- Köşə

Vüsalə MƏMMƏDLİ. Ruhumuzun qidasına toxunmayın…

” Sevdiyiniz musiqi əslində kim olduğunuzu göstərir. ” Müraciət etdiyim mövzu ilə bağlı araşdırma edərkən tanınmış Amerika yazıçısı Jadi Picoultun bir cümləlik fikirdə nə qədər dərinliyə getdiyi məni cəlb etdi .Doğrudan da , insanı tanıdan ,”ələ verən” , zövqünü formalaşdıran vasitələrdən biri də dinlədiyi musiqidir. Musiqi həyatımıza rəng qatan , ruhumuzu oxşayan ,əhval-ruhiyyəmizə təsir edən bir vasitədir. Dünyaya gəldiyimiz gündən ömrümüzün sonunadək musiqi bizi müşaiyət edir.Anamızın laylası ilk musiqimiz ,ilk nəğməmiz, ruhumuza hopan ilk qidamiz olur. Həyatımızın müxtəlif anlarında _istər sevincli , istər kədərli olsun , musiqiyə daim ehtiyacımız olur. Əhvalımıza uyğun olaraq musiqi dinləmək həm gözəl motivasiya, həm də istirahətdir.

Musiqi mədəniyyətdir.Musiqi duyumu,musiqi sevgisi olmaq özü də bir şansdır.Istedadlı insanlara həmişə həsəd aparmışam.Xüsusilə, gözəl qələm sahiblərinə, gözəl səsi , əl qabiliyyəti olan insanlara. Onlarda ilahi bir vergi, fərqlilik olduğuna inanıram.
Biz Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətləri olan Üzeyir Hacıbəyli, Qara Qarayev ,Müslüm Maqamayev ,Fikrət Əmirov ,Səid Rüstəmov,Arif Məlikov ,Şəfiqə Axundova ,Vaqif Mustafazadə kimi dahilərə borcluyuq.

Azərbaycan musiqisi deyəndə qulağımıza X.Şuşinski,Q.Əsgərov ,R.Muradova ,Ş.Ələkbərova,L.Imanov ,F.Qasimova ,X.Qasımova kimi sənətkarların gözəl səsləri gəlir. İnsafən, musiqimizdə məlahətli səslər çox olub, indi də var.Adını saymadığım onlarla möcüzə səslərin ruhu şad olsun!
Mən musiqiçi deyiləm,musiqi vurğunuyam. Əlbəttə ki,gözəl musiqi!Bizim uşaqlığımızda zövqləri korlayan musiqi olmadığı üçün ,ya da eşitmədimiz üçün saf musiqinin ,təmiz səslərin sədaları altında böyüyürdük. Rəhmətlik atam Q.Əsgərov,R.Muradova ,N.Məmmədova ,T.Ismayılova ,H.Hüseynov kimi xanəndələrin ifasını dinləməkdən doymazdı.Zəmanəmizin uşaqlarından fərqli olaraq bizim zümzümələrimizdə “Sev ki,sevən mərd olar”,”Bərəyə bax,bərəyə”,”Qaragilə”,”Ləpələr”,”Arzular”,”Küçələrə su səpmişəm” vardı…

Musiqi aləminə bir vətəndaş, azərbaycanlı kimi baş vurmaq,illərlə apardığım müşahidələrdən, izlədiklərim sayəsində gəldiyim qənaətlərdən,bəzi müğənnilərin ifası ilə orijinal mətn arasında olan fərqlərdən ,bəzilərinin bilərəkdən, bəzilərinin bilməyərəkdən etdikləri səhvlərdən söhbət açmaq istəyirəm.
Başlayaq…

Sözləri Ə.Ələkbərzadəyə məxsus “Dolanaram başına “mahnısı Qulu Əsgərovun ifasında xalqımızın məhəbbətini qazanıb.Çox təəssüf olsun ki, müasir müğənnilər “Sev ki,sevən mərd olar” misralarını “sevgi sevən mərd olar “kimi oxuyur.Elçin Hüseynov daxil olmaqla…
Sözləri və musiqisi aşıq Xanış Zahidova məxsus olan “Məhəbbətin qüdrəti” mahnısını Alim Qasimovun ifasında sevmişdik.
Sevgilimin eşqi düşüb canıma
Ana,göz yaşımı ,sil ,qadan alım.
Yaşım iyirmini adlayıb keçir,
Gözləyə bilmirəm,il qadan alım.

Bu nə sirdir,düşdüm,anam?
Eşq odunda ,bişdim ,anam!
Məhəbbətin qüdrətini,
Mən belə bilməmişdim,anam!

Bişdim anam ,düşdüm ,anam ,
Eşq oduna bişdim anam,
Məhəbbətin qüdrətini,
Mən belə bilməmişdim, anam!

Bu şeiri Abbas Bağırov “Eşqin Məhəbbəti düşüb canıma” oxuyaraq haray qoparır ,həm də xalq mahnısı oxuyurmuş kimi…Nədənsə müəllifin adına heç yerdə rast gəlmədim .

Gözəl şairəmiz M.Dilbazinin
Dəniz küləklə oynadı,
Vəhşi fələklə oynadı
misralarını İlqar Xəyal illərdir, “Vəhşi pələnglə oynadı” kimi səsləndirir. Üslubuna , istedadına şübhə etmədiyim müğənni, həqiqətən, şeiri orijinaldan oxumayıb?Nəzərinizə çatdırım ki ,bu ifanı çoxumuz sevirik.Həm İlqar Xəyal , həm İntiqam Kərimov gözəl səsləndirib.
Sən də tufanla oynama,
Dəniz kimi coşma ,gülüm.
Coşub içindən qaynama
Çox deyil, bizim ömrün illəri…
İntiqam Kərimov İlqar Xəyaldan fərqli olaraq orijinaldakı kimi oxuyur.

Könül Xasıyevanın səsinin vurğunuyam ,amma B.Vahabzadənin “Gecələr, ay gecələr “şeirinə bəstələnmiş “Gecələr “mahnısını oxuyanda hər dəfə “Tellərini dolayıb, boynuma sal ,gecələr” deyəndə, elə bilirəm,B.Vahabzadənin ruhu fəqan qoparır.Şair

Tellərini dolayır boynuma ay,gecələr
Mənim sirdaşımsınız,gecələr,ay gecələr

yazmışdı axı?

Polad Bülbüloglunun F.Qocanın sözlərinə yazılmış “Gəl ey səhər “mahnısında
“Yenə bu səhər , günəş nur yerə ələr “misrasında “ələr”sözünü gah elər,gah da əyilər
kimi oxumasını kimə deyək?İstər ,”Uşaqlığın son gecəsi “filmində,istərsə də yeni versiyada bəstəkar müğənni sözü düzgün səsləndirməmişdir.
Çoxumuzun əzbər bildiyi Zeynəb Xanlarovanın ifasında sevdiyimiz
Yığdım bu dünyanın malın,dövlətin
Əllini aşırdım,yüzə nə qaldı?
Ayaq getdi,əl gətirdi ,diş yedi
Baxmaqdan savayı gözə nə qaldı?
mahnısı Aşıq Alının “Nə qaldı”qoşmasının əsasında yazılmışdır. Qoşma əslində belə başlayır:

Gəşt elədim bu dünyanı dolandım,
Əllini keçirdim,yüzə nə qaldı?

Başqa bir Aşıq mahnısına nəzər salaq.Aşiq Əhməd Rüstəmovun “Gəl gedək ,Qazaxa bir salam verək ” mahnısını Röya Ayxan belə oxuyur:
Gəzək pərdə-pərdə ,verək ,səs-səsə ,
Könul şad olarmı ürək gəlməsə?
Vurğunun yerini bizə kim desə ,
Əhməd, o yerlərə bir salam verək!
Əslində isə bənd belədir:

Ötək pərdə-pərdə, verək səs-səsə,
Ürək sağ olarmı deyib-gülməsə?
Vurğun gəzən yeri bizə kim desə,
Əhməd, o torpağa bir salam verək!

Gördüyünüz kimi,şeirin mənası hara ,mahnının mənası hara?

Təəssüflər olsun ki, təhriflər Azərbaycan xalq musiqisindən də yan keçməyib. Bu gün “İrəvanda xal qalmadı “kimi oxunan xalq mahnısının sözləri ” İrəvanda xan qalmadı “misrası ilə başlanmalı idi…Azərbaycan folkloru antologiyasında (1968) 7 bənddən və 7 misradan ibarət şeirin hər bəndi İrəvan sözü ilə başlayır .Sonuncu bəndi nəzərinizə çatdırmaq istəyirəm:
İrəvanda xan qalmadı,
Gəncədə soltan qalmadı ,
Daha məndə can qalmadı ,
Ay qız , o nə xaldı
Sən ora düzdurmüsən?
Ay naz ,o xal nə xaldı
Sən ora düzdürmüsən?

Qədir Rüstəmov şair Hafiz Baxışın məlumatından sonra mahnını ikinci dəfə lentə yazdırıb, xal əvəzinə xan oxumuşdur.
Ümumiyyətlə, bu mahnının yaranma tarixi ilə bağlı maraqlı əhvalatlar mövcuddur.F.Şuşinski “Azərbaycan xalq musiqiçiləri ” kitabında bu mahnının C.Qaryağdıoğlu tərəfindən bədahətən qoşulduğunu yazır.

Gəlin, “Sarı gəlincə baxaq.Oxuyurlar:
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər.
Bu sevda nə sevdadır
Səni mənə verməzlər .

İkinci misra “Gülü qönçə dərməzlər ” oxunmalıdır. Gülü niyə sulu (şehli, yetişmış,açılmış)dərməzlər?Ən qədim variantlarda “Gülü qönçə dərməzlər ” olmuşdur.Bu da qızın həddi-büluğa çatmamış ailə qura bilməməsinə bir işarə idi.Bu da onu göstərir ki, xalqımızın milli təfəkkürünə daxil olmuş heç bir kəlmə, heç bir cümlə təsadüfi deyildir.
Ədəbiyyatımızın hər iki qolu _həm yazılı,həm də şifahi xalq ədəbiyyatı musiqimiz üçün qiymətli mənbə, zəngin xəzinədir.Bu xəzinəni qorumaq isə bizim boynumuzun ağır və şərəfli yüküdür

Musiqi ruhun qidasıdır fikri dünyanın əksər xalqlarının qəbul etdiyi kontekstdir.Deməli, dinindən, dilindən, millətindən aslı olmayaraq hamının ruhu musiqi ilə qidalanır.Elədirsə,niyə ruhumuzu qorumayaq?Gəlin,xalq mahnılarımızın, bəstəkar mahnılarımızın qədrini bilək, təhrifə yol verməyək, yersiz ifadələri musiqimizə yaxın buraxmayaq!