- Mədəniyyət

Zümrüd Dadaşzadə: Qara Qarayev bir çox bəstəkarlar üçün örnək olub

Bu yaxınlarda Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, akademik Qara Qarayevin anadan olmasının 105 illiyi tamam oldu.

Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə dahi bəstəkarın həyat və fəaliyyəti haqqında bildiyini AZƏRTAC-la bölüşüb.

“Qara Qarayev bir çox bəstəkarlar üçün örnək olub. O, axtarış yolu ilə getməyə çalışırdı. Bu, onun yaradıcı təbiətinin çox vacib bir tərəfi idi. Faktiki olaraq, onun bütün yaradıcılıq yolu, bütün həyat xətti bu əsas vəzifəyə tabe idi – öndə olmaq, insanları arxasınca aparmaq”, – deyə Zümrüd xanım bildirir.

Qara Qarayevdən danışarkən, musiqişünas onun Azərbaycan musiqisindəki unikal rolunu xüsusi vurğulayır: “O, həmişə istəyirdi ki, Azərbaycanın səsi geniş məkanda səslənsin, Azərbaycanın akademik musiqisi dünyada tanınsın. O, şagirdlərini axtarışa çağırırdı, onları çətin yollarla getməyə, müasir musiqi vasitələrinin bütün arsenalından istifadə edərək yaradıcılıqlarını qurmağa ruhlandırırdı”.

Zümrüd xanımın sözlərinə görə, Qara Qarayev həmişə deyirdi ki, milli musiqini istismar etmək olmaz: “Qara Qarayevin xalq musiqisini neft yataqları ilə müqayisə etdiyi məşhur kəlamı var. O bildirib ki, neftin dərin təbəqələrini mənimsəmək üçün xüsusi texniki qurğular lazımdır. Həmçinin xalq musiqisini tətbiq edərək, onu təcəssüm edərək “texniki cəhətdən təchiz olunmalı” və təkcə “səthi təbəqələr” istismar edilməməlidir, – bu, onun əsas çağırışı idi”.

Bəstəkarın yaradıcılıq fəaliyyətində professor Zümrüd Dadaşzadə 1960-cı illəri xatırladır: “Bu, xüsusi bir dövr idi – faktiki olaraq o, yeni bir yola qədəm qoya bildi, müəyyən dərəcədə özünə üstün gəldi və yeni 12 tonluq bir texnikaya yiyələnə bildi. Bu əsasda o, üçüncü simfoniyasını və daha sonra skripka konsertini yaratdı, burada o, yeni ifadə vasitələrini məhz dərin milli düşüncə prinsipləri ilə birləşdirə bildi. Qara Qarayev artıq o vaxt tanınmış bəstəkar idi, dövlət mükafatları almışdı, akademik idi. Axtarış yoluna qədəm qoyması da təkcə Azərbaycan musiqisi üçün deyildi, həm də bütün Sovet musiqisi üçün böyük əhəmiyyət kəsb edirdi”.

Zümrüd xanım Qara Qarayevin Sovet avanqardının lideri olmasından bəhs edir: “Bəstəkar Rodion Şedrin həmişə deyirdi ki, Qara Qarayevin yaradıcılığı, müxtəlif yığıncaqlarda və plenumlarda fikirləri, çıxışları sayəsində sovet musiqisi daha təbii yol ilə inkişaf etməyə başladı”.

Musiqişünas dahi bəstəkarın xüsusi bir missiyasının olmasını qeyd edir: “O, gördüyü işlərə, bu tərəqqiyə görə məsuliyyəti öz üzərinə götürdü. Onun missiyası var idi: hamını – həm şagirdlərini, həm də həmkarlarını arxasınca aparmalı idi”.

Zümrüd Dadaşzadə Qara Qarayevin Ev-Muzeyinin fəaliyyətini də ayrıca qeyd edir: “Bu platforma bu gün hər zaman musiqinin səsləndiyi, tədbirlərin keçirildiyi məkandır. Bir tərəfdən bu muzey Qara Qarayevin xatirəsini göz bəbəyi kimi qoruyub saxlayır, digər tərəfdən isə gənclərə çıxış etmək imkanı verir ki, bu da çox vacibdir”.