Müsahibimiz filologiya elmləri doktoru İradə Musayevadır.
– 2018-ci il Azərbaycan dili üçün necə dəyərdirdiyinizi və 2019-cu ildə dillə bağlı hansı problemlərin həll olunmasını istərdiniz?
-2018-ci il əslində Azərbaycan dili ilə bağlı o qədər də böyük işlər ili olmadı. Yəni irəliləyiş və inkişaf üçün fundamental layihələrə imza atılmadı. Sadəcə bu il Azərbaycan dilini müstəqil bir ölkənin atributu, milli dili kimi siyasi məqsədlərlə edilmiş hücumlardan qoruma ili oldu. Bildiyiniz kimi, məlum “Orfoqrafiya islahatları” adı ilə ortaya atılan bəyanat çox vaxtımızı aldı. Lüzumsuz bir təşəbbüs bizi daha ciddi yaradıcılıq işlərindən ayırıb “dil əyləncələri” oyununa saldı. Tanınmış ziyalılar, məsələn, N.Qasımoğlu, Q.Məhərrəmli, S.Şıxıyeva, V.Sadıqlı kimi məhsuldar müəlliflər bir ildən çoxdur ki, bu yanlışlığı aradan qaldırmaq üçün mütəmadi olaraq yazılar yazır, elmi-nəzəri təhlillər əsasında faktlar toplayaraq “islahatçıları” inandırmağa və bu işdən çəkindirməyə çalışırlar. Bu bizə lazım idimi? “Tərəflər”, “anti-mövqelilər”, yarınanlar, qazananlar, udanlar və uduzanlar “kateqoriyası” formalaşdı. Layihədə çox məsələlər qoyulsa da, az qala hamı (müəllimlər, jurnalistlər, filoloq alimlər, valideynlər və b.) “qoşa yy” – deyə adlandırdığı bu “islahatlar proqramı”nın müzakirəsinə qoşuldu. Sonda 165 nəfər ziyalının imzaladığı müraciət Azərbaycan ədəbi dilinin təhrif olunması yolunda atılmış addımlardan bir çoxunun qarşısını aldı…
Bundan sonra o adamlar ki, həqiqətən, dilin təəssübkeşləri adlandırıla bilər, o adamlara plagiat bir kitabın təqdimatı və mükafatlandırılması məclisində “təxribatçılar” damğası vuruldu… Mən belə bir ili Azərbaycan dili üçün uğurlar ili hesab edə bilərəmmi?!
30 ilə yaxındır ki, müstəqilliyə qədəm qoymuşuq. İlk illərdən Azərbaycan dilinin təkmilləşməsi və inkişafı, qorunub saxlanılması məqsədilə qanunlar, fərman və sərəncamlar imzalanır. 25 dekabr 1991-ci il tarixdə “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı, daha sonra 22 dekabr 1992-ci ildə prezident Ə.Elçibəyin imzası ilə Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu təsdiqləndi. Azərbaycan dili dövlət dili kimi ölkənin siyasi, ictimai, elmi – mədəni və iqtisadi həyatının bütün sahələrində ədəbi dil normaları səviyyəsində tətbiq olunmalı idi. Daha sonra 30 sentyabr 2002-ci il tarixdə prezident H.Əliyevin imzaladığı Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu ictimaiyyətin diqqətinə çatdırıldı. Bu qanunlarda dövlət dilinin tətbiqinin normaları tam aydınlığı ilə təqdim olunurdu.
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası prezidenti İ.Əliyevin 23 may 2012-ci il tarixli sərəncamı, 2018-ci il, 01 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı və başqa tədbirləri də əsas verir ki, biz dilimizə dövlət qayğısından əminliklə danışaq.
– Zamanla dövlət tərəfindən davamlı olaraq Azərbaycan dilinin inkişafı üçün maliyyə yardımı ayrılır.
– Və məsələ, həm də əsas problem ondadır ki, dövlət mütəmadi olaraq öz büdcəsindən külli miqdarda vəsaiti ona görə ayırırdı ki, Azərbaycan dilinin inkişaf proqramı hazırlansın, dilçilik elminin nəzəriyyəsi və praktikasının inkişafı üçün fundamental kitablar yazılsın, dərsliklər dil haqqında dövlət strategiyası prinsiplərini orta və ali məktəblərdə təhsil sahəsinə lazımınca ötürə bilsin, mətbuat, kütləvi informasiya vasitələri ictimai təfəkkürdə bu dilə qarşı rəğbət və hörmət doğuran münasibət formalaşdırsın və s. Fəqət, təcrübə, real vəziyyət bu nəzəriyyənin tətbiqi prinsiplərinin hər addımda pozulduğunu göstərdi. Yəni, dilçilik nəzəriyyəsi kitabları, dərsliklər və mətbuat dili daha da bərbad vəziyyətə salındı. Sovet dönəmindəki kitablar və mətbuat dili mədəniyyəti ilə müqayisədə inkişaf yox, geriləmə vəziyyəti müşahidə və etiraf olundu. Televiziya və radio kanallarının aparıcıları dövlət dilinin təhrifi, bərbad hala salınması yolunda sanki qəsdən əllərindən gələni əsirgəmədi. Dubliyajlar, tərcümə kitabları da həmçinin…
Mənim dəfələrlə, istər televiziya çıxışlarımda, istərsə də müsahibələrimdə, sosial şəbəkə statuslarımda konkret faktlar əsasında tənqid etdiyim reklam və elanlar, banerlər, tablo və plakatlarda dilimizin bərbad hala salınması məsələsini də xatırlatsam, vəziyyət bir az da aydınlaşar. Xarici dil birinciliyi, əcnəbi dillərin ən kiçik lövhələrdə belə dilimizə basqısı, bəzən hətta reklam şitlərinin, müəssisə və iaşə obyektlərinin adlarının ancaq əcnəbi dildə olması halları ilə də rastlaşırıq. Daha doğrusu, artıq daha çox hallarda… Bu saydığım faktlar Azərbaycanın paytaxtında, böyük bir arenada baş verir. Yəni, Azərbaycan dilinin milli dil kimi məhv edilməsi prosesi hamının gözü qarşısında, ən böyük auditoriyalarda, ən nüfuzlu tribunalarda həyata keçirilməkdədir. Mən reklamlar barədə 2002-ci il qanunundakı bu maddəni xatırlatmaqdan artıq usanmışam: “Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi 7. 1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. 7. 2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. 7. 3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. 7. 4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır”.
İndi bu maddənin tezisləri yadınızda qaldısa, şəhərə üz tutun və daş-divarlara həkk olunmuş yazıları oxuyun. Dil haqqında ali qanunun necə pozulduğunu özünüz görün. Yanacaqdoldurma məntəqələrinin birində bahalı bir banerdə yazılmışdı: “Alman qatqılı benzin”. Təsəvvür edirsiniz? Bu yazını hər gün yüzlərlə adam oxuyur. “Alman” millət adı, “Almaniya” isə ölkə adıdır. Bu elementar bilgidən nə qədər adam xəbərsiz olmalıdır ki, bu böyük baner paytaxtda işıqlandırılsın? Ərzaq mağazasının üstündə yazılıb: “Chicken”s house”. Keçmiş İnqilab, indiki H.Əliyev küçəsində “Oboy evi” və s bu kimi məntiqsiz adlarla rastlaşırıq. Olmaz ki, “Oboy evi” yox, “Divar kağızı çeşidləri” olsun? “Ev” insana, “hin” toyuğa, “dam” itə, “tövlə” mal-qaraya aid anlayışlardır. Bunların hamısını qarışdıran adamları necə azərbaycanlı hesab etmək olar? Onlar nəinki ədəbi dili, hətta məişət leksikasını belə bilmirlər. On minlərlə belə misal göstərmək olar…
– Reklam lövhələrində orfoqrafiya qaydaları da açıq şəkildə pozulur.
– Bütün bu yazılarda həm də orfoqrafiya qaydaları pozulur. Durğu işarələri, sözlərin səhv yazılışı və s. Üstəlik də istinad edəcəyimiz, əlimizdə əsas kimi saxlaya biləcəyimiz normal orfoqrafiya lüğətinin olmaması faciəsi! 5 avqust 2004-cü ildə Nazirlər Kabineti “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul etdi. O qərara əsasən orfoqrafiya qaydaları 1958-ci il 24 iyul tarixli 497 nömrəli və 1959-cu il 6 aprel tarixli 268 nömrəli qərarlar qüvvədən düşmüş hesab edilirdi. Nəticədə nə baş verdi? Yenini yarada bilmədilər (2004, 2013-cü il lüğətləri neçə min tirajlarla çap olunsa da, uğursuzluqla nəticələndi), köhnəyə də qayıtmaq olmaz. 60 il keçib… Bu dilçilik elminin biabırçılığı deyil, bəs nədir? AMEA ilə Təhsil nazirliyi birləşib, komissiyalar yaradaraq dərslik məsələsini niyə həll etmir? Hər il Azərbaycan dili və onun tədrisi metodikası ilə bağlı minlərlə vəsait çap olunur, amma elm və təhsil naminə deyil, müəlliflərin elmi dərəcə və vəzifə alması üçün…
Rəsmi şəxslərin, dövlət məmurlarının böyük auditoriyalarda və hətta siyasi tribunalarda dilimizi eybəcər şəkildə təqdimatı isə bir özgə söhbətdir. Onların çıxışları çox vaxt mənsub olduğu xalqın dilini parodiya etmək assosasiyası kimi görünür… Halbuki, dil haqqında qanunda göstərilir ki, dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilər. Rəsmi-işgüzar sənədlərin üslubu hər addımda pozulur, Bu sənədlərin tərtib edilməsi qaydalarında işçilər, savadlı hesab edilən adamlar belə təkrar-təkrar səhvlər edir. Rəhbərliklər isə görməzlikdən gəlir. Ehtimal ki, özləri də bilmir, rəsmi-işgüzar sənəd yazılışı və tərtibatı qaydalarından bixəbərdirlər. Əmrlər, ərizələr, protokol və aktlar, izahatlar, etibarnamə və s. bu kimi işlək sənədlər bərbad halda qovluqlarda arxivləşir. Gələcək nəsillərə bu şəkildə miras qoyduğumuz Azərbaycan dilini ciddi qəbul edən, sevib qorumağa çalışan olacaqmı o uzaq gələcəkdə? Dilimizə qarşı bütün bu hörmətsizliklərin, pisliklərin hamısını biz indi, məhz əlimizdə böyük imkanlar olan zamanda edirik.
Dilin təhrifi məsələsində mən ən böyük məsuliyyəti dilçilərin və ədəbiyyat adamlarının üzərinə atardım. Diçiliklə məşğul olan alimlərin mövqesizliyi, alim kimi ciddi yanaşmada bulunmamaqları, diktələrlə işləməkləri, prinsipial məsələlərdə, səsvermə prosesində səlahiyyətlilərin işarəsinə təslim olmaları adamı sarsıdır. Axı ali, ülvi bir missiyanın daşıyıcısı olduğunu unudan adamları dilçi, dilin qanunlarını yazan müəllif kimi necə qəbul etmək olar? Məsələn, “qoşa yy” “məhkəməsində” əmrlə əvvəl “hə” deyən adamları dəfələrlə müxtəlif mövqelərdə gördük. İşarə ilə gah “yox” dedilər, gah da “hə”… Olmaz axı belə, sən alimsənsə, başınla, vicdanınla qərar verməlisən, tapşırıqla yox!
– Çox zaman yazarlarda dilə yeni və uğursuz sözlər gətirirlər. Bu cür uğursuz yenilik sayəsində ədəbi-bədii dilin zədələnməsinə səbəb olur.
– Nasirlər, şairlər də bir tərəfdən dilin ədəbi-estetik və bədii-emosional, poetik qabığını zədələyir, süni modernləşdirmə oyunu oynayırlar. Bu addım hətta nüfuz sahibi olan yazıçılar tərəfindən atılır, yarınan və yarıtmaz tənqidçilər isə alqışlarla o adamları haqlı çıxarmağa çalışırlar. Teatrlarda, səhnə dili normaları alt-üst edilib. Dramaturgiya dilinin öz spesifikası var, amma dramaturq ola bilməyən müəlliflər səhnəni publisistika üslubuna kökləyib. Tamaşaçının teatrı tərk etdiyi zamanın ən ağrılı problemlərindən biri də budur. Dram dili estetikası, intonasiyası yoxdur. Biz demirik ki, səhnə həmişə V.Şekspir, H.Cavid və ya C.Cabbarlı, C.Məmmədquluzadə dili, üslubu ilə tənzimlənməlidir. Deyirik ki, XXI əsrin yeni, modern dünya dramaturgiyası, teatr mədəniyyəti və üslubu, pafosu ilə ayaqlaşa bilən teatr dili yaradılmalıdır. Bunu isə ilk növbədə yazarlarımız etməlidir. Musiiqi mətnlərini təhlil etsək, bu dildə düşünməkdən xəcalət çəkərik bəlkə də… Şəkilçiləri silib atırlar ki, qafiyə sayı düz olsun. Bayağı, məntiqsiz sətirləri mahnılar vasitəsilə gəncliyin qulağına, yaddaşına, beyninə doldurmaq da dilə daha bir zərbədir.
Dilin ədəbi səviyyəsini tarmar etmək üsullarından biri də loru, dialekt statuslu orfoepiya ilə orfoqrafiya stabilliyini pozmaq təxribatıdır. Mədəni və elit bir cəmiyyət formalaşdırmaq üçün insanları daha səliqəli və rəvan, zərif bir dil mədəniyyətinə alışdırmaq lazımdır, yoxsa, ədəbi dili, yazı dili mədəniyyətini pərakəndəliyə və məişət leksikasına kökləmək? Ola bilərmi ki, nə vaxtsa, məsələn, “Mənə gəlib deyir ki, bu işlər baş tutmayacaq” cümləsi “Maa əlif deyir kin, bu işdər baş tutmuyajax” şəklində yazıda öz ifadəsini tapsın? Axı məlum “dil islahatları layihəsi”nin son duracağı bizdən belə bir dilin proqramını reallaşdırmağı tələb edirdi… Nəşriyyatlardakı redaktorsuzluq, senzurasızlıq, formal olaraq rəyçilər və redaktor, korrektor adlarının yazılması kitab çapı işində dilimizi təhrif problemi yatradır.
“Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək” qadağasından, qanunun pozulmasına görə məsuliyyət daşıyan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağından xəbərləri olan səlahiyyətli adamlar niyə bu qədər pozuntulara göz yumur?!
Sözlə əməl arasında bu qədər uzun məsafə və anti-mövqelilik olarmı ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında dövlət dili kimi təsbit edilmiş Azərbaycan dilinin inkişafı, təkmilləşdirilməsi və qorunması praktik olaraq reallaşa bilmir.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və dil siyasəti sahəsində başqa normativ sənədlər dövlət başçısının dilə qarşı ciddi və həssas yanaşmasını göstərir. Bu gün Azərbaycan dilinin istifadəsi, öyrənilməsi və öyrədilməsi, dilçilik elmi sahəsində fundamental tədqiqatlara imza atılması, elm və texnikanın sürətlə inkişaf etdiyi qloballaşma əsrində Azərbaycan dilinin lüğət fondunu zənginləşdirmək işi bizim əsas vəzifəmiz olmalıdır. “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin reallaşması da bu istəklərdən irəli gəlir.
– İradə xanım, bir qrup dilçi ortaq türk dilinin yaradılmasını təklif etdilər. Sizin bu haqqda fikirlərinizi bilmək maraqlı olardı.
– Türk xalqları üçün vahid dil siyasəti ortaq türkcə, ümumtürk ədəbi dili məsələsi XIX əsrdən ortaya atılıb. C.Əfqani, İ.Qaspirallı, daha sonralar isə XX əsrin əvvəllərində Ə.Hüseynzadə və digər ideoloqlar bu fikri siyasi, bədii, fəlsəfi yöndən işləyib hazırladı. Lakin dil praktik fəaliyyət və sərbəst, azad təfəkkür təzahürüdür. Dil tarixi-coğrafi reallıqlar, etnoqrafik baza əsasında təzahür edir. Ona görə də romantik və aşırı türkçülük siyasəti bizim bir millət kimi dilimizi müstəqil ölkə atribututək qorumamıza mane ola bilər. Həm də son illərdə bu ideyanı təkrar ortaya atanlar unudur ki, bizim cənubi Azərbaycan ayrılığımız da var. Biz dil siyasətimizi bütöv və böyük Azərbaycan məramnaməsinə hesablamalıyıq. Etnik bir qurup kimi Türkiyə tükcəsinin tərkibində əriidilmək təkcə dilin deyil, millətin və dövlətin də nüfuzunu aşağı sala bilər.
“Türkiyə türkcəsi ortaq dil olaraq türkdilli ölkələrdə xarici dil olaraq öyrədilməklə məsələnin həllinə başlana bilər” – təklifləri də ortaya atıldı. Biz qardaş türk xalqları ilə bu cür yaxınlaşma, birləşmə siyasətini əsrlərlə davam etdirsək belə ortaq türkcə yaranmaz. Hərf, söz islahatları heç bir xalqın dilində inqilab edə bilməz. Bu birləşmələr üçün eyni ərazidə, coğrafi məkanda yaşamaq zərurəti var. Orta əsrlərdəki ümumtürk abidələrinin dili də həmin ortaq coğrafiyanın məhsulu kimi yaradıldı. Bu gün , diqqət etsəniz, görəcəksiniz ki, ortaq Türkiyə türkcəsi romantikası daha çox Türkiyədə məskunlaşan və ya, Türkiyədə müxtəlif zamanlarda dərs deyən, ora mütəmadi gedib-gələn adamlar, alimlər tərəfindən dəstəklənir. Hətta tanınmış pörofessorlardan biri dedi ki, “Onsuz da Azərbaycan dili əriyib yoxa çıxacaq indiki qloballaşan dünyada, vaxt var ikən Türkiyə türkcəsini ədəbi dil kimi qəbul edək”. Məsələnin faciəvi tərəfini təsəvvür edirsinizmi? Biz gələcəkdə baş verə biləcək təhlükələr üçün dilin bazasını, nəzəriyyə və qanunlarını, tədrisini, təbliğini gücləndirməkdənsə, dilin uçulub-dağılması, yıxılması, əridilib başqa dillərə qarışması üçün “tədarük” görürük…
2019-cu ildən çox şey gözləyirəm, əslində bir vətəndaş kimi tələb edirəm.