Addım-addım təravət dolu Bahara yaxınlaşırıq. Bu gün üçüncü qapının astanasındayıq: yurdumuzda Yel çərşənbəsi qeyd olunacaq. Bu günün “küləkli çərşənbə”, “hava çərşənbəsi” kimi adları da var. Xalq çərşənbələrə boş yerə bu adları verməyib. Ağızdan ağıza gəzən xalq inanclarına görə, yel/külək suyu ləpələndirib hərəkətə gətirir, yanan odun ətrafında cövlan edib onu daha da alovlandırır, sonra da bunlar hamısı birlikdə torpağı oyadır.
Yel çərşənbəsinin öz görüləcək işləri var. Burada da digərlərində olduğu kimi tonqal qalanır. Evdə-eşikdə olan barxana (yorğan-döşək, yatacaq), xalça, palaz, kilim həyətə çıxarılıb havaya verilir, yazın küləklə gətirdiyi gül-çiçək qoxularının onlara hopmasını gözləyərlər.
Bu çərşənbə haqqında danışanda Yel Babadan danışmadan keçmək olmaz. Xalq arasıdma onun haqqında miflər dolaşır. Bu, bəzi mənbələrə görə, xalqın Yel Tanrısına olan etiqadından irəli gəlir. Yel Baba kimi çağrılsa da, əfsanə və rəvayətlərdə bu xeyirxah qoca qarı görkəmində təsvir olunur. Deyilənə görə, Yel Baba yolu azanlara yumaq verib yerə atmağı tapşırır, yerə düşən yumağı da yel diyirlədir, üfürərək açır və yolunu-rizini tapmağa kömək edir.
Başqa bir rəvayətə görə, biri varmış, biri yoxmuş, bir qarı varmış. Xalça toxuyurmuş. Yeddi rəngdə yumağı da böyründə. Birdən yel əsir və yumağın biri diyirlənib yerə düşür, açıla-açıla gedir. Qarı qəzəblənin Yeli qarğayır. Yel Baba da acığa düşüb bütün yumaqları ağzına alıb yerə çırpır, rəngbərəng yumaqlar açılıb bir-birinə dolaşaraq havaya qalxır. Guya göy qurşağı ondan əmələ gəlib.
Şifahi xalq yaradıcılığında Yel/Küləklə bağlı müxtəlif əfsanə, rəvayət, nağıl, nəğmə yaranıb. Məsələn, eşqə düşənlər Yel Babaya mahnı qoşub oxuyarmışlar:
Heyva, narın iyi gəlir,
Əs, ey gilavar, gilavar.
Güldən xarın iyi gəlir,
Əs, ey gilavar, gilavar.
Səndən yarın iyi gəlir,
Əs, ey gilavar, gilavar,
Ay xoş gilavar, gilavar.
Dilədiyin işə nəzərən, oynadığı rola əsasən yel yaxşıya da yozula bilər, pisliyə də.
Zəngin folklorumuzda yellə bağlı məsəllərə nəzər salaq:
Əziyyət çəkmədən hazıra nazir olmaq istəyən müftəxor adamlara münasibətdə kinayə ilə “yel əsib, qoz tökülüb” məsəlini çəkirlər.
“Yel vurub, yengələr oynayır” deyəndə viran qalmış yer haqqında danışılır demək.
Kiminsə hərəkətinin, sözünün təsirsiz olduğuna işarə etmək üçün “yel qayadan nə aparar?” deyirlər.
Dədə-babalarımız “yel əsdirəni söyməzlər” deyərdilər, çünki Yeli əsdirən Tanrıya asi olmağın naz-nemətdən məhrum olmağa səbəb kimi bilərdilər.
Köhnə, unudulmuş adətə görə, Yel çərşənbəsi günü qəfəsdə olan quşları açıb buraxmaq savab iş idi.
İnanca görə, Yel çərşənbəsi söyüd ağacının altəna gedib niyyət tutursan, Yel Babanı səsləyirsən. Əgər diləyin hasil olacaqsa, ağacın yarpaqları titrəyirlər.
Klassik ədəbiyyatımızda da yel/külək/meh anlayışı çox genişdir. Aşiqlər yeldən mədəd ummuşlar. Bir-birlərinə sözlərini çatdırmaq üçün səbaya üz tutmuşlar. Səba (xəfif yel, səhər yeli) ilə bağlı çox gözəl nümunələrimiz var:
Ey badi-səba, məndən ol yarə salam eylə. (M.V.Vidadi)
Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!
Xəbərsiz yarımı hali-xərabimdən xəbərdar et! (Füzuli)
Səba, məndən söylə o gülüzara,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşgünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin? (Əbülqasim Nəbati)
Səba, gəl seyri-gülzar et,
Gülü reyhanı bidar et
Təbibə dərdim izhar et,
Qəmi qəmxarə ərz eylə! (M.V.Vidadi)
Badi-səba, dost elinə uğrasan,
Çaşbaş salma yollarını, aman ha.
Söylə, yalvar-yaxar, əhdi-peymanım
Dağıtmasın tellərini, aman ha. (Ruhsati -türk ozanı)
Bir namə yazmışam can üzə-üzə,
Badi-səba, apar sən o gül üzə,
Soruşsa yar ki, bu kimdəndir bizə?
Söyləgilən: — Sizin divanədəndir. (M.P.Vaqif)
Təbiətin oyanış bayramı Novruzun üçüncü çərşənbəsində hamıya Yel Baba xoş müjdələr gətirsin, sevənlərin diləklərini çatdırsın, bolluq-bərəkət yaratsın, güllərin-çiçəklərin rayihəsini daşısın!
Yel çərşənbəniz mübarək olsun!