- Köşə

Aygün ƏZİZ. Bura vətəndir, gülü bitəndir, dili itəndir…

FADMM yarandığı gündən qarşısına qoyduğu ümdə vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır. Bu yolda nə qədər maneələr, çətinliklər, ziddiyyətli məqamlar, tərs insanlar, naşı məmurlar, laqeyd idarə rəhbərləri ilə qarşılaşsaq da, qətiyyətlə irəlilədiyimiz yolda ayağımıza ilişən daş-kəsəklərə fikir vermədən dövlət dilinin, ANA dilinin zərərli təsirlərdən qorunmasını təmin etmək üçün mübarizə aparırıq. Bəzən başqalarına xırda və asan görünən bir məsələnin həlli üçün nə qədər zəhmət çəkdiyimizi, əmək sərf etdiyimizi və əsəb keçirdiyimizi vurğulamır, sadəcə olaraq, nail olduğumuz uğura sevinərək bunu sosial şəbəkədə və mətbu orqanlarında paylaşırıq. Fəxr edirik. Həlli asan olsa da, bivec idarə işçilərinin başdansovdu münasibəti, “xalaxətrin qalmasın” şablon cavabları bizim yolumuzdan çəkilməyimizə səbəb ola bilməz.

Amma ürəkağrıdan bir məqam var ki, onu xatırlatmasam, olmaz. Əksər hallarda görülən işlərə lazımsız kimi baxan, özləri də hiss etmədən zəhmətimizi yerə vuran yaxından tanıdığımız adamlar da olur. Görünür ki, idarə rəhbərləri, məmurlar da belə düşünür deyə, yazdığımız məktubların cavabını tələb etmək az qala dağa-daşa düşməyimizə səbəb olur. Qanunlara etina etməyən, öz dilinin “kirlənməsi”nə göz yuman, iş görmək istəyənə hörmət qoymayan, arxasınca düşməsən, məktublara, zənglərə cavabı az qala bir ilə qədər yubadan adamlara başqa nə ad vermək olar?!

Dövlət dili Azərbaycan dili olduğu halda müxtəlif sahələrdə xidmət göstərən cürbəcür obyektlərin adları niyə ingiliscə, rusca, türkcə, fransızca olmalıdır? Yəni azərbaycanlılara etina edilmir? Azərbaycan dili əhəmiyyətsizdir? Ya bəlkə, etik səslənmir? Xeyr! Səbəb ultra-müasir görünmək, əcnəbilərə yarınmaq, ÖZ-ündən, milli kimliyindən utanmaqdır. Natamamlıqdır. Nadanlıqdır. Çox eybəcər kompleksdir.

Ədəbi dil normalarına etina edilməməsi məsələsində bizi məyus edən çox məqamlar var ki, hər biri haqqında müntəzəm söz açırıq, müvafiq qurumlara müraciətlər edirik. Bakının siması bu fondan baxanda çox “əcnəbi” görünür, qədimliyinə, tarixinə, milli görünüşünə xələl gətirən bir sıra məqamlar var. Artıq yoluxucu bir mərəz kimi nəinki Bakıətrafı bölgələrə, hətta rayonlara belə yayılıb. İlk baxışdan ölkədə birincisi ingilis dili olan iki rəsmi dilin olduğunu düşünürsən.

Doğma şəhərimizin küçələrində aparılan monitorinqlər zamanı hərdən adam özünü unudub, qəfildən hansısa sehrli çubuğun köməyilə əcnəbi ölkələrə düşdüyünü düşünür… Ətrafında da hibridləşmiş, qol-qanadı sındırılmış, yamaq vurulmuş əcaib bir dildə danışan adamlar görəndə əcnəbi ölkədə yox, elə özümüzdə, öz içimizdə bizdən olub bizə oxşamayanları görüb tamamilə pəjmürdə oluruq.

Bu cür “əyri güzgülər krallığında” olan adamlara etdikləri şeyin – öz dilinə xor baxmağın, onu unutmağın yaxşı şey olmadığını sübut etmək nə qədər müşkül məsələdir…

XXX

NƏ İÇMƏK İSTƏRDİNİZ: “TEA”, YOXSA “COFFEE”?

Bizim insanları həmişə çayxor bilmişəm. Elə əzəldən, doğrudan da belə olmuşuq. Amma dövr dəyişib, zaman özü ilə yeniliklər gətirib. Zövqümüz də, adətlərimiz də, maraqlarımız da çox dəyişib. İndi “qəhvəxor” olmuşuq. Nə bilim, bəlkə, “qəhvəbaz” da gedər. Xub! Olsun. Kim nə deyir ki?! İstəməyənin gözü kor olsun. Amma niyə ÖZüzümü unudaraq? Niyə DİLimizi unudaraq? Gələn əcnəbiyə öz dilimizi, yerli mədəniyyəti öyrətməkdəndə, onu özümüzə yönləndirməkdənsə, biz ona doğru əyilirik. İnteqrasiyadırmı? Deyil! Mədəniyyətlərin birləşməsidir, bəlkə? Xeyr, o da deyil. Əllaməlik olarmı? Məncə, gedər.

Əlqərəz, müasir qəhvəsevərlər üçün Bakımızın mərkəzi yerlərində açılmış məkanların adlarına diqqət edək:

Magnolia Shop Baku, Cafe Botanist, Cofiesto, Fika Coffee Culture, Book and Coffee, United Coffee Beans, Chaplin Coffee Shop, Baristica Specialty Coffee and Pastry, Baku Roasting Company, Coffee Domingo, Khan Coffee Targovu, 42 Coffee Roasters, London Coffee Ganjlik, Bllend Coffee & Wine, Coffee Station Baku, Zloy Coffee, Coffee Ridge Baku, Coffee Life, Tiffany & Coffee Café, Beast Coffee, Green Coffee, Coffeeshop Company, Coffee Chudes, Waft Coffee, Coffeemood, Coffee Space Baku, Teazy Coffee Shop, Breezy Coffee, Shop Coffee Break, Baba Budan’s Coffee and Sweets, Coffee Hub Baku, 95 Degrees Coffee and Bruschetta, Cuppa Coffee Elmler, Coffee Co, Cupcup Coffee, Graff Coffeeshop, CoffeeLea Khatai, Coffee Go, Cozy Coffee Baku, Coffee La Ros’s, Oxford Sandwich & Coffee, White Cat Coffee, Coffee Express by Julius Meinl, Fuzzy Coffee and Wine, Deem Coffee, Socialbee Coffee Company, Coffie Moffie (“Qəhvə-məhvə” də bəd olmazdı, amma olmaz axı, öz dilimizdə əskiklik olar, mütləq əcnəbi dildə olsun ki, xoşlarına gələk).

Qəhvə məkanlarının hamısı bu deyil. Sadəcə olaraq, mən yoruldum yazmaqdan…

Qəhvə içmək üçün bu qədər yerin açılmağı məni lap şübhəyə saldı. Görəsən, çay içən təkcə mənmi qalmışam bu ölkədə?!

XXX

“ARMUDU STƏKANDA “CHAY””…

“tea”, “chay”, yoxsa eləcə “çay”? – Çayı da ingiliscə içirdirlər bizə…

Deyir evinə düşüb talan, sən də tala bir yandan. Yuxarıdakı yazıda “coffee house”lardan, “pardon” qəhvəxanalardan danışdıq, indi də növbə çatdı “tea house”lara. Onlara toxunmasaq, günah olar.

Adətən, müstəmləkələrdə həmin yerin dili, mədəniyyəti və ədəbiyyatı asılı olduğu “qardaş”dan gen-bol “bəhrələnmiş” olur. Amma bizdə bu işlərdə də sanki bir qanunauyğunsuzluq var. Müstəqilikmi? Bəli! Amma SSRİ-nin tərkibində olduğumuz, rus dilinin dominantlıq etdiyi əyyamda belə Azərbaycan dili bu qədər sıxışdırılmamış, digər dillərlə müqayisədə arxa plana keçməmişdi. Bütün hoqqabazlıqların səbəbi ölkəyə təşrif buyuran əcnəbilərin xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxan obyekt sahibləridir. Bir para adamlar (görünən mənzərədən aşkar olur ki, bu “bir para”lar əslində az deyilmiş) əcnəbinin “ch”, “sh”, “sch”, “th”, “w”larından canfəşanlıqla istifadə edir, amma Qafqazın fransız dili adlandırılan gözəl Azərbaycan dilindəki “ə”, “ö”, “ü”, “ç”, “ş”, “ğ” hərflərini və səslərini istifadə edib əcnəbini öz dilinə hörmət etməyə çağıra bilmir. Nəinki çağıra bilmir, heç buna tənəzzül də etmir.

Bir az virtual vaxt ayırıb, doğma Bakımızı dolaşıb gəzək, görək vaxtilə şəninə şeir qoşub mahnı oxuduğumuz, armudu stəkanda içdiyimiz kəkotulu, mixəkli çayı bizə hansı məkanlarda təqdim edirlər:

Aura Tea Club, AOA Tea Studio, Armudu Lounge and Tea House, Charlie Club, Məxfi Club, Kishmish Club, Come In Club, Arabica Tea House, Pakhlava, Boho Tea Room, Bubble Tea Baku, Dadashda, The Tea Lounge, Dalgha, Neon Tea House, Chaixona, Chay ki, Mutakka, Khudmani, Chay Dash, Chali Kushu, Chay Baghi, Tea City House, Motukhana, Royal Tea Club, Telebelerin chay ashki, Bakh arada 1, Shirin Chay, Nush & Jan, Street Club, Maghara, Agha chayi, Goz kimi, Galyanvagen, 7house.

XXX

XƏNGƏLƏ GƏL, XƏNGƏLƏ… (sən saydığını say, gör işbazlar nə sayır)

Doğma şəhərimizin küçələrini gəzə-gəzə acdığını hiss edirsən. Qışın bu sazaqlı vaxtında ləzzətli xəngəl eşqilə bir az da yol qıraqlarında münasib məkan axtarırsan. Bəh-bəh-bəh… Xəngəlxanalar gəl-gəl deyir adama. Amma təəssüf ki, nəsə əndərəbadi, qondarma dildə çağırır müştərini. Öz sözümüzə əcnəbi dilin şəkilçisini (suffiksini) yapışdırıb, qəribə sözlər qondarıblar.

Xəngəl həvəskarları üçün doğma Azərbaycan şəhəri Bakıda cürbəcür adda məkanlar getdikcə artır. “XƏNGƏLOVE” və “XƏNGƏLAND”a rəqib İstiqlaliyyət küçəsi 65a, Azərbaycan Dövlət İqtisad Universiteti, “İçərişəhər” metrosuna yaxın ərazidə “XƏNGƏLATİON” kafesi açılıb. “Xəngəl House” da var hələ.

Bəh-bəh! Bu ağızdolusu “bəh-bəh”lər iki mənada yozulsun:

  1. Szöün həqiqi mənasında: xəngəl eşidəndə adamın ağzı sulanır.
  2. Sözün məcazi mənasında: “xəngəl” nə üçün “xingal” olub? Xub! Bəs “house” nə idi?

Hər şey çox gözəl, amma öz təamlarımızı reklam edib pul qazanarkən öz anamızın dilini ağlar günə qoymamalıyıq.

Bu yaxınlarda “XƏNGƏLİSTAN” kafesi də açılsa, heç təəccüblənmərəm. Amma təəssüf edirəm. Doğma dili eybəcərləşdirmək yarışı “müvəffəqiyyətlə” davam edir…

XXX

SÜRMƏ ÇƏKİM GÖZÜMƏ, DÜŞÜM ÇÖLÜN DÜZÜNƏ, QORXURAM GÖZ DƏYƏR MƏNƏ…

Gözəllik salonları və bərbərxanalar da ingilis və türkcə müştəri tuturlar. “Bay Berber”, “The Science of Beauty”, “Luxury Studio”, “Baku Beauty Academy”, “Faceup Beauty Academy”, “Nail Spa Beauty Salon”, “Tek Bay Barberclub”, “Barbary”

Ay əziz həmvətənlər, belə etməkdə məqsədiniz nədir? Yəni başqa dildə yazanda “prestijli” çıxır, daha çox müştəri cəlb olunur, yoxsa bütün ingilislər və ingilisdillilər süni dırnaqlar, yox, yox, caynaqlar düzəltdirmək üçün əl-amanda qalıblar, azərbaycanca yazılsa, gəlib sizi tapmazlar?

XXX

SON SÖZ ƏVƏZI

Vaqif Səmədoğlunun məşhur obrazının dili ilə yanaşsaq (burada ironiyaya diqqət edək!): “Bu, kimin aerobikasıdır? Bizim, ya onların? Bəs bu aerobikadan bizim qarlı dağların ab-havası gəlirmi? Hanı bu aerobikanın duzu, istiotu, sumağı, zəfəranı, zəncəfili, nanəsi, reyhanı, sarıkökü…?”. İndi hanı bu çayın, xəngəlin, kababın millisi, milliliyi?! Deyirlər ki, başqa xalqlardan nəsə götürməsən, qaynayıb-qarışmasan, dünyaya çıxa bilməzsən. Ona görəmi Yaponiya “qabağa çıxmayıb, geridə qalıb”?. Bizim öz milli çay dəsgahlarımız o qədər gözəldir ki, onu düzgün şəkildə dünyaya çatdırsaq, avropalıların ağzı sulanar. İndiki əksər məkanlarda verilən qondarma çay dəsgahını demirəm. Vaxtilə Azərbaycanda olan süfrə mədəniyyəti, çay süfrəsi yenidən layiqincə reklam edilsə, bizimkinə heç çatan olmaz.

XXX

XXI əsrin bizləri deyəsən “azərbaycanca” çay, qəhvə içməyi, təam dadmağı, saç kəsdirməyi, dırnaq düzəltdirməyi ayıb sayır…