İndiyə qədər ingilis dilindən 30-dan artıq kitab tərcümə etmişəm, bu işlərin çoxu “Qanun” nəşriyyatı ilə gerçəkləşib. Tərcümə etdiyim yazıçılar arasında Lenqston Hyuz, Somerset Moem, Nikolas Sparks, Per Petterson, Xalid Hüseyni, Paulo Koelho, Sem Born, Con Qrin, Robert Qrin, Den Braun və başqa dünyada məşhur müəlliflərin kitabları var.
Tərcümə çox əzablı bir işdir, bir neçə qabiliyyət tələb edir adamdan, hərtərəfli bilik, hazırlıq tələb edir, öz üzərində daim işləməlisən, dilləri bilməli, dünya mədəniyyətlərindən xəbərdar olmalısan… Bədii ədəbiyyatın tərcüməsi ikiqat çətindir. Özün də yazıçı olmalısan, ən azından mətn yaza bilməlisən. Mətnin anatomiyasını bilməlisən – birinci abzasla ikinci abzas arasında rabitə necə yaranır, birinci abzasla onuncu, əllinci, yüzüncü abzas arasında yaxud birinci fəsillə sonuncu fəsil arasında əlaqə necə yaranır. Yalnız dili bilməklə tərcümə etmək mümkün deyil. Bir rusdilli dostumuz deyirdi: “… Переводческое дело не благодарная работа. Это абсолютно неблагодарная профессия. Это неблагодарная работа и тяжёлый хлеб…”. Belə olan halda, vaxtını, enerjisini tərcüməyə həsr etmək yalnız bu işə sevgidən irəli gəlir və hünərdir.
Yolsuz və xaotik cəmiyyətimizdəki qarışıqlıq tərcümə sahəsində də özünü göstərir. Tərcümə elədik, bəs sonra? Heç kim işimizi görmür, tərcümə mətnləri üçün ədəbi tənqid, ədəbi təhlil yoxdur. Tərcümə kitablarına, demək olar ki, diqqət yoxdur və ya həvəskar səviyyəsindədir. Hərdən sosial şəbəkələrdə verilən atmacalı reaksiyalar isə adekvat deyil, naşı və diletant reaksiyadır – “ondansa gedib rusca, türkcə oxuyaram”. Tərcümədən aldığımız qonorar onsuz da cüzidir, heç olmasa ad çəksələr, diqqət göstərsələr, bu da bir mənəvi təskinlik olar. Amma kim kimin kitabını oxuyur ki? Bu işə başlayanda onsuz da heç bilmirdik, pul da verirlər, sadəcə, deyirdim görüm Vaqifin, Sabirin şeirlərini ingilis dilinə necə çevirmək olar, Bayronun, Şellinin əsərləri bizim dildə necə səslənər. Bu sevgi ilə işləyirdim. Amma görən olmadı… və belə davam etdi. İndi də ki, adsız, yolsuz bir zaman, yolsuz cəmiyyət… Və hər yanda pirat davranışı…
Qeyd edim ki, mən tərcümə etdiyim kitabları sadəcə tərcümə etmirəm, onları Özüm və Yenidən yazıram. Bütün mətnlərdə Tərcüməçi obrazında iştirak edirəm. Naşir buna görə deyirdi ki, “əsərdəki hadisələrə biganə qala bilmirsiz…”. Bəs necə? Nahaq demirlər ki, “əgər sən sətirləri etinasız şəkildə tərcümə etmisənsə, oxucunun onu həssaslıqla, həyəcanla oxuyacağını düşünə bilərsənmi? Xarici dildən tərcümə orijinal əsər kimi oxunmursa, demək, ya orta səviyyəli, ya da uğursuz tərcümədir”.
Bu günlərdə sputnik.az saytında Cəlil Cavanşırın yazısına rast gəldim. Cəlil Cavanşir imzasını “Kulis”dən tanıdığım və sevdiyim imzadır. O, çoxdan tərcümə etdiyim bir kitab haqqında gözəl bir təhlil yazıb: (https://aqreqator.az/az/medeniyyet/3436638 (“Saflığı itirmədən böyümək: “Möcüzə uşaq”, 30 yanvar 2020). Mənim xəbərim olmayıb, gec də olsa təşəkkür edirəm. Düşünürəm ki, Cəlil bu romanda öz ruhu ilə səsləşən motivləri görmüş və gözəl bir yazı yazmışdır. Skandinaviya ədəbiyyatının canlı klassiki hesab edilən Roy Jacobsenin “Möcüzə uşaq” romanı Norveç ədəbiyyatından etdiyim ikinci tərcümədir. Sevə-sevə tərcümə etmişəm. Amma Cəlil Cavanşir təhlilində bir dəfə də olsun mütərcimin adını çəkmir… Tam iqnor! Beləmi olmalıdır?
Və ya https://www.kkoworld.com saytında (https://www.kkoworld.com/2014/09/22/somerset-moem-ay-ve-qara-qepik/ illər öncə tərcümə etdiyim romandan (Somerset Moem. “Ay və qara qəpik”) yazıcının xeyli seçmə fikirləri verilib. Sevə-sevə etdiyim tərcümədir. Amma yalnız bu yaxınlarda xəbər tutmuşam. KKO (“Kitabı karandaşla oxuyanlar”) saytı və hərəkatı 2011-ci ildə yaradılıb. Bildirirlər ki, “məqsəd mütaliə edilən əsərlərdən seçilib bəyənilən qeydləri oxucularla bölüşməkdir. Göstərmək istəyirik ki, başqa dillərdə yazılmış gözəl sözlər bizim dilimizdə də gözəl ola bilər”. Təşəkkür edirəm, yaxşı məqsəddir, amma mənim xəbərim olmayıb bundan. Bunu bilməyə mənəvi haqqım yoxdurmu? Yaxşı ki, KKO-çular axırda mütərcimin adını çəkiblər.
Və ya “Kitab adası” bloqunda təsadüfən daha bir tərcüməm haqqında yazı gördüm. Məşhur Amerika yazıcısı Nikolas Sparksın bestseller olan “Sevgili Con” romanını bir neçə il qabaq tərcümə etmişəm. Həm də sevə-sevə tərcümə etmişəm. Oxucuların da axtardığı kitabdır. Əsərdən çəkilmiş filmi yəqin çoxları görüb. Tərcümədən aldığı təəssüratı paylaşan bloqçu Jalə xanım Səmədovaya təşəkkür edirəm ( https://kitabadasi.wordpress.com/2013/09/22/sevgili-con-kitabi-haqqinda-t%C9%99%C9%99suratlarim/ ). Amma mütərcim kimi yalnız son günlər bundan xəbər tutmuşam. Hər sözünün üstündə əsdiyim, az qala əsərin qəhrəmanları kimi sevgi selinə düşən Mütərcim niyə bundan xəbərsiz qalsın?..
Və ya amazon.com saytında tərcümə etdiyim kitab (Əsəd bəy. “Qafqazın on iki sirri”) reklam olunur, amma mütərcim haqqında heç nə deyilmir, adı çəkilmir. https://www.amazon.com/Qafqaz%C4%B1n-Iki-Sirri-Azerbaijani-%C6%8Fs%C9%99d/dp/9952268092. Bu məsələlər haqqında kim düşünməlidir – tərcüməçi, nəşriyyat, yoxsa sayt? Bunlar da kitab, mütaliə, oxucu mədəniyyətinə dair müzakirələr üçün vacibdir, yaradıcı insana stimul verir. Yeri gəlmişkən, Məhəmməd Əsəd bəyin bu kitabının tərcüməsini mən “Ən yaxşı tərcüməm” hesab edirəm.
Ya da məsələn, alinino.az saytı (https://alinino.az/product/yuksek-effektli-insanlarin-7-verdisi) yaxud readit.az ( https://readit.az/az/news/32) saytı, yaxud da, məsələn, agilahmad.com saytı (https://agilahmad.com/yuksek-effektli-insanin-7-verdisi-stephen-covey-pdf/ və daha neçə-neçə internet saytı və bloqlar Amerika sosioloqu Stiven Kovinin dünya bestselleri olan kitabını mənim tərcüməmdə məhsul kimi reklam edir, amma mütərcimin adı çəkilmir. Kitab üzərində necə işlədiyim yadıma düşür – çox çətin bir iş idi – bunun mənəvi tərəfləri haqqında düşünən yoxdurmu?
Xarici dillərdən türk dilinə tərcümə olunmuş bir neçə kitab əlimə keçib, kitablarda tərcüməçi haqqında da oxucuya məlumat, onun şəkli verilir, işi, təcrübəsi haqqında danışılır. Bunlar oxucunu da istiqamətləndirir. “Qanun” nəşriyyatının bir yeniliyi də var – bəzən kitabın üstündə fərqli şriftlə tərcüməçinin də adı verilir. Həmişə olmasa da, hesab edirəm ki, bu, düzgündür, tərcüməçi həmin dildə nəşr olunan kitabın ikinci müəllifidir.
Bir vaxt yazmışdım, tərcümə mənim üçün, hər şeydən əvvəl, dil hadisəsidir. Orijinal moltanı dilində də olsa, əsər mənim dilimdə danışmalıdır. Tərcümənin qarşısına qoyulan elmi tələblər, nəzəri müddəalar məlumdur. Amma mən tərcümə etdiyim əsərin Dili üzərində çox işləyirəm, çünki “başqa dillərdə yazılmış gözəl sözlər bizim dilimizdə də gözəl ola bilər”. Və olmalıdır!
p.s. Güman edirəm ki, bu qeydin də əhəmiyyəti var: öz yazılarım həmişə çətinliklə çap olunurdu, odur ki, illər öncə sevgimi Tərcüməyə verdim!