Sabah olmaya da bilər.
Tezliklə şimal yarımkürəsinə bahar gələcək. Təbiət oyanacaq, ağaclar çiçək açacaq, düzlər ot örtüyünə bürünəcək. Yazın gəlişi bizə həmişə təbiətin möhtəşəmliyini və gözəlliyini xatırladır. Lakin bütün bunlar nə vaxtsa olmaya və ya əvvəlki əzəməti ilə görünməyə bilər. Təəssüflər olsun ki, bu bir realllıqdır ki, XIX əsrdə bəşəriyyət sənayeləşmə mərhələsinə daxil olmaqla təbiətə qarşı səlib yürüşlərinə start verdi. XX əsr “Ətraf mühiti qoruyaq!!!” şüarı altında keçsə də, qlobal miqyasda əsaslı dönüş yaranmadı: hər il tropik meşələrin sahəsi 1% azalmaqda davam edir, ciddi tədbirlərə baxmayaraq, isilik effekti yaradan qazların atmosferə atılması azalmır, hər gün bir neçə canlı növü yox olur, üstəlik ayrı-ayrı regionları cənginə almış səhralaşma heç də yaxşı prespektivlərdən xəbər vermir. Bu gün baş verənlər bunlardır, bəs sabah bizi nələr gözləyir? Yəni bunların qarşısını almaq mümkün deyilmi? Bu başdan deyim ki, indiki Dünya Nizamı ilə mümkün deyil.
İstehlak cəmiyyəti, bazar iqtisadiyyatı və onun üzərində qurulmuş Qlobal idarəetmə sistemi bəşər tarixində, təbiətin mənafayi nöqteyi-nəzərindən ən uğursuz bir sistemdir. Materialist təfəkkür, cəmiyyətdə reklam olunan “zənginlik içində yaşamaq həyat-tərzi” qlobal istehsal və istehlak mühərrikini ildən ilə daha sürətlə fırlanmağa məcbur edir. Bahalı maşınlar, geniş və içi əşyalarla dolu mənzillər, enli və rahat magistrallar, məişətdə istifadə etdiyimiz saysız-hesab əşyalar və s. təbiətin “canı” və “qanı” hesabına əldə edilir.
Onda nə edək? tarixin təkərini tərsinəmi fırladaq və 500—600 il əvvəlki natural təsərrüfatamı qayıdaq? Yox, əlbəttə. Bu yol Bəşəriyyətin xilas yolu deyildir. 10 milyard insanın yaşadığı planetdə belə bir dönüş təsəvvürəgəlməz fəlakətlərə gətirib çıxara bilər. Bu yol nəzəri baxımdan belə mümkün deyil.
Hər hansı bir xəstəliyin qarşısını almaq istəyiriksə, ilk növbədə ona düzgün diaqnoz qoyulmaldır. Əsas tezisimiz ondan ibarətdir ki, ekoloji problemlər qlobal olduğuna görə qlobal miqyasda da həllini tələb edir. Bundan ötrü ilk əvvəl bu problemi yaradan səbəbləri aşkar etməliyik.
Dünyanın təbii resursları kimə məxsusdur?
Təbii resursların istismarı və tədarükü ekoloji problemlərin yaranmasının ilkin səbəbidir. Təəssüflər olsun ki, platemizin təbii resursları – neft, qaz, meşə, qara, nadir və nəcib metallar, almaz və uran ehtiyatları ayrı-ayrı dövlətlərin və transmilli şirkətlərin əlində cəmlənib, onlar tərifindən amansızcasına istismar olunur. Məsələn, bir qram qızılın və ya uranın əldə edilməsindən ötrü min tonlarla dağ süxuru yerin altından çıxarılıb kənara atılır. Bu zaman meşələr və çəmənliklər məhv olur, çaylar, göllər və digər su mənbələri çirklənməyə məruz qalır.
Jak Fresko deyir ki, dünyanın təbii resursları bəşəriyyətin ümumi sərvəti olmayınca, nə qlobal yoxsulluq yox olacaq, nə ekoloji problemlər həll olacaq, nə də dünyanın parçalanmasına və müharibələrə son qoyulacaq. Bəşər tarixi resurslar uğurunda müharibərlərdən, siyasi çəkişmələrdən başqa bir şey deyildir: kimə su, kimə torpaq, kiməsə qonşusundan başqa sərvəti qopartmaq lazımdır. Nə qədər ki, təbii resurslar kimlərinsə əlindədir dünya aclıq və yoxsulluqdan, müharibə və siyasi çəkişmələrdən, və nəhayətdə ekoloji problemlərdən qurtulası deyil. Ona görə də millətlər və dövlətlər bir ümumi toplantı keçirib Dünyanın Təbii Resurslarını bəşəriyyətin ümumi sərvəti elan etməli və xalqlar arasında onların ədalətlə bölünməsinə nail olmalıdırlar.
“Qocaldılmış” mallar
Təbii resurların talan edilməsinin və ekoloji problemləri törədən ikinci amil maddi nemətlərin istehsal və istehlak mədəniyyətidir. “Planlaşdırılmış qocalma” deyilən bir anlayış var: marketdən lampa alırsan, o, 1000-2000 saat yanıb, ömrünü başa vurur. Məcbursan onu başqası ilə əvəz edəsən. Gündəlik həyatda istifadə etdiyimiz hər əşyanın “yaşama” müddəti var. Bu istehsalçının siyasətidir ki, mal tez sıradan çıxsın və sən onun məhsulunu yenidən almaq məcburiyyətində qalasan. Bu sistem öz növbəsində təbii resursların iri miqyasda hasilatına təkan verir. Lakin yaxşı məlumdur ki, lampanın şüşəsinin qalınlığını bir qədər artırmaqla onun ömrünü 100 dəfələrlə artırmaq mümkündür. Çoxları “planlaşdırılmış qocalmaya” təbii hal kimi baxır. İddia olunur ki, istehlak mallarının ömrünün 100 dəfələrlə artırılması istehsalın həcminin azalmasına, zavod və fabriklərin bağlanmasına, işsizliyin yaranmasına gətirib çıxaracaq. Belə çıxır ki, sonda bizi fəlakətə aparan istehsalı qoruyub saxlamaq naminə planetimiz resursları tükənməli və canlı aləm məhv olmalıdır?!
Hüquqları qorunmayan təbiət.
1948-ci ildə dünyanın qabaqcıl dövlətləri bir araya gələrək “Ümumdünya İnsan Haqları Bəyannaməsini” qəbul etdilər. XXI əsrin dörddə biri qədər vaxtın keçməsinə baxmayaraq, hələ də qlobal ekologiyanın yaşamaq haqqını təsbit edən “Ekoloji Bəyannamə” mövcud deyil. Ümumiyyətlə, Ekologiya ilə bağlı Beynəlxalq hüquq bərbad vəziyyətdədir. Belə ki, Qlobal miqyasda Beynəlxalq Ekoloji Hüquq bazası yoxdur. Belə bir sənədi hazırlayacaq və icrasına nəzarət edəcək Beynəlxalq Orqan da mövcud deyil. Çünki Dünya dövlətləri hələ də beynəlxalq qanunvericiliyin əsaslandığı vahid prinsipləri razılaşdırmayıblar. İkincisi, hazırda imzalanmış və tətbiq olunan Beynəlxalq konvensiyalar, müqavilələr və protokollar çox fərqli məsələlərə (ozon təbəqəsinin mühafizəsinə, təhlükəli tullantıların beynəlxalq hərəkətinə nəzarət edilməsinə, iqlim dəyişmələri, səhralaşma bə bioloji müxtəlifliyin qorunmasına və digər problemlərə) həsr olunmuşdur. Üstəlik də müxtəlif beynəlxalq-hüquqi aktları imzalamış dövlətlərin siyahısı nadir hallarda üst-üstə düşür. Bununla da mövcud müqavilələri razılaşdırmaq və ya uyğunlaşdırmaq demək olar ki, qeyri-mümkün olmuşdur. Buradan belə çıxır ki, içində yaşadığımız və sərvətlərindən bəhrələndiyizim təbiət tam hüquqsuz vəziyyətdədir.
Çıxış yolu varmı?
Yuxarıda deyiləndən aydın olur ki, bu günkü qlobal ekoloji problemlərin əsas mənbəyi insan cəmiyyətidir. İnsan cəmiyyəti yeni tarixi dövrə qədəm qoymuşdur. Əvvəllər məlum olmayan problemlər, o cümlədən ekoloji problemlər yeni dövrdə elə həddə çatmışdır ki, hətta ən inkişaf etmiş ölkələr onları təklikdə həll etmək iqtidarında deyildir. Ekoloji problemlər qlobal olduğuna görə, onların həllindən ötrü əsaslı çevriliş qlobal səviyyədə baş verməlidir. Müasir ekoloji böhran aşkar şəkildə göstərir ki, xilasımız bu gün ümumbəşəri işdir. Biz yalnız ümumi səylə sivilizasiyanı xilas edə bilərik.
Bu problemlər Bəşəriyyətin Birliyi, onun siyasi-iqtisadi forması olan Dünya Dövlətlərinin Federasiyası çərçivəsində öz həllini tapa bilər. Çünki Bəşəriyyətin birliyi möhkəm bərqərar olmayana qədər onun firavanlığına, sülh və əmin-amanlığına və ekoloji problemlərin həllinə nail olmaq qeyri-mümkündür. Bundan ötrü: dünyanın təbii sərvətləri ayrı-ayrı millətlərin və transmilli şirkətlərin nəzrətindən çıxarılmalı və Bəşəriyyətin birgə istifadəsinə verilməli və onların istifadəsi üzərində Beynəlxalq nəzarət qoyulmalıdır; həm dövlətlər arasında, həm də milli səviyyədə maddi bərabərsizliklər aradan götülməlidir; qlobal miqyasda tərki-silah həyata keçirilməli, hərbi xərclər elm və texnologiyaların, təhsil və səhiyyənin inkişafına, ətraf mühitin qorunmasına və Kosmik resursların mənimsənilməsinə və bununla da Yer kürəsinin yükünün azaldılmasına yönəldilməlidir; dini, irqi, milli, siyasi, sosial ayrı-seçkiliklər dövlətlərin daxilində və Beynəlxalq münasibətlər sistemində ləğv edilməlidir; savadsızlıq ləğv edilməli və yoxsulluğun kökü kəsilməlidir; bütün ölkələrdə həyatın bütün aspektlərində qadın və kişilərin bərabərliyi bərqərar edilməlidir.
Bəşəriyyətin indi yaxınlaşdığı ideal – bütün millətlərin və dövlətlərin birliyidir. Ölkələrin və millətlərin formalaşması mərhələsi insan sivilizasiyası tarixində sınaqdan çıxmış və uğurla başa çatmışdır. Bütün Dünyanın Birliyi – Vahid Dünya Sivilizasiyası bütün bəşəriyyətin arzuladığı məqsəd və onun sosial təkamülündə yekun mərhələdir. Belə bir sistemin ortaya çıxması Qlobal ekoloji problemlərin sonu olacaq.
Azər Cəfərov
Bakı Dövlət Universiteti, Ekologiya və Torpaqşünalıq
fakültəsinin dosenti, fəlsəfə doktoru