Dövlət Tərcümə Mərkəzi və Venesuela Bolivar Respublikasının Azərbaycandakı Səfirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş “Söyüd krallığı” kitabı (müəllif Venesuela şairi Anna Maria Oviedo Palomaresdır) X Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Venesuelanın səfiri Kristofer Alberto Martinez Berroteran, Meksikanın səfiri Viktoriya Romero, Kubanın səfiri Karlos Enrike Valdes de la Konsepsyon, Kolumbiyanın səfiri Luis Fernando Kuartas Ayala və digər qonaqlar iştirak ediblər.
Təqdimat mərasimində əvvəlcə Latın Amerikası ədəbiyyatının ölkədə tanıdılması istiqamətində həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş olunub.
Mərkəzin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud Azərbaycanda Latın Amerikası ədəbiyyatına olan maraq və sevgidən, ərsəyə gətirilən kitabın bədii məziyyətlərindən danışıb.
Anna Maria Palomares yaradıcılığına göstərdiyi diqqətə görə Dövlət Tərcümə Mərkəzinə minnətdarlığını bildirərək ədəbiyyatın, bədii sözün xalqları bir-birinə yaxından tanıdan, dostluq və anlaşma münasibətlərini möhkəmləndirən təsirli vasitə olduğunu qeyd edib. O, həmçinin şeirlərindən nümunələr səsləndirib.
Kitabın bədii tərcümə müəllifi, tanınmış şair-tərcüməçi Mahir Qarayev, Venesuelanın səfiri Kristofer Alberto Martinez Berroteran “Söyüd krallığı” kitabında yer alan şeirlərin Şərq motivindən söz açaraq, nəşrin bu baxımdan Azərbaycan oxucusunda xüsusi maraq yaradacağını qeyd ediblər.
Tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandıran şair Azərbaycan-Venesuela ədəbi əlaqələrinin genişləndirilməsi, Azərbaycan poeziyasının Venesuelada tanıdılması istiqamətində fikir və təkliflərini bildirib.
Sonda Venesuela mahnısı “Düzənliyin ruhu” ifa edilib.