O Həsənləri hamı sevirdi.
Biz tələbə olanda, sözü, sənəti, ədəbiyyatı sevəndə, səhnəni, teatrı, incəsənəti başa düşəndə onlar sənət zirvəsində idi, səhnədə, kinoda külüng çalır, parlaq qələbələrini yaşayırdılar. Biz tələbə idik, bu böyük insanları gördük, bu adamları görəndə elə bil dünyanı verirdilər bizə. Qaynar bir sənət sevgisi yaşayırdı ürəklərimizdə. Canlı “artist”ləri görürdük. Çox sevirdik onları. Teatr tamaşalarına gedirdik. ….Parter, loja, yarus, beletaj, balkon bilirdik… İndikilər bilirmi? Bəlkə indiki nəsil bilmir, səhnəni, teatrı, sənət adamlarını necə sevmək olar, necə xoşbəxt olurduq onları görəndə… Həsən Əbluc, Həsən Məmmədov (lap bu yaxınlarda bilmişəm ki, əsl adı Əbdülhəsən imiş), Həsən (ağa) Turabov… Mənim həqiqətən çox sevdiyim üç Həsən. Biri Həsən(ağa), biri “Əbdülhəsən” olsa da. Bizim vaxtın Həsənləri. Sevimli, istedadlı insanlar. Azərbaycanın üç parlaq aktyoru, xalqın sevgisini qazanmış üç müqtədir sənətkar.
Elə buradaca bir haşiyə çıxım. Adamın çox dostu olmur. Bir yaxşı dostum var, adı Həsəndir, əslində, Həsənağa olsa da. Qardaşımın adı Həsənağadır, müəllimdir, hərdən Həsən deyilsə də. Həsən Turabov da “Həsənağa”dır. Çox vaxt “Həsən” deyiblər. Və belə bir oxşarlıq məndə istər-istəməz doğma hisslər oyadır, riqqətə gətirir məni. Üstəgəl, sənət, səhnə sevgisi.
Bir dəfə “Qara Qarayev” metrosuna düşürdüm, gördüm Həsən Əbluc perrona düşmək istəyir, nəzarət-buraxılış avtomatının qabağında dayanıb, hirsindən titrəyir. Əlində pul vardı, dəqiq yadımda deyil, deyəsən, xırda pulu yox idi, yoxsa 5 qəpikliyi yox idi, növbətçi qadın da buraxmırdı. Deyirdi ki, gedin, xırdalayın, gəlin, keçin. Aktyor izah edir, qadın başa düşmək istəmirdi. Həm də aktyoru tanımır, buraxmırdı. Mənə yaman təsir etdi bu. Həsən Əblucu tanımır!… Həmişə belə olub, lazım olanda ən böyük cinayətə göz yumurlar, xırda işlər üçün bir pəstah açırlar ki, gəl görəsən. Həsən Əbluc tamam hövsələdən çıxmışdı. Yaxınlaşdım ki, Həsən müəllim, mən tələbəyəm, sizi tanıyıram, məndə xırda var, keçə bilərik. Dedi, yox, hələ görüm, axı, 5 qəpiyə görə niyə belə bunun boynuna düşüb, buraxmır məni. İndi xırda yoxdur da, bir də bayıra çıxıb pul xırdalamağa getmədim… özü də görür ki, bir sıravi adam da deyiləm, gərək heç olmasa tanısın, baxsın…. Deyim ki, Həsən Əbluç həmişəki kimi səliqəli geyimdə, qalstukda, yaraşıqlı saçları, cazib bir görkəmdə… Di gəl ki, qadın bunu metroya buraxmır. Sonrası yadımda deyil.
Bir dəfə uşaqlarım balaca idi, məktəbli idilər, evdə “Şah İsmayıl” operasından danışırdıq, uşaqlardan hansısa dedi ki, Şah İsmayıl da opera olar? Barmağı dişlədim, ay dadi-bidad, bunları teatrlara aparmamışam, opera-zad bilmirlər… Meydan hərəkatı illəri idi…. Ondan sonra onları Dram Teatrına apardım, Fuad Poladovu (Hamlet) gördülər, İlham Rəhimli ilə tanış elədim. Sonra Opera və Balet Teatrına getdik, “Şah İsmayıl” operasına baxdılar… Bir-iki aktyorla tanış elədim. Sonra başqa teatrlara da getdik. Yəni, uşaqları vaxtında belə yerlərə aparmaq lazımdır.
Ey digital dünya!
Qoy, hər nəsil öz dövrünün Həsənlərini tanısın. Onlarla fəxr etsin.