- Köşə

Nurəddin ƏDİLOĞLU. Son səfər

                                                                                    (esse)

    8 aprel – xalqımızın görkəmli sənətkarı Yaqub Zurufçunun dünyaya gəldiyi unudulmaz sənətkarımızı anarkən                                     

      …Ayrılıq əzabı, vüsal həsrəti taleyin və zamanın fövqündə dayanan insan qismətidir. Fəqət iki yerə bölünmüş Vətənimizin vüsal türküsünə çevrilən məşhur “AYRILIQ”  mahnısı AZADLIQ HƏRƏKATI dövründə milyonlarla soydaşımızı milli birliyinə KÖRPÜ salan könül rübabının nişanəsi olmaqla bahəm, xalqımızı Azərbaycançılıq ruhunda köklədi.

…Tale ölməz sənətkar Yaqub Zurufçunun qismətinə  illərlə həsrətində olduğu doğma Azərbaycana “Ayrılıq” mahnısı  ilə qovuşmaq  qismət  eləmişdi. Həyatda hər kəsin, hətta torpağın, daşın, quşun, yarpağın, dənizin, bulağın da öz nəğməsi var, deyirlər. Hərə  öz dilində  oxuyur nəğməsini. Yaqub Zurufçu  da hələ qürbətdə ikən özünün təkrarsız və bənzərsiz nəğməsi ilə milyonlarla azərbaycanlının qəlbində əbədi TAXT qurmuşdu.

…Sonra Yaqub Zurufçunun “Ayrılıq”ından xalqımızn bir araya yığışdığı məkana – Azadlıq  meydanına intizar, həsrət,  göz yaşları yağdı. İnsanlar bu nəğmə yağışının altında keçmişdən gələcəyə, bu taydan o taya  ümidlə boylandı.

Daha sonra “Ayrılıq” Azərbaycanın milli – mənəvi dirçəlişinə təkan verdi,  “el arası çəpər olmaz”  məntiqi ilə bütün ayrılıqlara son qoymağa, müqəddəs torpaqlarımıza  göz dikən  yağı düşmənlə  savaşa ruhlandırdı.

Əbəs  yerə Yaqub bəy demirdi ki, “Ayrılıq”ı oxumaq üçün, ya gərək aşiq olasan, ya da ki, vətənpərvər. “Mən onu vətənpərvər kimi oxumuşam.” Müğənninin tale və sənət yollarına  silsilə  məqalələr

həsr  etmiş Əməkdar jurnalist  Rəhman Orxanın təbirincə desək, Yaqub Zurufçu Vətən həsrətli-eşqli qəlbini “Ayrılıq”dan qopardıb, bütün dünyanı dolaşaraq, onu yalnız Azərbaycanda tapındıra, ovundurub-sevindirə bilib. Görkəmli sənətkar 65 illik ömründə dünyanın çox  olkələrinə səfər etmişdi…

…7 yaşında Təbriz şəhərinin Fərvərdin Mədrəsəsində təhsilə başlayan Yaqub Zurufçu elə həmin illərdə Təbriz radiosunun uşaq proqramında iştirak edərək, şövqlə oxuduğu “Cücələrim” mahnısı ilə  bütün İranda tanınmış, dillər əzbəri olmuşdu. 15 yaşında isə  Təbriz Milli Televiziyasında ilk dəfə çıxış edərək “Evləri var xana-xana”, “De gülüm gəlsin, ay nənə”, “Dilbər” mahnısını ifa edən müğənni bu istedadını və oxumaq istəyini atası Qulu kişinın uzun müddət Bakıda yaşaması və doğma xalqının  musiqisinə olan sonsuz sevgısi ilə əlaqələndirdi.

….Gənc yaşlarında Tehran opera teatrının xorunda öz musiqi fəaliyyətini davam etdirən sənətkar 1979-cu ildə İranda xalq inqilabından 1 il sonra Almaniyaya köçdü. Lakin Təbrizdən başlayan sənət uğurunu sonralar qürbətdə davam etdirərək bütün dünyada, xüsusilə müsəlman aləmində, Şərq dünyasında böyük şöhrət qazandı. Onun Almaniya, ABŞ,  Latın Amerikası və Avropa ölkələrində təşkil olunan ənənəvi konsertləri millətindən və dinindən asılı olmayaraq, bütün dinləyicilər tərəfindən həmişə sevilərək, rəğbətlə qarşılandı.

Hansı ölkədə  yaşamasından  asılı olmayaraq Yaqub Zurufçunun ürəyi həmişə  Azərbaycan eşqi ilə döyünürdü… Son müsahibələrinin birində deyirdi ki, bu il Can Azərbaycana gəlişimin 30 ili tamam olur. “Çox xoşbəxtəm ki, Gülağa Məmmədovun dəvəti ilə 1989-cu ilin əvvəllərində Azərbaycana gəldim və illərlə həsrətində olduğum Vətən mənə doğma anam kimi qucaq açdı, bağrına basdı. Bu, həmin illər idi ki, Azərbaycan xalqı böyük bir imperiyaya qarşı azadlıq, müstəqillik uğrunda mübarizəyə qalxmışdı. Xoşbəxtəm ki, “Ayrılıq” mahnısı xalqımız tərəfindən sevildi… Və xoşbəxtəm ki, Vətənimin müstəqillik tarixində mənim də adım, mənim də payım var”.

Yeri gəlmişkən qeyd edək ki, dünya şöhrətli məşhur Azərbaycan  və Türkiyə müğənnilərinin ifa etdikləri “Ayrılıq” Yaqub bəyə qədər bəzən xalq mahnısı hesab  olunurdu. Sonralar məlum odu ki, “Ayrılıq”  və eləcə də “Sizə salam gətirmişəm” mahnılarının musiqisi 1922-ci ildə Bakı şəhərinin Kubinka məhləsində dünyaya göz açan, lakin Stalin repressiyası zamanı İran təbəələri kimi ailəsi ilə birgə ora sürgün edilən mərhum bəstəkar Əli Səlimiyə məxsusdur. Hər iki  mahnı kövrək  və  həsrətlə ifa olunsa da sanki Azərbaycanın Cənub və Şimal hissələrini mənən və ruhən qovuşdurur… Əli Səlimi həm də Güney Azərbaycanın məşhur tarzəni  idi.  O, tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. “Ayrılıq” mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi (Allah ona da rəmət eləsin!) idi.

Xalq şairi Sabir Rüstəmxanlının təbirincə desək,  bu mahnı öz müəlliflərini həmişə diri saxlayacaqdır.

…İctimai Televiziyada  işləyəndə  Yaqub  Zurufçu  Təbrizə getdi və “Təbriz həsrəti” adında klip çəkdirdi. “Təbriz üçün çox darıxmışdım. 26 ildən sonra Təbrizə getdim və doğma şəhərimi tanımadım, əgər bura – Azərbaycan olmasaydı, mən çox tez dünyadan gedərdim. Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi həmişə mənə dəstək olub.” İranda Azərbaycan dilində təhsilin olmadığını  dilə gətirən müğənni  ürək yanğısıyla deyirdi  ki, orada mənim özümün gül kimi dilim var, amma onu nə yaza, nə də oxuya bilirəm. “Niyə axı? Niyə belə olmalıdır?”

…Təqribən 24 -25  il qabaq Yaqub Zurufçunun  bizim doğma Masallıya gəlişini xatırlayıram. Məni  onun ifasından çox heyrətləndirən,  rayonda uşaqdan  böyüyə  hamının tanıyıb sevdiyi, cəddinin möcüzələri  barədə sağlığında əfsanəvi  söz-söhbətlər gəzən Seyid Sadıq ağanı ziyarət etməsi oldu. Viləşçay dəryaçasının sahilində Seyid Sadıq ağa ilə yadigar şəkil çəkdirən müğənni ondan xeyir-dua istədi…

…2009-cu ildə Yaqub Zürufçu  həm Azərbaycan vətəndaşlığı aldı,  həm də “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldü.  

…Qəlbi  hər zaman Azərbaycanla döyünən Yaqub Zurufçu  2021 -ci il sentyabrın 15-də “Qurd qapısı” qəbiristanlığında son mənzilə yola salındı. Yaqub Zurufçunun canlı ifasını dinləyən azərbaycanlı  sənətsevərlər üçün onu belə tez itirmək çox üzücü idi.

Ancaq onun ifasında təkrarsız gözəlliyi, ürəyəyatımlılığı ilə seçilən, qəlb oxşayan melodik Azərbaycan mahnılarını dinləmək  bizə – qaIib ölkənin musiqisevərlərinə həmişə böyük sevinc bəxş edəcək…

Ruhuna böyük ehtiramla