- Köşə

“Obrazovonski” poliqlot həmvətənlərimə

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!

Ay bacılar, ay qardaşlar!

Üzümü sizə tutub demək istədiyim bəzi mətləblər var ki, hamı var olduğunu bilsə də, yox kimi davranır və dünya-aləm veclərinə də deyil.

Hal-qəziyyə budur ki, biz utanmalı olduğumuz nəsnələrdən utanmayırıq, amma utanmamalı olduğumuz nəsnələrin xəcalət təri bizi basır. Soruşun nə olub! Yox, soruşmayın! Məgər ətrafınızda ananızın dilinin qol-qabırğasının sındırıldığını, öz dilində danışmayanların mənsəb və hörmət-izzət sahibi olduğunu görməyirsinizmi?

Heyhat!

Mirzə Cəlilin vaxtında “obrazovannı” müsəlmanlar (oxu: azərbaycanlılar) urusca, bəziləri də osmanlıca danışır, öz qınlarından çıxıb, qınlarına biədəb formada təpik vurub lovğalanırdılar. İndi gəldiyimiz dövrdə də (kaş gəlməz olaydıq!) ingilisin dilinə baş əyirik.

Yox, yox, elə bilməyin deyirəm dil öyrənməyin. Öyrənin, lap elə firəngcə də, çincə də, həbəşcə də öyrənin. Lap belə moltanıca da öyrənin! Amma öz dilinizi boynubükük, yetim qoymayın. Bu ədəbazların əziz olmayan canlarına and olsun ki, gələcəkdə bunun altını çəkəcəyik. Biz, siz yox! Xələflərimiz! Onlara şikəst etdiyimiz dili irs qoyub getsək, elə bilirsiniz yaxşımı olacaq?! Biz torpaq altında olanda gorumuza söyəcəklər. Arxayın ola bilərsiniz bundan. Vallah, söyəcəklər…

Deyirsiniz inteqrasiyadır, nə bilim, nəmənədir, sən bilən şey deyil, ondan edirik. Edək də! Bəs onda bu inteqrasiya dediyiniz şoğərib niyə bizə özümüzdən, öz varlığımızdan ayrı düşməyə vəsilə olsun?!

Ay əziz həmvətənlərim, bəs sizin xəbəriniz varmı ki, Azərbaycan dilində mükəmməl danışa bilən soydaşlarımız artıq barmaqla sayıla biləcək rəqəmdədirlər? Hətta rüsvayçılıq odur ki, bir para Azərbaycan dili və ədəbiyyat müəllimlərinin də nitqi pozulub. Yarı türk (oxu: osmanlıca), yarı urusca ibarələrlə dolub-daşır. Həə, bir pillə yuxarıda dayanan “ulrtaobrazovannı” vətəndaşlarımızın isə danışığında ingiliscə sözlər yer alır. Məsələn, əsasən xarici ofislərə “düşə bilən” “elit” azərbaycanlılar “mitinqi kənsl elədilər”, “faylı ətəç elədim”, “iqnor elə getsin”, “sisi elə məni”, “nou problem”, “bu gün çox bizi idim”, “send elə getsin”, “bossa riplay eləmək lazımdır” və sairə bu kimi əndərəbadi zadları gündəlik danışıqlarında bəh-bəhlə işlədirlər. Yox ey, qırıldadırlar.

Əşi hələ bu harasıdır! Dərdimiz-sərimiz bəyəm bununla bitirmi ki?! İşin ağlamalı yeri hələ daldadır. Hələ sağ olsunlar, gül kimi məmləkəti, gözəl diyarı cürbəcür əcnəbi adlı dükanlarla doldurublar ki, adam içəri girməzdən qabaq üç dəfə boylanıb şüşədən içəri baxmalıdır, görüm burada nəmənə satırlar. Dükanlar, onların qarşılarında olan, nə bilim, nə dilcə olan əyri-üyrü xarici yazıları demirəm. Dədə vay! Gərəkdir telefonuna lüğət yükləyəsən ki, öz diyarında harasa gedib Conun, Cəkin dilində yazılmış yerlərdə baş girləyə biləsən. Vallah, billah, sözümdə bircə yalan varsa, daş-qalaq edilməyə razıyam. Ay başınıza dönüm, çönüm, fırlanım, axı bir işi hasil etmək üçün niyə milləti bu zülmə düçar edirsiniz?

Bir tikə çörək yemək üçün indi məni niyə dağa-daşa salırsınız axı? “Öyünnəri” atüstü dönər almaq istədim, “əfsənt” qabağıma elə menyu qoydu ki, iştahım təmiz öldü. Ay əzizlərim, “zurna dönər”, “qırğın dönər”, “peçat dönər”, “professor dönər”, “seyidin dönəri” nə təhər şeylərdir görəsən… Mənim yazıq beynim bunları həzm eləmir, mədəm nə eləsin?!

Hələ görün o gün başıma nə iş gəlib. Bunu da deyim, görün mən düzmü deyirəm? “Srənnəri” dişimin ağrısı başıma vurdu. Gəzə-gəzə gəlib çıxdım bir doxturxanaya. Əziz canınız üçün, qabağında bir yekə azı diş şəkli olmasaydı, böyründən düz ötüb keçəcəkdim. Çünki üstündə qanmadığım dildə “Dental House” yazılmışdı. Dedim, ay doxtur, bu nədir yazıbsınız. Dedi sənin başa düşdüyün dildə desək “diş evi”. Dedim, ay öyün tikilsin, bəs niyə elə yazmayıbsan ki, mən yazıq da başa düşüm? Dedi, üzü Avropaya tərəf gedirik dənə, belə lazımdır. Dedim, xub!

Dükanlara getməyi yadırğamışam. Xəcalət çəkirəm, ay həmşərilərim! İngiliscə, urusca, osmanlıca yaxşı bilmirəm deyə, özümü biabır edəcəyimdən qorxuram. Axı deyin görüm, siz ayaqqabını, kosmetikanı, ətirləri, şirmiyyatı, geyimləri, ərzaqları şəhərimizdə sayı həmvətənlərimizdən qat-qat az olan əcnəbilərə satmaq üçünmü onların dilində “shoes”, “cosmetics”, “perfume”, “sweets”, “men/women clothes”, “fruit” deyə yazırsınız? “Restoran” “restaurant”dan çoxmu pisdir?

Ay başınıza dönüm, axı bu nə sayaq işdir siz görürsünüz? Heç rəvadırmı ki, ingilis dilini öyrənməkdən uzaq olanlar gedib lüğət içində eşələnsinlər ki, görüm bu “Second hand” nəmənə olan şeydir? İnsafınız olsun dana! Osmanlıca “dizi”lərdən (oxu:  serial, ya nə bilim, lap ingilislər dediyi kimi “sabun operası” olsun) 5-6 söz, 7-8 cümlə, 9-10 da təam adı öyrənib qırıldadanlar da bir tərəfdən göbələk kimi bitib çoxalırlar. O günnərim biri deyir ki, “mənəmən pişirdim, öydəkilər barmaqlarını o qədər sordular ki, dəriləri çıxdı”. Dedim, ay bacı, mənəmən nəmənədir. Qayıtdı ki, sən də lap geridə qalmısan, pomdior-yumurta çığırtması. Soruşdum adı dəyişilib? Dedi, az, sən lap gerizəkalıymışsan ki!

Bəs sizi kim bu hala saldı, ay həmvətənlərim? Amma, başınıza dönüm, bircə deməyin ki, hökumət rus-ingilis məktəblərini açmasaydı, belə olmazdı. Əşi, vallah elə deyil, billah elə deyil. Ay yoldaşlar, hökumət açdı ki, öyrənin, daha demədi ki, səni əkib-doğanla əl-ələ verib öz dilini küncə qısıb başına kül ələ. Bax deyirəm, dədələrimiz deyiblər ki, ziyanın yarısından qayıtmaq da əfzəldir. Nə qədər ki, gec deyil, bu işləri yoluna qoyaq, yoxsa…

Daha yoxsasını siz düşünün…

Beynim çatladı daha!