Dünən yazıçı Anarın ad günü idi… Elə dünən yadıma bir zamanlar Anara yazılmış açıq məktub düşdü… O məktub yazıçı Anara Bakının əcnəbi dillər tərəfindən işğalı ilə bağlı 2021-ci ildə ünvanlanmışdı. (Məktub demişkən, bu arada Məhəmmədhəsən əminin Həzrət Abbasa üz tutub yazdığı məktubu xatırladım…) Bəs niyə o məktub məhz Anara ünvanlanmışdı? Bəlkə, Anar Dövlət Dil Komissiyasının üzvü olduğuna görə, ya bəlkə, xalq yazıçısı olduğuna görə? Məgər Anardan başqa Dövlət Dil Komissiyasının üzvümü yox idi, ya ölkədə başqa xalq yazıçısımı yox idi? Niyə o məktib elə xalq yazıçısı, Dövlət Dil Komissiyasının üzvü Elçin Əfəndiyevə, xalq şairi, Dövlət Dil Komissiyasının üzvü Sabir Rüstəmxanlıya, xalq yazıçısı, professor Elmira Axundovaya yazılmamışdı? Niyə məhz onu seçmişdilər?
Çünki bir zamanlar biz Anara güvənirdik. Onun Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün etdiyi xidmətlərin miqyasını yaxşı bildiyimizə görə ondan çox şey umurduq. Həmçinin Anar müəllim Dövlət Dil Komissiyasının sadəcə bir üvü deyil, onun sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı kimi yüksək səlahiyyətlərə malik bir şəxsdir, axı. Məhz ona görə də Filaloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı açıq məktubunu Anara ünvanlamışdı. Məktub belə başlayırdı:
“Hörmətli Anar müəllim
Birbaşa mətləbə keçirəm. Bakı işğal olunub. Əcnəbi dillər tərəfindən. O gün “Fəvvarələr bağı”ndan Kukla Teatrına kimi uzanan Rəsulzadə küçəsində monitorinq keçirdik. Bu küçədə yerləşən 42 ticarət, ictimai iaşə və digər xidmət obyektindən yalnız birinin üzərində obyektin adı və xidmət növü azərbaycanca yazılıb və bu, ..şabalıd satılan kiçik bir köşkdür. Rəsulzadə küçəsindən görüntüləri çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. Küçə musiqiçiləri də (üç yerdə rast gəldik) ingiliscə, rusca və türkcə mahnılar səsləndirirdi. Vəziyyət bu qədər acınacaqlıdır. Xan qızı Natəvandan utandım. Özünü Bakının ortasında çox qərib hiss edirdi. Çünki ətrafda buranın Azərbaycan olduğunu göstərən heç bir əlamət yox idi. O, “Hotel Bristol”, “Özsüt”, “Hard rock café”, “Salon de the paul restaurant”, “Mongez du pain vous vivrez bien”, “Tantuni köfte”, “Köz Antep”, “Friday”, “Сыроварня, ресторан, “Cырная лавка” yazılarının əhatəsində boynunu bükmüşdü.
Bütün bunlar Sizin – Azərbaycan Yazıçılar Birliyinin sədrinin, Dövlət Dil Komisiyasının sədr müavininin gözləri qarşısında baş verir. Bu, Sizi narahat etmirmi? Əlli milyonluq xalqın ədəbi dilinin Bakının göbəyində yad dillər qarşısında kapitulyasiya aktına qol çəkməsinə necə təhəmmül edirsiniz? Monitorinq zamanı Füzuli küçəsi, Azərbaycan prospekti, Şıxəli Qurbanov küçəsi, 28 May və Şərifzadə küçələrində də eyni vəziyyətlə üzləşdik… Bir sözlə, Bakı işğal olunub…”
Bəli…Bir zamanlar biz çox güvəndiyimiz, öz cəsarətli yazılarına, Qarabağla bağlı verilişdə televiziya məkanında ilk dəfə siqareti yandırıb qullab vurmağını belə qəhrəmanlıq sandığımız, ideallaşdırdığımız Anara bir məktub yollamışdlq. O zaman biz xalqın Qarabağ yanğısını siqaret kimi yandırlb sinəsinə çəkən el ziyalısı sanardıq Anarı – heç kəsin deyə bilmədiklərini bəzən satirik, bəzən yumoristik, bəzən sarkazm, bəzən də kino, ssenari dili ilə ifadə etməyi yaxşı bacaran Anarı, xalqın ağrı-acısını ürəkdən hiss etməsini, xalqın yanında olmasını ürəkdən istədiyimiz, onun dərdlərini açıb soyləmək iqtidarında olan Anarı…Əslində bizim ona güvənməyimiz üçün səbəbimiz var idi. Bir zamanlar Anarın əsərləri, çıxışları, yazıları dövrünə görə çox cəsarətli yazılar idi. “Şəhərin yay günləri”ndə ali məktəblərdəki rüşvətxorluğu hələ heç kəs ağzına alıb danışmayanda o, açıq-açığına tənqid etmişdi. “Adamın adamı”, “Evləri köndələn yar” əsərləri yumoristik-satirik ab-havası ilə o dövrkü cəmiyyəti qamçılayan cəsarətli dramaturq mövqeyindən xəbər verirdi ki, bu da oxucu və ya tamaşaçıda müəllifə qarşı bir rəğbət, inam oyadırdı…
Anarın əsərləri həmişə mənim diqqətimi ən çox maraqlı üslubu və dili ilə cəlb edib. “Adamın adamı“ komediyasında tipajların adları belə adama çox şey deyir, müəllifin mənsub olduğu xalqının dilinə, məişətinə, psixologiyaına dərindən bələd olduğundan xəbər verir. Bu mənada mən onu C.Cabbarlı ənənəsinin davamçısı sanır, onunla müqayisə edərdim. C.Cabbarlı da personajlarının adlarını o qədər dəqiqliklə seçirdi ki, adın mənasını bilmək, obrazın xarakterik xüsusiyyətlərinə bələd olmağa bərabər olurdu. “Adamın adamı” əsərində Anar sanki adları açıq kod və şifrəli olaraq seçib, Azərbaycan dilinin imkanlarından ustalıqla istifadə edib. Hər bir tipin adı onun iç dünyasını anlatmaq, müyyən etmək üçün bəlli bir mesaj keyfiyyəti daşımaqdadır. Məsələn, komediyanın qəhrəmanlarından İbiş İbişli, Süsən Sünbül, Fağır Bağır, Fənd Fərəc, Nazlı Qəmzəli, At Balaxanım, Əhməd Biqəm, Xoca Zığzığ, Xəbərçi Xədicə, Mərd Mazarov, Əli Əyrizadə və başqalarının adları belə obrazların daxili aləmini açıb ortaya qoymaqla yanaşı, müəllifin dilimizə və zəngin folklorumuza necə dərindən bələd olmasından da xəbər verir. Anar ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən bir yazıçı olub. Bəs indi? Nə oldu, nə baş verdi ki, birdən-birə bu qəhrəman, cəsarətli, xalqın yazıçısı sandığımız adam əlinə yenicə qələm alanların da, almayanın da, ona bir zamanlar hədsiz inanıb ideallaşdlranların da, ideallaşdırmayanların da haqlı-haqsız tənqid hədəfinin bir nömrəli nişangahı oldu?
Məncə, bunun səbəbi onların hamısının xalq yazıçısı Anardan – Rəsul Rza, Nigar Rəfibəyli xələfindın çox şey gözləməkləri, ona güvənməkləri, ondan umduqları ilə bağlıdır. Bir xalqın danışan dili olmasını istədikləri Anardan bunu görməyincə, əvəzində mübhəm sükutu ilə daha çox yadda qaldıqca ondan kömək umub, ona güvənənlər Anarı elə özlərinin qaldlğdığı dağdan yavaş-yavaş endirməyə başladılar. Başqalarını bilmirəm, mənim ona inamımın azalmağı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlının 2021-ci ildə yazıçıya Ana dilimizin taleyi ilə bağlı ünvanladığı məktuba uzun müddət susduqdan sonra məsələyə obyektiv yanaşmaq əvəzinə, qərəzli və bir qədər hikkəli, subyektiv yöndən cavab verməsindən sonra başladı. Halbuki biz ana dilimizlə bağlı narahatlığımıza cavab verəcək, çarə tapacaq bir Adam sanmşdıq Anarı.
Ondan Ana dilimizin Adamı olmasını istəmişdik … Bakı küçələrində əcnəbi reklam və obyekt adlarının əhatəsində Azərbaycan dilini özünün təsvir etdiyi Həsir Məmmədnəsir günündən qurtarmasına yardımçı olmasını istəmişdik…
Bir nüansa diqqət çəkim. Sovet dövründə “Amfibiya adam” filmi Bakıda çəkilib. O zaman filmi çəkəndə küçələrdəki lövhələri götürüb, əcnəbi şəhərinə oxşasın deyə lövhələri xarici dildə yazıblar. Çünki onda lövhələrin əksəriyyəti Azərbaycan dilində idi. Xarici ölkələrə aid lövhələr qoyub filmi çəkiblər. Bəs bu gün necə? Bu gün Bakıda xarici film çəkmək üçün bir lövhəni belə dəyişmıyə ehtiyac varmı? Belə olarsa, Bakıda lövhələri dəyişmək lazım olmayacaq, onsuz da hamısı xarici dillərdədir. Əgər indi Azərbaycana aid film çəksələr, gərək o lövhələri götürüb əvəzinə azərbaycanca lövhələr qoysunlar ki, şəhərin Azərbaycan şəhəri olduğu bilinsin.
Hal-hazırda Azərbaycan dili Bakı küçələrində təkcə şəhərin yay günlərində deyil, bütün fəsillərində boynubükük görünür… Təəssüf ki, Anara Ana dilimizin Bakıda işğalı ilə bağlı ünvanladığımız məktubdan hələ də istədiyimiz cavabı ala bilməmişik. Anar müəllim bu məsələyə münasibət bildirməli idi, təəssüf ki, bildirmədi. Niyə? Əcəba, məktub düz ünvanlanmamışdımı?