Fitrətindəki şairliklə yanaşı həm də peşəkar həkim olan Abbas Səhhətin məşhur “Vətən” şeiri bu mövzuda yazılımış digər yüzlərlə şeir kimi təkcə vətən sevgisi, torpaq təəssübkeşliyi, yurd məhəbbəti ilə bağlı olmayıb daha dərin məna qatına,fəlsəfi dərinliyə, xüsusi kod daşıyıcısına malikdir. Təəssüflər olsun ki, uzun illər boyu istər orta məktəblərdə, istərsə də ali məktəb auiditoriyalarında müəllim və professorlar bu koda əhəmiyyət verməmiş, daha doğrusu onu aça bilməmişlər. Şairin “Vətən” şerinin məzmunu, məna qatı, məntiqi çaları dürüst izah olunmamış, interpretasiyası, izahı dərindən açıqlanmamışdır. Başqa sözlə desək “Vətən” şeirinin fəlsəfi, məntiqi, ədəbi kodu düzgün müəyyən edilməmişdir.
Ədəbiyyat nəzəriyyəsindən məlum olduğu kimi bədii ədəbiyyatda, xüsusilə poeziyada söylənən fikrin emosional təsirini artırmaq üçün adətən təkrirdən – yəni təkrardan istifadə edilməsi ən adi bədii priyomdur.Dünya poeziyasında geniş yayılmış təkrir bədii fikrin ekspressivliyini, emosionalığını, ruhi-psixoloji təsir gücünü artırmaq üçün istifadə edilir. Lakin Abbas Səhhətin “Vətən” şeirində bu sözün üç dəfə təkrarlanması heç də düşündüyümüz kimi təkcə sözün bədii təsir gücünü artırmaq üçün istifadə olunmayıb.Gəlin şeirə bir daha diqqətlə nəzər salaq:
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Bəli, ilk baxışdan “vətən” sözünün üç dəfə təkrarı guya şeirin təsir gücünü artırmaq,poetik fikrin emosional – ekspressiv təsirini gücləndirmək kimi anlaşılır. Əslində isə şeirin əsas kodu da məhz elə bu “vətən” sözünün nə üçün üç dəfə təkrar olunmasındadır? Məsələ orasındadır ki, Abbas Səhhətə görə hər bir insan özünün fiziki –bioloji mövcudluğu boyu ÜÇ VƏTƏN yaşayır. İnsanın ilk vətəni isə onun cəmi doqquz ay yaşadığı ana bətni hesab olunur. Şeirdə bu fikri təsdiq edən misranı şair belə verib:
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə (?!) onu,
Burada aydın şəkildə insanın vur-tut 36 -37 həftə yaşadığı İLK VƏTƏNİ olan ana bətninə işarə olunur. Şeirin sonrakı misrası isə belədir:
Südüdür kim dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Göründüyü kimi bu misrada artıq insanın bu dünyanın nemətlərindən, o cümlədən ana südündən istifadə etməsi ilk vətənindən –ana bətnindən çıxaraq bu dünyaya – İKİNCİ VƏTƏNİNƏ gəlməsi, məlum bir bioloji həyat yaşaması olduqca parlaq və rəngarəng poetik boyalarla tərənnüm olunub. Şair vətən haqqında söylədiyi şeirində həm də belə bir dərin mənalı fikir ifadə edən misra işlədir:
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Məsələ orasındadır ki, şairə görə “əcdadımızın mədfəni” və hazırda yaşadığımız, həm də “övladımızın məskəni olan” vətən insanın əbədiyyətə qovuşacağı (hind fəlsəfəsinə görə Nirvana – əbədi rahatlığa qovuşacağı ÜÇÜNCÜ VƏTƏNİ hesab olunur.
Abbas Səhhətin “VƏTƏN”şeirinin indiyədək sirli qalan əsas kodu da elə budur.