- Mədəniyyət

Vilayət Quliyevin “Macar etüdləri” türk dilində

İstanbulun “Bengü Yayınları” nəşriyyatı tanınmış ədəbiyyatşünas-alim və diplomat Vilayət Quliyevin ilk dəfə Bakıda Dövlət Tərcümə Mərkəzi tərəfindən 2021-ci ildə çap olunmuş “Macar etüdləri” kitabını türk dilində nəfis şəkildə nəşr edib.

525.az xəbər verir ki, əsəri Furkan Abir türk dilinə uyğunlaşdıraraq nəşrə hazırlayıb. Kitabda böyük ənənələrə malik macar türkologiyasının tarixindən və görkəmli nümayəndələrindən, türk-macar və Azərbaycan macar əlaqələrindən bəhs edilir. Hazırda əsərin macar dilinə tərcüməsi üzərində də işlər tamamlanmaqdadır.

Qeyd edək ki Vilayət Quliyev 2010-2021-ci illərdə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlıq sazişi imzalanıb, geniş işgüzar əlaqələr qurulub. Bakı ilə Budapeşt arasında bu gün də fəaliyyət göstərən birbaşa hava əlaqəsi yaradılıb. Hər il 200 nəfər azərbaycanlı gəncin “Stipendium Hunqaricum” proqramı çərçivəsində Macarıstanın ali məktəblərində təhsil almaları təmin olunub. Macarıstan Türk Dövlətləri Şurasında, Türk Dövlətləri Parlament Assambleyasında, Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu qazanıb. Budapeştdə TDŞ-nın Nümayəndəlik Ofisi açılıb. Dövlət başçılarının yüksək şəxsi əlaqələri və davamlı ünsiyyəti sayəsində Avropa Birliyi və NATO üzvü olan bu Mərkəzi Avropa ölkəsi beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini ardıcıl şəkildə dəstəkləyib. İki dost ölkə və xalq arasındakı qarşılıqlı münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfir Vilayət Quliyev Macarıstan Prezidentinin sərəncamı ilə “Xidmətlərə görə” ordeninin III və II dərəcəsi ilə (Zabit və Komandor dərəcələri) təltif olunub, Baş nazir Viktor Orbanın xüsusi təşəkkür məktubuna layiq görülüb.

Budapeştdə çalışdığı dövrdə səfir Vilayət Quliyev ölkənin elmi-mədəni həyatında da yaxından iştirak edib. Azərbaycan və macar mədəniyyətləri arasında əlaqələr yaradılmasına, onların qarşılıqlı şəkildə tanıdılmasına, təbliğinə böyük əmək sərf edib. Səfirliyin təşəbbüsü ilə klassik və müasir Azərbaycan ədəbiyyatının bir sıra diqqətəlayiq nümunələrinin macar dilinə tərcüməsi və nəşri həyata keçirilib. Macar ədəbiyyatının klassiki Miksat Kalmanın “Danışan kürk” romanı Vilayət Quliyevin tərcüməsində Bakıda nəşr edilib. Alim-diplomatın gərgin elmi axtarışlarının nəticəsi kimi meydana çıxan “Bəkir Çobanzadə Budapeştdə”, “Macar etüdləri” kitabları, Azərbaycan və Macarıstan mətbuatında işıq üzü görən onlarla məqaləsi onun xalqlarımızın çoxəsrlik ədəbi-mədəni əlaqələr tarixinə diqqətəlayiq töhfəsidir.