- Mədəniyyət

Böyük əsərlər böyük şəxsiyyətlər kimidir

(“Nəsimi” operasının premyerası ilə bağlı təəssüratlarım)

Sanki orta əsrlərə gedib Nəsiminin keçdiyi yerlərdən keçdim. Dövründən keçdim. Kompozisiya mükəmməl, dili aydın və hər bir epizod özlüyündə bir müstəqil sənət əsəridir.  Fəlsəfi tutumu isə ayrıca bir mövzudur. Mən bunları gözləyirdim, amma bu qədər düşünə bilmirdim.

Bəstəkarın işi də mükəmməl! O qədər həyatı idi ki, bir yerində ağlatdı məni. Tarixilik müasirlikle o qədər səsləşirdi.

Operada  məni təsirləndirən və diqqətimi çəkən məqamlar, məsələlər oldu. Nəsiminin zindanda anasının xeyalına müraciəti və mühafizəçilərin ona münasibəti ən çox duyğulandığım, hətta gözümün yasını saxlaya bilmədiyim epizodlar idi. Ananın xəyalına müraciətində insanlığa inanmış fərdin amansız  dünyadakı faciəli aqibəti ümumbəşəri və əbədi mövzu kimi çox aydın, açıq, hamının anlayacağı dillə əksini tapmışdır. Sənət əsərləri ona görə dəyərlidir ki, bizim düşünüb deyə bilmədiklərimizi tipikləşdirib ifadə edir.

Mühafizəçilərin Nəsimiyə münasibətini isə Azərbaycan və onu sevənlərin xain əllərə qarşı mübarizəsi kontekstində də qavradım. Başqa bir tərəfdən isə günahsız adamın cəmiyyətdən təcrid edildiyi zaman ona uzanan mərhəmətli əllərin İlahinin yer üzündə mərhəmətinin təzahûrü kimi qəbul edib təsirləndim.

Təsirləndiyim məqamlardan başqa, diqqətimi çəkən epizod və motivlər də məni hələ düşündürür. Nəsiminin edamından sonra Teymurun səhnəyə gətirilməsi o anda təəccübümə səbəb oldu. Çünki tarixi fakt olaraq belə bir hadisə olmayıb. Sonra isə düşünüb bu qənaətə gəldim ki, burada  hökmdarın edam yerində iştirakı müstəqim mənada  verilməyib. Bu, sadəcə, teymurilər ve hürufilik konfliktinin diqqətə çatdırılması ola bilərdi.  Yəni müəllifin məqsədi  kolliziyaları sona qədər səhnədə – diqqət mərkəzində saxlamaqdır. Libretto ilə tanışlıq bu barədə dəqiq fikir söyləməyə imkan verə bilər.

Diqqətimi çəkən digər məsələ isə operanın Nəsimisinin filmin Nəsimisindən, hətta baletin qəhrəmanıdan belə fərqlənməyi idi. Burada Nəsimi bir “Koroğlu obrazı” deyildi. Mənə görə, daha real şair obrazı idi. İztirabları ilə, düşüncələri ilə real və azad fikirlərinə görə həyatını itirmək təhlükəsini yaşayan gerçək  insan obrazı!

Sənət əsərini dəyərləndirmək üçün onun premyerasında iştirak etmək çox azdır. Bunlar mənim, sadəcə, ilk təəssürıtlarımdır. Zamanla bu opera öz layiqli dəyərini alacaq və librettonun müəllifi – hörmətli alimimiz Rafael Hüseynovun vurğuladığı kimi, tələb olunan dekorasiya ilə təmin olunduqda əsl sənət nümunəsi kimi böyük sənət əsərlərinin sırasında duracaqdır. Hətta düşünürəm ki, zaman gələcək, türk dövlətlərinin yüksək səhnələrində də nümayiş olunacaqdır. Nəsimiyə sahib çıxmaq istəyənlər obrazının əbədiləşdirilməsində də öz rollarını oynayacaqlar. Çünki “Nəsimi” bu gün bütün türk dünyasının azad səsinin ifadəsidir.

Bütün bu qeyd etdiklərimlə yanaşı, bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Ciddi sənət əsərlərimizin təbliği istiqamətində işlər, ola bilər ki,  müəyyən qədər zəif gedir. İndi izah edəcəyəm,  niyə belə düşünürəm.

2-3 il əvvəl Anadolu liseyində Türkiyə vətəndaşı olan bir pedaqoq xanımla söhbət edirdik. Xanım Azərbaycanın musiqi mədəniyyətinin Şərqdə və Türk dövlətləri arasında xüsusi yerindən bəhs edib bizim böyük bəstəkarlarımızı xatırlatdıqdan sonra dedi:

– Məni düşündürən odur ki, belə güclü bir potensialı olan ölkənin bu gün niyə elə nümunələri yaranmır.

Doğrusu, o an söhbətdə iştirak edən ziyalılar və eləcə də mən, bu suala cavab verə bilmədik. Amma o sualı unutmadım ki, bax bu gün təkrar onun üzərində düşünmək və cavabını tapmaq ehtiyacı hiss etdim.

“Nəsimi” operasından sonra opera tariximizə nəzər saldım və mənə aydın oldu ki, son dövrlərdə də operanın ardıcıl yazıldığı illər olubdur. Ciddi sənət əsərləri səhnəyə qoyulubdur, amma biz də, ölkəmizə gəlib burada fəaliyyət göstərənlər də,  bundan xəbərsizik. Üzdə olan yalnız yüngül əyləncə nümunələridir və bu Azərbaycan adına onun dostlarını, qardaş xalqların ziyalılarını  da kədərləndirir.

Məncə, böyük işlərimizin təbliğində məsuliyyət yalnız mədəniyyət qurumlarının deyildir, xəsislik, tənbəllik, paxıllıq, etinasızlıq, məsuliyyətsizlik etmədən təşəbbüskar olmaq ziyaliların da öhdəsinə düşür.

Bir daha opera münasibəti ilə xalqımızı, onu ərsəyə gətirən hər bir kəsi təbrik edirəm!

Yekun olaraq ürəyimdəki bir sözü dilə gətirmək istəyirəm: akademik Rafael Hüseynovu hər zaman Azərbaycanın  keçmişinə və gələcəyinə yiyə çıxan bir ziyalı kimi tanıdım. Bu gün də  gördüyü bütün işlər bunun isbatıdır!  Böyük əsərlər isə böyük şəxsiyyətlər kimidir, lazım olan zamanda üzə çıxır.

 

Könül AYDIN Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru