Bədii və elmi ədəbiyyatda, mətbuatda və insanların danışığında başqa xalqların dillərindən ya qüsurlu şəkildə tərcümə edilərək dilimizə daxil olmuş, ya da elə əvvəldən mənbə dildə qüsurlu şəkildə işlədilən sözlərə rast gəlinir. Belə sözlər dilimizin qrammatikasına uyğun olmasa da, geniş surətdə işlədilir və bunlar arasında elələri vardır ki, bəzən onların səhv olduğunu bilənlər də işlətməli olurlar. Belə sözlərin ən geniş yayılanlarından biri “tərəfindən” (tərəfimizdən) sözüdür.
“Tərəfindən” sözünün dilimizə daxil olması XIX əsrin sonu və XX əsrin əvvəlində Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar olmuşdur. O zaman iqtisadi cəhətdən geridə qalmış ölkə olan İrandan Bakıya çox sayda insan gəlmişdi və onlar burada fəhlə, “hambal” kimi işləyərək ailələri üçün çörəkpulu qazanırdılar. Əksəriyyəti savadsız olan bu insanlar ailələrinə məktub yazdırmaq üçün fars dilini bilən mirzələrin köməyindən istifadə edirdilər. Adətən şəhərin mərkəzi küçələrində oturub bu işlə məşğul olan mirzələr yazdıqları məktubların başqasının adından olduğunu bildirmək üçün yazılarını “əz tərəfi filankəs” sözləri ilə başlayırdılar. Bu isə əslində “məktubu filan savadsızın adından onun dediklərinə əsasən yazıram” mənası verirdi. Nədənsə bu söz sonralar çox sürətlə yayımış və ondan dilimizə uyğun olmayan mənalarda istifadə edilməyə başlanılmışdır. İndi çox adam “mənim gördüyüm iş”, “apardığım tədqiqat” əvəzinə “tərəfimdən aparılmış iş”, “tərəfimizdən aparılmış tədqiqat” kimi ifadələr işlədir. Bəzən hətta “tərəfindən” sözünü işlətməyən adama irad tuta da bilərlər. Məsələn, siz ərizənizdə “filankəsin ərizəsi” və ya “filankəsdən ərizə” yazarsınızsa, adi bir dəftərxana məmuru buna irad bildirib, “filankəs tərəfindən yazmalısınız” deyə bilər. Ən qəribə hal isə polis hesabatlarında yazılan “cinayətkar tərəfimizdən yaxalandı” ifadəsidir. Guya bunun əvəzinə “cinayətkarı yaxaladıq” yazmaq olmazdı?
Keçən əsrin birinci yarısında yaşamış görkəmli filoloqlarımız məhz “tərəfindən” sözünü nəzərdə tutaraq, dilimizə “qələti-məşhur” ifadəsi gətiriblər. Birinci sözü fars, ikinci sözü ərəb mənşəli olan bu ifadə sonralar dilimizim lüğət fonduna da daxil edilmişdir. Sözün mənası Azleksin onlayn lüğətində belə izah edilir:
– “Geniş yayılmış, bir çoxları tərəfindən düzgün kimi qəbul edilən səhv, xəta”.
Göründüyü kimi, hətta “qələti-məşhur” ifadəsinin mənasını izah edən lüğət tərtibatçıları da haqqında bəhs etdiyim sözün səhv olduğunu nəzərə almayıb və bu səhvdən yayına blməyiblər. Halbuki, bu izahı belə də vermək olardı: “əslində səhv olduğu halda, düzgün hesab edilən geniş yayılmış söz”.
1985-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap edilmiş “Azərbaycanca-rusca lüğət”də (müəllifi: X.Ə.Əzizbəyov) qələti-məşhur sözünün rusca mənası belə izah edilir; – “Общеизвестная ошибки, допустимый, укоренившийся в языке, варваризм».
“Varvarizm” (azərbaycanca – barbarlıq) sözü müasir dövrdə vəhşilik kimi anlanılsa da, əslində Qədim Roma imperiyasında yad (yadelli) mənasında yaranmışdır. Bu baxımdan lüğətdəki izahı düzgün hesab edə bilərik. Yəni bu tip sözlər məhz yad dillərin təsiri nəticəsində ortaya çıxmış sözlərdir. Belə sözlər dilimizə daha çox rus və fars dilləri vasitəsilə daxil olmuşdur. Ancaq son illərdə (təəssüf doğuracaq hal olsa da) Türkiyə türkçəsinin də mənfi təsiri hiss edilməkdədir. Bu, xüsusilə türk elmi ədəbiyyatında özünə yer tapmış başqa dillərdən alınma sözlərə aiddir.
Dostum və həmkarım, mərhum Nijad Mikayılzadə “Həyat haqqında düşüncələr” (Bakı, “Mütərcim”, 2007) adlı kitabında son vaxtlar tez-tez eşitdiyimiz və mətbuatda rast gəldiyimiz “haradasa” sözü haqqında yazırdı:
– Ruslar “Где-то” (haradasa, məlum olmayan yerdə) sözünün zamana aid edilməsi ilə mübarizə apardıqları halda, biz onların səhvini təkrar edirik. Məsələn, “Bu gün saat 7 radələrində bizim evdə görüşərik” əvəzinə “haradasa saat yeddidə bizdə görüşərik” deyiləndə, qarşı tərəfdən sual verilə bilər ki, əgər sizdə görüşəcəyiksə, daha niyə haranısa axtarmalıyam?”
Azərbaycan və rus dilində olan cümlələrin struktur fərqləri nəzərə alınmadan birbaşa edilən tərcümələr sayəsində dilimizə gətirilən sözlər vardır ki, onlardan yaxa qurtarmaq olduqca müşkül bir işə çevrilib. Bunlara misal olaraq, “который” bağlayıcısının “hansı ki” şəklində işlədilməsini göstərə bilərik. Hər halda “Toy məclisinə Şəkidən qonaqlar gəlmişdi, hansılar ki, bəyin dostları idi” ilə müqayisədə “Toy məclisinə Şəkidən bəyin dostları gəlmişdi” və ya “Bəyin Şəkidən olan dostları toy məclisinə qonaq gəlmişdi” kimi cümlələr daha yaxşı səslənir.
Dilimizin gözəlliyinə xələl gətirən qələti-məşhurlara mənim fəaliyyət sahəm olan tibb ədəbiyyatında da çox rast gəlinir. Əfsuslar olsun ki, son vaxtlarda ölkəmizdə azərbaycanca çap edilən dərsliklərdə, monoqrafiyalarda və elmi məqalələrdə heç bir dil qaydalarına riayət edilmir. Hətta dərsliklərimiz arasında elələrinə təsadüf edilir ki, onlarda verilən mətnlərdən tələbələrin nə isə başa düşə biləcəklərinə şübhə etməmək olmur. Ölkəmizdə “Tibb terminləri lüğəti” adı ilə çap edilən kitabların da əksəriyyəti heç ələ götürülməli deyil.
Əslində ölkəmizin tibb ədəbiyytaında rast gəlinən yazı xətalarını saymaqla qurtaran deyil. Yazı mətnlərində olan üslub səhvləri də xüsusi bir bəlaya çevrilib ki, bunun səbəbini də insanların uşaq və yeniyetmə yaş dövrlərində mütaliəyə az vaxt sərf etməsi, yalnız ali məktəbə daxil olmaq naminə bir neçə fənn üzrə test əzbərləməklə məşğul olması ilə izah etmək olar. Aşağıda müasir tibb ədəbiyyatımızda tez-tez rast gəlinən səhvlərdən kiçik bir qrupu haqqında məlumat veririəm.
Tibb ədəbiyyatında rast gələndə ürək bulandıran mənasız söz yığınlarından biri – “qanda şəkərin artması baş verir”dir (bu tip cümlələrdə şəkər əvəzinə başqa bir maddənin də adı ola bilər). Tək bu sözlərdə 2 bağışlanılmaz səhv vardır; birincisi “qanda şəkərin miqdarı yox, qatılığı (konsentrasiyası) təyin edilir. Qanda şəkərin miqdarı deyildikdə yalnız orqanizmdə olan qanın bütün kütləsi üçün hesablanmış şəkər nəzərdə tutula bilər. Orqanizmin çoxlu su itkisinə məruz qaldığı hallarda qanın həcm vahidində olan şəkərin qatılığı yüksək olsa da, bütövlükdə tam orqanizmin qanında bu maddənin miqdarının az olması da mümkündür.
Beləliklə, həcm vahidində təyin edilən şəkərin səviyyəsini bildirmək üçün miqdardan yox, qatılıqdan bəhs edilməlidir. İkinci mühüm səhv isə cümlənin quruluşuna aiddir. Axı “artır” əvəzinə “ artması baş verir” yazmaqla nəyə nail ola bilərik? Tez-tez tibb ədəbiyyatında belə cümlələrə rast gəlirik: “xəstəyə mədə qastriti diaqnozu qoyulub”, “xəstəyə qaraciyər hepatiti diaqnozu qoyulub”, “ böyrək nefriti diaqnozu qoyulub” və s. bu sözlərin hər birinin sonluğunda olan -it şəkilçisi orqanın iltihabını bildirir, sözlərin kökü isə müvafiq surətdə mədənin, qaraciyərin və böyrəyin latınca adlarıdır. Demək burada əlavə olaraq, mədə, qaraciyər, böyrək sözlərinə ehtiyac yoxdur. “Xəstənin ürəyində taxikardiya vardır” cümləsi də çox yazılır və deyilir. Halbuki burada sözün birinci hissəsi – “taxi” tezləşməni bildirir, “kardiya” (latınca – cardio) isə prosesin ürəyə aid olduğunu göstərir, yəni ürək vurğularının tezliyinin artması. Beləliklə, yuxarıdakı cümlədə ürək sözü artıqdır. Eyni sözləri “ürəyin elektrokardiqramması” haqqında da demək olar. Əlavə olaraq qeyd edirəm ki, bu elektrokardioqramma sözündəki – “ma” sonluğu rus dilinə aiddir. Azərbaycanca elektrokardioqram olmalıdır.
Mətbuatda və həkim söhbətlərində tez-tez “xəstənin psixologiyası pozulub”, “filan hadisə insanın psixologiyasına mənfi təsir göstərir” kimi yanlış ifadələrə rast gəlirik. Psixologiya – psixi fəaliyyət (psixika) haqqında elmdir. Aydındır ki, hər bir insanın fərdi psixilogiyası ola bilməz; demək burada “psixi fəaliyyət (və ya) psixika pozulub” deyilməlidir.
Qanın laxtalanma qabiliyyətini qiymətləndirmək üçün öyrənilən laborator göstəricilərdən biri “qanın laxtalanma müddəti” adlanır. Bunu öyrənmək üçün xəstədən qan alınır və saniyəölçən vasitəsilə qanın damardan çıxdığı andan laxtalanana qədər keçən müddət ölçülür. Aydındır ki, bu təyinatdan alınan nəticə də laxtalanma müddəti adlandırılmalıdır. Lakin klinik laboratoriyaların əksəriyyətində müayinədən keçən xəstələrə təqdim edilən sənədlərdə ya “laxtalanma zamanı”, ya da “laxtalanma vaxtı” yazılır (bu sözləri “trombin müddəti”, “protrombin müddəti”, “plazmanın rekalsifikasiya müddəti” kimi laborator göstəricilərin adları haqqında da demək olar). Əslində bu üç sözün (zaman, vaxt, müddət) mənasında olan fərqləri nəzərdən keçirdikdə biz ana dilimizin zənginliyi ilə fəxr etməliyik. Ancaq laboratoriya mütəxəssislərimiz rus dilində “время” sözünü anladıqları şəkildə tərcümə edir, müddət əvəzinə zaman və ya vaxt yazırlar. Halbuki, onlar ATU-da təhsil aldıqları dövrdə heç bir dərslikdə “laxtalanma zamanı” və ya “laxtalanma vaxtı” kimi sözlərə rast gəlməyiblər. İndi biz nə edək ki, rusların fərqli mənada olan 3 məhfuma fərqli ad verməyə fantaziyaları çatmayıb?
Rus dilinin təsiri altında tibb terminlərimiz arasına daxil olmuş qələti-məşhurlardan biri də “sidik cövhəri”dir. Məlumdur ki, azotlu üzvi birləşmələrin (aminturşular, zülallar və s.) orqanizm daxilində katabolizminin son məhsullarından biri zəhər təsirinə malik olan ammonyakdır. Orqanizm bu maddənin artıq hissəsini xüsusi mübadilə yolları vasitəsilə daha xarici mühitə asanlıqla çıxarıla biləcək digər maddələrə çevirir və böyrəklər vasitəsilə özündən kənarlaşdırır. Belə mübadilə yollarından ən əhəmyətlisi isə ammonyakın karbamidə [karbonat turşunun amidi – CO(NH2)2] çevrilməsindən ibarətdir. Böyrəyin funksiyası pozulduqda karbamidin orqanizmdən kənar edilməsində çətinlik yaranır və qanda bu maddənin qatılığı artır. Orqanizmdə karbamid artıq olduqda həm bilavasitə zəhər təsiri göstərir, həm də bu zaman ammonyakın zərərsizləşdirilməsi baş tutmur. Beləliklə, bu maddə əslində orqanizmdə zəhər kimi təsir göstərən daxili mühit amilidir. Lakin biz karbamidin rus dilində yanlış olaraq qəbul edilmiş adı olan “мочевина” sözünü tərcümə edib “sidik cövhəri” adlandırmışıq. Dilimizdə “cövhər” adı ilə məlum olan bir sıra maddələrdən qidalanma və ya müalicə məqsədilə istifadə edilir. Buna görə əslində zəhərli təsir xassəsinə malik olan və orqanizmdən xaric edilməsi vacib hesab edilən maddəyə cövhər deyilməsini məqsədəuyğun hesab etmək olmaz. Demək, bu maddəni molekulunun kimyəvi quruluşuna görə adlandırıldığı kimi – karbamid adlandırmalıyıq.
Qəribə haldır ki, bizim tibb mütəxəssisləri son illərdə hansı ölkənin tibb ədəbiyyatında bir nümunə görürlərsə, orada gözlərinə sataşan hər bir məlumatı və ya hər bir sözü böyük bir yenilik hesab edib istifadə etməyə başlayırlar. Ancaq biz dəfələrlə dərsliklərimizdə və mühazirələrimizdə bəzi yanlış ifadələrin və hətta terminlərin düzgün olmadığını vurğuladığımız halda, təsirini görmürük. Bu sətirlərin müəllifi ATU-nun bütün fakültələrində tədris edilən iki müxtəlif fənnin dərsliklərində məhz sidik cövhəri sözünün düzgün olmadığı haqqında məlumat vermişdir. Lakin “sidik cövhəri” ifadəsi hətta həmin kitablar üzrə dərs keçilən kafedraların əməkdaşlarının da dilindən düşmür.
Bir neçə gün bundan əvvəl mən bir xəstənin laborator analizlərinin nəticələri yazılmış vərəqdə sidik əvəzinə “idrar” sözü yazıldığının da şahidi oldum. Həmin vərəqəni xəstəyə təqdim edən laboratoriyanın əməkdaşları bizim keçmiş tələbələrimizdir və onlar nə ailədə, nə də tədris prosesində “idrar” sözü eşitməyiblər. Ancaq təsadüfən əllərinə keçmiş bir türkdilli kitabda bu sözü görən kimi təkrar etməyə başlayıblar. Yenə söhbət başqa sözdən getsəydi, fikirləşərdik ki, bu, türk dilinə sevgi ilə əlaqədardır. Çünki artıq vərdiş etmişik, son vaxtlar hər hansı dilimizə yatmayan bir sözün dilə gətirilməsinə etiraz ediriksə, böyürdən birisi çıxıb deyir ki, bu əsl türk sözüdür, niyə biz ərəb sözlərini atıb bunu işlətməyək? İdrar sözü haqqında isə bu fikri söyləmək düzgün deyil. Çünki bu söz də elə mənşəyinə görə ərəb dilindəndir, ancaq əvvəl ərəblərdən Avropa xalqlarının dilinə keçərək, oradan da dolayı yolla türk dilinə gətirilib.
Mən adətən molekulunun kütləsi və ölçüləri böyük olan nuklein turşuları, zülal, nişasta, qlikogen və digər bu kimi birləşmələri irimolekullu, onlara nisbətən min- və hətta milyon dəfələrlə kiçik molekul ölçüsünə və kütləsinə malik olan birləşmələri isə xırdamolekullu birləşmələr adlandırıram. Bir dəfə təhsilinə görə kimyaçı olan, ancaq uzun müddət nəşriyyat redaktoru işləmiş bir nəfər mənim yazdığım “irimolekullu və xırdamolekullu birləşmələr” ifadəsi ilə razılaşmadığını bildirdi və səbəb kimi bu maddələrə rusca “высокомолекулярные и низкомолекулярные вещества” deyildiyini göstərdi. Lakin nəzərə alınmalıdır ki, bu maddələrin müqayisəsi zamanı yüksəklik və aşağılıq anlayışına uyğun gələ biləcək heç bir əlamətə rast gəlmirik və yenə ortaya belə bir sual çıxır: “Əgər rus dilində qəbul edilmiş terminlərdə yanlışlıq varsa, niyə biz onu təkrar etməliyik?”
Tibb ədəbiyyatında “orqanizm” və ya “orqan” sözlərinin də xüsusi yeri vardır. Beynəlxalq tibb terminologiyasına uyğun olaraq, canlı vücudunun müxtəlif anatomik-funksional vahidləri (ürək, qaraciyər, ağciyər, böyrək, mədə, əzələlər və s.) orqan adlanır və buna müvafiq olaraq, orqanların vəhdətindən ibarət olan bütöv vücuda orqanizm deyilir. Terminyaratmada unifikasiya prinsipini əsas tutaraq, qətiyyətlə demək olar ki, orqan və orqanizm sözlərinin istifadəsində heç bir yanlışlıq yoxdur. Ancaq nə qədər qəribə görünsə də, ən savadlı tibb alimlərimiz də “orqanizmin üzvləri” ifadəsindən əl çəkə bilmirlər. Halbuki orqanizmin orqanları deyilməli, üzv sözü isə “partiya üzvü, idarə heyətinin üzvü” kimi söz birləmələrinə saxlanılmalıdır.
Ağız boşluğunun selikli qişasında çox sayda irili-xırdalı vəzilər vardır. Bu vəzilərin əsas fəaliyyəti ağız boşluğu mayesi – ağız suyu hazırlamaqdan ibarətdir. Onların hər biri haqqında ayrıca məlumat verib oxucunu yormaq istəmirəm. Təkcə bunu qeyd edirəm ki, ağız suyu sayəsində qida maddələri islanılır, onların çeynənilib xırdalanmağına şərait yaranır və bərk qida maddələrinin həm ağız boşluğunun, həm də udlağın və qıda borusunun selikli qişalarını zədələməsinin qarşısı alınır. Orqanizmdə ona zərər vura biləcək maddələrin miqdarı artıq olduqda onların bir hissəsi vəzilər vasitəsilə ağız suyunun tərkibinə daxil edilir. Bu zaman həmin maddələr udulub həzm sistemində zərərsizləşdirilə də bilər, tüpürmə yolu ilə xaricə atıla da. Bu baxımdan ağız suyunun tüpürmə yolu ilə xarici mühitə atılan hissəsi tüpürcək adlandırılmalıdır. Bunu başa düşmək çətin deyil ki, türürcək sözünün tüpürmə sözü ilə, ikincinin isə bu akt yerinə yetirilərkən çıxan “tpu” səsi ilə əlaqəsi vardır. Yəni ağız boşluğunda olan mayeni tüpürcək adlandırmaq düzgün deyil, bu maye yalnız tüpürüldükdən sonra tüpürcək adlandırıla bilər. Hətta bizim məktəb təhsili görməyən ulu nənə və babalarımız hipersalivasiya (ağız suyu ifrazının artması) zamanı ağızdan qeyri-iradi olaraq axan mayeyə də tüpütcək deməyiblər; bu haqda danışanda “ağzının suyu axdı” deyilir. Ancaq müasir dövrdə bəzi tibb mütəxəssislərimizə haqqında bəhs edilən ifadələrin fərqini heç cür qəbul etdirmək olmur və qəribədir ki, ağız suyunun yanlış olaraq tüpürcək adlandırılmasına son 50 ilə yaxın müddətdə ölkəmizdə çap edilmiş tibb terminləri lüğətlərinin əksəriyyətində rast gəlinir. Halbuki, həmin lüğətləri tərtib edənlərin yararlandıqları bütün xarici dillərdə haqqında bəhs edilən sözlərin fərqli qarşılıqları vardır.
Azərbaycanda əli qələm tutan və ya barmaqları klaviatura tıqqıldada bilən adamların 99%-i “klinik” və “praktik” sözlərini yazmalı olduqda onların sonuna “i” hərfi də əlavə edirlər. Hətta Bakı şəhərinini ən böyük xəstəxanasının adında da belə səhvə rast gəlirik – “Kliniki Tibbi Mərkəz”. Halbuki, mövcud qaydalara görə sonluğunda “ik” olan sözlər yalnız 2 məna verdikdə onlardan birini digərindən fərqləndirmək üçün birinə “i” əlavə edilməlidir. Məsələn, fizik və mexanik sözləri bu sahələrdə çalışan mütəxəssisləri bildirən isimləridir; mexaniki və fiziki sözləri isə “fizikaya və mexanikaya aid olan” mənası verən sifətlərdir.
Bilirəm ki, həmkarlarımdan bəziləri yuxarıda sadaladığım səhvlərdən ötrü fikir çəkməyin lüzumsuzluğunu iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, kiçik xətalar üst-üstə yığıldıqda ürəkbulandırıcı böyük səhvlərə çevrilir.
Bəzən yazılarında çoxsaylı üslub, orfoqrafiya və termin səhvlərinə yol verən elmi-tədqiqatçı həkimlərimiz iddia edirlər ki, filoloq olmadıqlarına görə yazılarında yol verdikləri səhvlərə diqqət yetirməyə ehtiyac yoxdur. Belə adamlara cavabım bundan ibarətdir:
– Əgər siz bir evə qonaq gedərkən qarşınıza bir tərəfində çat olan qabda çox ləzzətli plov qoyularsa, heç şübhəsiz fikiləşəcəksiniz ki, ya ev sahibəsi xörək bişirə bilmir və bu plov qonşudan gəlib, ya da düşünəcəksiniz ki, ev sahibi bir qonaq olaraq sizə hörmətsizlik edib. Mən də yazı müəlliflərinin çoxsaylı səhvləri olan işləri çapa təqdim etmələrini bir oxucu kimi belə qiymətləndirirəm.
F.İ. İslamzadə