Keçən həftə oddan dedik, “od” sözünün dilimizdəki məna çalarları barədə yazdıq. Bu gün Yel çərşənbəsidir və ayrı-seçkilik etməyin ədalətli olmadığını düşünürük. Üç yalançı (məmur, tüccar və deputat çərşənbəsi) çərşənbədən sonra gələn 4 çərşənbənin maddələrin 4 aqreqat halı ilə (maye, plazma, hava, bərk) əlaqələndirildiyini bir də xatırladaq. Və beləliklə…
Yelin xəbər aparması. Bir ərəb atalar sözündə deyilir ki, küləklər gəmilərin sifarişi ilə əsmir. Doğrudur, amma gəmi başqa, aşiq başqa. Keçmişdə, telefon-filan olmayanda badi-səba (səhər yeli) aşiqlərin xəbər aparma və gətirmə xidməti üzrə elan etdiyi kotirovka sorğusunun qalibi, onların ən gözəl sirdaşı olub. Uzanardın sərin həyətdə, qənşərində pürrəngi çay, növbənöv şirnilər, noğullar, mürəbbələr, şəkərburalar, qurabiyələr… Və bu xoş ovqatı tamamlamaq üçün badi-səbaya, yəni xəbərçi küləyə Zakiranə sifariş verərdin:
Badi-səba, söylə mənim yarıma,
Gözəllər çıxıbdı seyrana, gəlsin,
Təğafül etməsin, işrət çağıdır,
Süzülür hər yerdə peymanə, gəlsin.
Yelin istintaqı. Bir qədər gözləyərdin, yar gəlməzdi və badi-səbanı dübarə çağırıb sorğu-sual edərdin: “Üzüyü hara qoymuşdunuz?”, pardon… Bəs yar hanı?:
Badi-səba, mənim dərdi-dilimi,
O güli-rənaya dedin, nə dedi?
Ürəyimdə olan arzularımı
O gözü şəhlaya dedin, nə dedi?
Badi-səba “bissimillah” eləyib ağzını açmamış bir də görərdin yari-mehriban budu gəlir – sallana-sallana… Yeriyəndə yerə naz eləyir, güləndə gülü xəcil eləyir. Comolunqumanın zirvəsindəki qar kimi ağ üzünə baxanda Ay, lalə kimi al yanağına baxanda Şəkinin Qızıləhmədi alması, şəvə kimi qara saçlarına baxanda kömür, çahi-zənəxdanına baxanda Babil quyusu az qalır xəcalətindən yerə girə və bir də çıxmaya…
Utancaqlara kömək. Həri. Yel nə qədər xəbər daşıyıb, ürəkləri birləşdirib. Hətta utancaq aşiqlər Yeli çağırarmış ki, onu darta-darta canana tərəf aparsın:
Hanı bir yel, apara könlü gülüstanə tərəf,
Tutaraq, bəlkə, yaxamdan çəkə cananə tərəf (Xaqani).
Yel, iman və xaniman. Gözəlin tellərinin onun çöhrəsini örtməsi aşiqlər üçün iki əsas təhdid ünsürü daşıyır:
1. Teoloji təhdid – imanın zədələnməsi:
“Küfri-zülfün salalı rəxnələr imanimizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə”
(Saçının üzünü örtməsi imanımıza rəxnələr salalı,
Kafirlər halımıza ağlayır, Füzuli).
2. Daşınmaz əmlaka qarşı təhdid – aşiqin evinin yıxılması:
Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdub
Aşiqi bixaniman etmək dilərsən, etməgil (Nəsimi).
Bu zaman Yelin telləri və rübəndi aralayıb gözəlin üzünü göstərməsi hər iki təhdidi sıfırlayır: həm iman akkumulyasiya edir, həm yıxılan evi dikəldir:
Yel vurdu rübəndin açdı üzündən
Elə bildim doğdu Ay, Sarıköynək (Aşıq Ələsgər).
Yel haqqında səfsətə. Xalqımız bütün bu səbəblərdən küləyi sevir və çərşənbənin birini onun adına bağlayıb. Təəssüf ki, Yel barədə yanlış qənaətlər də geniş yayılıb. Məsələn, Nitsşeyə görə, hava materiyaların ən alisi və incəsidir. İnsan azadlığı havadan toxunulub. Ona görə hava simvolu ilk növbədə azadlıq simvoludur. Bu, heç bir hüdudu olmayan azadlıqdır, onu tutmaq və forma vermək olmaz və s.
Və ya Aristotelə görə, hər bir element vahid ilkin materiyanın vəziyyətlərindən biri olan istilik, soyuq, rütubət və quruluğun birləşməsidir: İstilik+quruluq = od, istilik+ rütubət = hava, soyuq+rütubət = su, soyuq + quruluq = torpaq və s hədərən-pədərən.. Təbii ki, boş şeylərdi.
Cəngavərlər Yelin borcundan çıxıb. Orta əsrlərdə anlaşılmazlıq üzündən aşiqlərlə külək arasında incikliklər də olub. Deyirlər, guya Don Kixot Yel dəyirmanlarını düşmən hesab etdiyi üçün onlarla vuruşub. Əsla. Əhvalat belə olub: Solğun Bənizli Cəngavər Toboslu Dulsineya xanıma badi-səbadan xəbər göndəribmiş. Gözləyir, gözləyir – xəbər yoxdu. “Yaxşı deyiblər, uşağı buyur, dalınca yüyür. Gedim görüm nə baş verib?” deyə mızıldanaraq yola çıxır və gəlib görür ki, ey dili-qafil… Dəyirmanlar küləyi istismar edir, pərlərini fırlatmağa məcbur edirlər. Don Kixotun qan beyninə vurmazmı? Nizəni çəkir, Yel dəyirmanlarını param-parça edib, Yeli xilas edir.
Kimsəsizlərin sadiq dostu. Yel həm də kimsəsizləri yoluxur, hal-əhval tutur:
“Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri” (Füzuli).
Yeli məzəmmət edənlər. Amma təəssüflər olsun ki, mobil telefon və sosial şəbəkələr çıxandan tender sazişinin müddəti bitib, insanlar küləyi, onun yaxşılıqlarını unudublar. Hətta onu aşiq-məşuq münasibətlərinə əngəl kimi məzəmmət edənlər də var:
Külək, niyə belə əsirsən külək,
Niyə ümidimi kəsirsən külək… (N.Xəzri)
Nəhayət, “yel” sözünün bəzi məna çalarları:
– ağzından yel aparsın – Allah eləməsin
– yelə vermək – israf etmə, dağıtmaq, puça çıxarmaq
– yerində yellər əsmək (yel əsib, yengələr oynayır) – nam və nişanı qalmamaq, məhv olmaq.
– yel kimi – sürətlə:
Dərələrdən sel kimi, təpələrdən yel kimi..
Məncə, bu qədər bəsdi. Xeyirli çərşənbələr…