UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib.
“Report”un məlumatına görə, Fransadakı ilk matçda PSJ-yə 2:1 hesabı ilə qalib gələn İngiltərənin “Mançester Siti” klubu cavab matçında rəqibini 2 cavabsız qolla məğlub edərək, həlledici qarşılaşmaya vəsiqə qazanıb.
“Şəhərlilər”in hər iki qolunun müəllifi Riyad Mahrez olub. Əvvəlcə 11-ci dəqiqədə fərqlənən əlcəzairli yarımmüdafiəçi 63-cü dəqiqədə dubl edib. Qonaqların heyətində Anxel Di Mariya 69-cu dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
“Mançester Siti”nin finaldakı rəqibi bu gün keçiriləcək “Çelsi” (İngiltərə) – “Real Madrid” (İspaniya) oyunundan sonra bəlli olacaq. İlk matç 1:1 hesabı ilə başa çatıb.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
23:00. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) – 2:0
Qollar: Riyad Mahrez, 11; 63
Qırmızı vərəqə: Anxel Di Mariya, 69 (PSJ)
İlk oyun – 2:1
Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 29-da Türkiyənin İstanbul şəhərində gerçəkləşəcək.