(XALQ YAZIÇISI İSA MUĞANNANIN “İDEAL” ROMANI HAQQINDA QEYDLƏR)
(2-Cİ YAZI )
I hissəni buradan oxuya bilərsiniz https://kamilinfo.net/isa-muganna-v%c9%99-robert-lanza-irad%c9%99-musayeva-yazir/
Dörd qardaş (Ağ Əmir, Boz Əmir, Sultan Əmirli, Mədəd Əmirli) iki-iki bölünür. İkisi (Ağ Əmir, Boz Əmir) Cənubda, ikisi (Sultan Əmirli, Mədəd Əmirli) Şimalda qalır. Hər iki qütbdə tale və tarix onların ziyanına işləyir. Tarixini bilməyən xalq bəzən bir-birinə qənim kəsilir. Necə ki, Səmədin əmiləri Ağ Əmir və Boz Əmir Pəhləvilərlə türklərin eyni millət olduğunu sübut eləməyə çalışsalar da, “millətpərəst qiyamçılar” damğasından qurtara bilməyərək otuzuncu ilin qışında ikisi də bir gündə xəlvəti öldürülür. Onları “Əmir məzarıstanı” deyilən qəbiristanda dəfn edirlər. Onlar şeyx kimi fəaliyyət göstərsələr də, əslində Təbriz mədrəsəsində “Kainat elmi” – “SafAğ Elmi” təbliği, tədrisi və Quranın batin təfsiri ilə məşğul olurdular. Ataları Məhəmməd də SafAğ Elmi alimlərindən idi. Kainat elmi ilə dünyanın tarixini öyrənir və öyrədirdilər. Onların başladıqları işin – kainat kodlarını açmaq iddiasının kökü qədim ozan sənətinə, sufiliyə gedib çıxacaqdır. Aşıq Alı sənətinin fəlsəfəsindən çox danışılır. Aşıq Ələsgərdən sonra kainat kodları ilə danışan sənətkarın olmadığı deyilir. Bütün bunların hamısını sovetlər zamanında dini təlim və Lenin ideyalarının davamı kimi ört-basdır etmək istəsələr də, qazdan ayıq çuğulçular onları ələ verir. Eləcə də Cümhuriyyət məğlubiyyətindən sonra gizli fəaliyyət göstərən fədailər sosialistlərin arasında məxfi iş aparırdı. Və bütün bunların hamısı Stalinə çatdırılırdı.
Romanda N.Nərimanov fədailiyi tarixi faktlar əsasında mətnin aparıcı süjetlərindən birinə çevrilir.
“Doktorumuzun başçılığıynan “Hümmət” Partiyasının pudnan qızılını daşımışıq o taya ki, Səttar xan fədailəri silahsız qalmasınlar çöllərdə. Qohum-əqrəbalarımızı qan içində qoyub qayıtmışıq bu taya ki, lazımıq burda” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.13)
İ.Muğanna bizim faciəmizin tarixi səbəblərini “Qrek” – “Latın” – “Fars” fatehlərinin, sonra bu dəhşətli üçlüyə qoşulan “Ərəb”, Səlib-Xaç fatehlərinin, Vatikanın gizlin məktubları əsasında Romanovlar fatehlərinin soyqırımı siyasətində görür.
Yazıçı obrazlarını bir rayonun, bir kəndin spesifik, tipik nümayəndələri kimi müəyyənləşdirmir. Zamanın, müharibədən sonrakı Azərbaycanın sosial-siyasi tarixinin canlı həyat faktlarıtək ümumiləşdirərək yaradır.
Əsərin əsas ideyası milli qırğınlar, parçalanmalar, deportasiya və torpaqların tədriclə ermənilərə təhvili faciəsini hədəfə alır. Əmirlilərin də ən böyük dərdi budur. Sultan Əmirli yuxuda sayaqlayanda deyirdi:
“Qırıb qurtaracaqlar milləti!..”, “Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..”, “Yurdumuza murdar millət dolduracaqlar, bircə bala!..”, “O tay əldən getdi, bu tay da getmirmi?!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s. 41).
Romanda “təhrif” ifadəsi tez-tez işlədilir. Ərazinin təhrifi, tarixin təhrifi, dinin, mədəniyyətin, dilin, təfəkkür miqyasının, talelərin və bağların, münasibətlərin, bəşəri əlaqələrin təhrifi fəlakətlər yaradır. Təhrif dünya! Aldanılaraq gətirildiyimiz yanlışlıq dünyası! Muğlar – Bağlar SafAğ Elmi sözləri ilə açılıb aydınlaşmalıdır. Bağ Ün – beyin bütün hadisələrin səbəbini və nəticəsini dəyirman kimi üyüdür, əridir. “İdeal” dili” – anlayışı haqqında düşünürük. Bu əsəri sıradan oxucu kimi oxusaq, anlamaq çətin olar. “İdeal” dili” bilmək lazımdır. Muğları Bağlar övladı kimi qəbul etmək, Süleyman səltənətinin varisliyinə inanmaq, məşhur Aşıq Şəmşirin SafAğ Elmi ustadlarından biri olduğunu qəbul etmək, Nizamidən qalan ənənəyə görə, rəmzi mənanın fars dili altında gizlədildiyini, yalnız tərcümədən və şərhdən sonra rəmzlərin açıldığını anlamaq lazımdır. Beyinlər təhrif olunmuş mexanizm ilə işə salınır, hətta “İndendertal insan” nəzəriyyəsi aşılanır. “İdeal” “həqiqəti” isə iddia edir ki, bu planetə insanlar İşıq gəmisi adlanan, atılma sürətiynən uçan gəmilərdə, Ulu Babamız ƏsƏlMənin ətrafında, Yupiterdən uçub gəliblər. “O dünya – bu dünya” həqiqəti yoxdur, vahid kainat elmi var. On səkkiz min “Aləm” var. Yer planeti də onlardan biridir. İnsanlar öləndən sonra işıq kimi canlı olur və qarşımıza çıxa bilir. Lakin yunan mifologiyası əsl həqiqəti təhrif edib. SafAğ elminin işığından istifadə edib, başqaları üçün bunu gizlədiblər.
İ.Muğanna estetik nəzəriyyəsi ilə onun tənqidçiləri arasında maraqlı anlaşılmazlıq yaranmışdı. Tənqidçilər israrla sübut etmək istəyirdi ki, yazıçı kommunizm ideyalarını, sovet insanını və kəndi, kənd həyatını təhrif edir. Məsələn, tanınmış tənqidçi M.C.Cəfərov qeyd edirdi ki, “kommunist əxlaqı prinsiplərinin pozulması hallarına qarşı barışmaz münasibət sosializm realizmi ədəbiyyatının çox mühüm xüsusiyyətlərindəndir. Lakin ayrı-ayrı əsərlərdə nöqsanlı cəhətlərin həddindən artıq qabarıq verilməsi nəticəsində kolxoz kəndinin həyatı birtərəfli və təhrif olunmuş şəkildə işıqlandırılır. Müasir kəndin qabaqcıl qüvvələri, kənddə bərqərar olan yeniliklər diqqətdən yayınır… Hüseyn İbrahimovun “Sabahın sorağında” romanında, İsa Hüseynovun “Tütək səsi” povestində və bir sıra digər əsərlərdə kənd zəhmətkeşlərinin həyatının işıqlandırılmasında nöqsanlara yol verilmişdir” (Azərbaycan yazıçılarının IV qurultayı. “Ədəbiyyat və incəsənət” qəzeti. 1966, 01 yanvar).
Tarix barədəki təsəvvürlər minilliklər arasında postmodern oyunlar fonunda romanlaşır. İfadələr müasirliklə qədimlik arasında qəfləti keçidlər edir. Məsələn, niyə Gülgəzin anası Səmədin ən qəzəbli zamanında, Əlləzoğlu evinə hücum çəkəndə Hənifə arvad onu sakitləşdirmək üçün dua yox, ovsun oxuyur? Niyə bizim taleyimiz məhz XVIII əsrdə rusun əlinə keçdi? Biz Süleyman peyğəmbər nəslindən olanlarıqmı? Gizlin “Muğlar” – Bağlar övladıyıqmı, həqiqətən?
1954-cü ildir, Stalin yoxdur, stalinzm ənənəsi isə davam edir. Xudiyev “əməliyyatları” bitməyib hələ. Əlləzoğlu da Çax-çux Xalıq kimi “xidmətçi”dir. Şərin və xeyirin arasında ruhu didərgin olacaq adamlardandır. “Qudalı uşaqları” deyilən tarixi düşmənlə mübarizə xarici düşmənlə mübarizədən də çətindir. Məlum olur ki, millətimizin içərisinə soxulub daxili təxribatlar və təhriflər edən “Qudalı” tayfası əslində erməni əsillilər – Qıdalılardır. Sənədlərdə fars, xəlvətdə erməni olan bu törəmənin ulu babsı Qıda I Pyotr zamanından fəaliyyətdə olub.
Əsərdə Əmirlilərdən başqa, Qılınc Qurban, Lüt Cəfər, Dantes Qeybalı, Xəlvət Rəhim, Xaş nəçənnik, Qarmonçu Şənbə, Təftiş Abbas, Çax-çux Xalıq, Gülənov, Saşa Babayev və onlarla başqa xarakterlər var. Bütün obrazlar cəbhələşib. Mənfi və ya müsbət planda deyil, xeyir və şər tərəflərə bölünüblər. Xudiyev dəstəsindən birincisi prokuror Sayılovdur, ikincisi milis rəisi Gülənov, üçüncüsü isə “RİK Atamalı” idi. Hər iki tərəfin arxası, dayağı var. Və qəribədir ki, bu qorunmanın, mühafizə olunmanın coğrafiyası çox genişdir. Məsələn, adi alverçi kimi təqdim olunan Xalıq romanın bir yerində sistem işçisi kimi rolunu oynayır.
Azərbaycan daxilində, həm o tayda, həm bu tayda terror güclənir. Müharibədən sonrakı antitürk hərəkatına start verilir. Muğannalar, əsl türklər öz torpaqlarından səhralara, düzəngahlara sürülür, ermənilər isə ən gözəl ərazilərimizdə məskunlaşırdı. SSRİ-də və ümumən dünyada siyasi mənzərələr dəyişir, amma millətimizin taleyi dəyişmir. Stalin ölür, Mircəfər Bağırov həbs olunur, fəqət Qonaqlıda kriminal durum mahiyyətini dəyişmir. “Bayaq alova baxa-baxa dərk elədim ki, Əmirli mülkü deyil o yanan, Vətənimizdi! O tayı verib Farsa, bu tayı paylayıb erməniyə, gürcüyə. “Böyük qardaşımız Rus” çoxdan içib qanımızı, Qurban əmi!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.138) – yanğısı artıq Əmirlilər nəslinin yeni liderinin – Səmədin dilindən çıxır. Səməd Sultan Əmirli idarəetməsindəki səhvləri görür və yeni enerji, yeni prinsiplərlə kiçik də olsa, səlahiyyətləri ələ alır.
“Sənin xəbərin yoxdu, “Ermənistan” adlandırılan ƏrMən torpağında qalıb hələ Muğannalar. Bir etibarlı adamımızın, gizlətmirəm, həmin Saşanın məlumatına görə, Xudiyev agentlərinin Türkiyədə də agentləri çoxdular, deyir, türk ordusunun içinə göndəriblər, Türkiyənin ən məsul işçilərinə çevriliblər, asta-asta dağıdırlar ölkəni daxildən. Belə bədbəxtliyimiz var” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.118).
Romanda tarixi şəxsiyyətlər, N.Nərimanov, S.C.Pişəvəritək milli liderlər o taylı-bu taylı Azərbaycanın xilaskarı kimi əks olunur. Bu cür xilaskarlar zaman-zaman sui-qəsd, terror qurbanı olur. M.K.Atatürkə də sui-qəsd edilir. Türk dünyasına da hücum ermənilərin əli ilə olur. Ağ Əmir, Boz Əmir, Mədəd və Sultan Əmirlilər də milli dəyər kimi məhv edilir.
Romanda rəqəmlərin və kəlmələrin mistik assosiasiyası var. Əsasən 4 peyğəmbərdən söhbət açılır. Varislər, “sərvət – elm qoruyucuları” da 4 qardaşdır. İkisi Cənubi Azərbaycanda, ikisi isə Şimali Azərbaycanda fədailik edir. Biz əsərin müəyyən hissəsindən sonra 3 qurbanın (Boz Əmir, Ağ Əmir, Mədəd Əmirli) yeganə qisasçıları kimi Sultan Əmirli və Səməd Əmirlinin taleyini, fəaliyyətini izləyirik. Şər qüvvələr var gücləri ilə onları bir-birinə düşmən etmək, onları qarşılaşdırıb həqiqi milli dəyərləri məhv etmək niyyətindədir. Ona görə də fitnə-fəsadla Səmədin sevgilisi Gülgəzi Sultan Əmirliyə arvad edirlər. Onun atasının qatili kimi Sultanı nişan verirlər. Düşmən o qədər çoxsahəli və real görünə biləcək üsullarla işləyir ki, Səmədi daima tərəddüd içərisində saxlayır.
Ölkə Moskvadan, Qonaqlı kəndi isə “Şüşəli pavliyon”dan idarə edilir. Hər kəsin iki missiyası var sanki. Haqqında bəhs olunan Azərbaycanın sərhədləri çox geniş ərazini əhatə edir. Böyük, bütöv Azərbaycanın taleyi, erməni-azərbaycanlı münaqişəsinin tarixi kökləri açılır. “Azərbaycan” adlı ədəbi portretin cizgiləri minilliklərin qələmi ilə çəkilir. Millətin elminə, dilinə, tarixinə qarşı müharibə elan olunub, tarixi vəsiyyətnamələrdə gizlədilib. Dəfələrlə onun əsl tarixinin kitabları yandırılır.
“Bağ” ifadəsi bütün kateqoriyalarda əsas kod, əsas ideya kimi əks-səda verir. Bağlanmaq, əlaqələnmək, sevgi, ünsiyyət, birlik ifadə edən bu söz bəşəriyyəti və kainatı xilas edəcək qüvvə, güc, enerji kimi hər yerdən boy verir. Kainatın “Bağ”a ehtiyacı var. Bağlar qırılıb. “Bağ” “Boq” olub. Haqq təhrif edilib. Ailədən tutmuş, millətə, Yer və digər planetlərə, qalaktikalara qədər hər tərəfdə “bağ”sızlıq, haqsızlıq başlayıb. Bəşəriyyət bilmir ki, OdƏr dilində “Bağ” kəlməsini unudandaca həqiqətdən məhrum olur insan!
“Beyindən, daha doğrusu, BağÜndən, yəni Bağ əcdadlarımızın planetlerdən gələn Ünündən – səsindən məhrum olur… Bəli, Ün eşidəndi insan! Milyon kilometrlərlə məsafədən Ün eşidəndi insan!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s. 56).
Bağ – bağlantı elmi beyinlər arasında da mövcud ola bilir. Hətta yer adlı planetdəki insanlardan Yupiter planetiylə danışanlar da var. Beyinlərarası dialoq elmi mövcuddur. “Bağ” insanın həm öz mahiyyətində olur, həm də özüylə ətraf mühit arasında. Bəzən insanın özü ilə arasındakı bağ da qırıla bilir, bəzən isə dünyayla, başqa planetlərlə bağı kəsilə bilir. Bağsızlıq faciədir, təcrid və təhrif olunmadır. Elm və eşq sahibi insanın yaradılışının özündə də “Bağ” fəlsəfəsi var. Körpənin anaya bağlantısı (bağlanan bağırsaq) da kəsiləndə bir az yadlaşa bilir. Anadan ayrılıb dünyayla bağlaşır.
Heydər Hüseynov (Nəcəfoğlu) gecələr də işləyir, OdƏr həqiqətini yazırdı. Və deyirdi ki, yuxuda OdƏrləri görür, Yupiterdən dalğa göndərirlər, tavanı tıqqıldadırlar. Nəcəfoğlu venasını hamamda kəsməsəydi, sağ qalsaydı, Yupiterlə əlaqənin ikinci əsas mərhələsinə qədəm qoyacaqdı, yəni o tıqqıltılardan sonra Ün eşitməliydi. SafAğ elminin qanunu elədir. SafAğ elmi ilə mütəmadi məşğulluq beyində SafAğ İşığını artırır, sonda Bağlarla ünsiyyətə girə bilir.
“Sirr” əsərdə az qala hamıya aid edilən bir gözlənilməzlikdir. Hətta Çax-çux Xalıq da “Xəzinə sirləri”ndən danışır və deyir ki, boşuna vaxt itirməyin, xəzinə əldən gedib. Bütün söhbətlərin məzmununda sirlilik var. Aşıq ədəbiyyatı, dastanlar, tarix kitabları, vəsiyyətnamələr – hamısı sirdən danışır. O da maraqlıdır ki, bütün sirr bilənlər elə hey “Fəlakət, fəlakət!” – deyirdi. Çax-çux Xalıq həm də EvƏrEyləri yer üzündən köklü-köməcli silmək planının “Vatikan”da yazılmasından da danışırdı:
Əşyaların, sözlərin və bəzi məkanların da sirr dolu səciyyəsi var. Məsələn, Çax-çux Xalıqın çəki daşı əvəzinə işlətdiyi, “Avariya” günü daxmanın qabağındakı palıd kötüyünün üstündən yoxa çıxan “qurğuşunlu nal” cinayət tarixçəsində əsas silah kimi görünüb yox olur. Sədr Mədədə sui-qəsddən, S.C.Pişəvərinin “avariya”ya düşməyindən, Heydər Hüseynovun venasını kəsməyindən başqa da onlarla sirli ölüm qovluqları mövcuddur.
Romanın kuliminasiya nöqtəsi insanların taleyi ilə bağlı deyil. Nə Sultan Əmirlinin, nə Səmədin, nə də digərlərinin. Kuliminasiya nöqtəsi Bağday tarixinin açılması ilə əlaqədardır. Sultan Əmirli və dostları Ali Baş Komandan Stalinə Bağday tarixinin açılmasının bütün planet üçün xeyirli olması barədə elmi məlumat vermək istəyirdi. Fəlsəfə İnstitutundan Cənub mətbuatına material aparan çekist dostlarının vasitəsilə Pişəvəriyə yollamaq, “Azadlıq cəbhəsi”nin konvertinə qoyub, Tehrandan Moskvaya “ikinci cəbhənin” poçtunu daşıyan təyyarə ilə göndərilməyinə nail olmaq. Lakin bu plan, sözsüz ki baş tutmayacaqdı. Xəzinə, sirr, həqiqət qorxulu sahə kimi gizlədilir, məqbərəyə ayağı dəyənlərdən hərəsi bir yolla aradan götürülür. Casusluq ən xırda sahədən ən böyük ərazilərə qədər qanuni hala çevrilib. Kiçik bir təşkilatdan tutmuş Vatikana qədər hər sahənin casusu var. Cuqaşvili Gürcüstan və Azərbaycan ərazisindəki Qrekləri himayə edən çox varlı Vatikan casusu imiş.
İ.Muğannanın roman təfəkkürü, yaradıcılıq üslubu və metodikası bir deyil, bir neçə romanın materialını bir mətn kontekstində sistemli və anlaşıqlı şəkildə təqdim etmək imkanı verir. Məsələn, bir xalqın əsrlərlə başına gətirilən “Təhrif” oyunlarını xronoloji ardıcıllıqla, tarix faktı əsasında bədiiləşdirib əks etdirmək nə qədər çətin iş olsa da, müəllif bu işin öhdəsindən gəlir. Əsərinin qəhrəmanlarını günün problemləri ilə deyil, əsrlərin dərdi ilə yükləyir. Öz tarixi ağrılarını onlarla bölüşür əsərdə. Əmirlilər şəxsi tale sevinci yaşamır, onların milli, bəşəri bir missiya üçün doğulduğu romanın əvvəlindəcə aydın olur. Məhəmməd Əmirli öz nəslini sirli tarixin qaranlıq mağarasına buraxır. Bu yolda həbslər, qətllər və “qəzalar”, qaranlıq mağaralarda divlər və əjdahalarla döyüşmək təhlükələrinin qorxusu lap əvvəldən yox edilib, bu nəslin, bu şəcərənin canından çıxarılıb. Əzab və ölüm onları bədbəxtliklərə və yoxluğa deyil, əbədi var olma, tarix yaratma xoşbəxtliyi yoluna yönləndirir.
İ.Muğannanın dil özünəməxsusluğunu mütəxəssislər ilk əsərlərində görmüş və təqdir etmişdir. Məsələn, M.İbrahimov yazırdı: “Təbiilik cəhətdən İsa Hüseynovun… dili bizə xoş gəlir. Bizə xoş gələn odur ki, bu yoldaşda saxta təm-təraq, qəsdən dəbdəbəli sözlər axtarmaq təşəbbüsü yoxdur” (İbrahimov M. “Bədii dil və süjet haqqında”. “Ədəbiyyat və incəsənət” qəzeti, 1955, №12).
Romanın həm məzmun, həm də forma – texniki tərəfləri postmodern üslubda, qeyri-adi kompozisiya strukturu ilə ifadəsini tapır. Mətnin mənası həm bir-birini inkar, həm də bir-birini təsdiq absurdluğu ilə açılır. Bütün qarşılaşdırmalar səbəb-nəticə məntiqinə söykənir. Məsələn, “varis-varisi öldürür” qədəri təsdiqini tapır. Əmirlilərin taleyində bir-birini fiziki baxımdan məhv etmə ənənəsi davam edir. Sultan Əmirli Stalin teleqramının qardaşı Mədəd Əmirlidə olduğunu deyir, halbuki teleqram özündə idi. Mədəd Əmirlini sui-qəsdlə öldürürlər. Sultan Əmirli Səməd Əmirlinin, Səməd Əmirli digər bir varis Mədəd Əmirlinin vasitəsilə əbədiyyətə qovuşur. Və aydın olur ki, bu cür ölümlər davamlı olacaq. Lakin həm də bir-birini mənən yaşatma, beyin və təfəkkür köçürməsi, sirlərin, varidatın təhvil-təslimi ilə bir-biri ilə halallaşma üsulu da var. Romanda çoxlu qurbanvermə məqamları ilə rastlaşırıq. Sultan Əmirli Mədədi qurban verdi, Səməd sevgilisi Gülgəzi qurban verir. Vaxtilə Səmədin anası Sura da doğuş zamanı canını qurban verib ki, doğuşda Səməd salamat qalsın. Mədəd Əmirlidən soruşulanda o da varisin sağ qalmasını istəyib, sevimli xanımı Suranı qurban verib. Milli varolma yolunda saysız-hesabsız ziyalıların qurban verilməsi tarixçəsi də vərəqlənir. Repressiyalar, sui-qəsdlər, terrorlar baş alıb gedir. Lakin bu qaranlıq dünyadan işıqlı kainata çıxmaq yolunun qurbanları kimi əbədiyyət qazanma şansı da inandırıcı şəkildə izah edilir.
Düşmən güclü və qərarlı, kinlidir. Lakin ortada “Xəzinə” mirasına sahib çıxma qətiyyəti var:
“İdeal” romanı ədəbi-mədəni irsimizdəki təhriflərin siyahısını təqdim edir həm də. Ə.Firdovsi, N.Gəncəvi, F.Nəimi, İ.Nəsimi, Aşıq Alı yaradıcılığı, “Koroğlu” dastanı və onlarla təcavüzə, təkzibə məruz qalmış ədəbi abidələr nişan verilir. İ.Stalinin göstərişi ilə “Xəmsə”nin mətni və ideyası təhrif edilir. Digər dəyərlərimiz də həmçinin. N.Gəncəvi fəlsəfəsindəki AğEy icması məsələsi, Əxi ideologiyası (Qardaşlıq düsturu) bir fəlsəfi-sosial tezis kimi təhrif edilir İ.Stalin tərəfindən. Nəticədə 1930-cu illərdə təhrif edilmiş həmin ideologiya əsasında kolxoz quruculuğu hərəkatı başlayır.
Bununla bağlı İ.Stalin “Nizamnamə” imzalayır. Əslində isə bu sənədi N.Gəncəvini təhrif edərək işləyir. N.Gəncəvi fəlsəfəsindəki “Əxi icması” tendensiyası təhrif olunmuşdu. “Kim yaradacaq Nizaminin “utopiya” damğasıynan damğalanan AğEy – “Əxi” icmasını?!” – sualını İ.Muğanna əsərdə bir neçə səhifəlik həcmdə aktual problem kimi təhlilə çəkir.
Romanın süjetində zavyazka nöqtəsi Səmədin əsl mahiyyəti dərk etməsi anından başlayır. (“İndi-indi dərk eləyirəm “Allah” nədi, ƏlAğ nədi! Ulu Bağ ƏsƏlMon kimdi, UluBağlar nəsli nədi? OdƏr bəşəriyyəti nədi? “Vərəsə” kitabxana ətrafında olanlar, mülkümüzün yandırılması, divarların elə təcili dağıdılması, Abının, qocaların elə dizin-dizin, sürünə-sürünə vərəqləri yığmaqları indi-indi çatır mənə. İndi-indi qanıram Xızr Abının böyüklüyünü. Öyrənəcəm Elmi! Mütləq!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.216) Əsl mahiyyət onu subyektivizmdən uzaqlaşdırır. Milli, bəşəri ideyalar yolunun yolçusu edir. Mətnin dramatizmi bir süjet və bir konflikt üstündə qurulmayıb. Konfliktlər şəxslər arasında olsa da, şəxsi, subyektiv xarakter daşımır. Məsələn, Əmirlilərlə Qudalılar arasındakı nifaq qan davası deyil, milli xarakterlidir. Çünki Qudalıların erməni əsilli olması faktı sonra ortaya çıxır.
Konfliktlər həm də xeyir və şər, işıq və qaranlıq, elm və cəhalət qütbləri arasındadır. Bu cür əbədi mübarizənin isə hər əsrdə öz tarixi hadisələri olur. İ.Muğanna da yazır ki, “Faraon”ların – EvƏrEyÜnlərin zamanından bu günəcən alimlərimizə divan tutublar. Necə ki SafAğ elmi ilə az qala bütün dünya mübarizə aparır.
Yazıçı Azərbaycanın başına açılan oyunların romanını yazmaqla həm də bütün planetin xəstəliyini açıb göstərir. “İdeal” ifadəsi üst qatdakı mənada Səmədin əmisi Sultan Əmirliyə ünvanladığı müraciətdir. “İdeal” – OdƏl – mənasını ifadə edir. Həqiqət əli! “OdƏr dili” haqqında da yeri düşdükcə izahlarla tanış oluruq. “OdƏr dili” o qədər qədim və doğmadır ki, əslində bu dil düşüncənin, beyinin və təfəkkürün, şüurun tarixi ilə yaşıddır. “Dil İsa Muğanna üçün bir ifadə vasitəsi deyil, yenidən yaratma gücüdür. Ünlü alman yazıçısı Tomas Mann 1933-cü ildə ölkəsini tərk edərək Amerikaya getdiyində: “Mənim gerçək ölkəm dilimdir” – demişdi. İsa Muğanna üçünsə dil Muğanlı kəndidir, Ağstafa, Qazaxdır, Azərbaycandır, hətta Altaylardakı Tanrı dağları, İstanbuldakı Sultan Əhməd məscididir. Onun dili bizim danışdığımız, yazdığımız dilin məhdudiyyətinə sığmayan və bizə sayıqlama kimi gələn, əslində, bizim görəmmədiyimiz, sezə bilmədiyimiz başqa bir aləmi ifadə edən, geniş dünyaya sahib bir dildir. Bu dil “Ana” deyən, “Can” deyən, “Vətən” deyən bizim dilimizdir. Dostoyevski Puşkin haqqında belə demişdi: “Puşkinin bütün əsərləri rus mənliyinə, rus mənliyinin mənəvi gücünə inancı ilə dolub-daşır. İnancın olduğu yerdə ümid var. Rus insanının gələcəyi qarşısında duyulan böyük ümid…” (Aras O. İsa Muğanna. “525-ci qəzet”, 2018, 26 oktyabr).
Postmodern ədəbi-nəzəri estetikası əsasında yazılan romanda az qala bütün fraqmentlər işarələrlə kodlaşır. İstər dil, istər tarix və ya mədəniyyət, istərsə də günün siyasəti, qlobal faciələr işarə izləri ilə açılır. Eyni zamanda C.Coysun “Uliss” romanında olduğu kimi şüur axını, fasiləsiz düşüncə seli zamansız və məkansız bir dünyaya yol açır təsəvvürümüzdə. Düşüncə oyunları qeyri-ciddi xarakterli deyil. Bu üslubdakı postmodern təqdimat oxucunu konkret tarix, il, ay, gün işarəsi ilə uzaqlara apara bilir. Necə ki, Cənubda 1922, 1928, 1930-1940-cı illər tarixi dönüşü haqqındakı məlumatlar o illər çərçivəsini dağıdaraq uzaq “Midiya” zamanına işarə edir. Onu da qeyd edək ki, rəqəmlər təkcə riyazi deyil, magik səciyyəsi ilə də mətni mənalandırır. Cənubda 1922-ci, 1930-cu, 1946-cı illərin hadisələri “zəruri” və qaçılmaz məğlubiyyətlər kimi təqdim edilirdi. Halbuki bütün bunların hamısında imperiyaların əli var idi. Reallıqda isə “Pəhləvi hakimiyyəti” adı altında İranda mövqe gücləndirirdilər.
İ.Muğanna elmi təfəkkürlə bədii təfəkkür tipini roman təfəkkürü ortamında qovuşdura bilir. Postmodern dil və üslub metoforik səciyyə daşıyır. Bəzən tarix rəvayət və əfsanə, yaddaş diktəsi əsasında, amma reallığa söykənərək bərpa edilir.
Bu bir həqiqətdir ki, dünya tarixinin gedişinə inqilabları və repressiyaları ilə müdaxilə edən Rusiya siyasəti daima bizim əleyhimizə işləyib. V.İ.Lenin və İ.Stalindən tutmuş M.Qorbaçova qədər aparılan antitürk, antiazərbaycan siyasətin mahiyyəti açılır. İ.Muğanna hadisələri, xüsusən də erməni-azərbaycanlı münaqişələrini 1988-ci ilə qədər gətirir. Daxili düşmənlərdən biri – Xəlvət Rəhim deyir: “Bütün xaçpərəst aləmi düşməndi bu “SafAğ” deyilənə! KPSS, şəxsən generalnıy sekretar Qorbaçov düşməndi SafAğa. “Yevrey”i EvƏrEy, Torik – Türk eləyən sehrkar Mağlardan qalıb bu SafAğ elmi! İmam Xomeyni düşməndi İslamı ƏsƏlim eliyən, Farsı EvƏrƏs eliyən Dəlilərə! Lap açıq deyirəm, biri də səlamət qalmıyacaq bu Muğ, Mağ, Muğanna deyilənlərdən!” (Muğanna İ. İdeal. Bakı, “Lider nəşriyyat”, 2005, 536 s. s.457-458)
Düşmənliyin kökləri uzaq tarixdən başlanıb və subyektiv xarakterli deyil. Müəllifin də dediyi kimi, kamillik yolunda SafAğlarla İlan arasında idi. “İlan” – yunanlardan, farslardan, ruslardan, ermənilərdən ibarət düşmən sürüsü – demək idi. Azərbaycan əleyhinə fəaliyyətdə olanların çoxu “Milli birlik” adı ilə birləşib iş görürdü. Qonaqlıda yaradılan “Milli birlik” təşkilatı da bu qəbildən idi. Roma, Moskva “ilanı” olan Xudiyevin əli ilə yaradılıb. Onların arasında türk yoxdur, lakin özlərini “türkçülük” ideologiyası uğrunda çalışanlar kimi göstərirlər.
Məhərrəm Məhərrəmov, Saşa Babayev, Seyid Cəfər Pişəvəri, Sultan Əmirli, Mədəd Əmirli, Xızr Abı, Çürük Aşıq, Ələsgər müəllim qlobal faciələrin analitik təhlillərini aparır, bu böyük faciələr içərisində öz taleyimizin xilas yollarını arayırdılar. Elə o analizlər zamanı məlum olmuşdur ki, prezident Ruzvelt heç də öz əcəli ilə ölməyib. Amerika, Böyük Britaniya, Sovetlər İttifaqı adlarında bir-birinə düşmən “müttəfiqlər”in Tehran müşavirəsində, Stalinin iqamətgahında zəhər verilib Ruzveltə ki, o tay-bu tay Azərbaycanın birləşdirilməsi baş tutmasın.
İ.Muğanna romanlarının özünəməxsus və yeni nəzəriyyə ilə təhlilə ehtiyacı var. Onun estetik prinsipləri, üslubu və metodologiyası ənənəvi ədəbiyyatşünaslıq prinsipinə uyğun gəlmir. SafAğ həqiqətlərinin qavranılması üçün “İdeal”dan sonra “Ölüm-dirim” “Peyğəmbərin möhürü”, “Qəbristan”, “Gur Ün”, “İsahəq, Musahəq”, “Məhşər” oxunmalıdır. İ.Muğanna romanlar silsiləsi yaratmayıb təkcə. Həm də öz möhtəşəm roman təfəkkürü hesabına tariximizin, dilimizin, faciələrimizin kodunu açıb, anatomiyasını öyrənib.