Sağı dağ, solu qaya,
Kimi salardı saya.
Məyər göz dəydi çaya –
Bu çay niyə qurudu?
F.Kərimzadə.
Onunla həyatda şəxsən tanışlığım olmasa da, haqqında danışdığım adamı yaxşı tanıyıram. Bir neçə dəfə virtual məkanda ünsiyyətdə olmuş, hətta bir dəfə ondan ana dilimizlə bağlı müsahibə də almışam. Səmimi insanlar üçün məsafə şərt deyil, məncə. Ürək yaxınlığı əsasdır. Onu dilimizi, Vətənimizi sevən, doğma yurd üçün nəsə etməyə çalışan bir vətəndaş kimi tanımışam. O zaman müsahibə alanda yana-yana:“İtirə-itirə dilimizi də itirməyək”, –demişdi.
“Ölkəmiz müstəqillik əldə edəndən sonra dilimizin saflığı uğrunda mübarizə geniş vüsət almalı deyildimi? Niyə belə oldu?”–sulına:
– Bizdə əksinə oldu. Dil saflaşmadı, əksinə, yad sözlərlə dolduqca doldu. Müstəqillik həyatımıza hər mənada daxil oldu. Dil inkişaf etmək əvəzinə kirləndi,” –deyə cavab vermişdi.
Hər dəfə onun şəklini görəndə mənə hind siyasi xadimi, Hindistanın məşhur siyasi xadimi Cəvahirləl Nehrunun qızı — məşhur siyasi xadim, ölkəsinin tarixindəki tək qadın baş nazir olan İndira Qandini xatırlayıram. Mənə elə gəlir ki, onlar arasında təkcə xarici görkəm yox, həm də nəsə bir başqa –məzmun bağı da var. O da İndira Qandi kimi atasının yolunu davam etdirsə də, onun adı ilə yox, məhz öz adı ilə tanınmaq istədi.
O, yaradıcılığa çox erkən yaşlarından başlayıb.
“İlk dəfə qələmi əlimə aldığım gündən yazdığım hər mətndə dilə fikir verdim. Bəh-bəhlə əlimə götürdüyüm kitabda dil qüsuru varsa, onu oxuya bilmədim. O cür əsərlər adama yad gəlir. Ədəbiyyat dilin inkişafına xidmət etməlidir, onu kirləndirməli deyil”, — deyən yazıçının qayəsi məhz bu olub: “Ədəbiyyat dilin inkişafına xidmət etməlidir.
O həmçinin ən gənc ssenarist olub. 17 yaşı olanda “Mozalan” satirik jurnalı üçün ssenari yazıb, hətta 17 yaşında olarkən AzTV-də sərbəst verilişlər hazırlayıb. Həyatı televiziyasız təsəvvür etmir. Ona görə: “Televiziya ekranı böyük gücə malikdi. Ordan deyilən söz güllədən betərdir. Ordan deyilən sözə cavab yox, reaksiya verə bilərsən. Yəni təsir gücü böyükdür.
Səhv informasiya, səhv söz və ya bir yazını görən milyonlarla insan qarşısında məsuliyyət daşıyırsan. Bu gün tv-də problem varsa, bu, birbaşa orda işinə barmaqarası yanaşan qeyri-peşəkarların günahıdır ki, çox insan bu gün tv-dən küsüb. İtirən yenə televiziya olur. O, tamaşaçısını itirir. Ona görə də rəqabət xatirinə peşəkarlarla işləmək vacibdir”.
Onun atası tanınmış yazıçı, kinossenarist idi. Atası yaxşı qazansa da, sadə həyat yaşayıb. Azərbaycanı, hətta, demək olar ki, bütün SSRİ ərazisini gəzib. Uşaqlığı gəzintilərdə keçib, Vətən torpağının hər qarışını, hər guşəsini görüb, tanıyıb, sevib: torpağını da, daşını da.
”Mən daşları sevirəm. Daşlar haradasa azıb qalan yaddaşdı mənim üçün. Həm də bu bugünkü düşüncəm. Amma zaman vardı ki, mənim və dostlarımın oynamağa oyuncaqları yox idi. Bizim kimi uşaqlar oyunlarımızı daşlarla, yollardan yığdığımız şüşələrlə oynardıq. Onda bizim indiki kimi kompüterlərimiz, dəbdəbəli gəlinciklərimiz, hörümçək adamlarımız yox idi. Həyat bizim üçün küçədə, torpaq üstə, daşların arasında idi…”.
Bu sətirlər həyatı keşməkeşlər içərisində keçən yazıçının “Beşdaş” hekayəsindəndir. Bir dəfə atası ilə Qərbi Azərbaycana — Vediyə gedən və orada er-mənilərin etdiyi vəhşilikləri eşidən Yeganə oradan çay daşlarını yığır və aparıb onların hamısını qəbristanlıqda basdırır…
Sonralar bu ağrı, nisgil onu uzun müddət tərk etmir: “Mən Vedini görməmişdim, illər sonra atam məni ora apardı, başa düşdüm ki, belə yerdə doğulan adam mütləq yazıçı, ya da şair olmalıdır…
Mən Vedidə bir dəfə atamla olmuşam və o an da Vətən sevgisinin nə olduğunu dərk etmişəm. Vedidə mənim baba yurdum var. Əlbəttə, ora getmək mənim ən böyük arzumdu. Onda babamın, nənəmin, bibilərimin, əmilərimin və atamın da ruhu şad olar. Bu missiya – Vətənə qayıdış mənə qismət olarsa, deməli, bu dünyada əbəs yaşamadım. Mənə qismət olmasa, oğullarımız – atamın adını daşıyan qardaşım oğlu Fərman Kərimzadə var, o mütləq dədə-baba yurduna sahib çıxar. Təki, bunu görmək bizə nəsib olsun…”
Söhbətimin qəhrəmanı Xudafərin nisgilli, Abasqulu bəy təmkinli yazıçımız Fərman Kərimzadənin qızı Yeganə Kərimzadədir. Doğum günü 20 yanvara təsadüf edən Yeganə Kərimzadə 1990-cı il 20 Yanvar faciəsindən sonra heç vaxt ad günü keçirməyib.
Bu gün, şükürlər olsun ki, Qarabağımız azaddır. Bu azadlığın təməlini hələ o dövrdə 20 Yanvar Şəhidləri öz qanları bahasına qoymuşlar. Azadlıq, əlbəttə, ucuz verilmir, qan bahasına alınır. Xalqımız o vaxt da, 2020-ci ildə də sübut etdi ki, hər dövrdə torpaq, millət, xalq uğrunda can verən qəhramanlar yetirib və bundan sonra da yetirəcəkdir. 20 Yanvar Şəhidlərinin yolunu Qarabağ uğrunda candan keçən Şəhidlərimiz davam etdirdi -Vətənin azadlığın qan bahasına aldı…
Bu gün 20 Yanvarla bağlı sosial şəbəkədə paylaşılan statuslar içərisində publisist Vasif Sadiqlinin paylaşımı diqqətimi daha çox çəkdi: “20 yanvarda belə hava xatırlamıram”.
Doğrudan da, o müdhiş 90 -cı il yanvarından sonra heç vaxt yanvarın 20-də hava belə xoş, günəşli olmamıdı. Vasif Sadiqli sonra rəyində yazırdı: “Xorenlərdən qurtulandan sonra ilk 20 yanvardı”.
Həqiqətən də, ilk dəfədir ki, 20 yanvar, qarıı, yağışlı-çiskinli keçmir. Sanki göylərdəki ruhlar da artıq dincəlib, rahatlıq tapıb. Ona görə də bu günü Milli Matəm Günü yox, Vasif Sadiqlilin dediyi kimi, elə Milli Müqavimət Günü kimi qeyd etməliyik.
Həmçinin, məncə, doğum günü bu günə düşənlər də bu gündən kədərlənməməli, sıxılmamalı, fəxr etməlidirlər. Uzun illər 20 Yanvar bizə kədər gətirirdi, şəhidlər üçün kədərləndirdik. Ancaq son illər bu gün artlq bizə kədərdən daha çox qürur hissini verir. Torpaq da, Vətən də şəhid qanına boyandıqdan sonra azad olur. Qürur duymalıyıq ki, Azərbaycanın azadlığı, torpağının bütövlüyü üçün düşünmədən canını verən övladları olub və var.
Doğum gününüz mübarək, Yeganə xanım. Artıq Siz də doğum gününüzü ürəklə qeyd edə bilərsiniz. Mənə elə gəlir ki, bundan sonra Vətənimizə bir daha yağı düşmən ayaq basmayacaq. Biz artıq itirə-itirə yox, itirdiklərimizi qazana-qazana zəfərlərə doğru gedəcəyik. Əminəm ki, biz nə vaxtsa yox, tezliklə Vediyə – ata-baba yurdlarımıza da qayıdacağıq! Atalar: “Su gələn arxa bir də gələr”, –deyiblər…
İcazənizlə mən atanızın misralarını aşağıdakı kimi dəyişib, sözümü onunla bitirim:
Bulaqları gur olan,
Nurdan doğan nur olan.
Qəhrəmandan zor olan
Bu çay daha qurumaz!
Ağır elləri olan,
Coşqun selləri olan,
Pələng qolları olan,
Bu çay daga qurumaz!
Bu yazı mənim Sizə doğum günü təbrikim olsun.