Bu gün Bakı şəhərinin Nərimanov, Qaradağ, Xəzər, Yasamal rayonlarında, Abşeron, Ağsu, Balakən, Füzuli, Masallı, Neftçala, Quba, Zərdab rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanda 17679 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1359 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 85 ümumi imtahan rəhbəri, 225 imtahan rəhbəri, 1712 nəzarətçi–müəllim, 170 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 85 bina nümayəndəsi ayrılıb.