Şeytan nəsə yazırdı. Çox təsirli idi yazdıqları. Sənəti də öz əməllərinə alət etdiyi bəllidir. Bəlkə də, bəzilərimiz onun istədiklərini yazırıq, bilmirəm. Bəlkə də, son dəfə nəsə yazanda ondan kömək almışam. Yox, yox. Şeytana aldansa idim, onun gerçək üzünü ortaya çıxarmaq üçün bunu yazmazdım. O, yazısında qeyd etmişdi ki, hər kəs onu qırmızı cisim ilə təsvir edir, lakin o özünü dümağ təsəvvür edir. Əks halda, insanlar ona aldanmazdı. Allah bilir, hələ bizdən nələr gizlədir.
Şekspir “Otello”da yaxşı bir söz deyib. Deməli, “biz bəyəndiyimiz bədənlərə xəyalımızdaki ruhları qoyuruq və buna “sevgi” deyirik”. Şeytan barəsində isə işimiz bir az daha asandır. Onsuz da, pis ruh təsəvvürü hazırdır, qalır bəyənmədiyimiz sima tapmaq. Bu da mənim “nifrət” anlayışım olsun. Şeytan bizim necə “ağıllı” olduğumuzu bildiyi üçün gözəlliklərdə gizlənib, bizə tələ qurur.
Təəssüf ki, Şeytan qədər ağlımız olmadı bəşəriyyət olaraq. Burada biz uduzduq. Şeytan hər şeyi bizdən yaxşı bacarır. Məsələn, elə bu yazı. Bunu Şeytan yazsa idi, daha yaxşı olardı. Necə ki, Tartini “Şeytan” sonatasını Şeytandan daha yaxşı ifa edə bilməmişdi, mən də bu məktubu Şeytandan yaxşı yaza bilmərəm. Amma hər halda, hər kəs öz işində olsa, daha yaxşıdır. Tartini musiqi bəstələsin, Şeytan bizi yoldan çıxarmaq üçün dəridən-qabıqdan çıxsın, mən isə cızma-qara etməyə davam edim… Şekspir isə onsuz da, şedevrlər yaradıb. Onun yuxusuna Şeytan girsə, nə olar, girməsə, nə olar?!
Mənim yuxuma girməsə, “Şeytandan məktub var” olar, Tartininin yuxusuna girsə, “Şeytan” sonatası.