fatimədir, – deyə o, geriyə boylanıb gülə-gülə əl elədi.

 15 iyul 2023, Mərdəkan – 24 sentyabr 2023, Üçtəpə.