İşğaldan azad edilən ərazilərimizdə yeni Milli Park yaradılacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
Onun sözlərinə görə, hazırda ərazilərin minalardan təmizlənməsi işləri aparılır:
“Ərazilər mina və partlamamış sursatlardan təmizlənəndən sonra ərazidə yeniliklər nəzərdə tutulub. Hazırda təmizlənmiş ərazilərə baxılır. Eyni zamanda həmin ərazilərin sərhədlərinə baxılır. Çünki xəritələr köhnə sovet dövrünün xəritələridir. Bu işlər bitəndən sonra ola bilsin ki, həmin yerlərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasına başlansın. Məsələn, Qarabağ bölgəsində yeni Milli Park yoxdur. Gələcəkdə orada Milli Parkın yaradılması planlaşdırılır. Hələ ki, Milli Parkın yaradılacağı ərazi müəyyən edilməyib”.
A.Səmədova deyib ki, yeni Milli Park qoruqların ərazisində də yaradıla bilər: ” Amma hazırda Kəlbəcər ərazisində ümumiyyətlə xüsusi mühafizə olunan təbiət ərazisi yoxdur. Kəlbəcərdə xüsusi mühafizə olunan ərazinin yaradılması məsələsinə baxıla bilər. Kəlbəcərdə elə xüsusi bitki növü mövcuddur ki, o növün qorunmasına ehtiyac var. Bu prosesdə alimlərin də fikirləri nəzərə alınacaq”. (Trend)