- Ədəbiyyat

İmarət CƏLİLQIZI. Müdrik idi Dədəm Qorqud…

(Adlar və adamlar” silsiləsindən)

Bu dünyada yer var, göy var – yerin, göyün qatları var,
Səma, torpaq, canlı, cansız…, adamlar var, adları var.
Bax bu, adlar, bu, adamlar… Bu, adamlar, bu da adlar…
Adların heç pisi yoxdur, adamların yönsüzü  var…
Bir zamanlar oğuzlarda qəribə bir qayda varmış,
Ata-ana qoyan adlar müvəqqəti ad olarmış,
Uşaq xeyli  böyüdümü, çəkilərmiş ilk sınağa,
Bundan sonra Dədəm Qorqud çağırılarmış ad qoymağa.
Ata-ana verən  ilk ad yaddaşlardan silinərmiş,
Ad alanın xisləti də yeni adla  bilinərmiş.
Düşünürsən, qəribə bir fikir keçir ürəyindən:
“Belə qayda bu zamanda mövcud olsa, nolar, görən?
Nə üçün biz yaxşı deyək yaxşıya da, yamana da,
 Aqil deyək, Zəki deyək  müdrikə də, nadana da?
Əgər biri cahildirsə, adı  niyə Kamil olur?
Əlindən bir iş gəlməyən nəyə görə Qabil olur?
Axı  nədən acıdillər Şirin olsun, Şəkər olsun,
Dindirəndə zəhərini yan-yörəyə tökər olsun?
Neyçün axı Ülvi  deyək təmizə də, xəbisə də,
Neyçin  axı Munis deyək insana da, iblisə də?!”
(Müdrik  idi Dədəm Qorqud, uzaqgörən  insan idi,
Dördcə  adda səhv etmişdi, buna görə peşman idi)…