- Köşə

Qlobal istiləşmə və Azərbaycan

Ən vaxtsa qlobal istiləşməni gələcək nəsillərin problemi hesab edirdik.  Amma o, indi baş verir. Hər temperatur rekordu bizə gələcəyimizlə bağlı pis proqnozlar təklif edir. Asılı olduğumuz hər şey – kənd təsərrüfatı, su, torpaq və sağlamlıq iqlim dəyişikliyinin təsirlərini yaşayır.  Planetimiz üçün iqlim dəyişmələri yenilik deyil. Geoloji tariximizdə soyuqlaşma və istiləşmə dövrləri çox olub. Geoloji dövrlərin iqlim dəyişmələri tədrici baş verdyindən ekoloji sistemlərin adaptasiyasına əngəl yaratmayıb. Müasir dövrdə bu fərqli senari üzrə baş verir: əvvəla, o təbii səbəblərdən deyil, insanın təsərrüfat fəaliyyət ilə bağlıdır; ikincisi, onun artım tempi yüksək olduğundan ekosistemlər, kənd təsərrüfatı və meşəçilik ona adaptasiya oluna bilmir. Onda nə edək? tarixin təkərini tərsinə fırladıb 500—600 il əvvəlki natural təsərrüfatamı qayıdaq? Bu yol Bəşəriyyətin xilas yolu deyildir. Hər hansı bir xəstəliyin düzgün müalicəsi düzgün qoyulmuş diaqnozdan asılıdır. XX-XXI əsrlər “Ətraf mühiti qoruyaq!!!” şüarı altında keçsə də, qlobal miqyasda əsaslı dönüş yaranmadı: isilik effekti yaradan qazların atmosferə atılmasında azalma baş vermədi. Bundan ötrü ilk əvvəl bu problemi yaradan səbəbləri aşkar etməliyik.

             Birinci tezis. Ekoloji problemlər  materializmin mənəvi dəyərlər üzərində üstünlüyünün təzahürüdür. Bu, “Allah-insan” münasibətlərinin qırılması səbəbindən baş veririb ki, o da “insan-insan” və “insan-təbiət” münasibətlərinin pozulmasına gətirib çıxarıb. İstehlak cəmiyyəti və onun üzərində qurulmuş Qlobal idarəetmə bəşər tarixində “təbiətin mənafey”i nöqteyi-nəzərindən ən uğursuz bir sistemdir. Bu sistem qlobal istehsal və istehlak mühərrikini ildən ilə daha sürətlə fırlanmağa məcbur edir. Bütün bunlar təbiətin “canı” və “qanı” hesabına əldə edilir.

İkinci tezis. 1948-ci ildə dünya dövlətləri “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni qəbul etdilər. XXI əsrin dörddə biri qədər vaxtın keçməsinə baxmayaraq, hələ də qlobal ekologiyanın yaşamaq haqqını təsbit edən “Ekoloji Bəyannamə” mövcud deyil. Əvvəla, qlobal miqyasda beynəlxalq ekoloji hüquq bazası yoxdur. Belə bir sənədi hazırlayacaq beynəlxalq orqan da mövcud deyil. Çünki dünya dövlətləri hələ də beynəlxalq qanunvericiliyin vahid prinsiplərini razılaşdırmayıblar. İkincisi, hazırda imzalanmış beynəlxalq konvensiyalar, müqavilələr və protokollar çox fərqli məsələlərə – ozon təbəqəsinin qorunmasına, iqlim dəyişmələrinə və digər problemlərə  həsr olunmuşdur. Üstəlik, müxtəlif beynəlxalq hüquqi aktları imzalamış dövlətlərin siyahısı nadir hallarda üst-üstə düşür. Bununla da mövcud müqavilələri razılaşdırmaq qeyri-mümkün olmuşdur. Buradan belə nəticə çıxır ki, içində yaşadığımız və sərvətlərindən bəhrələndiyizim təbiət tam hüquqsuz vəziyyətdədir. Ona görə də beynəlxalq müqavilələr, protokol və bəyanatlar sistemi ləğv edilməli, beynəlxalq qanunvericilik aktı – «Qlobal Ekoloji Kodeks» qəbul edilməlidir.

           Üçüncü tezis. Təbii resursların istismarı ekoloji problemlərin ilkin səbəbidir. Planetemizin təbii resursları ayrı-ayrı dövlətlərin və transmilli şirkətlərin əlində cəmlənib, onlar tərəfindən amansızcasına istismar olunur. Bəşər tarixi resurslar uğurunda müharibərlərdən, siyasi çəkişmələrdən başqa bir şey deyildir: kimə su, kimə torpaq, kiməsə qonşusundan başqa sərvəti qopartmaq lazımdır. Nə qədər ki, təbii resurslar kimlərinsə əlindədir dünya aclıq və yoxsulluqdan, müharibə və siyasi çəkişmələrdən və nəhayət ekoloji problemlərdən qurtulası deyil.

           Dördüncü tezis. İnsan cəmiyyəti yeni tarixi dövrə qədəm qoymuşdur. Əvvəllər məlum olmayan problemlər, o cümlədən ekoloji problemlər yeni dövrdə elə həddə çatmışdır ki, hətta ən inkişaf etmiş ölkələr onları təklikdə həll etmək iqtidarında deyildir. Ekoloji problemlər qlobal olduğuna görə, onların həllindən ötrü əsaslı çevriliş qlobal səviyyədə baş verməlidir. Bu gün heç bir dövlətin belə bir səriştəsi yoxdur ki, bütövlükdə Bəşəriyyətin əmin-amanlığına zəmanət versin, qlobal istiləşmənin qarşısını alıb, planetimizi əvvəlki vəziyyətinə qaytarsın.

Bəs çıxış yolu nədir?

Əvvəla, ekoloji problemlər yalnız Bəşəriyyətin Birliyi çərçivəsində öz həllini tapa  bilər. Bəşəriyyətin birliyi bərqərar olmayana qədər onun firavanlığına, sülh və əmin-amanlığına və ekoloji problemlərin həllinə nail olmaq qeyri-mümkündür. Vahid dünya sivilizasiyası bəşəriyyətin sosial təkamülündə yekun mərhələdir. Belə bir sistemin ortaya çıxması qlobal ekoloji problemlərin sonu olacaq. Belə görünür ki, təbiət bizə çıxış yolu qoymayıb. Ya birləşib Yer kürəsini “Ümumi Vətən” kimi qəbul edib, onun qayğısına qalmalıyıq, ya da bizi dinozavrların taleyi – məhvolma gözləyir.

İkincisi,  dünyanın təbii sərvətləri ayrı-ayrı millətlərin və transmilli şirkətlərin nəzrətindən çıxarılmalı və bəşəriyyətin birgə istifadəsinə verilməli və onların tədarükü üzərində beynəlxalq nəzarət qoyulmalı, millətlər arasında ədalətlə bölünməlidir. Bundan sonra   dünya tərki-silah olmalı, ordular buraxılmalı, hərbi xərclər elm və texnologiyaların, təhsil və səhiyyənin inkişafına, ətraf mühitin qorunmasına və kosmik resursların mənimsənilməsinə və bununla da Yer kürəsinin yükünün azaldılmasına yönəldilməlidir.

Vəziyyət tam ümidsiz deyil. Paris İqlim Sazişi bəşər tarixində ilk dəfə olaraq Yer kürəsindəki bütün millətləri və dövlətləri qlobal miqyasda iqlim dəyişilkilərinin qarşını almaqdan ötrü bir araya gətirdi. Dünya liderləri geosiyasətdən kənara çıxaraq, bəşəriyyətin maraqlarına uyğun olaraq müqavilə bağlaya bildilər. Bu əlamətdar fakt, bütün ölkələri  əhatə etməklə daha hərtərəfli müqavilə üçün hüquqi presedent yaratdı. Paris İqlim Sazişi bizə birgə çalışmaq və məqsədlərə çatmaq qabiliyyətinə malik olduğumuzu nümayiş etdirdi. Bu cür yanaşma ilə biz həm də müharibələrə son qoya, dünyanı birləşdirə və qlobal ekologiyanı sabitləşdirə, Kosmik resurslara yola aça bilərik. Bu saziş gələcəkdə digər əhatəli qlobal müqavilələrin müjdəçisidir.

          Qlobal istiləşmənin Azərbaycanda yaradacağı problemlər haqqında bir qədər danışaq. Temperaturun 2-30C artması senarisində onları araşdıraq.  Əksər ərazilərimizdə orta illik temperatur 140 -14,60C təşkil edir. Bu göstərici 16-170C olarsa, bizi hansı hadisələr gözləyə bilər? temperatur artımı sirin su resurslarının azalmasına, kənd təsərrüfatında, sənaye və məişətdə suya olan ehtiyacı artmasına gətirib çıxaracaq; yağıntıların azalması meşə örtüyünün azalmasına, eroziya, sürüşmə və sel hadisələrinin artmasına, bulaqların qurumasına səbəb olacaq; yay və qış otlaqlarının deqradasiyası və səhralaşması güclənəcək; torpağa daxil olan biokütlənin azalması humus və qida maddələrinin azalmasına və atmosferə daxil olan karbonun artmasına səbəb olacaq; epidomoloji vəziyyət pisləşəcək, planetimizin cənub enliklərində yayılmış xəstəlik və ziyanvericilərin Azərbaycanda yayılmasından ötrü əlverişli şərait yaranacaq. Azərbaycan bu prosesin fəsadlarını azaltmaqdan ötrü hansı addımları atmalıdır? Bunları ən ümumiləşdirilmiş şəkildə oxucuların diqqətinə çatdırırıq:

           İri miqyasılı meşələşdirmə və yaşıllaşdırmanın həyata keçirilməsi. Respublikamız az meşəli ölkə sayılır. Azərbaycanın meşələri 1021,88 min hektar təşkil edir (ümumi ərazinin 11%-i). Adambaşına 0,11 ha meşə sahəsi düşür ki, bu da dünya üzrə orta rəqəmdən (0,48 ha) xeyli azdır. Kütləvi meşəsalma işlərinin həyata keçirməkdən ötrü torpaqlarımız kifayət qədərdir. Dağlıq ərazilərdə həm dövlət, həm də bələdiyyə mülkiyyətində kənd təsərrüfatına az yararlı min hektarlarla torpaq sahələri vardır. Tarlaqoyurucu meşə zolaqlarının bərpası, avtomobil yollarının ətrafında, şəhər və qəsəbələrdə yaşıllaşdırma işlərinin aparılması öz aktuallığını itirməmişdir. Meşələşdirmə qlobal istilişmənin Respublikamızda gözlənilən fəsadlarına ciddi şəkildə təsir göstərə bilər: karbon qazının udulmasından tutmuş, eroziya, sürüşmə, sel hadisələrinin azaldılmasına və su mənbələrinin qorunması kimi böyük imkanlar açıla bilər. Bir nümunəni nəzərdən keçirək: İsrail dövlətinin ərazisində 70-80-ci illərdən başlayaraq, sürətlə meşələşdirmə işlərinin aparılması ölkənin iqliminə təsir göstəmişdir: ölkə üzrə orta illik temperatur qonşu ölkələrlə müqayisədə 1,0-1,50C aşağı düşmüşdür. Azərbaycan ərazisində bir  neçə yüz milyon ağacın əkilməsi (meşəli sahələrin 25%-ə çatdırılması) şübhəsiz ki, lokal və regional miqyasda təsirsiz ötüşməyəcək.

          Su resurslarından istifadədə əsaslı dəyişikliklər. Azərbaycanın şirin su ehtiyatlarının həcmi 30-32 mlrd.m3 (son məlumatlara görə 16-17 mlrd.m3) həcmində qiymətləndirilir. Temperaturun 2-30C artması bu ehtiyatların 50-60% azalmasına gətirib çıxara bilər. Vaxtında tədbirlər həyata keçirilməsə təkcə kənd təsərrüfatı deyil, şəhər və kəndlərdə əhali də ciddi su qıtlığı ilə üzləşə bilər. Fikrimizcə, yeni şirin su strategiyası aşağıdakı tədbirlərin həyata keçirlməsini tələb edir: ənənəvi suvarma sistemlərindən (şirimlı) bir dəfəlik imtina edilməli, müasir suvarma (yağışyağdırma və damcılı) sistemlərinə keçilməlidir. Respublikamızda 1,42 mln.ha suvarılan torpaqların cəmi 74 min hektarında (5,17%) müasir suvarma sisitemlərindən istifadə edilir. Halbuki bəzi ölkələrdə (məsələn, İsraildə) bu göstərici 100%-ə çatır. Müasir suvarma sistemlərinə keçilməsi, torpaq deqradasiya proselərinin (şorlaşma, şorakətləşmə, irriqasiya eroziyası və s.) qarşısını almaqla yanaşı, 80%-ə kimi suvarma suyuna qənaət etməyə imkan verəcək.

Su kanalları su itkilərinin baş verdiyi ən böyük mənbə hesab edilir. Müşahidələr göstərir ki, bu itkilər 50-60%-ə kimi ola bilir. Dünyanın bir çox ölkələrində olduğu kimi istər beton, istərsə də torpaq örtüklü kanallar ləğv edilməli, axıdılan suyun həcmindən asılı olaraq kanallar müxtəlif diametrli borularla əvəslənməlidir.

Təkcə Bakı şəhərində tullantı sularının illik həcmi 300 mln.m3-dən çoxdur. Digər yaşayış məntəqələri də bura əlavə edilsə, böyük göstərici alınır. Tullantı sularının təmizlənməsi və onlardan təkrar istifadəyə dair dünya təcrübə vardır. Tullantı sularını mexaniki, kimyəvi və bioloji təmizləmədən  keçirib, texniki su kimi istifadəsi də şirin su ehtiyatlarının artmasına dəyərli töhfə ola bilər; Xəzərin və digər şor su mənbələrinin şirinləşdirilməsi Azərbaycanda hələ ilk addımlarını atmaqdadır. Bu sahənin inkişafı da böyük prespektivlərə yol açacaq.

Bir sıra ölkələrdə açıq su hövzələrinin səthini müxtəlif vasitələrlə  (günəş panelləri, plastik kürələr və s.) örtməklə, buxarlanmanı azaltmağa çalışırlar. Azərbaycanın su anbarlarının su aynasının ümumi sahəsi 100 min hektara kimidir. Bu sahənin günəş panelləri (texniki baxımdan imkan olan yerlərdə)  və ya digər vasitələrlə örtülməsi minlərlə kub metr suyun buxarlanmasının qarşısını ala bilər.

             Yaşıl energetikaya keçid. Ölkəmiz yaşıl energetikanın ehtiyatları ilə küfayət qədər təmin olunmuşdur. Onun potensialı 27 min MVt həcmindədir ki,  bu göstəricinin 23 min MVt günəş,  3 min MVt külək, 520 MVt dağ çaylarının potensialı, 80 MVt bioenerjinin hesabınadır. Xəzərsahili zolağın daim küləkli olması dəniz külək energetikasının inkişafından ötrü geniş imkanlar yaradır. Azərbaycanın düzən əraziləri, xüsusən də Naxçıvan ərazisi və Azərbaycanın şərq hissəsi günəşli saatların həcminə görə seçilir. Burada günəş elektrik stansiyalarının yerləşdirməkdən örtü min hektarlarla boş sahələr mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2030-ci ilə kimi alternativ enerji mənbələrindən alınan elektrik enerjisinin həcminin 30%-ə çatdırılması, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji zonasına” çevirmək planı irəli sürülmüşdür. Bu planların həyata keçirilməsi və sonrakı on illiklərdə onun daha yüksək göstəricisinə nail olunması iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə səmərəli vasitə ola bilər.

Azər Cəfərov

Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru

Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru.