- Köşə

Elxan Ağayev. ELM nə deyir, DİM necə götürür?!

BİR  KİÇİCİK  GİRİŞ

“Ağzı püstədir” nümunəsi haqqında suala belə cavabla rastlaşdığım olub : bədii təsvir vasitəsi kimi təşbehdir, bədii ifadə vasitəsi kimi litota!

Belə halın olması qəti mümkün deyil! Ya təşbeh ola bilər, ya da litota!

Bu səhv nədən yaranıb? Əslində, bunun əsas səbəbi bir vəsaitdə məcazların və sintaktik fiqurların təsnifatındakı xətadır.

NƏZƏRİYYƏ KİTABLARINA BİR NƏZƏR

Aşağıda müxtəlif vaxtlarda müxtəlif müəlliflərin ədəbiyyatşünaslıq kitablarında məcazların və sintaktik fiqurların( bədii ifadə vasitələrinin) təsnifatı verilmişdir. KİNAYƏ, MÜBALİĞƏ və LİTOTAya diqqət edək.

1. M . R Ə F İ L İ. Ədəbiyyat nəzəriyyəsinə giriş, Bakı, 1958.

MƏCAZLAR: simvol, alleqoriya, epitet, təşbeh, metafor, metonimiya, sinekdoxa, MÜBALİĞƏ, KİNAYƏ, LİTOTA ;

POETİK SİNTAKSİS(sintaktik fiqurlar): inversiya, paralelizmlər, o cümlədən təkrirlər, anafora, epifora, nida fiquru, sual fiquru, təzadlar.

2. Mir Cəlal, P. Xəlilov. Ədəbiyyatşünaslığın əsasları, Bakı, 1988

MƏCAZLAR : təşbeh, metafor, simvol, alleqoriya(təşxis), KİNAYƏ, MÜBALİĞƏ, LİTOTA, metonimiya, sinekdoxa.

POETİK SİNTAKSİS : bu haqda məlumat verilməyib.

3. Rəhim Əliyev. Ədəbiyyat nəzəriyyəsi,Bakı, 2008.

MƏCAZLAR : epitet, təşbeh, metafor, metonimiya, MÜBALİĞƏ, LİTOTA.

POETİK SİNTAKSİS: sintaktik paralelizmlər, ritorik sual, ritorik nida, bədii xitab, təzad, təkrir və onun növləri .

4. Nizami Şəmsizadə. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 2012

MƏCAZLAR : təşbeh, metafor, simvol, alleqoriya(təşxis), KİNAYƏ, MÜBALİĞƏ, LİTOTA, epitet.

POETİK SİNTAKSİS : bu haqda məlumat verilməyib.

5. Abbas Hacıyev. Ədəbiyyatşünaslığın əsasları, Bakı, 2010.

MƏCAZLAR : metafor, epitet, metonimiya, sinekdoxa, təşbeh, simvol, alleqoriya(təşxis), KİNAYƏ, MÜBALİĞƏ, LİTOTA.

POETİK SİNTAKSİS : antiteza, təkrir, alliterasiya.

6. Rafiq Yusifoğlu. Ədəbiyyatşünaslığın əsasları, Bakı, 2001.

MƏCAZLAR : epitet, təşbeh, metafor, metonimiya, sinekdoxa, oksimoron, KİNAYƏ, MÜBALİĞƏ, LİTOTA, simvol, alleqoriya.

POETİK SİNTAKSİS(sintaktik fiqurlar): inversiya, təkrir, anafora, epifora, bədii sual.

7. Ş. Mikayılov. Ədəbiyyat nəzəriyyəsi. 9-11-ci siniflər üçün dərs vəsaiti, Bakı, 2010.

MƏCAZLAR : epitet, təşbeh, metafor, metonimiya, sinekdoxa, simvol.

POETİK SİNTAKSİS : bədii sual, bədii təzad, təkrir, anafora, epifora, KİNAYƏ, MÜBALİĞƏ, LİTOTA, inversiya.

8. Ə. Mirəhmədov. Ədəbiyyatşünaslıq terminləri lüğəti, Bakı, 1965.

Lüğətdə MÜBALİĞƏ məcaz növü kimi qeyd olunmuşdur.

Mən burada müxtəlif kursların vəsaitlərindən tədqiqat xarakterli olmadıqlarına görə danışmağı münasib hesab etmədim.

Diqqət edin! Digər ədəbiyyatşünaslıq kitablarından(eləcə də rus mənbələrindən) fərqli olaraq, yalnız Şəmistan müəllimin vəsaitində KİNAYƏ, MÜBALİĞƏ, LİTOTA məcazlara deyil, sintaktik fiqurlara daxil edilmişdir.

Görəsən, nə üçün?

Demək, təsnifatda sözlərin məcazilik bildirməsi əsas prinsip kimi götürülmüş və mövcud bölgü qurulmuşdur.

Lakin nəzərə alınmalıdır ki, ədəbiyyatda məcazilik heç də Azərbaycan dilindən öyrəndiyimiz məcaziliklə eyniləşdirilməməlidir. Prof. Mir Cəlal haqlı olaraq qeyd edir ki, “məcaz-sözü lüğəvi mənasında yox, başqa mənada, bəzən də əks mənada işlətməyə deyilir”.(səh. 85)

Bəs, əslində, bədii təsvir vasitələri(məcazlar) ilə bədii ifadə vasitələrinin(sintaktik fiqurların) əsas xüsusiyyətləri nədir?

BƏDİİ TƏSVİR VASİTƏLƏRİ(MƏCAZLAR)

1. Məcazlar üçün ən ümumi xarakterik xüsusiyyət onun iki predmetin müqayisəsi əsasında qurulmasıdır. “Məcazın ən qiymətli cəhəti budur ki, burada hər bir hadisə başqa bir hadisə ilə izah edilir”( M. Rəfili). ” Məcaz yaratmaq üçün iki məfhumun qarşılaşdırılması, müqayisəsi mütləq lazımdır”( Mir Cəlal). “Məcazlar, əsasən, iki predmetin, əşyanın, hadisənin, heyvanın, quşun, otun, çiçəyin, insanın bir-biri ilə qarşılaşdırılması vasitəsi ilə əmələ gəlir”(Rafiq Yusifoğlu). Aydındır ki, bu xüsusiyyətlər kinayə, mübaliğə və litotada da özünü göstərir. Lakin sintaktik fiqurların heç birinə aid ola bilmir.

2. Məcazlarda sözün ilkin mənasından fərqli müxtəlif semantik mənalar bildirməsi özünü göstərir. Bu, məcazi məna da, əks məna da, çoxmənalılıq da, həm də sözün doğurduğu assosiativ məna da ola bilər. Bir sözlə, burda fərqli mənada işlədilən söz əsas bədii yük daşıyıcısıdır. Başqa cür desək, emosionallıq müxtəlif məna çalarlarında işlənən söz vasitəsilə yaradılır.

3. Bədii təsvir vasitələri, adından göründüyü kimi, müəyyən təsvir yaratmağa xidmət edir. Məcaz vasitəsilə obraz yaradılır, müəyyən mənzərə əyani şəkildə canlandırılır. Biz o mənzərəni “görürük”, ya da təsəvvürümüzdə canlandırırıq. Belə deyim də. “Kazakın şalvarının balağı Qara dənizdən enlidir”mübaliğəsini və ya “Oğlan elə arıq idi, üfürsən, yıxılardı” litotasını dedikdə əyani bir obraz yaradılır. Yəni güclü bir təsvir mövcuddur.

BƏDİİ İFADƏ VASİTƏLƏRİ (POETİK SİNTAKSİS)

Poetik sintaksis adi sintaktik qaydaların bədii təsir yaratmaq üçün istifadə olunan formalarını öyrənir. Başqa cür desək, cümlənin ən optimal sintaktik quruluşu ilə emosionallıq, rəvanlıq yaradılmasını nəzərdə tutur. “Sözün poetik don geyinməsində onun necə sıralanması, intonasiya az rol oynamır”(Rafiq Yusifoğlu).Fikrin təsir qüvvəsinin artırılmasında bunlar qeyri-məcazi vasitə kimi mühüm əhəmiyyət kəsb edir. Söz sırası və intonasiya dəyişəndə cümlədə ifadə olunan məna da dəyişir.

“İfadə vasitələri bütöv ifadə, cümlə ilə bağlı olması cəhətdən təsvir vasitələrindən fərqlənir”( Ş. Mikayılov) fikri bəziləri tərəfindən düzgün anlaşılmadığından ifadə vasitələri haqqında yanlış nəticəyə gəliblər. Məgər təsvir vasitələri cümlə şəklində( epitetdən başqa ) ifadə olunmurmu? Bu da poetik sintaksisin düzgün başa düşülməməsinə gətirib çıxarır.

“Poetik sintaksis iki əsas ünsürdən ibarətdir: 1. sözlərin düzülməsinin üsulları və 2. cümlə tələffüzünün xüsusiyyətləri” (M. Rəfili).

Fikrimi sadə nümunələrlə izah edim. “Mən o qızı çox sevirəm” cümləsi adi nəqli cümlədir və heç bir emosionallıq ifadə etmir.

1. “Çox sevirəm o qızı mən” kimi söz sırasını dəyişsək, inversiya alınacaq.

2. “Mən o qızı çox, çox, lap çox sevirəm” kimi dəyişsək, təkrir alınacaq.

3. “Mən o qızı necə sevməyə bilərəm?”-bədii sual.

4.” Mən o qızı çox sevirəm!”-bədii nida.

5. “Ay qız, ay gözəl, mən səni çox sevirəm”-bədii xitab

Əlbəttə, bu primitiv nümunə ilə mən intonasiyanın və söz sıralanmasının dəyişməsi ilə sintaktik fiqurların formalaşması və növləri haqqında təsəvvür yaratmağa çalışdım.

Axı kinayə, mübaliğə və litota bu yolla yaranmır. Məs., yuxarıdakı cümləyə müqayisə predmeti artırsaq, mübaliğə yaranacaq ki, bu sözün leksik mənasına istinad edir:

“Mən o qızı DÜNYALAR QƏDƏR sevirəm”. Artıq bu cümlədə təsvir var, əyanilik var, iki obyektin müqayisəsi var. Bu, təsvir vasitəsidir, məcazdır.

P. S. 1.Təxminən 40 il öncə mən bu iradımı müəllifə bildirmişdim. İndi məni qınayanlar da olacaq ki, 40 il belə işləmişik, bundan sonra da işləmək olar. Bu qoca yenə nə hoqqabazlıq edir?

Digər tərəfdən müəllif həyatda olmadığından kitabı necə dəyişmək olar? Bilmirəm, ancaq mən mübaliğə və litota haqqında video çəkmək ərəfəsində bu mülahizələrimi bölüşdüm. Gözüm görə-görə onları bədii ifadə vasitəsi kimi izah etməyə dilim gəlmir. Nə isə…

Kaş bu yazım DİM-in qapısından keçə bilə. Görəsən, necə reaksiya verərlər? Bir də, dərsliklərin yenidən işləndiyi indiki vaxtda müəlliflər istəsələr, bəlkə də, nəsə edə bilərlər. Bilmirəm, dəyişiklik olar, ya olmaz, hər halda ürəyimi boşaltdım. Ancaq əminəm ki, nə vaxtsa hər şey yoluna qoyulacaq.

Hə, yadıma düşdü! Deməli, eyni ifadə həm təşbeh, həm də metafor ola bilmədiyi kimi, həm təşbeh, həm də mübaliğə(litota) ola bilməzmiş. Çünki hər ikisi təsvir vasitəsidir!

2. Mübaliğə və litota haqqında videomu çəkdim. Onları məcaz kimi izah etmişəm.