“Təbrizin yolları dolanbadolan, Qaragilə”. Mahnıda, deyəsən, bu cür deyilirdi.
Təbrizi burada bütün Şərqin rəmzi kimi götürək. Şərq dediyimdə Afrikanı da buraya aid etdiyimi də vurğulayım. Yolları dolanbadolan, qarmaqarışıq, labirintə bənzər, nabələd adamın itə biləcəyi, ən azından çaşa biləcəyi bir şəhər. O Qaragiləni də şəhərdən şəhərə Sarıgiləyə, Alagiləyə dəyişmək asan işdi, yəni bu dəyişmənin açarı öz əlimizdədir. Onu dəyişməklə şəhərlərin dolanbacının mahiyyətinin dəyişməyəcəyi də öz yerində qalacaq.
Şərqin əyrixətliliyindən Qərbin düzxətliliyinə keçid alan adam başqa bir dünyaya düşdüyünü zənn edir. Dolanbaclıqla paralel düzxətli bir dünyanın varlığını vahimə ilə qarşılayır.
Düz xətlərin yaratdığı komfort dolanbaclardan keçmiş, bu dolanbacların şəkilləndirdiyi düşüncəyə malik biri üçün diskomforta çevrilir. Avropada gördüyü sakitlik, rahatlıq Şərq insanı üçün ağrıvericidir. Onun dolanbacların yaratdığı səs-küyün, qaynarlığın, hətta narahatlığın həsrətini çəkməsi, oraya qayıtmaq istəməsi ilk baxışdan qeyri-ciddi, saxta görünsə də, o, psixoloji baxımdan öz coğrafiyasının oğludur və doğulduğu yerlərin maşın siqnallarının, ritmik musiqisinin, səsinə-küyünə qoruq-qaytaq qoyulmayan insanlarının yanına dönmək istəyi əslində çox təbiidir.
Qərb paralelliklərin, üfiqi və şaquli xətlərin yaratdığı düz xətlərin kəsişməsinin sxematik təsviri kimi görünür və əslində elə bu cürdür. Şərqin xaotik, konsentrik çevrələri andıran cizgiləri ilə müqayisədə Qərb düzxətliliyi sadə, mexaniki cizgilərə bənzəyir.
Şərqdə gördüyü dolanbacları ekzotik mənzərə kimi qəbul edən qərbli düşüncəsinin gördüyünü necə var qəbul etməsi də çətindir. Qərbli üçün Şərq evlərinin girintili-çıxıntılı düzümü, küçələrin əyri-üyrülüyü, lap elə maşınların necə gəldi park edilməsi, hər yerdə hiss olunan səliqəsizlik nə qədər əcaibdirsə, şərqli üçün də Avropanın ideal düzxətliliyi, qaydaların dəqiqliyi, insanların ütülü, müəyyən çərçivədə hərəkəti, aşırı dərəcədə səliqəliliyi qəribə təsir bağışlayır. Qərb Şərqdə macəra axtarışına çıxır, delikateslərin dadına baxmaq, ovçuluq azarını öldürmək, Şərq rəngarəngliyini gözüylə görmək, əliylə toxunmaq, qoxusunu burnunda, dadını ağzında hiss etmək üçün yola çıxır. Şərqdən Avropaya gələnlərin öz etnik rəngarəngliklərini buraya daşımaları da qərblilərin monoton həyatlarına əlavə bir ekzotiklik qatır. Bir afrikalı qadının sarmaş-dolaş saçları, saymaqla bitməyən cin düyünü xırda hörükləri bu ekzotikliyin bir parçası ola bilər. Boş adam istəyir otura bu hörükləri saya, sonra da canını ağlaya.
Düzxətlilik qərblinin həyat tərzidir, əyrixətlilik isə əyləncəsi. Burasını da belə deyək. Niyə belə dediyimi də əsaslandırım. Müasir şəhərsalmada binalara bilərəkdən əyrilik, sınmışlıq, ovallıq qazandırmaqla avropalı fərqli görüntü yaradaraq, könlünü əyləndirmək istəyir. Yarısı çatlamış sayaq, indicə uçub dağılacaq, keçənlərin üstünə töküləcək kimi illüziyavari, futurstik görüntülər, postmodern memarlığın ağlagəlməz elementləri çağdaş Avropa şəhərlərinin obrazını bütöv göstərmək baxımından maraq doğurur.
Avropalı düz xətt boyunca hərəkət edir, onun üçün cızılmış xəyali çərçivənin içərisində öz həyatını yaşayır. Avropa insanının çərçivəsi düzxətlidir. Mən onun çərçivəsini düzbucaqlı kimi təsəvvür edirəm. Bu düzbucaqlı çərçivənin tərəfləri başqalarının çərçivəsinin tərəfləri ilə üst-üstə düşür və avropalı bunun belə də olmalılığını sakitliklə qarşılayır. Dupleks evlərdə yaşayan iki qonşu və ya taunhauslarda yaşayan bir neçə qonşu ortaq divara, ümumi dama malikliyi təbii qarşılayaraq, öz düzbucaqlısının içərisinə sığınır. Bu düzbucaqlının ona verdiyi azadlığın kefini çıxarır və bu çərçivədən kənara çıxmağı, hasarı qonşuya tərəf basmağı ağlının ucundan da keçirmir.
Bizim əyri xətlərimizin qonşularımızın əyri xətləri ilə üst-üstə düşməyəcəyini, tutuşmayacağını deməsəm də özünüz məndən yaxşı bilirsiniz.
Düzxətlilik məişətdən düşüncəyə qədər, ailə dəyərlərindən dövlət təsisatlarına qədər uzanır. Uşaqlığından bu düzxətliliyin içərisinə düşən Avropa insanı üçün bu normaldır, rahatlıqdır, komfortdur.
Qədim Roma legionlarının dördbucaqlı düzümündənmi, avropalı orta çağlar cəngavərlərinin uzun nizələrindənmi, yoxsa göylərə uzanan qotik memarlıqdanmı və ya inkvizisya tonqallarının dik qalxan alovlarındanmı qaynaqlandığını bilmədiyim bu düzxətlilik və onun yaratdığı səliqənin bəzən monotonluğu, bəzən aşırılığı yorucu, hətta bezikdirici bir hal yarada bilir. İnsan oğlunun yorulmağına, bezməyinə də nə var ki, ovcunun içində hazırdır.
Mən bu qeydləri Rotterdamda başlayıb Haaqada bir kanalın mavi sularına, kanalın sağını-solunu çərçivəyə almış otların tünd yaşılına, kanalda üzən bir cüt boğazı qara qaza baxa-baxa yazıb bitirmək üzrəyəm. Və kanalın hər iki tərəfindən keçən küçələrin paralelliyindən, küçə boyunca sıralanmış, əyrisi-üyrüsü olmayan ağacların dikliyindən, maşın saxlama şəridindəki maşınların ideal düzülüşündən, xətkeşlə çəkilmiş kimi uzanan səkilərin dümdüzlüyündən, fotoqraf önündə şəkil çəkdirəcək sayaq dik dayanmış zoğalı qırmızı kərpic evlərin eyniliyindən, bütün bunları müşayiət edən təmizliyin gözəgirərliyindən eymənmiş kimi, yazımı bir an da tez bitirmək istəyirəm.
…Dolanbaclığın, bir-birinə qarışmış əyri-üyrü xətlərin doğmalığı, yaratdığı qaynarlıq qafamdan çıxmır ki, çıxmır. Vallah gerçəyimdir…
Afiq MUXTAROĞLU, Niderland Krallığı
15 aprel 2021-ci il