- Köşə

Kontent və kontekst: anlayışların fərqi və tədrisdə yeri

Könül Aydın Nəhmətova,
 Filologiya üzrə fəlsəfə doktoru

“Kontent” və “kontekst” sözləri səs tərkibinə görə, əsasən, səsləşirsə də, bu iki termin arasında məna baxımından açıq fərq vardır. Kontekst və mündəricat/məzmun arasındakı fərq ondan ibarətdir ki, kontent əsərdə, xüsusilə yazılı mətndə bəhs olunan mövzu və ya məsələləri  ifadə edir, kontekst termini altında sözü və ya mətn parçasını əhatə edən və mənanı anlamağa kömək edən mətn komponentləri nəzərdə tutulur. Terminlərin açıqlamasını daha aydın şəkildə belə ifadə etmək olar:

Kontent: mətndə nədən bəhs olunur?

Kontekst: mövzu necə çatdırılır?

Kontekst

Kontekst hər hansı bir vəziyyəti və ya situasiyanı formalaşdıran şərait ola bilər ki, situasiyanı anlçmaq üçün buna ehtiyac vardır. Məsələm, ictimai kontekst hər hansı bir vəziyyəti aydınlaşdırmaq üçün nəzərə alınan ictimai şərtlər, şəraitdir. Və yaxud nər hansı bir ənənəni, təcrübəni anlamaq üçün ona tarixi kontekstdən nəzər salmaq vacibdir.

Mətndə kontekst isə hər hansı söz və ya mətnin digər məna vahidləridir və  mənanı aydınlaşdırmaq üçün nəzərə alınması zəruridir. Konteksti qavramaq mətnin bütün mənasını dərk etməkdir.

Kontekst linqvistikanın predmetidir və iki kateriqoriyada öyrənilir: verbal və sosial kontekst. Verbal kontekst, yuxarıda qeyd edildiyi kimi,  müxtəlif nitq vahidləridir – söz, cümlə və mətn parçasıdır; sosial kontekst isə mətndə haqqında bəhs olunan sosial şəraitdir.

Məzmun

Məzmun mətnun tematikası və problematikasıdır.

Məzmun – əsərin ələ aldığı materialdır.

Başqa sözlə, müəyyən mövzuya dair material mətnin məzmununu təşkil edir. “Məzmun” mətnin “mündəricatıdır”. Kontekst və məzmun anlayışlarını fərqləndirmək üçün onlara açıq tərif vermək kifayətdir: məzmun –  əsərin əhatə etdiyi materialdır, kontekst – materialı təqdim edən sistemdir.

Oxuyub-anlama fəaliyyətinin təşkilində kontekst kontentdən önəmli hesab edilir. Mətnin məzmununu anlamaq üçün diqqəti kontekstə yönəltmək şərtdir. Məsələn, fikrin açıq və ya sətiraltı ifadə edildiyini anlamaq üçün kontekst nəzərə alınmalıdır. Dövrümüzdə fikrin kontekstdən kənarda istifadəsinin məna təhriflərinə yol açdığının mütəmadi şahidi oluruq. Bu vəziyyət kontekstin əhəmiyyətini bariz şəkildə diqqətə çatdırmaq üçün tutarlı faktdır.

Cədvəl: Kontent və kontekstin fərqləndirilməsi

Kontent                                                           Kontekst

Mətndə nədən bəhs edilir?                               Məlumat necə çatdırılır?

Mətnin məzmunu və ya mündəricatıdır.       Məzmunun ifadə sistemidir.

Nitq vahidlərinin kontekstə görə izahı

Elə sözlər var ki, kontekstindən asılı olmayaraq eyni mənanı ifadə edir.

Məsələn:  Əyləşin!

Çoxmənalı sözlər kontekstdən asılı olaraq müxtəlif mənalarda işlənir.

Məsələn:

Açıq qapı                     Açıq söz

Dəmir masa                   Dəmir iradə

Kitab almaq                   Könül almaq və s..

Bəzən mətndə müəyyən bir sözün mənasını anlamaq üçün ətrafındakı sözlər və ya cümlə kifayət etmir, daha geniş kontekstə ehtiyac yaranır.

Nümunə:

Cənubi Koreyanın siyasi və iqtisadi qurumları nə qədər inklüzivdirlərsə, Şimali Koreyadaki qurumlar bir o qədər eksklüzivdir. Cənubi Koreya yaradıcılığı alqışlayan, texnologiya yeniliyini mükafatlandıran və bütün vətəndaşlar üçün iqtisadi fəaliyyətə şərait yaradan inklüziv bir sistemə malikdir və buna əsasən  keçmiş üç onillik ərzində Cənubi Koreyanın iqtisadiyyatı davamlı olaraq artmışdır.  Bunun tam əksinə, Şimali Koreya xalqı keçmiş onilliklər ərzində sonsuz aclığa, siyasi basqılara məruz qalıb, çox fərqli iqtisadi qurumlara görə  dünya üzrə ən yoxsul xalqlardan birinə çevriliblər.

Şərh: Mətndə eksklüziv və inklüziv sözlərinin mənasını istifadə edildiyi cümləyə əsasən müəyyənləşdirmək olmur. Sözlərin mənasını anlamaq üçün mətn parçası – abzas kontekst kimi çıxış edir. Şimali Koreyadakı qurumlar basqı altında işlədiyi üçün inklüziv cəmiyyətin əksi olaraq qapalı cəmiyyətə çevrilmişdir. İnklüziv sözünün mənası kontekstdən bəlli olur: bütün vətəndaşıara şərait yaradan inkişafetdirici mühitdir. Mətnə əsasən eksklüziv sözü əks mənanı ifadə edir: basqı altında qapalı mühit.

Mətnin ideyası onun bütöv kontekstindən çıxarılır.

Nümunə:

QARA QOYUN

İllər öncə uzaq bir ölkədə yaşayan bir qara qoyunu güllələdilər. Yüz il sonra peşman olan sürü onun at üstündə bir heykəlini ucaldıb parkın ən gözəl yerinə qoydu. Sonrakı illərdə də nə zaman bir qara qoyun görsələr, onu da o dəqiqə edam edirlərmiş ki, gələcək nəsillərin sıradan qoyunları heykəl sənətiylə məşğul ola bilsin. 

Avqusto Monterroso

Mətnin kontenti: Fərqliliyi qəbul etməyib onu məhv etmək, sonra onu bütə çevirmək.

Kontekstə görə məna çıxaraq: Fərqli olana cəmiyyətdə hər bir halda fərqli münasibət göstərilir.

Şagirdlərin oxu, dinləmə və danışma fəaliyyətlərində konteksti nəzərə almaları onların nitq bacarıqlarının inkişafının təməl şərtidir.