- Dil

Ədəbi dilimiz haqqında

(ixtisarla)

Axır zamanlarda ədəbi türk dili məsələsi jomiyyə bir məsələ surətdə meydana çıxmışdır. Azərbaycan türklərinin ədəbi bir dili varmı, ya yoxmu? Bu xüsusda bir neçə kəlmə söyləmək istəyirəm. Mənim aşağıda yazdığım sözlər mübahisəyə səbəb olarsa – daha da gözəl.

1905-ci il inqilabınadək Azərbaycanda ədəbiyyat yoxluğunu cürətlə etiraf etmək olar. Nərimanovun, Qənizadənin və mənim tərəfimizdən beş-üç kitabça buraxılmışdırsa da bunlar dəryada bir qətrə hesab oluna bilərdilər. Türk dilində qəzetə və jurnal çıxarılmasına sabit çar hökuməti qəti olaraq icazə verməyirdi.

Azərbaycan türk aləmində birinci dəfə meydana çıxmış kitab Mirzə Fətəlinin komediyaları və “Aldanmış kəvakib” sərlövhəli hekayəsidir. Komediyaları Azərbaycanın el dilində yazılmış, hekayə isə fars əlfazının və ibarələrinin çoxluğundan lüğətsiz çətin oxunur.

“Əkinçi” qəzetəsinin iki dili var idi. Zərdabinin dili və mühərrirlərinin dili. Həsən bəyin işlətdiyi cümlələrin çoxusu rus cümlələrindən çöndərmə idi; müxbir və mühərrirləri isə fars cümlələri və fars dili işlədirdilər. Cəlal əfəndinin “Kəşkül”ünü həmçinin lüğətsiz oxumaq çətin idi. Odur ki, bu qəzetələr də bir ədəbi dil yarada bilmədilər.

90-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular. Böylə ziyalılarımız indi də az deyildir. Bir neçə cümlə göstərmək yersiz olmaz. “O adamlar, hansılar ki, bu işdə iştirak edirlər”, “Mənim qardaşım tarda yaxşı oynayır”, “Əhmədin qızı ərə çıxdı”, “Bu işin müqabilində bir ölçü götürmək lazımdır” və ilax. Dilə qarışmış hədsiz rus sözlərindən danışmağa ehtiyac yoxdur.

Ədəbi dilin yoxluğundan əlavə indiyədək, türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi və nəhvi yoxdur. Ədəbi dil haradan ola bilər? Kitablarımızda, qəzetlərimizdə sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik.

Gənclərimiz özləri hiss etməyərək Azərbaycan qulağını deşən ləfzləri istemal edirlər. Bu sözlər türk sözləri isə də bizim üçün yabançıdır və əvəzlərində başqa türk sözlərimiz də var. Məsələn: “sırt” — “çiyin”, “erkək — kişi”. “Erkək” sözü Azərbaycan türkü təsəvvüründə heyvaniyyəti təşkil edən bir sözdür.

Türkləşmiş orta, ali məktəblərdə türk dilində yazılmış və tərcümə olunmuş elmi kitablar işlənməkdədir. Söz yox ki, bu kitabların dilində ədəbi qüsurlar hədsizdir. Bu qüsurlar da dilin ədəbiləşməsinə nə qədər ziyan verə bilər.

Ə.Haqverdiyev

Seçilmiş əsərləri, II cild

Bakı — 1971

Bu məqalə ilk dəfə 15 aprel 1934-cü ildə “Ədəbiyyat qəzetəsi”nin 7-ci nömrəsinin 2-ci səhifəsində çap olunmuşdur.