- Cəmiyyət

“Tutarlı dəlillərim var”

Azərbaycan Respublikasının Təhsil İnstitunun şöbə müdiri Könül Nəhmətova saytımıza müraciət edib və yayımlamaq üçün izahat təqdim edib. Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyevə 23 noyabr 2023-cü ildə yazılan izahatı olduğu kimi təqdim edirik.

 

“İ Z A H A T

 17 noyabr 2023-cü il tarixində Fəxri Xiyabanın qarşısında toplanmış təhsil nümayəndələrinin gözü önündə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin əməkdaşlarına və İnstitutun direktoru Elnur Əliyevə üzümü tutaraq: “Azərbaycan təhsilinə qarşı təxribatı dayandırın”, –  tələbi ilə səsimi yüksəldərək çıxış etmişəm. Davranışım affekt halında deyil, tam şüurlu şəkildə baş vermişdir.  İllərlə təhsilin məzmunu ilə bağlı  bütün lazımi instansiyalara mürəciətərimə baxmayaraq dinlənilməmişəm və yeri gəldikcə təzyiqlərə, kənarlaşdırılmalara məruz qalmışam. Müşahidə etdiyim qüsurları Azərbaycan təhsilinə qarşı təxribat hesab etdiyim üçün təhsil sahəsində çalışan rəhbər şəxslərin qarşısında sözümü deməyə məcbur qaldım.

Məni etirazın bu qədər ciddi formasına çatdıran tutarlı dəlillərim var.

  1. Dərsliklərdəki elmi səhvlər, şagirdlər və müəllimlərin istifadəsi üçün yararsız olması; cavabdeh şəxslərin səriştəsizliyi

Bununla bağlı olaraq 2016-cı ildən etibarən geniş qeydlər, iradlar və təkliflər, tənqidi məqalələr, sosial şəbəkədə açıq etirazla çıxış edirəm, lakin məsul instansiyaların  etinasızlığı və məsuliyyətsizcə yola vermələri ilə qarşılaşıram. 2021-ci ilin yay ayında Azərbaycan dili dərsliyində milli məsələlərlə bağlı yol verilmiş qüsurlar və elmi səhvlərlə bağlı Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri və digər əməkdaşı ilə əlaqə saxlamış, iradlarımı şifahi şəkildə nəzərlərinə çatdırmışam. Aldığım cavablar belə olub: “Siz niyə Azərbaycan dilinin dalına düşmüsünüz? Azərbaycan dili məhv olacaq. Camaat texnika arxasınca gedir”, “Dərsliklər məhv olacaq”, “Bizim mədəniyyətmiz var? Biz köçəri millətik”, “Müəllimlərimiz savadsızdır” kimi əlaqəsiz və təhlükəli “arqumentlərlə” məni susdurmağa çalışıblar. Azərbaycan dili dərsliyində milli məsələlərlə bağlı yararsız və zərərli mətnlərə iradıma qarşı aldığım cavab isə belə olub: “Nə istəyirsiniz: o gic-gic mətnləri (K.N.: Qarabağla bağlı hekayələr nəzərdə tutulur) daxil etməliyik dərsliklərə?”

5-ci sinif “Azərbaycan dili dərsliyində erməni məsələsi ilə bağlı siyasi səhvə yol verilməsinə, şəhidlik dəyərinin alçaldılmasına, H.Z.Tağıyevin şəxsiyyətinə alçaldığı münasibətə görə heç bir dərslik müəllifi cəzalndırılmadı, əksinə, həmin şəxslərin qüsurlu fəaliyyətləri vüsət almış, hazırda da “Otbiçənin hekayəsi” mətni kimi nümunələrlə mənəvi dəyərlərimizin aşındırılması davam etdirilir. Mən bu mətn seçimlərini qəsd hesab edirəm. 4-cü sinif “Azərbaycan dili” dərsliyində Nadir şahın qaniçən, amansız şah kimi təqdim edilməsini, birmənalı olaraq, hansısa ülvi məqsədə xidmət etdiyini düşünmək olmur. Həmin mətnə qarşı etirazımı bildirmişəm və məsələ mətnin çox cüzi redaktəsi ilə “həll edilmişdir”. Yenə 5-ci sinif dərsliyindəki “Bilirdim ki qayıdacaqsan” hekayəsindəki motivlərin Azərbaycanın əleyhinə olması fikrimi dərslik müəllifinə çatdırsam da, şifahi şəkildə təhlil edib isbat etsəm də, mətnin dərsikdən çıxarılmasına nail ola bilməmişəm. Yalnız daha ciddi və açıq təhlükəli cümlənin çıxarılması ilə məsələni həll edilmiş hesab etmişdirlər. Hekayənin və dərsliyin müəllifi Rafiq İsmayılov İTV-də “Sabaha saxlamayaq” verilişində son çıxışında münasibətini belə açıqladı: “Ermənilərlə qonşu, dost kimi yaşayaq, deyirsiniz…”. Müəllif bir məsələni anlamır ki, tarixi həqiqətləri təhrif etməklə və erməniyə yalançı humanist ordu donu geyindirməklə yalnız öz dövlətçiliyimizə zərər verir, düşmənlərə bizə qarşı öz əlimizlə “silahlanıdrır”, qonşuluq, dostluq münasibətlərinin qurulmasına xidmət göstərmir.

Dərslikdən bəhs etmişkən, digər ciddi elmi məsələləri də nəzərə çatdırıram. Birincisi, Azərbaycan dili dərsliklərində mündəricat natamam olduğu üçün onun sistemini anlamaq mümkün deyil. Yəni yeni dərsliklər komunnikativ metodla yazılsa da, bu məzmun mündəricatda öz əksini tapmır, bu da həm müəllimlərə, həm şagirdlərə dərsliklə işləməyi çətinləşdirir.

Başqa məsələ, xarici standartların əsasında qaralama kimi yazılan yeni standartlar Azərbaycan şagirdinin yaş xüsusiyyətlərinə hesablanmayıb. Bununla bərabər, filoloji mövzuların sadədən mütəkkəbə doğru inkişafını izləmək mümkün deyil. Bir misal: hələ mətnin mövzusunun nə olduğunu blməyən ikinci sinif şagirdinə mətnin problematikasını öyrədirlər, o da tamamilə səhv. Elə həmin dərslikdə “haşiyə” anlayışı gülməli şəkildə yanlış izah edilmişdir. Müəlliflər tipoqrafik anlayış olan haşiyəni mətnin strukturuna daxil olan mətn vahidi kimi haşiyə terminindən fərqləndirə bilməmişdirlər. Dərslikdə belə gülməli səhvlər ayaq açıb yeriyir. Avropa ədəbiyyatşünaslığından gətirilən, lakin Azərbaycan elmində bir məqalə belə (K.N.: Mənim dərsliyə yazdığım tənqidi məqalə ististisna) həsr edilməmiş mətnin üçhissəli strukturu müxtəlif sinif, tədris və dövlət dili dərsliklərində fərqli izah edilmişdir. İzahların hamısı da yanlışdır, nəzəri əsası yoxdur. Müəllifər mövzunun elmi-nəzəri əsaslarını öyrənmədən öz subyektiv yanaşmaları ilə məzmun yaratmışdırlar. Dərsliklər müəlliflərin belə subyektiv yanaşmaları ilə doludur.

Dərsliklərədki səhvərlə bağlı telefon danışıqları ilə kifayətlənməmiş, Tədris Resursları Şöbəsinin məsul şəxsləri qarşısında təqdimat edərək məlumatlandırmış, gördüyüm səhvlərin bir çoxunu nümayiş etdirərək qüsurlarını izah etmişəm. Mərkəzdə də peşəkarlıq baxımından vəziyyətin acınacaqlı olduğunun şahidi olmuşam. Mərkəzdə Azərbaycan dilinin kuratoru kimi təqdim edilən Əsgər Quliyevin  fənnin məzmunundan xəbəri olmadığını gördüm. Mən fənnin filoloji məzmunundakı səhvləri şərh edərkən haqqında bəhs etdiyim şəxs sözümü kəsib dedi: “Könül xanım, siz özünüz filoloq olduğunuz üçün ədəbiyyatşünaslıq məsələlərindən danışırsınız”. Məsul şəxsin öz ixtisas fənninin müasir məzmunundan xəbəri yoxdur, halbuki mənim bəhs etdiyim mövzular hamısı standartların tələbinə görə dərsliklərdə yer alıb. Mühakimə xarakterli mətndən bəhs edərkən Mərkəzin direktorunun: “Mühakimə nədir?” sualı qanımı dondurmuşdu. Azərbaycan dilini bilməyən adam Azərbaycanın dərsliklərinə cavabdeh olan Mərkəzin müdiridir.

Azərbaycan dili ilə bağlı təşəbbüslərimin nəticəsi olaraq İnstitut rəhbərindən isə aldığım cavab belə oldu: “Xaricdə tənqidi məqalələriniz çıxmayıb deyə sizə deyil, Rafiq İsmayılova (K.N.:  Azərbaycan dili və ədəbiyyatı mütəxəssisi olmayan adama) inanırıq.”

  1. Azərbaycan dili dərslikləri üçün seçilən mətnlərin mənbələrinin şübhəli olması, klassik ədəbiyyata etinasızlıq

Mətnlərlə bağlı çoxsaylı müraciətlərə də əsasən deyə bilərəm ki, Azərbaycan dili dərslikləri üçün seçilən mətnlər təhsil işçiləri, valideynlər tərəfindən birmənalı qarşılanmır, mütəmadi olaraq etirazlar doğurur. İctimaiyyətin rəyi ilə razıyam və bu barədə artıq birinci bənddə müəyyən qədər məlumat verdim.  Onlarla yanaşı, dərsliklərdə təhlükəli mənbələrdən alınmış mətnlərə təsadüf edilməsindən də geniş bəhs etmək olar. Məsələn: “Təcili qan axtarılır” hekayəsinin mənbəyinə baxın: “Acele kan aranıyor”, Muştu yayınları. https://www.okuloncesidestek.com/sayfa/yasakli-yayinlar-listesi/19 Bundan başqa, dərlsikdə təhrif edilmiş bədii nümunlər, keyfiyyətsiz iqtibaslar, plagiat mətnlərdən də danışa bilərəm. Bir çox mətnlərin dərsliklərdən çıxarılmasına, bəzilərinin də redaktə edilərək təkmilləşdirilməsinə nail olsam da, bunlar qənaətbəxş sayılmaz. Müəlliflər hər bir yeni dərsliklərdə kobud səhvlərə yol verirlər.

Qeyd edim ki, inkluziyanın dərslikdə nəzərə alınması  ilə bağlı ayrıca araşdırılma aparılmalıdır. Dərslik müəllifləri inklüziyanın fəlsəfəsindən tamamilə xəbərsizdirlər.

  1. Məsul olduğum şöbəyə daxil olan ixtisasartırma proqramlarındakı naqisliklər

Şöbəyə daxil olan proqramlar nə dil, nə məzmun baxımından qənaətbəxş olmur. Bir fakt göstərəcəm: bu il MİP proqramları şöbədə dəyərləndirildi və aşkar edildi ki, bütün proqramlar TAİM kursunun “Metodika” kitabından köçürmədir və hətta müxtəlif mövzuda proqramlar eyni bəhsləri əhatə edir. Proqramların yararsızlığına görə son illərdə həlledici məqamlarda məzuniyyətə çıxıram ki, onlara imza atmayım.

Proqramlarla bağlı iradlarım və yaramaz proqramları təsdiq etməyim üçün məruz qaldığım israrlarla, gərəkli proqramlara imtina verdirməklə bağlı Nazirliyə – yenə Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdirinə zəng edib şikayətlənəndə mənə dedi: “Könül xanım, gedin, abituriyent hazırlığı ilə məşğul olun”. Anladım ki, təhsil və elm adamı artqı təhsilə lazım deyildir.

İllərlə yığılmış bu problemlər və dərsliklərdəki səhvlər məni daha yuxarı instansiyalara müraciət etməyə təhrik etdi. Təhsil Nazirliyinə elektron məktublarla müraciət etdim, cavabsız qaldı. Təhsil Nazirliyində cənab Elnur Nəsibovla görüşüb dərdlərimizi danışdım. Şamaxıda Ədəbiyyat Forumunda cənab nazirlə ayaqüstü söhbətə nail olub, dərsliklərə cavabdeh şəxslərlə görüşdürülmək təkilifini aldım. Cənab nazir Elnur Nəsibova tapşırıdı ki, məni Elnur Əliyev və Vəfa Yaqublu ilə görüşdürsün. Elnur Nəsibovla mesencer üzərindən mesajlaşma ilə məlumat aldım ki, nazirin tapşırığını ünvana çatdırıb. Lakin tapşırığa əhəmiyyət verən olmadı. Beləliklə də, dərsliklərdəki səhvlərin, Azərbaycan övladlarının təhsili heç kimi düşündürmədiyi qənaətinə gəldim.

Təhsil nümayəndələri qarşısında açıq və üsyankar çıxışımın bugünə qədərki motivlərini qismən qeyd etdim, kifayət qədər ciddi motivlər olması qənaətindəyəm.

Könül Nəhmətova: 

ARTİ, MDPİM, Əlavə təhsilin məzmunu şöbəsinin müdiri

21.11.2023