- Köşə

Gülyaz ƏLİYEVA. Əfəndilər, mən bəkliyorum…

Bu gün milli mətbuatımızın banisi H.B.Zərdabinin ad günüdür.

“Dünyada bədbəxt o millətdir ki, özgə millətin silahından ziyadə dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır…”

Ö.F.Nemanzadə.

“Əfəndilər, müsaidənizlə bir kaç kəlmə söz ifadəsinə əşəddü ehtiyacım var. Əfəndilər, sükut ediyorsunuz? Əcəba, müsaidə etmək istəmiyorsunuz?

‒ Maşallah, yaxşı danışır…

‒ Əfəndilər, bir də cavab vermiyəcək olursanızsa, bu mübhəm sükutunuzu  kəndim  üçün böyük bir həqarət zənn edəcəyəm. Bəli, bəli… Bən bəkliyorum, əfəndilər… Rüstəm bəy! Bəndənizi təhqir etmək fikriniz vardısa, neyçün bunu kəndi xanənizdə icra ediyorsunuz?

‒ Çox sağ olun, çox razıyam.

‒ Başqa bir yerdə əda etmək qabil deyilmidir? Müsaidə vermək istəmiyorsunuz? Artıq bu, həqarətdir, mən burda oturmam…”

‒ Adə, hara, hara?

‒ Bayaqdan danışmaq üçün mən sizdən izn istəyirəm, amma siz heç cavab vermək istəmirsiniz!

‒ Mən elə bilirdim, səhərdən nitq söyləyirsən. Sən öləsən, başa düşməmişəm”.

Yəqin, bu sözləri oxuyanda Ü.Hacıbəyovun “Məşədi İbad” komediyasındakı məşhur  səhnə gözləriniz qarşısında canlandı və çöhrənizdə bir təbəssüm oyandı…

İndi Rza bəyin sözü olmasın, əfəndilər, müsaidənizlə öz doğmaca ana dilimiz haqqında bir kaç kəlmə söz ifadəsinə əşəddü ehtiyacım var. Əcəba, xəbəriniz varmı ki, dilimiz gün-gündən öz sözlərindən, hətta qrammatikasından uzaqlaşır? Onun hər gün bir az qol-qabırğasını qırıb şikəst edirlər və Ovodun gününə salıblar, ay fil qulağında yatmışlar? Ən pisi də odur ki, bu, hər gün sizin gözləriniz qarşısında baş verir və siz uşaqların, gənclərin, “böyük”lərin dilindəki bu dəyişikliyi görə-görə onu düzəltməyə çalışmırsınız. Ən dəhşətlisi isə odur ki, bu yanlış yoldan sizi döndərməyə çalışıb, gözlərinizi açmaq istəyənlərə qarşı birinci elə siz özünüz hücuma keçirsiniz. Özünüzü türklərdən daha “aşırı”, yəni, qədim el dilincə desək, daha çoxmu türkpərəst zənn edirsiniz? Belə danışmaqda məqsədiniz nədir?

Nəzərinizə çatdırım ki, türklər özü belə bunu normal qəbul etmir, sizin “aşırı”, el dilincə desək, həddən çox “təpkinizə”- el dilincə, canfəşanlığınıza “gülüyor”, yəni, gülür. Bu nədir?  Hamı “bir-birinin bəhsinə, tumanın geyir tərsinə”. Hər kəs: uşaq-böyük, oxumuş-evdar, ağıllı-ağılsız, savadlı-savadsız, şəhərli-kəndli, dəxli yoxdur – hamı cəhd edir ki, dilində öz sözlərimizi daha az işlətsin, malesef, yox e, təəssüf ki… Danışığında türk kəlmələrinə üstünlük versin və bunu Ü.Hacıbəyovun məşhur “Məşədi İbad” komediyasındakı Rüstəm bəy demiş. “özü üçün böyük bir pul dağarcığı, yox e, böyük bir şərəf” hesab edir.

Amma xatırladım ki, əslində Azərbaycan dili türk dilləri ailəsi içərisində öz kökünə daha çox bağlı olan, leksikası lap az dəyişikliyə uğrayan ahəngdar, gözəl və mükəmməlidir və qeyd etdiyim kimi bunu türk dilçi-alimləri dəfələrlə etiraf ediblər. Lakin biz özümüz necə? Bunu bu gün özümüz lazımınca təbliğ edə bilirikmi?

Axı nəyə görə Sovet dövründə ruslardan qoruyub inkişaf etdirdiyimiz dilimizi müstəqillik dövründə “özümüzünkülərdən” qorumaq bir müşkülə çevrilib?! Hərəsi dilin başına bir oyun açır. Bilmirsən, bu qəsdən, bilərəkdən, planlı şəkildə görülən bir işdir, ya düşünülmədən, təsadüfən olan bir iş. İndi dili sanki elə bəzi dilçilərin, əli qələm tutan bəzi mətbuat işçilərinin və televiziya aparıcılarının, sayt rəhbərlərinin, hətta ayrı-ayrı teleserial xəstəsi ev xanımlarının, onların məktəbyaşlı uşaqlarının özündən qorumaq lazım gəlir! Nəyə görə?

Hər kəs, nə bəladırsa, danışığını, Türkiyə türklərinə uyğunlaşdırmağa çalışır. Bunun da əsas səbəblərindən biri məhz Türkiyə seirallarının xəstəsi olmalarıdır, deyə düşünürəm. Evdə bikar oturmuş qadınlarımız səhər-axşam, axman-səhər bu seriallara baxmaqla fərqinə varmırlar ki, bu, təkcə onların özlərinə deyil, evdəki övladlarına da sirayət edir, mənfi mənada təsirsiz ötüşmür. Orada təsvir olunan süni süjet xətti bizim millətə təkcə çox ciddi mental zərərlər vurmur, həm də dilimizin korlanmasına, uşaqların beyinlərinə o sözlərin, ö davranışın hopmasına səbəb olur. O serialların təsiri ilə öz ailəsini atıb qaçanların dərdini bir yana qoyub (hələ onun yeri deyil), ondan daha da betəri, dilimizə dəyən ziyandan söz açmaq istəyirəm. Xəbəriniz varmı ki, evlərdən məktəbə ilk qədım basan uşaqların əksəriyyətinin dili adamı heyrətə salır? Bu uşaqların böyük əksəriyyəti ana diliinin bir çox sözlərindən tanamilə xəbərsizdir? Xəbəriniz varmı ki, artıq uşaqların böyük əksəriyyəti doğum günlərində bir-birlərini: “Səni təbrik edirəm, doğum günün mübarək” əvəzinə: “Həppi böz dey tu yu” və ya ən yaxşı halda: “İyi ki doğdun” deyə təbrik edirlər. Siz deyin, bizdə “doğdun” hansı mənanı daşıyır?  Deyən gərək ki, yamsılayırsınızsa, barı, heç olmasa, ifadəni “yaxşı ki, doğuldun”, fornasında ifadə edin. Hər gün “böyük”lərindən evdə eşitdikləri bu sözlər -“falan, zaten, yani, aşk, aşkım, pəmbə, malesef, annem, və s. “bu kimi kəlmələr artıq onların da leksikonunda özünə yer yapıb və uşaqların dilində hər gün işlənən kəlmələrdir.

Niyə özümüzün gül kimi ana dili kəlmələrimizi fürsət düşən kimi başqa dilin sözləri ilə əvəz etməyə çalışırsınız ki? Bunu savadsızlar edirsə, bu, bir başqa dərd, bəs bizim bu oxumuş, əli qələm tutan, çörəyi məhz Azərbaycan dilindən çıxanlara nə düşüb?

Heç olmasa, dilimizin bu günə gəlib çatması üçün mücadilə edən, mübarizə aparan, mərhumiyyətlər, nələr-nələr hesabına ana dilimizdə qəzet-jurnal açmaq üçün illərini, pullarını xərcləyən dil fədailərimizin əməyini yerə vurmayın. Sizdən fərqli olaraq, çətin dövr və şəraitdə – müstəmləkə əsarətində sələflərinizin dilimizi qorumaq, assimiliyasiya olmamasına çalışaraq etdiklərinə də baxın, bir qayıdıb özünüzə də baxın. O dövrün mətbuat adamlarının – Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə kimi adamların bir nömrəli məsələsi dil məsələsi idi. Onlar bunu çox gözəl başa düşürdülər. “Bir millətin yaşaması dili ilədir. Dil yoxsa, millət yoxdur. Mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin yeganə nişanıdır, millət sevgisinin birinci əlamətidir” – Ömər Faiq Nemanzadə deyirdi.

Onu da bilirsinizmi ki, sözlərini süni surətdə dilimizə pərçim etdiyiniz türklərin dilçi alimləri, elm adamları bizə heyranlıqla baxırlar ki, əsl türkcə sizin türkcədir? Onlar deyirlər ki, siz 70 il Sovet İttifaqının tərkibində olmağınıza baxmayaraq, dilinizi çox yaxşı qorunub saxlaya bilibsiniz. Bəs biz neyləyirik? Biz də özümüzə, öz dilimizə dəyər verə bilirikmi? Əvəzində biz özümüzü onlara oxşadırıq. Ölürük də küçük, pardon, kiçik qardaş olmaq üçün, lap sinov gedirik, desəm, azdır.

Adi insanların özünü oxşatması  bir yana, açırsan televizoru, ekrandan : “kilo almışam, kilo vermişəm”in biri bir qəpikdir. Məgər “kökəlmək” və ya arıqlamaq” sözü yoxdur ki, onun yerinə bu birləşməni işlədirsiniz? Yox, əgər olmasa, sizi qınamaram. Kilonu necə ala bilərsən axı? Bəlkə, “qəssabdan 5 kilo ət almışam və indi də o 5 kilo əti bəyənmədiyim üçün geri vermişəm” demək istəyirsiniz? Bizdə kilo ilə ət, ərzaq alarlar, yeyib kökələrlər, daha kilo almazlar.

Təbii ki, mən türk dilindən və ya başqa dillərdən söz almağın əleyhinə deyiləm. Sözlərimi səhv istiqamətə yozub, o saat C.Cabbarlının “Almaz” pyesindəki kimi:  “Məscidi qışqır, məscidi qışqır!” – deyib, aranı qatmayın, yəni adımızı “türk düşməni” qoymayın. Hər kəsə o da bəllidir ki, dünyada elə bir dil yoxdur ki, yalnız öz sözləri hesabına zənginləşsin, inkişaf etsin. Amma hər şeyin bir üsulu, qayda-qanunu var. Dili zənginləşdirmək üçün əvvəlcə öz dilimizin imkanlarını, yeni sözyaratma yollarını, dialekt sözləri  alternativ kimi nəzərdən keçirmək olar. Sözsüz ki, dil də canlı varlıq kimidır. O da yaranır, inkişaf edir, bəzi sözlər köhnəlir,  arxaizmə çevrilir, dildən çıxır. Əvəzinə yeni sözlər ‒ neologizmlər yaranır, dövriyyəyə girir, ya özünə yer tapıb, qaynaylb-qarışır, ya da elə yarandığı kimi də ölür, ümumişlək ola bilmir. Dilin yeni sözlər vasitəsilə zənginləşməsi, inkişafı öz kəlmələri hesabına yeni sözlər yaratma yolu ilə də, başqa dildən sözalma yolu ilə də ola bilər. Bu, təbiidir. Dilə başqa dildən, ən yaxşısı elə eyni dil ailəsinə mənsub olduğumuz türk dilindən yeni sözlər daxil olmalıdır. Əgər dilimizdə o məfhumu ifadə edən söz yoxdursa, onda bu başqa. Buna sözümüz yox.

Bir də var ucdantutma təmiz ana dilindəki sözləri türk dilində işlənir deyə təsir altına düşərək, mənasına varmadan ərəb-fars və ya Avropa mənşıli sözlərlə əvəz edəsən. Hər hansı bir məfhumu dilimizdə ifadə edəcək söz yoxdursa, onu türk dilindən alaq, dilimizi zənginləşdirək, bu, təqdirəlayiqdir. Yoxsa öz sözümüzü heç düz-əməlli türk sözü olmayan, onların Avropa dillərindən aldığı sözlərlə niyə əvəz edək ki? Və ya bir söz bizim dildə bir, türk dilində başqa mənada işlənirsə, niyə biz də mənasına varmadan işlədib özümüzü gülünc vəziyyətə qoyaq ki?  Bu nə həvəsdi yaranıb bizim camaatda? Ö.F.Nemanzadə hələ o dövrdə necə də ürək ağrısı ilə: “Canlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəratından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlamış deməkdir…

…Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz,”- söyləyirdi.

Yaxşı, H.B.Zərdabinin, Ö.F. Nemanzadənin, Ü.Hacıbəyovun, C.Məmmədquluzadənin yaşadığı dövrü başa düşdük. Ölkədə ana dilində məktəblər yox idi, mətbuat qıt idi. Adamlar hərəsi gedib bir yad diyarda – Rusiyada, İranda, Türkiyədə ali təhsil alırdılar və onların dillərinə təhsil aldıqları xalqın sözləri təsir edirdi. Ana dilində kitablar, ali təhsil müəssisələri yox idi. Bəs sizə nə düşüb?  Ana dilimizin qrammatikası haqda yüzlərlə elmi kitablar yazılıb, dilimiz dövlət dilidir, müstəmləkə şəraitində deyilik, öz əlimiz, öz başımız olduğu bir vaxtda bu nə həvəsdir, bu nə canfəşanlıqdır belə? Hə? Əfəndilər, mənim verdiyim bu sualların cavabına  əşəddü ehtiyacım var. Əgər mənim ürək ağrısı ilə ünvanladığım bu suallara cavab vermiyəcək olursanızsa, bu mübhəm sükutu kəndim üçün böyük bir həqarət hesab edəcəyim… Əfəndilər, mən bəkliyorum …