Haqqında nə qərəzli, nə də qeyri-səmimi yazacağım bir kəs yoxdur. Sadəcə, doğru və yanlış bildiyim məqamlar var ki, onları vurğulamağı çox sevirəm. Yazdığım hər cümlə naqil dirəklərə bərkidildiyi kimi, qəlbimə bağlıdır. Səmimiyyətimə inanın. Daha bunu bir də heç bir yazımda vurğulamayacam. Qəlbimlə beynimin arasında baş verən qısa qapanmadan yaranan qığılcımları qələm tutub saxladıqca, məni yaxından tanıyacaqsınız. Ətrafa sıçrayan hər nə varsa (ideya, amal, niyyət və s.) bilin ki, əqidəmin göstəriciləridir. Vəssalam.
Yaxşı insanların yaxşılığından, pislərin də pisliyindən, heç kəs-dən mənəvi dəstəyini əsirgəməyənlərin gözəl keyfiyyətlərindən, qarşında tikanlı məftil kimi dayananların da “tikanlarından” bəhs etmək-də qəbahət görmürəm. Əksinə, belə hallardan yazılı bir nümunə qoymaq, kimlərinsə oxuyub, ya özünü görməklərinə, ya da nəticə çıxarmaqlarına səbəb olmağın lazımlığını düşünürəm. Narahat olduğunu hiss edəndə qəlbimə tərəf boylanıram. Orda baş verənləri gözlə görmək mümkün olmadığı üçün Allah-təala qələmi insanlara bəxş edib ki, açıb baxa bilmədiyi qəlbində nələr baş verdiyini yazıb, göstərə bilsin. Qələm güzgüyə çevrilir, daxili dünyanı açıb göstərir. Bu güzgüdən istifadə etməyi həddən çox sevirəm. Əsl güzgüyə vaxt ayırmasam da, qələm güzgünün qarşısından saatlarla ayrılmıram və bundan da zövq alıram. Ürəyimi yaxşı tanıdığım üçün orda baş verənləri izah etməkdən çəkinmirəm. İnanıram ki, yazdıqlarımı oxuyan hər kəs o yazıların səmimiliyinə inanacaq, hansı məqsədlə ərsəyə gəldiyini elə ilk cümlələrdən duyacaqlar. Yazdığım hər şeyi bu arxayınlıqla yazıram. Yazarkən özümü o dərəcədə xoşbəxt hiss edirəm ki, gözümdən nurun əskilməsinə belə sevinirəm. Bununla sevdiyim insanlara təmənna güdmədən sevgimi izhar etməyə çalışıram.
Təmənnasız sevdiklərimdən birini bu axşam sözə hopduracam. Söz cahanda əbədilik qazanmış nəsnələrdəndir. Sevdiklərimi ona etibar edirəm. Əsas mətləbə sözün üzərindən musiqini sıyırıb tökməklə başlayacam. Başqa çarəm yoxdur. Yazıda o səsi, ahəngi vermək mümkün deyil. Əminəm ki,
Gecə küsdü, ay da batdı,
Yuxusuna haram qatdı,
Ürəyimi dərd oyatdı,
Mən gözlədim, sən gəlmədin…
– misralarını oxuyanlar, sevgidə yetim qalanlar “Qədir Qızılsəs” deyə həyəcanla pıçıldadılar. Hər gecə hamıdan gizlənib sevgilisinin yolunu gözləyənlər, əzabları ilə zülmət gecələrdən fərqlənməyən gündüzlər həsrət çəkənlər bu mahnını kimin oxuduğunu bilməzlərmi? Uzaqdan qulağınıza min dənə həzin nəğmə səsi gəlsə də, onların içində Qədir Məmmədovun səs adlı kədərini tanıyacaq, duyacaqsınız.
Yollarında itib qaldım,
Döngəsində bitib qaldım,
Tənha qaldım, yetim qaldım,
Mən gözlədim, sən gəlmədin.
Elə bu hicranın təsirindən ayrıla bilməyən həmin yetim insanın ümidsiz halda dinlədiyi daha bir mahnıdan –
Bilsəm gələrsən, durub yol üstə
Sən gələn o yollara çiçək səpərdim.
Bu ayrılığa əlvida deyib,
Qaçıb ayaq izlərindən də öpərdim.
– yanğısından da Qədir boylanır. Bu səs nələr oxuyur, bu səs nələri xatırladır… Səslə sözlər bir-birinə necə qarışırsa, onları seçmək çətin olur. O elə oxuyur ki, adam elə bilir, müğənni bunları həmin an yaşayır. Bəzən də onun sənin hisslərini nəğmə şəklində oxuduğunu zənn edirsən.
Qayıt, şeirimin sətrinə qayıt,
Qayıt, ömrüm-günüm yanıma qayıt,
Qayıt, ikimizin xətrinə qayıt!
– deyib göz yaşı tökənlər, bəlkə də, sirrinizi onun kimi açıb-ağardan olmayıb. Nəğmələrini bir-bir xatırlatsam, həsrətiniz təzədən nəqərat-nəqərat təzələnəcək, xatirələriniz nəğmə-nəğmə pərən-pərən düşəcək. Səpələnən hisslərinizi yığın, həmdəm olun bir-birinizə. Baxın, sizin kimi nə qədər sevgisi perik düşmüş adamlar var. Onlar Qədir oxuyanda baş-başa verirlər.
Son dövrlərdə götürdüyü “Qızılsəs” təxəllüsü Qədir Məmmədov imzasına kölgə salmadı. Onda o cür, indi də bu cür sevilir. Məmmədbağır Bağırzadə ilə birgə evimizin ən sevimli qonağı idi. Onları ekranda görəndə aləm bir-birinə dəyirdi. Nənəm xanəndələrə söz çağıranlar deyirdi. Bəli, onlar sözü çağırırlar, amma sözün kimə gələcəyi səslənməkdən asılıdır. Yaxşı səsləyərsən, notlar da ayaq açıb yanına qaçar. Bu sarıdan Qədir Məmmədovun bəxti gətirib, söz ondan qaçmır, hansını çağırırsa, gəlib qarışır duyğularına. Hər dövrdə söz çağıranlarımız çox olub, amma Allahdan gizli olmayanı sizdən niyə gizlədim, bu zamanda yaxşı söz çağıranlarımız azdır. Az-çox yaxşıları da ötən illərin musiqi ab-havasını almışlardır.
Bizim pis xüsusiyyətimizin biri də budur ki, sağlığında heç kəsə dəyər vermirik, üstəlik, paxıllığını çəkirik. Gözləyirik ki, o, dünyasını dəyişsin, biz də nekroloq yazaq və yaxud da tərifləyək. Məhəbbət Kazımov necə ki, sağ idi, bəzi saytlar, jurnalistlər onu heç yada salmırdılar. Bəlkə də, belə bir müğənni olduğunu unutmuşdular. Bir səhər oyanıb gördük, bütün səhifələr, saytlar qan-yaş tökür ki, M.Kazımov dünyasını dəyişdi. Təbii ki, onun sevilməyinə şübhəm yoxdur. Amma rəhmətlik sağ olanda bircə dəfə də olsun, haqqında yazmayanlar hə-min gün onun ölümündən yazırdı. Məhəbbət Kazımov ancaq xəbər rolunu oynayırdı. Onun adını görənlər üçün bu təsirli olacaq, sayta daxil olub oxuyacaqdılar. Söhbəti bu qədər uzatmaqda bir məqsədim var. Demək istəyirəm ki, sevdiklərim haqda vaxtında yazmağı sevirəm.
Qədir Məmmədovun mahnıları həmişə mənə sirr kimi görünüb. Özüm də sirrimi bu nəğmələrdə gizlətmişəm. Onun ifası ilə bildim ki, həsrətin, kədərin, hicranın da səsi olurmuş, onun ifası ilə tanıdım sevgisi qəlbində daşa dönənləri. Unudulanları, unutmayanları, gəlməyənləri, kədərdən qopmaq istəyənləri Qədirin nəğmələri nişan verdi mənə. Sevgini ötəri hisslərlə ayıra bilməyənlərə bir nümunədir onun yanıqlı səsində canlanan nəğmələr. Dinləyin bu mahnıları, kədərdən qorxmayın, o, sizə çox şeyi anladacaq, eyforiya dalınca qaçmağa çox bənd olmayın. Kədərin qandırdığı mətləbləri hələ heç kəs başa sala bilməyib bizə.
Həyatda üz-üzə gəlmədiyim adamları uzaqdan sevməyə alışmı-şam. Özü də mənim sevgim təmənnasız olur.
Qədir Qızılsəsə deyin ki, nəğmələrindən aldığım zövqə görə ya-zımı təşəkkür məktubu kimi qəbul etməyini istəyirəm.