- Köşə

Firidun AĞAZADƏ. “Qulluq… Qul+luq?..”

Şəhərə çıxanda eşitdiyimi, gördüyümü redaktə eləməsəm olmur. Bir az da maksimalistəm, ifrat düzlük, ifrat doğruluq axtarıram. Məmməd Araz necə demiş: “Axır səni düzdə qoydu bu düzlük”.

O gün bulvarda xeyli gəzdim, səkinin yanındaca qoyulmuş çayxana stullarının birində oturdum ki, dincimi alım, çay içmək fikrim yox idi. “Müəllim, nə qulluq?” – böyrümdə bir cavan oğlan bitdi. Çayçı imiş.

“Qulluq”?..

Sözü eşidən kimi redaktə apardı məni…

Qulluq var, qul+luq var da. “Qulluq” sözü “qul” sözündən yaranan isimdir. Qrammatik çözümü: leksik şəkilçinin köməyi ilə isimdən düzəldilmiş, mücərrəd mənalı düzəltmə isimdir: qul+luq. Əski mənasını az qala görməzliyə (“görməməzliyə” yox), bilməzliyə (“bilməməzliyə” yox) vururuq. Bəs, necə? Biz qul-zad deyilik, azadıq və azad, müstəqil ölkəmizdə azad yaşayırıq.

Bəs, bu “qulluq” nədir? Birinə “qul” deyərsən, təhqir bilər.

Dünyanın əşrəfi olan insan qul ola bilməz! Azərbaycan insanı heç ola bilməz! Hələ, görün böyük Səməd Vurğun necə demiş: “Təbiətin ana qəlbi qul doğmamış insanı!” Qədim dövrlərdə müharibədə əsir tutulub satılan ya da xidmət üçün satın alınmış adamlara “qul” deyiblər. Qul bazarları olub… Qul, kəniz, nökər, cariyə və sair. Cəsur qullar sonra “məmlük” olmuş, bu başqa söhbətdir. Qul, yəni, mal kimi, əmtəə kimi alınıb satılan adam. Dinimizdə də bir “qul haqqı” anlayışı var. Bu haqq fərdlə də, cəmiyyətlə də əlaqəli ola bilər.

Məsələn, dövlət malını qəsb edən şəxs ümuma aid haqqı tapdamış olur. Çünki dövlət əmlakında hər bir vətəndaşın əməyi və haqqı var. Bəzən haqqı tapdamaq sadəcə əmlakın qəsbi ilə bitmir, insan vəzifəsindən və səlahiyyətlərindən sui-istifadə edir. Onun bu hərəkəti cəmiyyət içərisinə ədavət, çaxnaşma salır – vilyamhacıyevlər kimi… “Qul+luq” varsa, demək, qul da var. Necə deyərlər, qul dünən də vardı, “bu gün də, yarın da…”. Öz iradəsini, hərəkətlərini (hətta pul kartlarını!) tamamilə bir şeyə, ya başqasına tabe etmiş adam QUL deyil də nədir?

Birisi də belə izah etmiş: “qul” “qılmaq” feili ilə bağlıdır, “işləyən” deməkdir. “Uşaq” mənasında da işlədilib (“qulbeçə”). “Qulluq, qılman, qulluqçu, quldar” sözləri də həmin “qul” (qılmaq) sözü zəminində yaranıb. Bəs, “qaçaq-quldur”? “Qul” rus dilində “раб” deməkdir, “раб, работа, ребёнок” məhz iş anlamı ilə əlaqədardır. Heç bir hüququ, ixtiyarı olmayan kölə, yəni. Hələ qulun qarabaşı, sarıbaşı var (qul-qarab(v)aş). “Qul” sözü kiminsə o qədər xoşuna gəlib ki, övladının adını da bu sözün təsrif formasında qoyub: Qul+am, yəni, elə hazır qulam da…

“Qul” dedim, Həsən bəy Zərdabinin fəryadı yadıma düşdü: “Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb bizim ata-baba adətləridir. Nə qədər böylə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmənik”.

Xüsusən qabaqlar bu “qul” sözü çox xoşumuza gəlib: Həsənqulu, Nəsirqulu, Allahqulu, Mehdiqulu, Heydərqulu, Qədirqulu, Tanrıqulu… sadəcə, Qulu…

İstənilən adımızın sonuna bir “qulu” əlavə etmək mümkündür. Bir yoxlayın…

“Qulluq” və “qulluqçu” deyəndə “qul” heç yada düşmür. Tutaq ki, keçən əsrin əvvəllərində, yəni, sovetdən qabaq Telli fəxrlə deyib: “Mən bu evin qulluqçusuyam”. Vəli də qazı-qazı deyib: “Mən də o evin nökəriyəm”. Yaşam belə olub. Ağa, bəy olan yerdə qul da, nökər də olar.

“Dövlət qulluğu” şərəfli bir işdir, dövlətə xidmətdir. Amma qulluq var, qul+luq var da… “Qulluq” deyib müdirlər, direktorlar qabağında “ləbbeyk” deməmək müşkül işdir. Bu müşkül həm də mənim müşkülümdür. “Həm də” deyirəm, çünki mənim kimilər də az deyil. Həmişə dövlət işində işlədim, dövlətə xidmət elədim, amma “qul+luq” eləyə bilmədim. Bəzən hətta sol getdim, “solluq” da elədim, amma “qul+luq” eləyə bilmədim. Hər mənada… Guya “Zamanın qayçısı düzü düz kəsir…” (Məmməd Araz). Doğrudanmı, düz kəsir, Şair?

Tarixin qul müharibələri, qul üsyanları olmuş… Bu yerdə bir lirik ricət deyək: “…Amerika, hər qərarı, hökmü verən zaman olur, Bil ki, qullar dünyasının intiqamı yaman olur…”. Bu da lap ona oxşayır ki: “Göstərən saətdə dövrani-fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri…”. Nə qul, nə qulluq, nə inqilab?.. Gör, söz məni haralara apardı…

Dünya kosmetika salonlarında üz dərisinə qulluq edən qadınlar… “Oriflame” kişi dərisinə qulluq etmək üçün məsləhətlər verir…” – bunları da televiziya çarxından eşitdim.

Keçən əsrlərdə bir erməni biznes maqnatı olub, Türkiyədə pərvəriş tapıb, Qalust Qulbenkyan adlı, Portuqaliyada “Qulbenkyan Fondu” yaradıb, soyadını bəzən “Gülbenkyan” yazsalar da… deyirəm, burada da “qul” görünür…

Yox, “qul+yabanı” sözü o “qul”dan deyil, heç olmasa ona görə ki, “qul+yabanı”dansa “qul+mədəni” olmaq yaxşıdır.

Qul nədir, qul+luq nədir? Görək ariflər nə demiş:

“40 il qul kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdır” (Babək Xürrəmi). “Bir ölkə, yarı qul, yarı azad insanlardan meydana gəlsə yaşaya bilməz (Avraam Linkoln).

“Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır” (Sədi Şirazi).

“Kimə “ağa” deyirsən, səni özünə “qul” bilir” (abxaz atalar sözü).

“Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar” (Əli bəy Hüseynzadə).

“Ermənilər ağ dərili qullar arasında ən pisləridir. Onlarda utancaqlıq yoxdur, onların çoxu oğrudur, xarakterləri və dilləri çox kobuddur…” (Strabon).

p.s. “Qul” sözünün ingiliscəsi “slave”dir, fransız dilindəki “asclave” sözündən yaranıb, bu da öz növbəsində qədim latın və yunan dillərindəki “sclāvus – sklábos (Σκλάβοσ) sözlərindən yaranıb.

İngilis dilində “qulluq” sözü də var, amma “qul+luq” varmı, bilməm…