- Köşə

Bir həyat lövhəsi


Afiq MUXTAROĞLU, 
Niderland Krallığı
Yaşlı holland qadın Labrador retriever cinsi köpəyinin ipi əlində hər gün gəzintiyə çıxarırdı. Köpəyinə hər dəfə kirli də olsa eyni al-əlvan paltarı geyindirirdi. Hayıf olar, soyuq-zad dəyər andıra. Camaat uşağına paltar tapmır geyindirməyə, bu bəxtəvərin qızının itə geyindirdiyinə bax. Onları ilk dəfə görəndə belə düşünmüşdüm. Danmıram.

Mən bu cütlüyü – iti və sahibini bir neçə ay müşahidə edə bildim. Bəzən gün ərzində iki dəfə qarşılaşırdıq. İki öynə – axşam-sabah. Kimin kimi – qadınınmı iti, yoxsa itinmi qadını gəzintiyə çıxardığını müəyyən etməyə çalışırdım. Belə yerdə məni kimilərinə deyirlər də, dərdin dərədə qalsın, başqa dərdin-azarın yoxdurmu?

Qadın səksəni-doxsanı çoxdan yola salmış olmalıdır. Onun atdığı addımlar arasındakı fasilələr o qədər uzun və cansıxıcı olurdu ki, növbəti addımı atması mənə əbədiyyət qədər uzun görünürdü. Labrador retriever cinsi köpəyin hərəkətləri yiyəsinin hərəkətlərinə bənzəyirdi. Bəlkə, hərəkətsizlik yazsam, daha doğru olardı. Sanki onlar lənglikləri ilə bir-birini təqlid edir və ya ikilikdə sirli qədim bir ayini hər gün iki öynə təkrarlayırdılar.

İt də qocalıb, əldən düşmüşün biri idi. Pırtlaşıq tükləri, heç nə ifadə etməyən sönük baxışları, ətrafında baş verənlərə laqeydliyi onun qocalığının əlamətləri idi.

Qadınla köpəyini gördüyüm günlərin çoxu bozluğu ilə yaddaşıma hopub. Qadının nimdaş, boz yağmurluğunu kir kəsdyindən rəngini ayrıd etmək belə mümkün deyildi. Yay-qış əynindən çıxarmırdı. Olsun ki, evdə də gecə-gündüz bu bozluğu üzərində daşıyırdı. Yağmurluğun üzərinə hopmuş yağ, çirkli su ləkələri mənim belə bir qənaətə gəlməmə nədən olurdu. Düşünürdüm ki, bu paltar onun bədənini örtən dərisini əvəz edir. O, öz canlı dərisindən çox bu yağmurluğu hiss edirdi. Bu bənzətmə ilə ifrata vardığımın fərqindəyəm.

Yiyəsinin yağmurluğu kimi tükləri boz köpəyin baxımsızlığı da göz qabağında idi. Tükləri par-par parıldayan itlərlə müqayisədə bu qoca it bəxtsizin biri kimi görünürdü. Sahibinin onu sonuncu dəfə bərbərə nə vaxt apardığı çoxdanın hadisəsi idi. Olsun ki, qadın bunun dünən-srağagün olduğunu düşünürdü. Amma itin urvatı başqa şey deyirdi.

Onların gəzintisi hər gün eyni marşrutla davam edirdi. Evdən kanala qədər və geriyə. Nə it, nə də qadın getdikləri cığırdan bir addım da kənara çıxmırdı. Heç kənara çıxmağa halları da yox idi. Qadın da, köpək də başını qaldırıb dünyaya baxmadan, başqa bir aləmdə dolaşırmış kimi, addımlarını əlhavasına atır, nə maşınların səs-küyü, nə sağdan-soldan keçən adamların söz-söhbəti onları öz aləmlərindən çıxarıb, gerçəkliyə qaytarmaq gücündə deyildi.

Hərdən qadının rəngi qaçmış dodaqlarının nəsə pıçıldadığını görmək olurdu. Onun öz-özüyləmi, yoxsa köpəyi iləmi danışdığını, dərdləşdiyini ayrıd etmək imkansız idi. Köpəyin qulaqlarını sallayaraq, yiyəsinin söhbətinə qulaq asdığını da düşünmək olardı. Hər gün qadının qırıq patefon kimi eyni şeyləri  təkrarlaması itin qulaqlarını yağır etdiyindən ona heç bir reaksiya vermədiyini də nəzərdən qaçırmaq olmazdı. İt də olsa, bir başını qaldırıb yiyəsinin üzünə baxmalı və ya bir-iki ağız hürüb, onun dərdinə ortaqlığını büruzə verməli deyildimi? İtmi görməmişik? Sahibinin səsi çıxanda şırvanmağa, quyruq bulamağa, onu əyləndirməyə, kefini açmağa fürsət gəzən o qədər it görmüşük ki. Amma qadının köpəyi daşa dönmüş kimi cınqırını çıxarmadan onun yanıyla ayaqlarını sürüyürdü. Bəlkə də, karlığı var idi. Daha orasını deyə bilməyəcəm.

Köpəyin boynuna bağlanmış xalta və bir ucu qadının əlində olan ipin nəyə gərək olduğu da bəlli deyildi. İtin yiyəsindən uzaqlaşmağa, kimisə qapmağa, dəli sözü, xərdəcərlik etməyə halımı var idi? Onun şıltaqlığı, təbiətində olan vəhşiliyi yaranmamışa dönmüş, uzağı yiyəsinin xatirələrində qalmışdı. Bir ucu itin boynunda, digər ucu qadının əlində olan ip, sanki, onları bir-birinə bəndləmiş, onların ayrılmazlıqlarının, birgəliklərinin, eyni taleyi bölüşməklərinin rəmzinə çevrilmişdi. Bu ip elə bil onları həyata bağlayan, bir növ onları ayrılıqda və birlikdə ayaqda saxlayan yeganə vasitə idi.

Üzü payıza havalar soyumuş, yağış mövsümü başlamışdı. Şəhərin küçələrində hər gün sellər-sular oynayırdı. Buraların yağışı da dillə deyiləsi deyil, ağzı açıldımı dayanmağı günlər, həftələr çəkir. Yumur, tökür.

Neçə gün idi ki, qadın da , iti də gözə dəymirdi. Ən azından mənim rastıma çıxmamışdılar.

Nəhayət, payızın belə yağmurlu günlərindən birində qadını həmişə itiylə gəzdiyi cığırın o başında gördüm. Soyuqdan göyərmiş dodaqları arasında heç kimin anlamayacağı nələrsə pıçıldayırdı.

Bir ucunu əlində tutduğu boş it xaltasını arxasınca sürüyərək, kanala doğru gedən qadın səssiz kölgəyə bənzəyirdi.